M.Ə.Rəsulzadənin “Azərbaycan şairi Nizami” əsəri

 

XII əsrdə yaşamış, dünyada məşhur olan Azərbaycan şairi Nizami Gəncəvinin söylədiyi “Türk gözəldir” ifadəsini XX əsrdə Azərbaycanın siyasi tarixində böyük rolu olan “insanlara hürriyyət, millətlərə istiqlal”, “bir kərə yüksələn bayraq bir daha enməz” kimi milli inanc dolu sözlərin sahibi, 1918-1920-ci illər arasında müstəqil Azərbaycan dövlətinin qurucularından olan Məmməd Əmin Rəsulzadə incələyib.

M.Ə.Rəsulzadə böyük siyasət adamı olmaqla bərabər, həm də ədəbiyyatçı idi. O, “M.Ə.Rəsulzadə”, “Yalvacoğlu”, “M.Emin”, “M.Emin Rəsulzadə” imzaları ilə şeir, hekayə və məqalələr yazıb, dini və siyasi həyatı ilə əlaqədar bir çox kitablar yazıb. Onun “Çağdaş Azərbaycan ədəbiyyatı” (1950), “Çağdaş Azərbaycan tarixi” (1951), “Azərbaycan Respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti” (1928), “Əsrimizin Siyavuşu” (1928), “Azərbaycan şairi Nizami” (1951) əsərləri bir-birindən qiymətli əsərlərdir. Onun 1948-ci ildə qələmə aldığı “Azərbaycan şairi Nizami” əsəri dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illiyinə həsr olunub. Bu qiymətli əsər 1951-ci ildə Ankarada nəşr edilib, 1991-ci ildə isə Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə çevrilərək Bakıda nəşr edilib. Kitabı Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə prof. Rüstəm Əliyev çevirib (Bakı, Azərnəşr, 1991).

M.Ə.Rəsulzadə mükəmməl ədəbiyyat araşdırmalarından olan “Azərbaycan şairi Nizami” əsərində Nizami haqqında bunları yazır: “Nizami Azərbaycanın qədim şəhərlərindən olan Gəncədə doğulub, yaşayıb və dəfn edildiyi üçün Gəncəli Nizami mənasında işlədilən Nizamiyi-Gəncəvi adıyla tanınıb”. “Şairi eyni dövrdə yaşamış olan başqa Nizamilərdən ayırmaq üçün müzkirələr onu həmişə “Nizamiyi-Gəncəvi” deyə yad ediblər”.

M.Ə.Rəsulzadə “Azərbaycan şairi Nizami” əsərinin lap ilk səhifəsində Nizaminin:

 

 

Şairlikdəki əsrar pərdəsi,

Peyğəmbərlikdir bir kölgəsi.

Tanrı hüzurunda sıra tutmuşlar,

İkinci şairlər, ilkin peyğəmbərlər

 

misralarını epiqraf kimi verərək, islam dünyasında peyğəmbərlərdən sonra söz ustadları olan şairlərin ən nüfuzlu insanlar olaraq Tanrı qarşısında sırasının göstərildiyini ifadə edir. Nizaminin yaşadığı XII əsrdə Gəncə və Şamaxı şəhərlərinin Yaxın Şərqin böyük mədəniyyət mərkəzləri olduğunu qeyd edir və Azərbaycanın o zamankı ədəbi mənzərəsi haqqında tam təsəvvür yaratmaq üçün bir çox şairlərin, o cümlədən Əbulla Gəncəvi, Xaqani Şirvani, Fələki Şirvani, Mücir Beylaqani, Seyid Zülfüqar Şirvani, Kəmaləddin Naxçıvani və b. adlarını çəkir. Dörd fəsildən ibarət olan kitabda “Nizami kimdir?”, “Nizaminin beş kitabı”, “Nizaminin mövzuları”, “Nizamidə sənət və ideologiya” məsələləri dərindən-dərinə təhlil edilir.

“Azərbaycan şairi Nizami” əsərinin başlanğıcında M.Ə.Rəsulzadə Şərq islam mədəniyyəti haqqında məlumat verərək, bu mövzu ilə bağlı “Başlanğıc”, “Şərq-İslam mədəniyyətində Azərbaycanın rolu”, “Türk hakimiyyəti altında fars mədəniyyəti” kimi bölümlərdə açıqlamalar verir:

“Müsəlman Şərqi dedikdə, Nizaminin yurdu Gəncəni də içinə alan Azərbaycan da daxil olmaqla, Yaxın Şərq və Orta Asiyanı əhatə edən coğrafi ərazi nəzərdə tutulur. Bu ərazinin müxtəlif çağlarda yaşamış olduğu siyasi və tarixi təkamülü ilə mütənasib mədəni, kamillik dövrləri var. Bura bir tərəfdən İran və Turan, digər tərəfdən də Ərəb ilə Əcəm çəkişmə və qarpışmalarının səhnəsi olub. Tarixi hadisələrin təsirilə baş verən qaynayıb-qarışmalar nəticəsində əski mədəniyyətlər yatağı olan bu yerlərdə yeni bir mədəniyyət meydana gəlib: Şərq islam mədəniyyəti”.

