“Azərbaycanlıların gözlərini
qaşıqla çıxartdılar”
Qulu Ağsəs: “Bizdə tənqidçi əsəri yox, adamı tənqid edir”
Tanınmış şair Qulu Ağsəsin Axar.az-a müsahibəsi (ixtisarla)
– Qulu müəllim, 1992-ci ilin sentyabrı ilə 2015-ci ilin sentyabrı arasındakı fərq nə qədərdir?
– İlk növbədə 23 il fərq var. Onda indikindən
ikiqat cavan idim.
Həyata baxışda, insanlara, ədəbiyyata
münasibətdə çox şey dəyişib. İndi daha çox yerüstü qanunlarla
uzlaşmağa çalışıram. Bilirəm
ki, dünyada təkcə mənim eqomdan, iradəmdən, istəyimdən
asılı olmayan nəsnələr var, onları
soyuqqanlılıqla qarşılayıram. O vaxtdan bəri
xeyli itkilər olub. Nə qədər adam
ölüb, nə qədər adam yerini dəyişib, nə
qədər dost dediyimiz düşmənə çevrilib, nə
qədər düşmən saydıqlarımızla fikirlərimiz
üst-üstə düşüb, nə qədər
qızlar ana olub, nənə olub.
– Əslində, sualım sırf Qarabağla
bağlı idi. Abdal-Gülablının alınma tarixi ilə
indiki tarix arasındakı mənəvi-psixoloji fərqdən
gedir söhbət.
– Mən
doğulduğum kəndi yamacın üstündəki
taxıl zəmisinə oxşadırdım, adamları da zəmidə
dənlənən quşlara. Sonra yalın o biri
tərəfindən bir dəstə yarasa gəldi, zəmini
dağıtdı, quşları uçurtdu. İndi o quşlar yataqxana budaqlarında oxuyur.
– Sizcə,
Qarabağ mövzusunda ağlaşma şeirlər, yazılar
yazmaq bəs deyil? Bu mövzuda hələ də
əsər yazılmasını gözləyənlər var.
Yazılmalıdırmı və əgər elədirsə,
hansı ruhda yazılmalıdır?
–
Dünyada ən çətin mövzu vətən
mövzusudur. Vətəni çox tərifləsən, ədəbiyyatı
rüsvay eləyirsən, ədəbiyyatı çox önə
çıxarsan, vətəni... Burada
qızıl ortanı tapmaq çox çətindir. Mənim istədiyim qızıl ortanı tapan Lev
Tolstoydur, xüsusilə, onun “Hacı Murad” əsəri.
Bu adam bütün Rus imperiyasını qətiyyən
aşağılamadan, hətta içində bir rus kimi
öyünərək yazır, amma ədəbiyyata zərrə
qədər xəyanət eləmir. O, eyni zamanda
çarın quru taxtında şinellə uzanıb
lovğalanmasını təsvir edir. Hamı
bilirdi ki, çar bu cür hərəkət edir və öz
mifini yaradır. Həmin dövrdə bunu,
həmçinin onun məşuqələrlə əylənməyini
yazmaq olduqca çətindir. O, çeçenlərin,
avarların, tatarların mərdliyini göstərir, nə qədər
qəribə olsa da, Hacı Muradı sona qədər
çardan da, Şeyx Şamildən də müdafiə edir. Onun ürəyində Şəkidən qaçan
Hacı Muradı ələ verən kəndliyə nifrət
var. “Hacı Murad” vətənpərvərlik haqqında,
Çar Rusiyasının Qafqazı işğalı
haqqında tarixi, bədii əsərdir. Burada
Tolstoy həm vətənpərvərdir, həm də ədəbiyyatpərvər.
– Bəs Qarabağ mövzusunda yaranan hansı əsəri
belə yüksək qiymətləndirmək olar?
