Azərbaycanın soraqları xarici dillərdə
«Azerbaijan İnternational» jurnalında milli
folklorumuz ingilisdilli oxuculara çatdırılır
I yazı
Azərbaycan folklorunun ingilis dilinə tərcümə olunmuş nümunələri sırasında Molla Nəsrəddin lətifələri də yer tutur. Bəylər Hacıyev Molla Nəsrəddin lətifələrinin bir hissəsini ingilis dilinə çevirərək «101 jokes of Mullah Nasreddin» adı ilə çap etdirib. Müəllif tərcümə zamanı müxtəlif məzmunlu lətifələr seçib, bu lətifələri ingilis dilinə tərcümə edərkən zəruri olan açıqlamalar verib. Onun tərcümələri lətifələrin orijinalına uyğundur. Bəylər Hacıyev tərcümə zamanı lətifələrdə olan «molla» - («mullah»), «manat» - («manat»), «plov» - («pilaf»), «bazar» - («bazaar»), «xurcun» - («khourjoun»), «palaz» - («palaz»), «arşın» - («arshin»), «put» - («pood») «Allah» - («Allah», «God») kimi sözləri olduğu kimi saxlayıb. Bu da tərcümə prinsipinə uyğundur.
Molla Nəsrəddin lətifələrinin ingilis dilinə tərcüməsi ilə bağlı aydın təsəvvür yaratmaq üçün bu lətifələrdən birinin orijinalını və müəllifin tərcüməsini təqdim edirik:
«Bir
gün Mollanın dostlarından bir ondan soruşdu:
- Molla, sənin
neçə yaşın var?»
-
Qırx, - Molla cavab verdi.
- On il bundan əvvəl də sən mənə
demişdin ki, yaşın qırxdır», - Mollanın dostu
dedi.
- Sən
haqlısan, dostum. Kişinin sözü bir olar,-
deyə Molla cavab verdi»...
Molla Nəsrəddin lətifələri ilə
bağlı ingilis dilində nəşr olunan «Azerbaijan
İnternational» jurnalında da məlumat verilib. Bu məlumatda
Molla Nəsrəddin şəxsiyyətinin və onun lətifələrinin
türklər arasında, eləcə də bir sıra
dünya xalqları arasında çox tanındığı
bildirilir. Məsələn, Azərbaycan türkləri və
iranlılar ona «Molla Nəsrəddin», Anadolu türkləri və
yunanlar «Hoca Nasreddin», qazax türkləri «Qoca Nəsrəddin»,
ərəblər «Cuha», taciklər «Müşfiqi» deyirlər.
Bir sıra hallarda Molla Nəsrəddin sadəcə
«Nəsrəddin», «Molla», «Hoca» deyə adlandırılır.
Bu jurnalda 1906-cı ildə Bakıda çap
olunmuş «Molla Nəsrəddin» jurnalından
götürülmüş bir sıra lətifələr də
ingilis dilinə tərcümə edilərək, oxuculara təqdim
olunub.
«Azerbaijan İnternational» jurnalının Azərbaycan
folklorunun ingilisdilli oxuculara çatdırılması ilə
bağlı gördüyü işlər təqdirəlayiqdir. Biz bu
görülən işləri iki yerə ayıra bilərik.
Birincisi, jurnal bir sıra Azərbaycan folklor
nümunələrini ingilis dilinə tərcümə edir.
Bu tərcümələrə misal olaraq Molla Nəsrəddin
lətifələrini, atalar sözlərini,
nağılları, bayatıları, tapmacaları, «Kitabi-Dədə
Qorqud» və «Koroğlu» dastanlarından müəyyən hissələri
göstərə bilərik.
İkinci istiqamət isə Azərbaycan folkloru ilə
bağlı bir sıra araşdırmaların
yazılmasıdır. Həm Azərbaycan alimlərinin, həm də
ingilis alimlərinin yazdıqları bu məqalələr Azərbaycan
folklorunun öyrənilməsi ilə bağlı bir
qaynaqdır. Doğrudur, bu məqalələr
həcmcə o qədər də böyük deyil, ancaq Azərbaycan
folkloru ilə bağlı ən önəmli məlumatları
təhlil etmək baxımından dəyərlidir.
Azərbaycan folkloru ilə bağlı
yazılmış və bu jurnalda çap olunmuş məqalələri
bir neçə hissəyə ayıra bilərik. Jurnalda
çap olunmuş məqalələrin bir qismi Azərbaycan
aşıq ədəbiyyatı ilə bağlıdır.
Bu məqalələr sırasında Amerika Birləşmiş
Ştatlarının Viskonsin Universitetinin elmi əməkdaşı
Anna Oldfild Senarslanın yazdığı məqalələri
ayrıca qeyd etmək istəyirik. Onun Azərbaycan
aşıq ədəbiyyatı ilə bağlı
yazdığı məqalələr
aşağıdakılardır: «Aşıqların musiqisi»
«Azərbaycanın aşıq şairləri», «Aşıq Pəri
Məclisi: Əfsanə və xalq poeziyasının qadın
ifaçıları».
