“Ədəbi heykəl
ömürlükdür”
Mənasız mübahisələr, yersiz müzakirələr,
yüngül söhbətlər sözün həqiqi mənasında
insanları yorur. Ədəbi mühitdə də belədir.
Əsər var ki, ədəbi mühitə gümrahlıq gətirir,
ədəbi mühit də, oxucu da, ədəbi tənqid də
bu əsərlə tanış olduqdan
sonra yüngülləşir. Oxucu özündə
yeni əsər oxumaq gücünü toplayır,
yazıçı yeni əsər yazmaq istəyində olur, ədəbi
tənqid axtarmaq, araşdırmaq, təhlil etmək ovqatı
üzərində köklənir. Bir
sözlə, taleyini belə məqamlarda ədəbiyyata
bağlayanlar özlərini xoşbəxt sayırlar.
İsmayıl Şıxlı yazır: “Bəzən yorulursan.
Bir anlığa da olsa ədəbi söhbətlərdən
uzaqlaşmaq istəyirsən. Çalışırsan
ki, zehnin dincəlsin, ədəbi mübahisə və
münaqişələri unudasan. Lakin
İmranla görüşən kimi hər şey yaddan
çıxır. Özün də hiss
etmədən bu və ya digər əsər haqqında
söhbətə başlayırsan. Dəqiqələr
ötür, mövzu dairəsi genişlənir”. Söhbət İmran Qasımovdan gedir. İmran Qasımov taleyini ədəbiyyata
bağlamış yazıçıdır. Onun müxtəlif
illərdə yazdığı “Xəzər üzərində
şəfəq”, “İnsan məskən salır”, Həsən
Seyidbəyli ilə birlikdə yazdığı “Dəniz cəsurları
sevir”, “Nə üçün yaşayırsan?” əsərləri
teatr tamaşaları kimi həmişə maraq dairəsində
olub.
İsmayıl Şıxlı İmran Qasımovun ədəbi
mühitdə oynadığı rolu çox sərrast
xarakterizə edir. O, həyatını ədəbiyyata bağlamış
bu yazıçı barədə yazır: “İmran həmişə
axtarış aparan sənətkardır. Mən
bu sözü təkcə onun bədii söz vasitələri,
ya da mövzu axtarması ilə məhdudlaşdırmaq istəmirəm.
Çünki bu sahədə onun kifayət qədər
təcrübəsi var. İmranın axtarışları
xalqımızın tarixi, onun mətanətli insanları ilə
bağlıdır. Dünyanın ən
ucqar guşəsindən bir azərbaycanlı balasından
yaxşı soraq gəlirsə, İmran bir yazıçı
və vətəndaş kimi dərhal onunla maraqlanır, onun
haqqında axtarış aparır. Əgər
belə olmasaydı, onun H.Seyidbəyli ilə birlikdə
yazdığı “Uzaq sahillərdə” əsəri
yaranmazdı”. Deməli, İsmayıl
Şıxlı İmran Qasımovu həmişə
axtarışda olan, xalqımızın tarixi ilə maraqlanan,
mətanətli insanların sorağında olan bir
yazıçı kimi xarakterizə edir. Eyni
zamanda o, İmran Qasımovu bu sahədə kifayət qədər
təcrübəsi olan bir yazıçı kimi dəyərləndirir.
Bununla belə, İsmayıl Şıxlı
“Uzaq sahillərdə” əsərinin ədəbiyyatımızın,
xalqımızın tarixində oynadığı rolu və əhəmiyyəti
də xüsusi olaraq qeyd edir. İsmayıl
Şıxlı yazır: “Burada iki başlıca cəhəti
qeyd etmək lazımdır. Birincisi, əsərin
bədii keyfiyyətidir. İkincisi isə
uzaq İtaliya torpaqlarında alman faşistləri ilə qəhrəmancasına
vuruşub həlak olmuş şair qəlbli, rəssam təbiətli
bir azərbaycanlı gəncin yenidən həyata
qaytarılmasıdır. Mənə elə
gəlir ki, yazıçının ucaltdığı heykəl
bütün abidələrdən güclü və əbədidir.
