QHT-ni necə qeydiyyatdan keçirmək olar?

 

 

Cəmiyyəti bir çevrə kimi təsəvvür etsək onu 3 hissəyə bölməli olarıq: hökumət, biznes və gəlir gətirməyən sahələr. Bu gün məhz üçüncü sahə – gəlir gətirməyən sahələr haqqında danışmaq istəyirik. Hansı ki, biz bunu Qeyri-Hökumət Təşkilatı (QHT) adı ilə daha çox xatırlayırıq. QHT birləşmənin bir formasıdır. Hansı ki, Azərbaycan Konstitusiyasında 58-ci maddə ilə təsbit olunur. QHT oxşar fikirli insanların eyni məqsədlər uğrunda qüvvələrini birləşdirməsi və birgə fəaliyyəti deməkdir.

Cəmiyyətdə kifayət qədər problemlər vardır. Hansı ki, bunlar mahiyyətinə və həcminə görə bir-birindən xeyli fərqlənirlər. Bütün problemlərin həllinə hökumət yetişə bilmir və ya bu problemləri həll etmək istəmir. Bəzi hallarda problemlər yerli səviyyədə olur və buna aidiyyatı orqanlar reaksiya verənə qədər digər problemlər də yaranır. Bir çox hallarda biz görürük ki, dövlət strukturlarının problemi həll etməsi bir az uzana bilər. Belə olan halda cəmiyyətdən reaksiya olmasa problem daha da böyüyər. Problem həll olmadığı kimi onu həll etməyə maraqlı, ancaq bir-birindən xəbərsiz insanlar da mütləq vardır. Bu zaman çıxış yolu problemləri həll etmək istəyində olan və ya hansısa formada cəmiyyətə öz töhfəsini vermək istəyən 2 və ya daha artıq eyni fikirli gənc birləşərək QHT yaradır. QHT yaratmaq üçün ilk növbədə təsisçilər nə istədiklərini özləri dəqiq bilməlidirlər. Aydın missiya və məqsəd olmalıdır. Daha sonra təşkilatın məqsədinə, missiyasına uyğun olaraq gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilərək Nizamnamə tərtib olunur. Hüquqi şəxs olmaq, daha ciddi imic formalaşdırmaq üçün dövlət qeydiyyatından keçmək mütləqdir. Əgər dövlət qeydiyyatı yoxdursa, bunu QHT adlandırmaq hüquqi baxımdan düzgün deyildir. Dövlət qeydiyyatı üçün lazım olan sənədlər aşağıdakılardır:

- Nizamnamə

- Təsis yığıncağının protokolu

- Ərizə

- Təsisçilərin şəxsiyyət vəsiqəsinin surəti

- Hüquqi ünvan

- Möhür və ştampın eskizi

- QHT yaradılması üçün dövlət rüsumunun qəbzi

 

Bu sənədlər hazırlanıb Ədliyyə Nazirliyinə təqdim edilir. Daha sonra QHT-lər haqqında qanunvericiliyə və digər hüquqi aktlara uyğun olaraq qeydiyyat prosesi həyata keçirilir. QHT ona görə gəlir gətirməyən və qeyri-mənfəətli təşkilat sayılır ki, AR qanunvericiliyinə əsasən layihə və digər proseslərin nəticəsində əldə olunan gəlir təsisçilər arasında bölünə bilməz. Əldə edilən vəsait ancaq məqsəd və missiyanın həyata keçirilməsinə sərf olunmalıdır. Adətən inkişaf etmiş Avropa ölkələrində, Amerikada QHT-də daha çox yaşlı nəsl çalışır. Hansı ki, ömürləri boyu çalışıblar, artıq bəlli yaşdan sonra pensiyaya çıxıblar və aldıqları təqaüdlə dolanırlar. Ancaq cəmiyyətə yenə də töhfə vermək, özlərini lazımsız hesab etməmələri üçün onlar QHT-də birləşirlər. Maraqları üzrə xeyirxah və ölkənin, xalqın inkişafına yönəlik fəaliyyətlərin həyata keçirilməsi üçün təşkilatlanırlar.