Tədqiqatçı bu məqalələrdə Azərbaycan
aşıq ədəbiyyatının qaynağı və
tipologiyası ilə bağlı bilgi verib. O, Azərbaycan və
Türkiyə alimlərinin aşıq ədəbiyyatı,
musiqisi ilə bağlı yazdığı elmi əsərləri
diqqətlə oxuyub, bir sıra nəticələr ortaya
çıxarıb. Məsələn, ona
görə Azərbaycan aşıq ədəbiyyatı və
musiqisi türk xalqlarının mifoloji, milli, dini
dünyagörüşü, inancı ilə sıx
bağlıdır. Azərbaycan
aşıq musiqisi zəngin bir musiqidir. Azərbaycan
aşıq ədəbiyyatı və musiqisi uzun əsrlər
boyu xalqı maarifləndirmək, ona həyat və
yaradılışla bağlı bilgi vermək, xalqı
doğru olanlara inandırmaq, xalqa yol göstərmək,
insanları milli ruhda tərbiyə etmək, milli mədəniyyəti
qorumaq, zənginləşdirmək və nəsildən-nəslə
ötürmək vəzifəsini yerinə yetirib. Azərbaycan aşıq musiqisi və ədəbiyyatı
ümumtürk mədəniyyətinin ayrılmaz tərkib hissəsidir.
Alimə görə, Azərbaycan aşıq musiqisi və
ədəbiyyatı bir neçə mərhələdən
keçib. Qaynaq baxımından qədim türk şaman
düşüncəsinə bağlı olan aşıq
musiqisi və ədəbiyyatı ilk mərhələdə
ozanlar tərəfindən ifa edilib; ozan qopuz çalaraq
xalqın milli-mədəni dəyərlərini təbliğ
edib.
XIV-XV yüzilliklərdə Azərbaycan
aşığı İslam dini ilə, ayrıca olaraq bu dinin
içində özəl yeri olan təsəvvüf
düşüncəsi ilə sıx bağlı olub. XIX əsrdə
Azərbaycan aşıq ədəbiyyatı sosial ədalətsizliyə
və zülmə qarşı mübarizə aparıb. Sovet dövründə isə Azərbaycan
aşıq musiqisi və ədəbiyyatı daha çox
ideoloji səciyyə daşıyıb.
Aşıq musiqisinin və ədəbiyyatının
öz tarixi, öz ənənələri, öz fəlsəfəsi
və öz klassik dəyərləri var. Aşıq ədəbiyyatı
ilə musiqisi bütöv bir sistemdir. Bu sistemə
aşıq musiqisi və ədəbiyyatının genezisi,
tarixi, dəyərləri, şagird yetişdirmə məktəbi,
şeir, dastan, saz, ifaçılıq sənəti, geyim,
yazılı ədəbiyyatla əlaqə və bir sıra
başqa anlayışlar daxildir.
Bu sistemin içərisində saz ayrıca yer tutur. Alim sazla bağlı qənaətini
belə ümumiləşdirir: «Saz çalmaq
üçün uşaqlıqdan ustad yanına getməlisən.
Saz öncə qopuz adı ilə ortaya
çıxıb. «Kitabi-Dədə Qorqud»
dastanında onun izi aydın görünür. Azərbaycan türkləri saza müqəddəs bir
varlıq kimi baxmışlar, onu seviriblər. Saz onların mədəniyyətinin ayrılmaz bir
hissəsidir. Saz xüsusi ağacdan
hazırlanır, 8-9 simi olur. Azərbaycan
aşıqlarının dediyinə görə, 100-dən
çox aşıq havası var». Alim bu aşıq
havaları içərisində «Yanıq Kərəm»i,
«Ruhani»ni, «Göyçə
Qaragözü», «Misri»ni xüsusi qeyd edib.
Alimin Azərbaycan aşıq musiqisi ilə bağlı
yazdığı məqalələrdə bir cəhət də
diqqəti cəlb edir. O, bu məqalələrdə Azərbaycan aşıq
musiqisini muğamla müqayisə edib. Müəllif
göstərir ki, muğam da Azərbaycan türklərinin
milli mədəniyyətinin ayrılmaz tərkib hissəsidir.
Ancaq bunlar arasında fərqlər də var.
Aşıq musiqisinin kökü folklora bağlıdır,
muğam isə yazılı ənənələrə
söykənir. Muğam daha çox şəhər
mədəniyyətinin faktıdır. Aşıq
musiqisi isə daha çox kənd mədəniyyətinin
göstəricisidir. Azərbaycan muğam
musiqisinin ayrı-ayrı məktəbləri olduğu kimi, Azərbaycan
aşıq musiqisinin də fərqli məktəbləri var.
Muğam daha çox klassik ədəbiyyatın əruz vəznində
yazılmış qəzəl janrı ilə ifa olunur. Aşıq musiqisi isə milli heca vəznində
yazılmış şeirlərlə ifa edilir.