Tuncdan tökülmüş heykəl bəlkə
də zaman keçdikcə dağıla bilər, lakin ədəbi
heykəl ömürlükdür. Bu mənada
“Uzaq sahillərdə” əsəri Mehdi Hüseynzadənin ədəbi
heykəlidir”.
“Uzaq sahillərdə” əsəri Mehdi Hüseynzadəni
milyonlara tanıdan bir əsərdir. Bu əsər
olmasaydı, milyonlarla insanın Mehdi Hüseynzadənin qəhrəmanlığından
xəbəri olmazdı. Məhz bu əsər
Mehdi Hüseynzadənin şərəfini ucaltmaqla, ona əbədiyyət
abidəsi yüksəltməklə xalqımızın şərəfini
yüksəklərə qaldırıb.
İsmayıl Şıxlı İmran Qasımovun bir
insan kimi, yazıçı kimi şəxsi keyfiyyətlərini,
qayğıkeşliyini, dosta və yoldaşa münasibətini
həssaslıqla qeyd edir. İmran Qasımovda
olan elə insani keyfiyyətləri qeyd edir ki, bu keyfiyyətlər
insanlara olduqca lazımdır. Nədir həmin
insani keyfiyyətlər? Nədir həmin
qayğı? Bütün bunlar barədə
İsmayıl Şıxlı yazır: “İmran söhbətlərində
atasının insanlara yaxşılıq etmək fikrini ona təlqin
etməsini tez-tez xatırlayır. Mən ondan
“insan gərək hər dəqiqə insanlara lazım
olduğunu hiss etsin” sözlərini çox eşitmişəm.
Bu, yalnız söz deyil. İmran
istər ədəbi məsələlərdə, istər
şəxsi münasibətlərində həmişə yoldaşlarına
qayğıkeşlik göstərir. Mən
onun gənc yazıçılarla söhbətlərində
bu qayğını çox görmüşəm. Dostlarının ən kiçik arzularını həyata
keçirməyə, çətinliyə düşdüklərini
gördükdə onlara yardım etməyə
çalışır. Hiss edirsən ki, İmran
insanlara lazım olduğuna görə fərəhlənir”.
İsmayıl Şıxlı İmran Qasımovun
yazıçı kimi keçirdiyi bütün hisslərə,
duyğulara, uğurlara rəğbətlə yanaşır. Hətta İsmayıl
Şıxlı İmran Qasımovun uğurlarının bəzi
məqamları barədə yazır: “Bizim mübahisələrimiz
çox olur. Həmin mübahisələrin
mövzularından biri yazıçının başqa dillərdə
səslənməsi və öz xalqına
bağlılığı məsələsidir. Növbəti görüşlərin birində
İmranın Moskvada Akademik Teatrda tamaşaya qoyulan “İnsan məskən
salır” pyesindən söhbət düşdü. Mən ondan soruşdum ki, “sənin əsərlərin
Moskva səhnəsində göstərilərkən nə kimi
hisslər keçirirsən?” İmran bir az
susdu və təmkinlə dilləndi: “Böyük, mərkəzi
şəhərlərdə əsərin oynanılması
çox yaxşıdır. Səhnədən
Azərbaycan adları eşidirsən, tamaşaçılar
Azərbaycan sözlərini təkrar edirlər. Teatr elanlarında azərbaycanlı adlarını
görürsən, azərbaycanlı imzalarını oxuyursan.
Lakin əsas məsələ hər sənətkarın
öz xalqının qəlbində yer tutmasıdır”.
Dilin, ədəbiyyatın keşiyində
dayanmağın bir bariz nümunəsi yüksək səviyyəli
əsərlərin yazılmasıdır. Belə əsərləri
yazmaq üçün təkcə istedadlı olmaq kifayət
etmir, həm də yazıçı daim axtarışda
olmalıdır. Yeni mövzular axtarışında
olmaq, onu zamanın tələblərinə, tələbkar və
zövqlü oxucuların tələblərinə uyğun
yazmaq ədəbiyyatın inkişafına kömək edir:
“İmran Qasımov yeni ədəbi axtarışlarla məşğuldur.