– Biz
Qarabağ haqqında yazılan əsərlərin bir qismini
Qarabağ alınandan sonra yandırmalıyıq. Aşırı vətənpərvərliklə,
pafosla, hay-küylə Qarabağ qayıtmayacaq. Ədəbiyyatın ən müqəddəm şərtlərindən
biri sevgini, ümumiyyətlə, informasiyanı plastika ilə
təqdim etməkdir. Gülləni nəyinsə
altından keçirib hədəfə vurmaq lazımdır,
birbaşa yox. Birbaşa olanda ədəbiyyat
olmur. Məsələn, mənim sonuncu
oxuduğum hekayələrin birində kasıb, dilənçi
bir qadın obrazı var idi. Yazıçı
onun hərbçi həyat yoldaşının
ölümünü birbaşa təsvir edir. Halbuki onu detallarla verməli idi. Məsələn,
evi süpürən qadın, qara haşiyəli çərçivədə
olan çiyni paqonlu bir kişi, uşaq nəsə
soruşur və məlum olur ki, kişi müharibədə həlak
olub. Amma yazıçı qəhrəmanın
adını, rayonunu, bütün təfərrüatı ilə
necə həlak olduğunu təsvir edir. Bu gün Azərbaycanda
Qarabağ adına yazılan əsərlərin
99 faizinin ədəbiyyata dəxili yoxdur. Qarabağ
alınsa (buna inanmaq istəyirəm, inanmaqdan başqa çarəm
yoxdur), onların hamısını məhv etmək
lazımdır.
– Bəs
bu yazılanların nəyisə dəyişməyə
gücü yetirmi?
– Biz ədəbi
patriotizmlə bir metr də torpaq almamışıq, amma ədəbiyyatdan
nə qədər torpaq vermişik. Gəlin
susaq, zamanı gözləyək, vicdanlı, namuslu əsərlər
yazaq. Mənim yazıçı kimi devizim
budur. Bu, mənim özümə səslənişimdir.
Dəfələrlə, ittiham ediblər ki,
“Qarabağlısan, niyə yazmırsan?” Bu
yazılanlar heç nəyi qaytarmır axı, bir kəndi
almır, bir qəsəbəni xilas eləmir, bir qəbir
daşını işğaldan azad eləmir. Onda bu yazılanların əhəmiyyəti nədir?
Burada bir məsələ də var, biz
qılafda, ya da akvariumda yaşamırıq. Necə ki Xəzərin okeana
çıxışı ancaq Volqa çayı ilə
mümkündür, bizim də dünyaya
çıxışımız rus dili vasitəsilə
mümkündür. Görürsən, təbiət
də bizi ruslara qısnayıb. Lap tutaq ki,
yaxşı bir əsər yazıldı, elə burada da
müzakirə olunur, vəssalam. Xarici
ölkələrdə bir azərbaycanlının əsərinə
rast gəlmək olmur. Bu,
rüsvayçılıqdır. Dünyanı
dəyişdirən 10 kitabın içində Şərqə
aid kitab yoxdur. “Qurani-Kərim” səmavi
kitabdır, müəllifi yuxarıdakıdır,
aşağıdakı deyil. Karl Marksın
“Kapital”ı, Heredot, Freyd – heç biri bizlik deyil. Bunların arasında “Psixoanaliz”dən başqa
humanitar sahəyə aid heç nə yoxdur. Əgər dünyanı dəyişən 10 kitab
arasına düşə bilmiriksə, heç olmasa, ondan kənar
ərazidə ədəbiyyat sahəsində hegemonluq edən ərazilərə
çıxmaq lazımdır. Məsələn,
tutaq ki, Qarabağ haqqında əsər yazıldı,
tirajlandı, film çəkildi. Bu film
Rusiyada göstərilməlidir. Münaqişədə kim maraqlıdır? Rusiya, Amerika, Fransa –
ATƏT-in üç həmsədri. Bu
üç ölkədə, bir də ATƏT-in həmsədrlərinin
toplaşdığı Minsk şəhərində bizim təbliğatımız
getməlidir. Bir də görürsən,
kimsə hansısa 10-cu dərəcəli mətbuatda nəsə
yazır, deyir, mən cavabımı vermişəm. Sivil dünyada qəzet və jurnallar reytinqinə
görə təsnifatlaşdırılıb. Əgər kimsə deyirsə ki, mənim Almaniyada
elmi jurnalda məqaləm çıxıb və bununla
hay-küy yaradırsa, dərhal həmin jurnalın reytinq əmsalına
baxmaq lazımdır. Ola bilər ki, o,
heç kimin oxumadığı jurnaldır. Avropada nüfuzlu elm jurnalları var, bizim elm
adamımız gedib ora çıxa bilirsə, bu, nailiyyət
sayılır. Yoxsa hansısa bir QHT-nin,
qurumun, hətta özəl təşkilatın, şəxsin
(yarım saat ərzində fiziki şəxsdən hüquqi
şəxsə çevrilən adamın) buraxdığı
jurnalda çap olunmaq uğur sayılmır.