Müəllif islam mədəniyyətinin şərqə yayılmasında ərəb dili ilə bərabər türkcə və farscanın da əhəmiyyətli rolu olduğunu göstərir və bunları “Şərq islam mədəniyyətinin üç ortağı” adlandırır. M.Ə.Rəsulzadə “Türk olmaları etibarilə azərbaycanlıların İslam mədəniyyətinə xidmət etmiş türklər arasında yeri olduğu kimi bir Şərq İslam məmləkəti olmaq üzrə də Azərbaycanın bu işdə mühüm rolu olduğunu yazır”.

“Türk hakimiyyəti altında fars ədəbiyyatı” bölümündə tədqiqatçı türk saraylarında yazılan fars ədəbi abidələrinə işarə edərək yazır: “İslamdan sonrakı yeni fars dilinin ən böyük abidəsi olan “Şahnamə”ni Firdovsi Sultan Mahmud Qəznəvinin sarayında yazıb: “Dünyaca məşhur olan rübailəri ilə Ömər Xəyyam Səlcuqi Məlikşahın məhəbbətini qazanıb. Fars qəsidəsinin məşhur nümayəndəsi Ənvəri Sultan Səncərin şairidir. Sədi, Hafiz və digər İran klassikləri də ya Səlcuqilərin, ya onlardan sonra gələn Atabəylərin zamanında yetişiblər. Klassik İran ədəbiyyatının sonuncu ustadı sayılan Cami, Teymurilərdən Hüseyn Bayqaranın sarayına və Əlişir Nəvainin məclisinə mənsub olublar… Türk xaqan və sultanları fars ədəbiyyatına hamilik göstərib və yalnız hamiliklə kifayətlənməyib, bir çoxları farsca yazıblar.”

M.Ə.Rəsulzadə Şərq İslam mədəniyyətinə mənsub olan İbn-Sina, Firdovsi, Əlişir Nəvai kimi şəxsiyyətlər haqqında fikrini aşağıdakı şəkildə ifadə edərək yazır: “Ərəblərə görə, İbn-Sina ərəbdir, çünki əsərlərini ərəbcə yazıb. Farslara görə, başqa bir iranlı alimlər kimi şeirlərini ərəbcə yazsa da, İbn-Sina bir farsdır, hətta farsca şeirləri belə var. Türklərə görə, Türküstanın Əfşanə (Buxara) şəhərində doğulmuş Sina oğlu bir türkdür, farsca şeir yazması türk olması barədə iddianı rədd etmir, çünki ərəbcə yazmış farslar və türklər olduğu kimi farsca yazmış türklər də az deyil”.

M.Ə.Rəsulzadəyə görə, “Fars ənənəsini fars dilində canlandıran Firdovsi milli bir şəxsiyyətdir. O, İran millətçiliyinin ideoloqu və fars oğlu farsdır və “Mühakimətül lüğəteyin” adlı tanınmış əsəri ilə türk dilinin fars dilindən üstünlüyünü isbat edən və bu müddəanı əyaniləşdirmək üçün fars ədəbiyyatının başlıca kitablarına bərabər cağatay türkcəsi ilə əsərlər yazan Mir Əlişir Nəvai də ədəbi türk millətçiliyinin atası və “türk oğlu türkdür”.

Dünyada tanınmış əsərlərini farsca yazan Gəncəli Nizami Şərq tədqiqatçıları tərəfindən çox vaxt İran ədəbiyyatı təmsilçisi kimi, Avropa və rus mənbələrində isə Azərbaycan şairi olduğu göstərilir. Bu gün Nizaminin Azərbaycan şairi olduğu dünya elm adamları tərəfindən qəbul edilmiş bir həqiqət olsa da, M.Ə.Rəsulzadə Nizami Gəncəvinin 800 illiyi münasibətilə qələmə aldığı əsərinə verdiyi “Azərbaycan şairi” adının onu İran şairi kimi tanıyanların bir qismində etiraz doğurmasa da, onların adət etdiklərinin pozulmasından doğan bir narahatlıq hissi doğuracağına münasibətini də bildirərək yazır: “Fəqət nə etməli, dünya böyüklərinin adları ətrafında millətlər arasında çəkişmə yeni bir şey deyildir. Bir də başqalarının yanlış adətlərini pozmamaq üçün Azərbaycan öz təbii haqqından necə vaz keçsin?”

M.Ə.Rəsulzadə müsəlman şərqində fars dilində əsərlər yazılmasına bir açıqlama verərək yazır ki, XVIII əsrdə fransız dili Avropanın böyük bir bölümündə elm və ədəbiyyat dili olduğu kimi, müsəlman şərqində də X-XII əsrlərdə farsca ədəbiyyat dili olub. Fars olmayanlar da əsərlərini bu dildə yazırdılar. Əsərlərini fars dilində yazmağın nəticəsidir ki, başda Nizami Gəncəvi olmaqla Azərbaycan İran ədəbiyyatına Xaqani Şirvani, Müciri Beylaqani, Əbulla Gəncəvi (XII əsr), Qətran Təbrizi (XI əsr) sonrakı əsrlərdə də Əhməd İbn-Məhəmməd Təbrizi (XIV əsr), Qasım Ənvər (XV əsr), Sadıq Əfşar (XVI əsr), Saib Təbrizi (XVII əsr) kimi məşhur qələm ustaları qazandırıb.

