Səni tez-tez yuxuda görürəm, Təbrizim…
XX əsr Azərbaycan
poeziyasının parlaq
simalarından olan xalq şairi Rəsul Rza sevilib oxunan şairlərdəndir. R.Rza poeziyasını
nəzərdən keçirdikdə
gözlərimiz önündə
dərin fəlsəfi
təfəkkürlü, görkəmli
bir sənətkar canlanır. “Vəfa”, “Qardaşlar” kimi pyeslər R.Rza qələminin məhsuludur.
Həmişə bəşərin taleyi
üçün narahat
olan şairin poetik düşüncələri
“Almaniya”, “Madrid”, “Cəlladları
durdur”, “Həbəşistan”,
“İnqalesyo”, “Yaponiya
motivləri”, “Suriya dəftərindən”, “Amerikanın
səsi” şeirlərində
öz əksini tapıb. Sülh və demokratiya uğrunda mübarizəyə,
insan hüquqlarına
həsr olunmuş bu şeirlərin, eləcə də Cənub mövzulu şeirlərin (“Gözəl
dost”, “Təbrizli dostuma”,
“Hilal” poeması və s.) poeziyamızda ayrıca yeri var.
Rəsul
Rzanın məhəbbət
lirikasından isə kövrək bir qəlb döyüntüsü
eşidilir, sədaqətli,
etibarlı gözəlin
ürkək baxışları
boylanır:
Ürəyimin sevinci,
Sənin yadigarındır.
Yuxumu qaçıran da,
Sənin intizarındır.
Sən dərdimdən xəbərsiz,
Sən nəşəli, kədərsiz,
Görən deyir bu göyçək,
Hansı bəxtəvərindir?
R.Rza ən çox tərcümə
olunan və tərcümə edən şairlərdəndir. Onun bir sıra əsərləri
ingilis, fransız, rumın, polyak, macar, ispan, çex,
ərəb dillərinə
tərcümə edilib.
Puşkin, Lermontov, Şevçenko,
Mayakovski, N.Hikmət, Turgenev, Heyne kimi rus
və dünya poeziyasının qiymətli
incilərinin Azərbaycan
dilinə tərcümə
olunmasında onun böyük xidmətləri
var. Nekrasovun “Rus elində kimin günü xoş keçir” əsərinin Azərbaycan dilinə ilk dəfə tam şəkildə
tərcüməsi R.Rzanın
zəhmətinin bəhrəsidir.
Onun qələmindən çıxan
bir sıra məzmunlu məqalələr,
xüsusilə Nəsimi
haqqındakı “Cahana
sığmayan şairin
qərib məzarı”,
“Böyük şair haqqında kiçik qeydlər” məqalələri,
Kərkük bayatılarına
yazdığı “Uzaq
ellərin yaxın töhfələri” adlı
müqəddimə öz
dərinliyi və elmiliyi ilə diqqəti cəlb edir.
Şair üçün səfərlər,
həm də bir elmi axtarışa
çevrilib. 1968-ci ildə
bir qrup mədəniyyət xadimləri
ilə Suriyada olan şair Nəsimi, onun qəbri, nəsli haqqında məlumatlarla geri dönüb, ədəbi ictimaiyyətimizi
narahat edən bir məsələni dəqiqləşdirib.
Nəsiminin qəbrinin Hələbdə
olması təxmin edilirdi. R.Rza yazır: “Hələ Bakıda ikən hörmətli alim Həmid Araslı “Nəsiminin qəbri Hələbdə
olmalıdır. Siz onu yəqin görəcəksiniz”
demişdi. Lakin uzun
illərin əlaqəsizliyi
bu məlumatın nə qədər səhih olduğunu bir nigaranlığa bağlamışdı”. “…Xəyalımı bir an dinc qoymayan
Nəsimi idi. Ondan bir nişan qalmışdımı?
Qəbri
haradadır? Əsərlərindən, bəlkə də əlyazmalarından tapmaq mümkün oldu. “Bir zaman Şam, bu gün
Dəməşq adlanan
şəhərdə, müqəddəs
Şamda, gəzdiyimiz
bir çox şəhərlərdə də
bu nigaran fikirlər məni rahat qoymurdu. Dəməşq və başqa
şəhərlərdə görüşdüyümüz suriyalı yeni-yeni tanışlarımız, dostlarımız
da şair Nəsimi haqqında təsəlliverici bir şey deyə bilmirdilər”.
Gəzdiyi yerlərdə gərgin nigarançılıq keçirən
şair böyük intizar və axtarışdan sonra Hələb qubernatorunun köməyilə Nəsiminin
qəbrini tapır.
R.Rza poeziyada
da həmişə inadlı axtarışlar aparıb, məqsədinə
də nail olub. Rəsul Rzanın
poeziyası mövzu müxtəlifliyindən asılı
olmayaraq ürəkdən
qopan nəğmə kimi həmişə könülləri oxşayıb.
Onun şeirləri öz şirəsini canlı həyatdan, el gücündən
aldığı üçündür
ki, nəğmə kimi təbii səslənir, bulaq kimi çağlayır.
Şairin:
Kölgəsiz budaq olmaz,
Nəğməsiz dodaq olmaz
Desəm
də, heç ağ olmaz.
Düz sözlü, doğru yollu,
Qəlbi
sədaqət dolu,
Xalqın
inamlı oğlu
Mənəm, mənəm
– deməsinə gətirib çıxarır.
