Vətəndaş cəmiyyəti və
mediada gender bərabərliyi problemləri
Ekspertlər bu barədə nə
düşünürlər?
(əvvəli ötən sayımızda)
Çıxış yolu həm də mətbuatın
demokratikləşməsində və peşəkarlaşmasındadır. Ancaq bu halda mətbuat hər
şeyi olduğu kimi işıqlandırar və gender bərabərliyi
məsələsində daha diqqətli olacaq. Fəlsəfə
elmləri doktoru Rəna Mirzəzadə yazır ki, aktual
problemlərdən biri kimi önə çəkilən
qadın məsələsi qadın təşkilatlarının
qeyri-hökumət təşkilatları səviyyəsində
və hətta hökumətdə Qadın Problemləri
üzrə Dövlət Komitəsi kimi yaranmasında təsdiqlənir.
Cəmiyyətin aparıcı qüvvələrindən
biri olan qadınlar öz ayrıca təşkilatlarını
yaratmaqla sosial-siyasi, ictimai hadisələrin
iştirakçısı olmaqla, həm də müəyyən
mənada ölkədə həlledici funksiyalar da
daşımış olur. Zəruri və
vacib olan bir məqam isə qadınların siyasi passivliyi,
siyasiləşməyə daxilən meyilli olduqları halda,
siyasi həyatda xaricdən "daxilə" çəkilmələrini
müxtəlif səbəblərlə izah etmək
mümkündür. Təbii ki, ilk öncə milli mentalitetimizi
əsas kimi götürsək, Qərblə Şərqin qovuşuğunda yerləşən Azərbaycanda
qadınların yarı qərbli, yarı şərqli
xüsusiyyətləri məhz ilkin təzahür
formasıdırsa, həmçinin tarixi köklər, milli adət-ənənələr
də müəyyən mənada səciyyəvidir. İkinci
səbəb kimi söylədiyimiz 70 illik sovet
dövrünün "bərabərhüquqluluq" adlanan
"humanist" siyasətinin əxzi ilə yanaşı
milliçilikdən uzaq "sovetləşmiş" təzahürlü
meyillərdir - biganəlik, hər şeyi hazır qəbul etmək,
hadisələrə yadlaşmaq, vahid mərkəzdən
planlı hərəkət kimi əlamətlərdir.
Üçüncü
səbəb kimi isə məhz siyasi fəallığın əsas
atributlarından olan fərdlərin siyasi mədəniyyətini,
dördüncüsü, cəmiyyətdə siyasi rejimin və
sosial strukturun, beşincisi isə siyasətləşmədə
mənəvi dəyərlərin pozulması kimi xarakterik halları
və s. çoxsaylı amillərin təsirini göstərmək
olar. Azərbaycan qadınının siyasi fəallığından
bəhs edərkən yuxarıda qeyd etdiyimiz müxtəlif səbəblərin
təsiri nəticə etibarilə cəmiyyətdə gedən
proseslərə də əks etmiş olur. Fikrimizcə, bu baxımdan obyektiv hal cəmiyyətdə
hələ də kütləvi şüura xas olan
"kişinin yeri birincidir" fikrinin
formalaşmasıdır. Mənəvi,
sosial dəyərlərdə, adət-ənənələrdə,
dünyagörüşünün formalaşmasında
qadın fenomeni nəzəri şüura təlqin edəcəyi
tərzdə qavranılıb, dərk edilib. Yaşadığımız dövrdə artıq məlum
sovet dövrünə aid olan xarakterik hallar əksərən
silinmiş, münasibətlərdə, ictimai şüurda
köklü dəyişikliklər baş vermişsə də,
cinslərarası ayrıseçkilikdə bu kimi hallar demək
olar ki, qismən aradan götürülmüşdür.
Cəmiyyətin
sosial strukturundakı köklü dəyişiklik, ictimai
formasiyanın belə dəyişməsi qadın faktorunun
rolu, vəzifəsi və yeri baxımından hələ də
yeniləşən cəmiyyətdə "güclü"
- "zəif" kimi cinsi fərqlər modelinin köhnə
dəyərlərinə söykənir. Məhz
bu nöqteyi-nəzərdən də cəmiyyətdə
müxtəlif rollar oynayan cinslərin hadisə və proseslərdə,
davranış münasibətlərində ciddi fərqlər
meydana çıxır. "Güclü"
deyilən cinsin hücum, təzyiq və iradlarına məruz
qalmamaq üçün qadınlar cəmiyyətin bir bərabərhüquqlu
vətəndaşı kimi öz davranışlarını
hansı siyasi, mənəvi və sosial normalara uyğun tərzdə
quracaqlarını fikirləşməli olurlar. Burada da müəyyən şərtlər var ki,
onlar da qadının ana, həyat yoldaşı, bacı, tərbiyə
edən, namus daşıyıcısı, qeyrət simvolu, ləyaqət
təcəssümü olmasındadır. Təbii
ki, normal haldır. Əks
"güclü" qütb isə bu baxımdan istənilən
hərəkət, davranış və münasibətdə sərbəstdir.
