Vətəndaş cəmiyyətində bələdiyyələrin rolu

 

Fəxrəddin Nağıyev: “Vətəndaş cəmiyyəti bir çox sahələrdə dövlətin funksiyalarının yerli qurumlara verilməsini nəzərdə tutur”

 

Bələdiyyələr vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunur. Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğuna doğru uğurla addımlayan Azərbaycanın bu sahədə də nailiyyətləri kifayət qədərdir. Azərbaycanda bələdiyyə institutunun təkmilləşdirilməsi, yerli özünüidarə orqanlarının fəaliyyətinin artırılması diqqət mərkəzindədir. Bu sahədə dövlət, vətəndaş cəmiyyətləri və eləcə də bələdiyyələrin özləri əhəmiyyətli tədbirlər həyata keçirirlər.

Bir çoxlarının düşündükləri kimi bələdiyyələr bu gün respublikada formal yaradılan fəaliyyətsiz və yalnız icra strukturlarının tapşırıqlarını yerinə yetirən orqanlar deyil. Bu fikirlər reallığı əks etdirmir və əsassızdır. Sözsüz ki, bir çox bələdiyyələrin fəaliyyətində ciddi nöqsanlar mövcuddur. Ancaq bu nöqsanları yerli özünüidarə orqanlarının hamısına şamil edib onları fəaliyyətsiz bir qurum kimi qələmə vermək düzgün olmaz. Əlbəttə, bu əsassız fikirləri bələdiyyə institutu ilə yaxından tanış olmayan, yerlərdə keçirilən tədbirləri görməyən və izləməyən insanlar söyləyirlər. Ancaq bir çox bələdiyyələrin fəaliyyətini təhlil edib onların işi ilə yaxından tanış olanda başqa bir mənzərə yaranır. Mən yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin həllində fəallıq göstərən, seçicilərin etimadını qazanan, insanlara mənəvi və maddi dayaq olan, bir çox problemləri işgüzarlıqla aradan qaldıran bələdiyyələrin adını çəkib onları tərifləmək fikrində deyiləm. Belələri onlarladır.

Əgər bu gün bələdiyyələr öz vəsaitləri hesabına tədris, tibb, idman, mədəniyyət müəssisələri, ticarət, məişət, ictimai iaşə obyektləri tikib istifadəyə verirlərsə, yol çəkir, park salırlarsa, kimsəsizə, qocaya, uşağa, imkansıza köməklik göstərirlərsə, xeyir-şər məclislərini yola verirlərsə, ona fəaliyyətsiz demək olarmı?

Bələdiyyələrin inkişafını səciyyələndirən bir faktla onların fəaliyyətini qiymətləndirmək olar. Bu insanların yerli özünüidarəetmə orqanlarına olan və artan inamıdır. Artıq əhali bir çox sosial problemlərin həllində bələdiyyələrə üz tutur, onlardan kömək umur. Bələdiyyələrin səlahiyyətlərinə aid olmayan müəyyən vəzifələrin həyata keçirilməsi üçün onlara müraciətlər etmək inamın bir göstəricisidir. Bu göstərici bələdiyyələr tərəfindən imkan daxilində bəzi problemlərin tez və səmərəli yerinə yetirilməsindən yaranmışdır. Danılmaz faktdır ki, bu gün bələdiyyələr yaşıllıqların salınıb qorunmasında, təmizlik-abadlıq, tikinti işlərində, suvarma, kollektor şəbəkələrinin təmizlənməsində, qaz, işıq xətlərinin bərpa olunmasında yaxından iştirak edir. Bu işlər bələdiyyələrin öz imkanları və vəsaitləri hesabına həyata keçirilir. Onlar buna görə dövlətdən heç bir vəsait almırlar.

