O, yaratdığı əsərlərdə
həm də özünü yaradır
Bəxtiyar Vahabzadə üçün
sevgi və ya nifrət qəlbin təlatümü,
hisslərin tufanı,
ağlın üsyanıdır...
Siyasi arenada bir qürub
ulduzu tək yanıb sönməsini səmimiyyətlə etiraf
edən şair: “Mən siyasət adamı deyiləm. Siyasət demək istədiyini yox, məqamında lazım olanı demək, vəziyyətdən
ustalıqla, soyuq başla çıxmağı
bacarmaq imiş. Mənim kimi sadəlövh, sadəqəlb, daha çox ağılla deyil, hisslə düşünən şair
bunları haradan bilsin? Və mən qərara gəldim ki, söz adamı siyasətlə məşğul
olmamalı, sözünü
kürsülərdən deyil,
bədii yaradıcılığı
ilə deməlidir” – etirafında bulunaraq bütün dövrlərdə
xalqın, Azərbaycanın
taleyüklü məsələlərinə
həssaslıqla poetik
münasibətini bildirməkdən
əsla çəkinməyib:
Biri-birimizə uyuşan deyil,
Biri-birimizə tərs düşən olduq.
Biz Vətən uğrunda döyüşən deyil,
Vəzifə uğrunda döyüşən
olduq.
Yaxud:
Azadlıq! Nəhayət, qovuşduq
sənə,
Amma deyəmmədik: “Şükür
Allaha!”
...Elə bir gündəyik
qollarımızda
Qandala çevrilib azadlığımız...
Vəzifə eşqinə, mənsəb
eşqinə,
Qardaş-qardaşına güllə atırsa,
Düşmən əsgərinə, yad
əsgərinə
Halal torpağını əgər
satırsa,
Belə
azadlığı istəmirəm
mən,
Belə
azadlığı istəməz
Vətən!
– deyib yazan
şairin hansısa məsələnin üstündən
ehtiyatla adladığını
düşünmək olarmı?
Düşündüklərini, yaşadıqlarını belə
cəsarətlə qələmə
alan B.Vahabzadə
bütöv torpağı,
azad Vətəni, müstəqil dövləti
olan bir millətin, xalqın dilinin, mənəviyyatının
və mədəniyyətinin
əbədi yaşayacağına,
ölməzliyinə inanır.
Uşaqların tərbiyəli, yurdsevər
vətəndaş kimi
formalaşmasında müəllimlərin
rolunu da əvəzsiz sayır. Ustad şair
şərəfli, məsuliyyətli,
nəcib peşə sahiblərini – dünyanın
ən qiymətli kapitalı olan insanla işləyən, onun taleyini müəyyənləşdirən
böyük qüvvə
kimi dəyərləndirir.
Onun qənaətinə görə,
bu böyük qüvvə – müəllim
mənən təmiz,
pak olmalı, sinəsində böyük
vətəndaş ürəyi
gəzdirməlidir. Müəllim
Vətəni, onun tarixini, dilini, mədəniyyətini, ədəbiyyatını
bilməli, sevməli və şagirdlərinə
də sevdirməli, onları məhz Vətənə namusla xidmət etməyə hazırlamalıdır. Bəxtiyar Vahabzadə
poeziyası fəlsəfi,
əxlaqi-didaktik mahiyyətə
malikdir, oxucularını,
bütövlükdə insanları
həyat-insan-zaman kontekstində
dərindən-dərin düşünməyə
səfərbər edən
böyük bədii-fəlsəfi
ümumiləşdirmələr poeziyasıdır. Onun məhz
bədii-fəlsəfi ümumiləşdirmələri,
müdrik kəlamları
ilə daha çox sevilən poeziyasında filosof-şairin
həm də özündən, yaşadıqlarından,
qədərdən narazılıq
motivləri yansıyır.
Daim mütaliə etməyi, Azərbaycan folklorundan, şifahi xalq ədəbiyyatından, klassiklərdən
və filosoflardan, dünya ədəbiyyatı
nümunələrindən yaradıcılıqla bəhrələnməyi
və daha çox öyrənməyi
qənimət sayan B.Vahabzadənin həyat devizinə çevrilən:
“Təkcə ondan razıyam ki, özümdən narazıyam”
kimi şəxsi və ictimai həyatda razılaşmadığı
məqamların sığındığı
həqiqəti ifadə
edən məşhur deyimi isə çox güman ki, dahi Sokratın
“Bircə onu bilirəm ki, heç nə bilmirəm” kəlamından
qaynaqlanırdı...
Oxucularına yüksək vətənpərvərlik
ruhu, Vətənə,
qədim Oğuz ellərinə, türk dilinə və yurduna odlu sevgi
duyğusu aşılayan,
milli-mənəvi sərvətlərimizə,
mədəni irsimizə,
ən başlıcası,
tariximizə sahib çıxmağa
səsləyən mübariz
poeziyadır. Bəxtiyar poeziyası həm
də sevgi, məhəbbət, dünyəvi
və ruhani eşq poeziyasıdır.