Onun axtarışı bu dəfə Fransa
torpağında olacaqdır. İmran
Qasımov orada bir “ceyranın” izinə düşüb. Bu “ceyran” müharibə illərində Fransada
faşistlərə qarşı gizli mübarizə aparan Azərbaycan
balalarının – partizanların toplaşdıqları bir
çayxananın adıdır. Onun rəhbəri
azərbaycanlı qız olub. “Ceyran”
sözü həmin adamların fəaliyyəti ilə
bağlıdır. Mövzu
maraqlıdır. Hadisələr gərgindir.
Bu iz bəlkə də yeni bir qəhrəmanın,
ya da qəhrəmanların döyüşlərlə dolu
olan həyat yollarına aparıb çıxaracaqdır.
Bəlkə də indiyə qədər
tanımadığımız Mehdi Hüseynzadələrlə
tanış olacağıq? Qoy
axtarışlar davam etsin”.
İsmayıl Şıxlı ədəbi mühitə
amal, məslək uğrunda mübarizə kimi yanaşır,
cəsarət və prinsipiallıq göstərərək
diqqətini çəkən, onu narahat edən, yaxud da ürəyindən
xəbər verən hər bir məsələyə
münasibət bildirir. O, ədəbi mühitdə baş verənlərə
münasibət bildirməkdən kənarda qalmır. Bu barədə fikrini açıq söyləyir,
mövqeyini açıq bildirir, məqsədini və istəyini
açıq bəyan edir. Əlbəttə,
ədəbi mühitə bu cür münasibət bildirmək
üçün qətiyyətli, cəsarətli, mövqeli və
olduqca prinsipial olmaq vacib şərtdir.
İsmayıl Şıxlı bir ədəbiyyat
adamı kimi, eləcə də ədəbi mühitə
münasibətdə həssas bir ədib kimi vicdanla
danışan, vicdanla yazandır. Qətiyyən məsələlərə
münasibətdə ciddiliyini itirmir, ötəri, keçici,
boğazdanyuxarı münasibət bildirmir. Düzü düz, əyrini əyri deyir və ona
görə də dediklərində və yazdıqlarında səmimiyyətdən
kənarda heç nə görmək olmur. O, “Tofiq
Bayrama açıq məktub”da yazır: “Sözün
düzü, mən sənin ilk şeirlərini oxuduqda ritorik cəhətin
gələcəkdə üstünlük təşkil edə
biləcəyindən qorxurdum. Çünki sənin
bəzi şeirlərində zahiri təmtəraq, daxili məna
və məzmun dərinliyindən güclü idi. Elə zənn edirdim ki, sənin ilk qələm təcrübələrin
ötəri gənclik həvəsinin məhsuludur. Sən də bir çoxları kimi şairliyin zahiri
cəhətlərinə aludəsən, xitabət
kürsülərində şeir oxuyarkən dinləyicilərin
alqışını qazanmaq yeganə məqsədindir.
Məndən incimə. Özün
bilirsən ki, belələri çoxdur. Ömrünü-gününü
ədəbiyyatın ətrafında keçirib,
saç-saqqal ağardan “cavan şairlər” mövcuddur.”
İsmayıl Şıxlının bu fikrində səmimiyyətdən
kənarda heç nə yoxdur. O, şeirdə zahiri təmtəraq
axtaranlar, dinləyici alqışından məst olanlar,
müxtəlif vasitələrlə öz cızmaqaralarını
çap etdirənlər, bir-iki kitabça buraxdıranlar barədə,
nə deyirsə düz deyir. Onun bu dedikləri ədəbi
mühitdə həmişə olub, indi də belədir.