Bu da normal tərz kimi bütün məkan və
zamanlarda siyasi passivliyin ilk köklü amili onun sərbəst
olmaması və ən mühümü isə psixoloji
dünyagörüşünün köhnəliyidir. Qadın və siyasət, siyasətçi qadın,
siyasiləşmiş qadın obrazı cəmiyyətdə
sanki bir qədər dar çərçivədə qəbul
edilir, milli mentalitetimizdə bu gün özünə çətinliklə
yer tapır. Bu özü də ictimai
şüurun yeniləşməsinin bir təzahür
formasıdır. Qadının siyasilik
hissinin kütləviləşməsində, siyasi aktivlikdə
hadisələrdə passivliyini şərtləndirən
faktorlardandır.
Filologiyi
üzrə fəlsəfə doktoru Z.Şabanov qeyd edir ki,
dünyanın bütün qitələrinə səpələnmiş
azərbaycanlı qadınlar öz ana Vətəninə daha
möhkəm bağlanmaq, onların gücünü millətimizin
ümumi problemlərimizin həllinə istiqamətləndirmək
yönündə iş aparır. Digər
ölkələrdə yaşayan azərbaycanlı
qadınların vasitəsilə həmin ölkələrin
qadın təşkilatları və qabaqcıl
qadınları ilə işgüzar dostluq, elmi və mədəni
əlaqələr qurmağa və inkişaf etdirməyə
çalışır. Azərbaycan
qadınlarının sülh hərəkatında, beynəlxalq
görüşlərdə, elmi, siyasi və
yaradıcılıq konfranslarında iştirakına
yardım göstərir.
Qarşıya qoyulan məqsəd, qadınların sabit
inkişaf prosesində iştirakını və rolunu gücləndirmək,
qadınların və uşaqların, o cümlədən
qaçqın və məcburi köçkünlərin
ehtiyaclarını öyrənməklə, vəziyyətlərini
yaxşılaşdırmaq və sosial problemlərinin həll
edilməsində onlara yardımçı olmaqdır. Bundan
başqa, bu təşkilatlar qadınların və
uşaqların, o cümlədən qaçqın və məcburi
köçkünlərin insan hüquqlarını müdafiə
edir, sosial problemlərin həllinə yönəldilmiş tədqiqatlar
aparır, əməli fəaliyyətlər təşkil edir
və həyata keçirir. Təhsil,
sağlamlıq, insan hüquqları üzrə icma səviyyəsində
maarifləndirmə işləri, xidmətlər təşkil
edir. Yoxsulluğun aradan
qaldırılması yollarının
araşdırılması, sülh hərəkatının
inkişaf etdirilməsinə, gənclərin və
uşaqların mənəvi və mədəni
inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyəsi
üçün çalışır.
Qadın
təşkilatları BMT-nin İnkişaf Proqramı (UNDP),
Əhali Fondu (UNF-PA), Uşaq Fondu (UNİCEF), Qadınlar
üçün İnkişaf Fondu (UNİFEM), İctimai
Əlaqələr (UNDPİ), Qaçqınlar üzrə
(UNHCR) bölmələrin proqramlarını həyata
keçirir, digər QHT-lər ilə sıx əlaqə
saxlayır, qadın, gənclər və uşaq təşkilatları
ilə müntəzəm əlaqədə işləyirlər.