Bu eşq onun
könül çırpıntıları,
qəlb ağrıları
və fəlsəfi düşüncələrini qapsayan
böyük sevgi lirikasında daha aydın duyulur. Qəlbinin yanğısı, eşqə
təşnə ürəyinin
sızıltıları nə
qədər çox olsa da, aşiq-şairə
sanki bu yanğı səadət,
hətta özündənkeçmə
xoşbəxtliyi gətirir.
Bəxtiyar Vahabzadə dünyada
var olan hər şeyə məhəbbətlə, sevginin
gözü ilə baxır. Şairə görə ana
təbiəti də məhz sevgi yaşadır və hətta güllər, çiçəklər, böcəklər,
quşlar da məhəbbətin dili ilə danışır.
Eşqsiz ürəyi
soyuq bir daş parçası sanan aşiq şair sevənləri dünyanın ən gözəl, ən
bəxtiyar insanı
sayır. Onun düşüncəsinə görə,
insan nə üçün sevdiyini bilməz və həqiqi bir eşqlə sevərkən
yalnız könlünün
səsini dinlər:
Neçün sevdiyimi bilmədən,
mən də,
Sevirəm, sevirəm. İnsan sevəndə.
Yalnız
öz könlünün
səsini dinlər,
Neçün sevdiyini bilməz sevənlər.
Hər zaman daha çox
könlünün səsini
dinləyən şairin
apaydın qənaəti
budur ki, dünyada insanı sevən, dərdlərini bölüşən, tənhalığına
meydan oxuyan, könlünə həmdəm
olmağı bacaran qüdrət sahibi bircə dostu, arxası, köməyi – sevgilisi varsa, qəm eləməyə dəyməz, yaşamağa
dəyər...
Bir Günəş bəs edər, pərişan olma,
Sənin
yüz Kür qədər göz yaşın olsa,
Min dərd hücum etsə, könül, sıxılma,
Bir nəfər
dərdbilən sirdaşın
olsa.
Düşündüklərini və yaşadıqlarını
yazan Bəxtiyar müəllim yaratdığı
əsərlərdə həm
də özünü
yaradır. Onun üçün sevgi və ya nifrət
qəlbin təlatümü,
hisslərin tufanı,
ağlın üsyanıdı...
Bəlkə də bu səbəbdən sevgi, məhəbbət lirikasında Bəxtiyar Vahabzadə daha səmimi, daha ruhsaldır! Daxili iztirablarının, həyat və zaman haqqında lirik fəlsəfi düşüncələrinin tərcümanı olan sevgi şeirləində onun öz obrazı da yansıyır... və daha çox sevilir. Axı söz sənətinin, ədəbiyyatın canı elə səmimiliyində, özü olmasındadır. Bu gerçəklərlə yaşayan, könlünün səsinə diqqət kəsilən şair bəzən real həyatdakı bir sıra nizamsızlıqları, hətta təbiətin yaratdığı nəsnələrdə belə öz nöqteyi-nəzərincə gördüyü uyğunsuzluqları dəyişmək, öz yerlərində olmayanları, yəni kürsüləri, mövqeləri – yerləri səhv düşənləri nizamlamaq, arzuladığı biçimdə görmək, sanki ana təbiətin “səhvlərini, yanlışlarını” düzəltmək diləyini içdən gələn bir səmimiyyətlə izhar edir və bütün yazılarında yüksək etiraf mədəniyyəti yansıyan müqtədir söz sahibi ruhunun dərinliklərindən boy verən “Təbiətin hökmü olsaydı məndə” kimi açıq istəyini də gizlətmir:
Mən bir tarzən olub çala bilsəydim,
Mizrabın ömrürnü telə verərdim.
Xanəndə eşqimi car eyləsəydi,
Min bəmi bir kəsik zilə verərdim.
Bülbül nalə çəkər
vüsal dəmində,
Gülün ləçəkləri solar çəməndə,
Təbiətin hökmü olsaydı
məndə
Qanqalın ömrünü gülə
verərdim.
Bəxtiyar Vahabzadə sadəlikdə
böyüklük, mürəkkəblik,
adilikdə qeyri-adilik görməyi bacaran və gördüklərini
birbaşa ürəyə
sancılan fikirlərlə,
mətləblərlə ifadə
edən, xalqın mənəvi aləmi ilə sıx bağlı olan yüksək ideallardan gözəl sənət dilində söhbət açan bir sənətkar, söz sərrafıdır. İctimai kəsər,
bədii dəyər kəsb edən poeziyası ilə o, daim müsbət ideala xidmət edib. Poeziyasının gücü zəriflik,
gözəllik, inam, vətəndaşlıq duyğularının
sənətkarlıqla tərənnümündə,
cəmiyyətin və
insanların nöqsanlarını
görə bilməsində,
ənənəyə, kökə
bağlılığında şeiri keçmişlə
gələcək arasında
mənəvi körpüyə
çevirə bilməsindədir.
Daha çox xalqın dilində danışmaq cəhdində, onun gerçək həyatını,
möhtəşəm tarixini
sənətdə obrazlı
şəkildə canlandırmasında,
romantic vüsətlə gələcəyə
qovuşdurmasındadır.
Esmira Fuad
ədəbiyyatşünas-publisist
Xalq Cəbhəsi.- 2015.- 1 sentyabr.-
S.14.