İnsanlar bələdiyyələrin fəaliyyətinin genişləndirilməsinə və onlara əlavə səlahiyyətlərin verilməsinə tərəfdardırlar. Əlbəttə, bu yerli özünüidarəetmə orqanlarının işində olan bir çox nöqsanların, problemlərin aradan qaldırılmasına kömək edə bilər. Qeyd etmək lazımdır ki, respublikamızda istər sosial, istərsə də iqtisadi sahələrdə islahatların həyata keçirilməsində bələdiyyələr də yaxından iştirak edirlər. Yaradılmasının 16 ili tamam olan (Azərbaycanda ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilib) bələdiyyələr yerli problemlərin həllində aparıcı rol oynamağa başlamış, onun hüquqi bazası möhkəmlənmiş, fəaliyyət dairəsi xeyli genişlənib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət quruculuğu və hüquq” kafedrasının müdiri Fəxrəddin Nağıyevin sözlərinə görə, dünyanın demokratik dövlətlərində vətəndaşlara özünü idarəetmə səlahiyyətləri verilir: “Yerli özünü idarə etmə orqanları qeyri-dövlət təsisatıdır. Bu yaşayış yeri üzrə hamı üçün ümumi olan problemlərin həll etmək məqsədilə vətəndaşların formaşadırdığı bir qurumdur. Yerli idarəetmənin dünya təcrübəsində bir çox formaları vardır. Azərbaycanda bunlardan ancaq biri - bələdiyyə idarəetmə forması seçilib. Ölkəmizdə Konstitusiya səviyyəsində ancaq bələdiyyələr tanınsa da, qanun çərçivəsində məhəllə komitələri, bələdiyyə assosiyaları kimi bir çox yerli özünüidarə qurumları da fəaliyyət göstərə bilər. Bunlar da mahiyyətcə bələdiyyələrə yaxın qurumlardır. Ona görə ki, dövlət orqanlarından asılı olmayaraq əhalinin öz problemlərinin həllinə yönəlmiş təşkilatlardır”.

İstənilən qurum kimi, bu qurumların da fəaliyyətlərinin qanunla tənzimləndiyinə diqqət çəkən F.Nağıyev bunları dedi: “Bizim Konstitusiyamızdakı 5 bölmədən biri yerli özünü idarəetməyə həsr edilib. Elə bu faktın özü onu deməyə əsas verir ki, dövlətimiz bələdiyyələrə çox böyük önəm verir”. Onun sözlərinə görə, bələdiyyələrlə bağlı qanunvericilik sisteminin əsasında Konstitusiyamız dayanır: “Azərbaycan hüquqi dövlət olaraq beynəlxalq hüquq normalarına üstünlük verir. Ölkəmizdə konstitusiyadan və referendumla qəbul edilən aktlardan sonra bələdiyyə fəaliyyətini nizaman salan beynəlxalq hüquqi sənət “Yerli üzünüidarəetmə haqqında Avropa Xartiyası”dır. Azərbaycan bu Xartiyaya qoşulub və onun müddəalarından irəli gələn öhdəliklərini yerinə yetirib. Hansı ki, həmin Xartiya üzv dövlətərdən tələb edir ki, Konstitusiyalarında bələdiyyələrə yüksək hüquqi status verilsin”.