– Qarabağa
aid bir neçə film çəkilib. Nə dərəcədə
uğur qazana biliblər? Dünyaya
çıxarmaq olarmı bu filmləri?
– Mən
düşünürəm ki, Qarabağ məsələsində
ədəbiyyatdan çox kino rol oynamalıdır. Və bu kinolarda insan faktoru ön plana
çıxmalıdır. Kinonun nailiyyəti
görünməlidir. Bizim
kinolarımız çox gözəldir, amma bizdə. Atamızın qəbrini gözümüzün
önünə gətirməyimiz, kövrəlməyimiz,
ağlamağımız üçün. Biz nə vaxtsa dərk edəcəyik ki, bu, artıq
beynəlxalq münaqişədir və bunun həllini təkcə
özümüzdə yox, kənarda da axtarmaq lazımdır.
Ukrayna hadisələri göstərir ki,
Qarabağ münaqişəsi təkcə Azərbaycanın
gücünə həll olunan məsələ deyil, burda
supergüclərin marağı olmalıdır. Ədəbiyyatınsa bu yöndə heç bir rolu
yoxdur. Biz bədii nümunələrlə
heç nə edə bilmərik. Mən Stepanakertdə
(Xankəndi) yaşayan, mənimlə eyni beynəlxalq layihədə
çap olunan şairənin şeirlərini oxudum, orada
münaqişə adına heç nə
yox idi, sanki bunlar dinc sakinlərdir, Qarabağ da bunların
ata-baba yurdlarıdır. Onlar dünyaya özlərini
başqa cür təqdim edirlər. Ermənilər
ədəbi siyasətlərini də elə qururlar ki, kənardan
çox sivil bir qövm kimi görünürlər. Əgər biz nifrətlə dolu bir əsəri
dünyaya təqdim etsək, bu, ermənilərin xeyrinə
olar.
– Şair, yazıçı vətən mövzusunda
yaxşı bir əsər ortaya çıxarırsa da, bu yenə
məhəlli düşüncənin məhsulu olur. Vətən
dediyimiz yerin sərhədləri var axı. Dünya vətəndaşı olmaq, insan faktoruna
fikir vermək daha vacib deyilmi? Yaradıcı adam necə məhəlli düşünə
bilər?
– Vətən
nəyə görə vətəndir ki? Orada
olan adamlara görə. Deyirlər, atamın
yurdu qaldı. O, qəbirdə olanda da mənim atamdır
də. Dağ-dərə başqa yerdə də ola bilər. Amma bizdə, mənim
köyümdə olan insan başqa yerdə yoxdur axı.
Vətən həm də adamlardır, vətən
həm də ünsiyyətdir, ləhcədir, şivədir,
vətən həm də dar regional münasibətlər məcmusudur.
Məsələn, Novruz bayramında səhərlər
adamları aparıb soyuq suya basırdılar, bu, ancaq bizdə
olurdu. Təbii ki, patriot ədəbiyyat da
olmalıdır, amma yazıçı da lap dar, məhəlli
düşünməməlidir.
Mən ədəbiyyatı insanın özü ilə
danışığı, pıçıltısı hesab
edirəm. Kiminsə üstünə qışqırmaq,
barmaqla göstərmək, hətta yüksək səslə
şeir oxumağı dəhşətli bir şey hesab eləyirəm.
Adamları necə hədələmək olar?
Bizim əlimizdə tutduğumuz qələmdir,
nüvə silahı deyil.
Yazıçıdan Qarabağı ummaq da doğru deyil. Dünyada
işğalı diplomatiya və hərbi güc həll edir.