Aşıqların repertuarında dastanlar ayrıca yer
tutur. Bu
gün Azərbaycan aşıqlarının repertuarında
«Kitabi-Dədə Qorqud» dastanı olmasa da, «Koroğlu»
dastanının ayrıca yeri var. Orta əsrlərdə Azərbaycan
ozan musiqisini, Azərbaycan ozanlarının yaratdığı
dəyərləri «Allahla söhbət» kimi dəyərləndiriblər.
Bu isə daha çox ozan və
aşığın Azərbaycan xalqının
düşüncəsindəki yeri və rolu ilə
bağlıdır.
Alim məqaləsində bir sıra Azərbaycan
aşıqları ilə bağlı məlumat da verib. Onun Azərbaycanın
qadın aşıqları ilə bağlı yazdıqları
da maraqlıdır. Müəllif məqalədə
«Aşıq Pəri Məclisi» haqqında məlumat verib.
Onun fikrincə, bu məclis Azərbaycan
aşıq mədəniyyətinin, musiqisinin qorunmasında, təbliğində,
yeni istedadlı aşıqların və aşıq şairlərin
ortaya çıxmasında önəmli rol oynayır.
«Azerbaijan İnternational» jurnalının Azərbaycan
folklorunun ingilisdilli oxuculara çatdırılması ilə
bağlı gördüyü işlərdən biri də
«Novruz» bayramı haqqında yazılmış məqalə və
verilmiş məlumatlardır. Jurnalda Novruz bayramı
ilə bağlı çap edilmiş məqalədə bayramın
tarixi haqqında qısa məlumat verilib. Bu
məlumatda Novruz sözünün mənası
açıqlanıb, keçirildiyi vaxt göstərilib.
Məqalədə deyilir ki, Novruz bayramı
yazın gəlməsi ilə bağlı olaraq keçirilir.
Novruz bayramı təkcə Azərbaycanda deyil,
İranda, Əfqanıstanda, Orta Asiya respublikalarında,
Türkiyədə də qeyd edilir. Bu
bayramın əslində İslam dini ilə
bağlılığı yoxdur. Novruz təbiətin
bayramıdır. Ancaq sonrakı mərhələlərdə
dinin də bu bayrama təsiri olub. Jurnalda
çap olunmuş məqalədə daha sonra Novruz bayramının
simvolları və adət-ənənələri haqqında məlumat
verilib. Təbiidir ki, Novruz bayramının
ən gözəl simvolu səmənidir. Səməni
yeni həyatın, ümidin, arzuların, dirçəlişin,
yaşamaq sevgisinin simvoludur. Novruz
bayramında azərbaycanlılar süfrələrinə
müxtəlif yeməklər qoyurlar, adamlar yeni paltarlar geyinirlər,
evlər təmizlənir, ağaclar əhənglənir,
qohumlar bir-birilərinə qonaq gedirlər. Kasıb, yoxsul insanlar sevindirilir. Ölmüş
insanların qəbri ziyarət olunur. Uşaqlar
Novruzu çox sevirlər.
Bu məqalədə diqqəti çəkən cəhətlərdən
biri də odur ki, istər Cənubi Azərbaycanda, istərsə
də Güney Azərbaycanda Novruz adətlərinin oxşar
olduğu bildirilir. Novruz bayramının Azərbaycan
türklərinin dünyagörüşü ilə, tarixi, adət-ənənələri
ilə sıx bağlı olduğu göstərilir.
«Azerbaijan İnternational» jurnalında Azərbaycan
folklorunun geniş yayılmış nümunələrindən
olan atalar sözlərinin ingilis dilinə tərcüməsinə
də yer ayrılıb. Toplanmış atalar sözləri ilə bağlı
qısa məlumat verilib, atalar sözlərinin Azərbaycan
xalqının milli mədəniyyətinin ayrılmaz tərkib
hissəsi olduğu göstərilib, atalar sözlərində
xalqın ifadə etdiyi hikmətli mənalar, həyat hadisələrinə
fəlsəfi münasibət açıqlanıb, atalar
sözlərində öz əksini tapmış həyat
ölçüləri göstərilib. Jurnalda Azərbaycan
atalar sözləri ingilis dilinə tərcümə edildikdən
sonra qruplaşdırılıb, «gözəllik», «iş»,
«uşaq», «əməkdaşlıq», «cəsarət»,«tənqid»,
«ailə», «dostluq», «səxavət», «hörmət»,
«yaxşılıq», «xoş xəbər», «xəsislik»,
«sağlamlıq», «kömək», «ümid», «qonaqpərvərlik»,
«təşəbbüs», «elm», «təvazökarlıq», «pul», «fəxr»,
«problemlər», «özünəinam», «cəmiyyət», «ənənə»,
«deyilən söz» və s. başlıqlarla təqdim olunub.
Vəfa
İbrahimova
filologiya üzrə
frəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2015.- 8 sentyabr.-
S.14