Amma onu da vurğulayaq ki, Azərbaycanda QHT yaradıb onu dövlət qeydiyyatına almaq da asan bir məsələ deyil. Hüquqşünas Elçin Abdullayev deyir ki, nazirlik çox vaxt qeydiyyatdan imtina üçün müxtəlif bəhanələrdən istifadə edir. Buna QHT-lərin qeydiyyatını müəyyənləşdirən qanunlardakı boşluqlar imkan verir. Məsələn, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 8.3-cü maddəsi çox mücərrəd yazılıb və bundan istifadə edərək hər səbəbdən geri qaytarmaq mümkün olur. Özü də QHT-yə rəhbərlik edən Elçin Abdullayevin sözlərinə görə, qanuna əsasən nazirlik imtinaya səbəb olmayan çatışmazlıqların hamısı barədə təşkilata eyni vaxtda bir dəfə məlumat verməlidir. Təşkilat isə çatılmazlıqların hamısını aradan qaldırıb qeydiyyatdan keçmək üçün yenidən müraciət etməlidir. Praktikada isə QHT-nin sənədləri bir neçə dəfə geri qaytarılır, hər dəfə də ayrı-ayrı iradlar göstərilir. “Çox vaxt iradlardan biri bu olur ki, təsisçilər hüquqi şəxs təsis edərkən qərar təqdim etməlidirlər. Adətən isə təsis protokolu təqdim olunur. Əgər siz sənədi protokol kimi təqdim edib aşağıda qərar yazsanız, nazirlik sənədləri geri qaytaracaq. Ona görə qaydaları pozub protokolun həm əvvəlində, həm də sonunda qərar yazmaq lazım olur. Bəzən deyirlər ki, adla fəaliyyət növü bir-birinə uyğun gəlmir. Əgər qadınların inkişafı adı ilə qurum yaradırsansa, bura inkişafa səbəb ola biləcək amil kimi hüquqların müdafiəsi də daxil edilə bilər. Amma bunu qəbul etmirlər. Yəni, bu cür o qədər də önəmli olmayan məsələlərə görə sənədlər illərlə geri qaytarılır. İmtina etmək üçün 1001 səbəb tapılır”.

Hüquqşünas deyir ki, bəzən Ədliyyə Nazirliyi təşkilatlara qarşı anlaşılmaz tələblər də irəli sürür. Məsələn, hər bir təşkilatdan onun işləmək istədiyi sahəyə nəzarət edən dövlət qurumundan dəstək, ya razılıq məktubu almaq tələb olunur. Məsələn, səhiyyə ilə bağlı QHT yaratmaq istəyən Səhiyyə Nazirliyi, nəqliyyatla bağlı istəyən Nəqliyyat Nazirliyindən dəstək sənədi almalıdır. Rayonlardan hansısa qurum qeydiyyatdan keçirmək istəyəndə isə icra hakimiyyəti başçısından məktub tələb edirlər. İcra başçısı da deyir ki, siz hələ işləmirsiz, mən sizə necə rəy verə bilərəm?”

Qeyri-rəsmi məlumatlara görə, hazırda təxminən 40-a yaxın QHT-nin qeydiyyatla bağlı işi məhkəmələrdədir. Hüquq Maarifçiliyi Cəmiyyəti tərəfindən 10-a yaxın QHT-nin işi Avropa İnsan Haqları Məhkəməsinə göndərilib. Artıq bir neçə təşkilat məhz Avropa Məhkəməsinin qərarından sonra qeydiyyata alınıb. Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin QHT-lərlə iş şöbəsi isə qanunsuz iradlarla bağlı QHT rəhbərlərinin dedikləri ilə razılaşmır: “Belə şeylər havadan deməklə olmur ki. Təsis sənədlərində qanuna uyğun olmayan məqamlar aşkarlananda sənədlər geri qaytarılır. Kim narazı qalırsa, məhkəməyə müraciət edir”. Nazirlik dəstək məktubu ilə bağlı deyilənləri də qəbul etmir. Onun sözlərinə görə, qanunda belə bir məktub nəzərdə tutulmayıb: “Belə bir şey yoxdur. Biz ancaq qanunda tələb olunan sənədləri tələb edirik”.