M.Ə.Rəsulzadə əsərinin III fəslində Nizami Gəncəvinin mövzularını incələyərkən onun əsərlərindəki farslıq, türklük düşüncələrinə toxunaraq əsərlərində ruslar haqqında təsəvvürünə də yer ayırıb. Kitabın bu fəslində “İsgəndərnamə” əsərindən Duvalinin İsgəndərə dediyi:

 

 

Adamlıq gözləməz bir kimsə rusdan,

Ki bənzər insana yalnız baxışdan

 

– misralarını incələyərək, oxucuda rusların Azərbaycana tarixi basqınlarını, Xəzər dənizi sahillərinin zaman-zaman ruslar tərəfindən basqına məruz qalması, burada yaşayan insanların qədim rus vəhşilikləri barədə qanlı xatirələrinin yaddaşlarda yaşadığına səbəb olduğunu xatırladaraq yazır: “Nizami dövründə acı xatirələrin yeni qüvvə ilə təzələnməsini ehtimal etmək yerinə düşərdi. Məlum olduğu üzrə, Şah Axsitanın dövründə şirvanlılar rus basqınçıları ilə şiddətli döyüşüb, Dərbənd və Şabranı onların qəsbindən qurtardığı kimi Bakı limanında və Lənkəranda - Sari limanında 73 gəmidən ibarət rus gəmisini məhv ediblər. Şirvan sarayının rəsmi şairi Xaqani tərəfindən yazılan tarixi bir qəsidədə təsvir olunan bu döyüş şübhəsiz, qədim rus vəhşilikləri barədə qanlı xatirələrin yaddaşlarda yenidən canlanmasına səbəb olub”.

M.Ə.Rəsulzadə göstərir ki, Nizaminin əsərlərini yazdığı dil fars dili olsa da, şairin daşıdığı hisslər və işlətdiyi mövzular Azərbaycan türklərinin duyğularından doğub. Nizaminin yaradıcılığı, onun duyğu və düşüncələri onun yetişdiyi milli mühitlə bağlı olduğu üçün o, Azərbaycan türklərinin milli duyğularını əsərlərində qabarıq şəkildə əks etdirən bir şəxsiyyətdir. Bu şəxsiyyətlə yalnız Azərbaycan türkləri deyil, bütün türklər öyünməlidir. Çünki dilinin farsca olmasına baxmayaraq, heç bir şairdə türklük Nizamidə olduğu qədər ideallaşdırılmayıb. Nizami fars millətçiliyindən çox-çox uzaq olub, türk sevgisi ilə, yurdunun tarixi müqəddəratı ilə bağlıdır. Bu bağlılıq, heç şübhəsiz, onun Azərbaycan türklərinin şairi olduğuna dəlalət edir. “Gözəl və böyüyə”  “türk”, gözəllik ilə böyüklüyə  “türklük”, “gözəl və böyük sözə”  “türkcə”, “gözəllik və böyüklük diyarı”na “Türküstan” deyən bir şairə hansı ağız o, türk deyildir deyə bilər?”.

Kitabın başqa səhifələrində də M.Ə.Rəsulzadə böyük Nizaminin türklük düşüncələrini iftixarla ifadə edir. Nizami türk deyir – gözəl, mərd, qəhrəman, döyüşçü, sərkərdə, ər, rəhbər və başçı nəzərdə tutur. “Türklük” deyir – gözəllik, yaxşılıq, təmizlik, doğruluq, mərdlik, qəhrəmanlıq, sərkərdəlik, başçılıq demək istəyir. “Türküstan” - deyir – vəfa, doğruluq, istənilən yerə qovuşmaq (vüsal) nəzərdə tutur. “Dilbər” deməli olduğu yerdə şair sadəcə olaraq “türk” deyir. “Torke-delsetan”, “torke-tennaz”, “torke nazənin əndam” kimi ifadələrə Nizamidə tez-tez rast gəlinir.

Kitabın dördüncü bölümü “Nizamidə sənət və ideologiya” adlanır. Bu fəsildə Nizami sənətinin həyata, insana münasibəti, Nizamidə eşq fəlsəfəsi, onun din, dövlət haqqında görüşləri, ideal hökmdar məsələsi, şairin şeir anlayışındakı özünəməxsusluq ələ alınıb incələnir. Göründüyü kimi, M.Ə.Rəsulzadənin “Azərbaycan şairi Nizami” adlı tədqiqat əsəri XII əsr Şərq ədəbiyyatında zirvə sayılan əsərləri ilə zirvəyə yüksələn böyük söz ustadı Nizami Gəncəvinin həyatı, sənəti, dövrü haqqında ən layiqli araşdırmalardan biridir.

 

Maarifə Hacıyeva,

Professor

Xalq Cəbhəsi.- 2015.- 2 sentyabr.- S.14.