Birliklər, həmçinin ölkə Konstitusiyası,
"Qadınlara Qarşı Ayrıseçkiliyin Bütün
Formalarının Ləğvi" və s. konvensiyaların,
BMT-nin qərarlarının və qətnamələrinin
öyrənilməsi, Pekin Fəaliyyət Platformasının
və s. sənədlərin Azərbaycan dilinə tərcüməsi
bu sənədlərin şəhər və kəndlərdə
yaşayan qadınlarla öyrədilməsi istiqamətində
fəaliyyət göstərir. Respublika sakinləri
üçün qadın problemələri və uşaq
haqları üzrə zona müşavirələri, BMT-nin QHT-lər
üçün Resurs Mərkəzində müntəzəm
toplantılar keçirir, onları ingilis dilindən tərcümə
olunmuş BMT-nin cari sənədləri və tədbirləri
ilə tanış edir, fəaliyyət planları işləyib
QHT-lərə paylayır, sorğu kitabçaları, məlumat
vərəqələri və s. çap etdirir, kütləvi
informasiya vasitələri ilə sıx əlaqədə
işləyir, din mövzuları üzrə televiziya və
radio verilişləri təşkil edir, maariflənmə
istiqamətində təhsil ocaqlarında, birliklərin rayon
bölmə təşkilatlarında tematik mövzulara həsr
olunmuş görüşlər, məruzələr və
yubileylər keçirilir. Qadınların və
yeniyetmə qızların hüquqlarını qoruyan
müasir proqramlar haqqında informasiya verilir, qadınların
iqtisadi müstəqilliyi haqqında məruzələr oxunur və
konfranslar keçirilir. Azərbaycanın
Avroatlantik məkana inteqrasiya etməsində, beynəlxalq
standartların bərqərar olmasında,
göründüyü kimi, qadın birlik və təşkilatlarının
önəmli rol oynaması həm ölkənin elitası, həm
də geniş ictimaiyyəti tərəfindən dəstəklənir.
Qadın təşkilatlarının daha da güclənməsi
və möhkəmlənməsi üçün
respublikamızda məqsədyönlü iş
aparılır, tədbirlər həyata keçirilir.
Tədqiqatçılardan
birinin qeyd etdiyi kimi, qadın və kişi
arasında tam bərabərliyə nail olmaq üçün cəmiyyətdə
və ailədə kişinin və qadının ənənəvi
rolunu dəyişdirmək lazımdır. Müasir cəmiyyətdə
valideynlərin rolları aydın müəyyən edilib:
uşaqlara qayğı və onların tərbiyəsi
valideynlərin bərabər hüquqları və vəzifələridir.
Qadının qarşısında
yaranmış şəraitdə ailəni yaşatmaq və
qoruyub saxlamaq problemi durur. Bazar
iqtisadiyyatı şəraitində ailələrin əksəriyyətinin
işgüzarlığının təzahür edəcəyini
düşünmək səhvdir. Hərçənd
ki, ailənin öz qüvvəsinə, özünü təminatına
və qadının çıxış yolları
axtarmasına əsaslanaraq öz suverenliyinə
yönümü aydın müəyyənləşmişdir.
İşləyən qadınların peşəkar
fəaliyyəti ilə evdəki işinin
uyğunlaşmasına kömək edən sosial
infrastrukturların dağılması təəssüf
doğurur. Qadınların cəmiyyətdəki
roluna dair geniş yayılmış patriarxal baxışlar əlavə
çətinliklər yaradır. Ər-arvad,
valideynlər və uşaqlar arasında münasibətlər
kifayət qədər mürəkkəbləşir. Cəmiyyət uşaqlarda anaya, valideynlərin
peşə fəaliyyətinə, məişət problemlərini
birgə həll etməyin zəruriliyinə hörmət
hissini tərbiyə edə bilmir. Geniş
yayılmış narkomaniya, alkoqolizm ailənin rasional istirahətini,
böyüməkdə olan nəslin kollektiv tərbiyə
formalarının ailə tərbiyəsilə birləşməsindən
istifadə etməyə imkan vermir.
Müasir ailə qarşısında mənəvi tərbiyə
problemi durur. Lakin təəssüf ki, kütləvi informasiya
vasitələri bu məsələni həll etməyə,
hörmət hissini formalşdırmağa qabil deyildir. Ailənin qorunması və orada qadının
nüfuzunu təmin etmək üçün BMT bütün
ailə üzvləri, ilk növbədə qadınlar
üçün bərabər start imkanlarının
yaradılması prinsipinə əsaslanan yeni ailə
münasibətləri modeli irəli sürmüşdür.
Konvensiyanın 5-ci maddəsində bu modelin
mahiyyəti müəyyən edilmişdir. İştirakçı dövlətlər
müvafiq tədbirlər görməlidirlər ki, qadın və
kişilərin davranışının sosial və mədəni
modelləri dəyişsin, qadın və kişilərin
rollarının streotipliyini və ya cinslərdən birinin
üstünlüyü və qeyri-tamlığı
ideyasına əsaslanan bütün praktika və adətlər
ləğv edilsin və aradan qaldırılsın.
Yeni ailə modeli uşaq şəxsiyyətinin
formalaşmasında valideynlərin ümumi iştirakı,
uşağın tərbiyəsinə görə eyni məsuliyyəti,
eyni huquq və vəzifələrin yerinə yetirilməsi ailədə
uşaq maraqlarının nəzərə
alınmasını, qadınlara münasibətdə
mövcud ənənələrin dəyişdirilməsini tələb
edir.
Cavid
Xalq Cəbhəsi.-
2015.- 2 sentyabr.- S.13.