F.Nağıyev onu da vurğuladı ki, bələdiyyələrin yerli özünü idarəetmə orqanı olması heç də o demək deyil ki, onlar tamamilə dövlətdən ayrıdır və ona heç bir hesabat vermirlər: “Bələdiyyələr fəaliyyətə başladığı ilk günlərdən indiyə kimi dövlət onların maliyyələşməsini həyata keçirir. Bu zaman təbii ki, bərabərlik prinsipi əsas götürülür. Məqsəd isə bələdiyyələrin özlərini doğrultmasına dəstək olmaq, onların həyata keçirmək istədikləri proqramların reallaşmasına kömək verməkdir. Təbii ki, bununla bələdiyyələrin bütün problemləri həll olunmur. Amma bələdiyyələrə dövlət tərəfindən böyük maliyyə ayrılması onun müstəqilliyini şübhə altına qoyar”. F.Nağıyev 1999-cu ildən indiyə kimi bələdiyyələrin keçdiyi prosesləri bələdiyyələrin inkişaf yolu kimi xarakterizə etdi: “Bələdiyyələr cəmiyyətimiz üçün doğma idarə etmə forması deyil. Azərbaycanda heç vaxt bələdiyyə və ona bənzər yerli özünüidarəetmə qurumları olmayıb. Ona görə də bələdiyyələr Azərbaycan cəmiyyəti üçün yeni bir kateqoriya idi. Buna görə də, bələdiyyələrə ilk seçkilər keçiriləndə camaat ona başqa cür münasibət bəsləyirdi. Həmin ili bütün kolxoz, sovxoz, şirkət və s. rəhbərləri bələdiyyə sədri olmağa daha çox həvəsli idilər. Onlar bələdiyyənin simasında öz hakimiyyətlərinin, işlədiyi sahələrin bərpa ediləcəyini düşünürdülər. Amma zaman göstərdi ki, bələdiyyələr tamamilə başqa qurumdur. Əhalinin bələdiyyələrdən tələbləri yüksəkdir. Ona görə də bələdiyyə seçkilərində əsl bələdiyyə fəaliyyətinə marağı olan, bu işə həvəsli adamlar fəallıq nümayiş etdirməyə başladılar”.

Müsahibimizin sözlərinə görə, cəmiyyətimizin bələdiyyələrə münasibətinin müsbət mənada dəyişməsində dövlətin gördüyü işlərin böyük təsiri olub: “Bələdiyyələrin fəaliyyətə başlaması ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil ocaqlarında ilk olaraq bələdiyyə idarə edilməsi ixtisasları açıldı. Sözügedən müvafiq ixtisaslardan məzun olan gənclərimiz demək olar ki, peşəkar bələdiyyəçilərdir. Təbii ki, bu şəxslər bələdiyyələrə daha çox faydalı ola bilərlər”.

Bizimlə söhbət əsnasında bələdiyyə və cəmiyyət münasibətlərinə də toxunan müsahibimiz əlavə etdi ki, bu proses hələ inkişafdadır: “Azərbaycan Konstitusiyası nəzərdə tutur ki, hüquqi dövlət formalaşdırılsın. Hüquqi dövlət quruculuğuna gedən yol isə vətəndaş cəmiyyətindən keçir. Vətəndaş cəmiyyəti bir çox sahələrdə dövlətin funksiyalarının yerli qurumlara, qeyri-hökümət təşkilatlarına verilməsini nəzərdə tutur. Ölkəmizdə geniş QHT şəbəkəsinin, bələdiyyələrin yaradılması vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi istiqamətində görülən böyük işlərdir. İlk vaxtlarda ölkənin hər yaşayış məntəqəsində bələdiyyələr formalaşdırılmışdı. Daha sonralar bələdiyyələrin fəaliyyətlərinin təhlili göstərdi ki, kiçik bələdiyyələr zəif olur və qarşısına böyük məqsədlər qoya bilmirlər. Məhz bu səbəbdən də ölkəmizdə kiçik bələdiyyələrin birləşdirilməsi prosesi gedir. Nəticədə kifayət qədər dolğun, müasir tələblərə cavab verən qurumlar formalaşdırılır”.

Bunlarla yanaşı, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hallarda, bələdiyyələr tərəfindən qanunçuluğa əməl olunması baxımından həyata keçirilir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət həmçinin qanunvericilik və icra hakimiyyətləri tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə uyğun olaraq bələdiyyələrə verilən əlavə səlahiyyətlərlə bağlı nəzarətin Ədliyyə Nazirliyinə həvalə edildiyi hallarda da həyata keçirilir. İnzibati nəzarət bələdiyyələrin yerli əhəmiyyətli məsələləri qanun çərçivəsində müstəqil və sərbəst surətdə həll etmək hüququnu məhdudlaşdıra bilməz. Bələdiyyələrin müvafiq komissiyaları, seçicilər qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati nəzarətin həyata keçirilməsinə cəlb edilə bilərlər.

 

Cavid

Xalq Cəbhəsi.- 2015.- 3 sentyabr.- S.13.