Qanunda isə həqiqətən də QHT yaratmaq üçün hansısa dövlət orqanından dəstək məktubu, icazə və ya razılıq tələb olunmur. Bu, məntiqə də uyğun olmazdı – qeyri-hökumət təşkilatı yaratmaq üçün hökumətdən razılıq almaq? Ümumilikdə, QHT yaradılması qaydaları və fəaliyyəti “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunlarla və AR-nın Mülki Məcəlləsi ilə tənzimlənir. Qanunlara görə, qeydiyyatdan keçirmək üçün cəmi 7 növ sənəd tələb olunur ki, onların da toplanması o qədər də çətin deyil. Çətin mərhələ sonra başlayır – sənədləri qeydiyyatdan keçirəndə. Bunu araşdırmalar da sübut edir. Bu cür araşdırmalardan biri Demokratiyanı Öyrənmə İctimai Birliyi tərəfindən aparılıb. Qeydiyyat sahəsində mövcud vəziyyəti öyrənmək qərarına gələn təşkilat 100 QHT arasında sorğu keçirib. Sorğuda iştirak edən təşkilatların yarısı qeydə alınmayan təşkilatlar olub. Sorğu nəticəsində məlum olub ki, qeydə alınmış QHT-lərin əksər hissəsi (57 faizi) qeydiyyata xeyli vaxt sərf ediblər. Onların 20 faizi qeydiyyat prosesinə 1 il, yerdə qalanları 2 il (12 faiz), 3 il (8 faiz), hətta 5-8 il (11 faiz) sərf ediblər. Amma İlk 3 ayda qeydə alınan təşkilatlar da olub. Onların əksəriyyətini mədəniyyət, turizm və ekologiya, uşaq və gənclər təşkilatları təşkil edir. Üstəlik, bu cür təşkilatların əksər hissəsi icra orqanları tərəfindən verilmiş zəmanət məktubu təqdim edən təşkilatlar olub. Əvəzində qeydiyyatsız təşkilatların yarısı insan hüquqları və demokratiya sahəsində, yerdə qalanları da sosial-iqtisadi inkişaf məsələləri ilə məşğul olduğunu bildiriblər. Bir sözlə, ekspertlərin dedikləri sorğu nəticələrində də özünü göstərib. Sorğuda iştirak edənlərin 40 faizi onlardan qeydiyyat üçün qanunda nəzərdə tutulmayan əlavə sənədlər istənildiyini bildiriblər. Məsələn, təsisçilərin iş təcrübəsi, əvvəlki fəaliyyəti barədə məlumatlar istənilib, icra hakimiyyəti orqanlarından zəmanət məktubunun alınması (belə təşkilatların 46 faizi qeydə alınıb) tövsiyə edilib. Ekspertlər QHT-lərin qeydiyyat probleminin həll olunması ilə bağlı çıxış yolunu beynəlxalq təcrübəyə istinad etməkdə görürlər. Konkret olaraq, prosesi sadələşdirmək, QHT-lərin qeydiyyata alınması qaydalarını kommersiya subyektlərinə tətbiq olunan vahid pəncərə sisteminə uyğunlaşdırmaq təklif olunur. Sonda onu da qeyd edək ki, 9,6 milyon əhalisi olan Azərbaycanda hazırda 3 minə yaxın QHT var. Əhali sayı təxminən Azərbaycana yaxın olan Macarıstanda bu rəqəm 60 min, Çexiyada 68 min, əhalisi 4,6 milyon olan Gürcüstanda 10 mindir...

 

 

Cavid

Xalq Cəbhəsi.- 2015.- 4 sentyabr.- S.13.