Nobel mükafatlı xanım Svetlana
Aleksiyeviç bütün Belarusiyanı sevincə qərq
etdi, hətta Lukaşenkonu ayağına gətirdi. Amma heç bir ədəbiyyat nümunəsi
separatçılığın qarşısını ala
bilməyəcək.
Hitlerin ən yaxın köməkçilərindən
biri yəhudiləri qaz sobasında yandırandan sonra Şopenə
qulaq asıb ağlayırmış. Adama elə gəlir ki, axşam
Şopenə qulaq asan adam sabah heç kimi
öldürməz. Amma o səhər yenə
kitelini geyinib yəhudiləri yandırmağa gedirmiş.
Görün Şopenin gücü nəyə
qadirdir.
Mən istəyərdim ki, dünyanı şairlər,
nasirlər, tənqidçilər, ədiblər, teatr xadimləri
idarə eləsin. Biz içində
yaşadığımız bu real, yalançı dünyaya
da, gerçək o dünyaya da alternativ yaratmaqla məşğuluq.
Bizim yaratdığımız ruhani cəmiyyətdir,
ordumuz yox, silahımız yox.
– Belə
bir fikriniz var ki, “əsl şeir tərcümə olunan
şeirdir”?
– Yox, mən
elə söz deməmişəm. Demişəm
ki, xas şeir tərcüməyə gəlmir. Azərbaycan dilinin imkanları daxilində yazılan
şeir tərcüməyə gəlməz. Məsələn, mən deyirəm ki, “oynayır əsəblərim
toran çalınca hər gün”. Bunu necə
tərcümə etmək olar? “Axşam adam
əsəbiləşir”?!
– Onda
misra olmur, cümlə olur.
– Öz dilinin bətnində yazılan şeir başqa dilə çevrilə bilmir. Tərcümə surroqat ana kimidir.
– Bəs özünüz nə yazırsınız hazırda?
– Bir xeyli əlyazmam var. Sonuncu yazdığım şeirin bir misrası var, onu bir neçə variantda yazmaq olar, hamısında yazmışam. Amma qərara gələ bilmirəm ki, hansı variantın üstündə dayanım. Özümün də xoşuma gələn şeirdir, amma bitirə bilmirəm.
– Şeiri tənqidə münasibətiniz maraqlıdır. Xətib Təbrizi deyirdi ki, “şeiri tənqid etmək onu yazmaqdan çətindir”. Həqiqətənmi, tənqidçi şairdən çox bilgili və istedadlı olmalıdır?
– Tənqid ya şeirdən əvvəl, ya da sonra olmalıdır. Ya birinci misraya qədər, ya da sonuncu misradan sonra yazılmalıdır. Mənim tənqid anlayışım fərqlidir. Bizdə tənqidçi əsəri yox, adamı tənqid edir. Bir də görürsən, yaxşı bir əsər haqqında bir tənqidçi yazı yazıb. Qəflətən ayılır ki, mən bunu təriflədim axı, adlı-sanlı tənqidçiyəm, mənə yaraşmaz. Ardınca belə yazır, “onu da qeyd etməyi özümə borc bilirəm ki”... Qardaş, niyə?
Tənqid estetik olmalıdır, tənqidin fəlsəfi yükü olmalıdır, məcazlarla, metaforalarla danışmalıdır. Bizdə isə tənqid ya tərifləmək, ya da yıxıb sürümək kimi başa düşülür.
– Nöqtələr qoyulub, yoxsa hələ vergül mərhələsindəsiniz?
– Mən deyə bilmərəm ki, gələcəkdə
nə olacaq. Sonuncu yazdığım şeirdən əvvəlkini
yazanda fikirləşmişdim ki, hə, bu ən yaxşı
şeirimdir. Əvvəlcədən nəsə demək,
proqnoz vermək düzgün deyil, çünki ədəbiyyat,
həyat, fikirlər, münasibətlər dəyişkəndir.
Adam bəzən öz tərcümeyi-halından da bezir.
Xalq
Cəbhəsi.- 2015.- 30 oktyabr.- S.13.