Deməli, İsmayıl Şıxlı “Tofiq
Bayrama açıq məktub”da bütövlükdə ədəbi
prosesə münasibət bildirir, ədəbi prosesi şəxsi
və ucuz maraq dairəsinə çevirənlərin əleyhinə
olur. Eyni zamanda onun bu mövqeyi ədəbi
prosesin cəfakeşlərini bütün zamanlarda
düşündürür. İsmayıl
Şıxlı Tofiq Bayramın bu şeirini nümunə kimi
gətirir:
Bir
qoşma deməklə dağdan, arandan,
Şairlik olmayır, ad-san olmayır.
Dəmir əridəndən,
qaya yarandan,
Şairin zəhməti asan olmayır.
Hər
ürək bu yola gətirməyib tab,
Şairlik nə bəylik, nə sultanlıqdır.
Şairlik
ən böyük əziyyət, əzab,
Şairlik ən böyük qəhrəmanlıqdır.
İsmayıl
Şıxlı bu şeir nümunəsindən sonra yazır:
“Lakin bunu başa düşməyənlər, şairliyi ədabazlığa,
modabazlığa çevirərək şöhrət
qazanmağa çalışanlar var. Elələri var ki,
yanmadan yandırmaq, qanmadan qandırmaq istəyirlər. Sənin qəlbin (Tofiq Bayram nəzərdə tutulur
– B.X.) haqlı olaraq belələrinə dözmür. Şairliyi adi peşə hesab edənlərə, vəzifə
gücünə yazıçılıq xəyalına
düşənlərə qarşı üsyan edirsən”.
İsmayıl Şıxlı görkəmli bir
nəzəriyyəçi kimi çıxış edir, fikirlərini
əsaslandırmağı bacarır. Bu da
İsmayıl Şıxlının nəzəri
hazırlığının yüksək səviyyəsindən
xəbər verir. O, Bualonun “Poeziya sənəti”
kitabından istinad gətirir: “Siz ey içi şöhrət
hissi ilə alışıb-yanan, yüngül qələbə
üçün poeziyanın çətin yollarına can atan
kəslər, birdəfəlik bilin ki, o yüksək zirvəyə
çatmaq sizin işiniz deyil. Hər şeir quraşdıran
qafiyəpərdazdan şair çıxmaz!”.
İsmayıl Şıxlı bu fikrin sənətin əzəli
və əbədi qanunları ilə bağlı olduğunu,
bu gün də ədəbi hadisələrə qiymət vermək
üçün çox dəyərli, müasir olduğunu nəzərə
alaraq yazır: “Görünür, sənətə
yüngül şöhrət mənbəyi kimi baxanlar, onu
qazanc qaynağına çevirmək istəyənlər
bütün əsrlərdə olmuşdur. Qafiyəli
dəllallar hər yerdə və hər zaman əsl sənət
adamlarının əl-ayağına dolaşıblar,
onları sıxışdırmağa çalışıb
və bəzən də dövrün qabaqcıl adamı kimi
özlərini qələmə verməyə belə müvəffəq
olublar. Belə olmasaydı, yüngül şöhrət
düşkünü olan “şairlər ordusu” ədəbi
mühiti, estetik zövqləri korlayıb, ürək
bulandıran əsərlər yazmasaydılar və bu meyl xəstəlik
halına düşməsəydi, hələ qədim Romada,
Avqust imperiyası dövründə Horatsinin “Pizonlara məktublar”
əsəri meydana çıxmazdı. Bualo XVII
əsrdə şairlikdən, şeir qanunlarından bu qədər
ehtirasla danışmazdı”.
İsmayıl Şıxlı “Tofiq Bayrama açıq məktub”da
şairliyin fitri istedad olduğunu, şairliyin fədakarlıq
olduğunu qeyd edir. Onu da qeyd edir ki, “Şair xalqın
vicdanıdır. Vicdan isə daim ədalət
və haqq yolunda çarpışmalıdır”.
Buludxan Xəlilov,
professor
Xalq Cəbhəsi.-
2015.- 3 sentyabr.- S.14