Çünki Rəsul Rza
poeziyasının arxasında
dərin fəlsəfi
təfəkkürlü, həyatın
bədii salnaməsini,
poetik xəritəsini
yaradan görkəmli sənətkar durur. Onun şeirlərinə insanlara qayğı və məhəbbət, torpağı, vətəni,
ana təbiəti ehtirasla sevmək kimi yüksək bəşəri hisslər
hakimdir:
Mən insanam, ülfətsiz ölərəm,
Məhəbbətsiz, nifrətsiz ölərəm.
…Mən torpağam nemətimi, varımı,
Zəhmət sevən insanlarla
bölərəm,
Mən ürəyəm,
döyünməsəm ölərəm.
Yaradıcılığında Güney Azərbaycana həsr olunmuş şeirlərin ayrıca yeri olan şairin
folklor ab-havasından gələn bayatı naxışlı “Nigaran suallar” şeiri bu baxımdan çox dəyərlidir.
Son zamanlar
Səni
tez-tez,
Yuxuda görürəm, Təbrizim,
Yuxuma qəmli
gəlirsən.
Hər gecə.
…Yoxsa dözüb-dözüb
İndi yaman qəribsəmisən?
İnanıram,
Hələ ümidin var böyüyəsən,
Arzun var boy atasan.
Hardan düşdü yadıma,
Anamın
göynəkli bayatısı:
“Mən bütöv bir yuvaydım,
Yel vurdu paralandım.
Mən səndən ayrılmazdım,
Zülümnən aralandım”.
Şeirdəki bayatıdan da göründüyü kimi,
Rəsul Rza xalq yaradıcılığından,
onun nəhayətsiz zənginliklərindən, müdrik
ifadələrdən, bayatılardan,
özünəxas yaradıcılıq
qüdrətilə istifadə
edib. Onun qüdrətli
şair Mikayıl Müşfiqə həsr etdiyi “Qızılgül olmayaydı” poemasının
adını oxuyanda
hiss edirsən ki, buraya haradansa aşağıdakı bayatının
ovqatı düşüb.
Qızılgül olmayaydı,
Saralıb solmayaydı.
Bir ayrılıq, bir ölüm,
Heç biri olmayaydı.
Və bu bayatının fonunda şair az, lakin
mənalı yaradıcılıq
yolu keçmiş bir şairin qısa ömrünü qızılgül ömrü
kimi mənalandırırır.
İlham qaynağını şifahi
xalq ədəbiyyatından,
canlı xalq dilindən aldığı
şeirlərini oxuyanda
hiss edirsən ki, onun deyimlərində folklora bağlılıq güclüdür. Xalq arasında bəzi
dili xəlpətər
atan insanlar haqqında deyilir ki, “dili başına
bəladır”. “Soruş”
şeirində Rəsul
Rza bu xalq
ifadəsini elə işlədib ki, burada xalq deyimi
ilə klassik poeziyaya məxsus olan yüksək poetik keyfiyyətlərin qaynayıb-qarışmasından orijinal bir üslub
yaranıb:
Od nə çəkdi, küldən
soruş,
Baş nə çəkdi, dildən soruş.
Belə orijinallıq, belə poetik kəşf şairin “Rənglər” şeirində də müşahidə edilir. Həyatın, insan mənəviyyatının
müxtəlif lövhələrinə
simvolik münasibətin
fəlsəfi gücünü
əks etdirən “Rənglər” şeirində
xalq deyimlərinin fəlsəfi qaynağı
üzə çıxarılır.
Xalq arasında “göy adam”,
“boz adam”, “üzü qırmızı
adam”, “Qara yaxmaq”, “qara basmaq”, “ağciyər adam” kimi rənglərlə
bağlı ifadələr
işlənir. R.Rza xalqda
işlənən bu ifadələrlə maraqlı
poetik nümunələr
yaradıb.
Rənglər xatirələr oyadır,
duyğular oyadır,
Rənglərin də musiqi kimi ahəngi var,
Ağrının, sevincin, ümidin də rəngi var.
Məlumdur ki, atalar sözü
və məsəllər
təsirli ifadə vasitəsi kimi həmişə təcrübəvidir. Rəsul
Rza 8 misralıq “Məzmun” şeirində “İgidin başı qilu-qalda gərək” atalar sözündən, öz məqsədinə müvafiq istifadə edərək, poetik axtarış apararaq belə bir nəticəyə
gəlir ki, “qilü-qal” ancaq müqəddəs amallara xidmət edən igidə yaraşır. Mənasız baş yormanın, “qilü-qal” etmənin heç nəyə faydası yoxdur:
Atalar deyib:
İgid başı qalda gərək.
Haqlı sözdür.
Gərək zamanın isti-soyuğu,
Kişiyə dəysin.
Ancaq gərəkməzmi
Qilü-qalın özü də bir şeyə dəysin.
Nümunələrdən də göründüyü
kimi, Rəsul Rza poetik kəşflər
edərək, şeirlərində
istifadə etdiyi xalq danışıq dilini yüksək sənətkarlıqla ədəbi
dil səviyyəsinə
yüksəlməyi bacaran
ustad sənətkardır.
Maarifə
Hacıyeva
professor
Xalq Cəbhəsi.- 2015.- 31 oktyabr.- S.14.