Hüquqi dövlət quruculuğu prosesində
insan hüquq və azadlıqlarının qorunması
Milli Fəaliyyət
Proqramında bu kimi məsələlərə toxunulur
I yazı
Hüquqi dövlət quruculuğu prosesində insan
hüquq və azadlıqlarının dövlət tərəfindən
müdafiəsi, ardıcıl olaraq qorunması prioritet məsələ
kimi öndə gəlir. Dövlətin varlığının
qorunmasında sağlam puhlu, mənəvi cəhətdən
güclü, inamlı insanlar təməl rolunu oynayır.
Azərbaycan Respublikasında insan hüquq və
azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq məqsədilə Milli Fəaliyyət
Proqramında bu kimi məsələlərə toxunulur.
Milli Fəaliyyət
Proqramının məqsədi “insan hüquq və
azadlıqlarının müdafiəsinin səmərəliliyinin
artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin
inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və
hüquq müdafiə sisteminin təkmilləşdirilməsi
istiqamətində tədbirlərin
davamlılığının təmin edilməsi” olaraq təqdim
edilir: “Azərbaycan Respublikası Konstitusiyasının 12-ci
maddəsində müəyyən edillib ki, insan və vətəndaş
hüquq və azadlıqlarının, Azərbaycan
Respublikasının vətəndaşlarına layiqli həyat
səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
Bu məqsədə nail olmaq üçün Azərbaycan
Respublikasında qəbul edilən
qanunların ilk növbədə Azərbaycan
Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdə təsbit edilmiş insan hüquq və
azadlıqlarının təmin olunmasına yönəldilməsi
zəruridir. Ölkədə yaranmış
qanunyaradıcı təcrübə göstərir ki,
qanunların hazırlanması zamanı Azərbaycan
Respublikasının Konstitusiyası və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr rəhbər tutulur, habelə
bir çox qanun layihələri onların hazırlanması
prosesi zamanı insan hüquqları sahəsində
ixtisaslaşmış beynəlxalq təşkilatların
ekspertizasına təqdim olunur, onların rəyi nəzərə
alınmaqla qəbul edilir”.
Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq
müqavilələrdən irəli gələn öhdəliklərin
həyata keçirilməsi və Azərbaycan
Respublikasının normativ-hüquqi aktlarının beynəlxalq
hüquqi sənədlərə uyğunluğunun təmin
edilməsi məsələsinə gəldikdə proqramda
vurğulanır: “Azərbaycan Respublikası insan
hüquqlarına və azadlıqlarına dair beynəlxalq
müqavilələrə tərəfdar çıxaraq,
öz yurisdiksiyası daxilində hər kəsin insan hüquq
və azadlıqlarının təmin edilməsi öhdəliyini
öz üzərinə götürüb. Bu
öhdəliyin yerinə yetirilməsinə nəzarət
mexanizmləri çərçivəsində Azərbaycan
Respublikası tərəfindən təqdim olunan insan hüquq
və azadlıqlarının təmin edilməsinə dair
dövri hesabatlar üzrə Birləşmiş Millətlər
Təşkilatının, Avropa Şurasının və digər
hökumətlərarası təşkilatların
ixtisaslaşmış qurumlarının rəy və
tövsiyələrinin həyata keçirilməsi əhəmiyyət
kəsb edir. Bununla yanaşı, İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının
icra edilməsi çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi
sahəsində tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulur. Göstərilən öhdəliklərin
yerinə yetirilməsi zamanı tövsiyələrin ətraflı
təhlili, görüləcək tədbirlərin və
onların icrasına məsuliyyətli dövlət qurumlarının
müəyyən edilməsi zəruridir. Bununla
əlaqədar olaraq, qeyd olunan prosesə aşağıda
göstərilən qurumların cəlb edilməsi nəzərdə
tutulur. Bu işə həmçinin insan
hüquqlarının müdafiəsi sahəsində fəaliyyət
göstərən yerli qeyri-hökumət təşkilatları
cəlb edilir”.
Milli Fəaliyyət
Proqramında xarici ölkələrdə Azərbaycan
Respublikası vətəndaşlarının hüquqi vəziyyətini
yaxşılaşdıran və onların
hüquqlarının müdafiəsini tənzimləyən
müqavilə-hüquq bazasının genişləndirilməsi
üzrə tədbirlərin həyata keçirilməsi məsələsi
ilə bağlı vurğulanır: “Azərbaycan
Respublikası hər bir vətəndaşının
olduğu yerdən asılı olmayaraq, insan hüquq və
azadlıqlarının təmin edilməsi üçün zəruri
tədbirləri həyata keçirir. Bu məqsədlə
xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının
hüquqlarının təmin olunmasına dair müvafiq
dövlətlərlə və onların səlahiyyətli
orqanları ilə müqavilələr
bağlanılmalıdır”.
“Əhalinin
müxtəlif qruplarının hüquqlarının
müdafiəsi” fəslində göstərilir ki, əhalinin
müxtəlif qruplarının, o cümlədən insan
hüquqlarının həyata keçirilməsi nöqteyi-nəzərindən
zəif hesab olunan qrupların qaçqın və məcburi
köçkünlər, məhkumlar, hərbi qulluqçular,
qadınlar, uşaqlar, ahıllar, əlillər və
başqalarının insan hüquq və
azadlıqlarının daha səmərəli qaydada təmin
edilməsi məqsədilə fəaliyyət istiqamətləri
müəyyən olunur: “Ermənistanın Azərbaycana
qarşı təcavüzü nəticəsində
qaçqın və məcburi köçkün
düşmüş şəxslərin hüquqlarının
kütləvi şəkildə pozulması, işğal nəticəsində
Azərbaycanın təbii, tarixi və mədəni sərvətlərinin
dağıdılması faktının dünya ictimaiyyətinə
çatdırılması və onlara dəymiş zərərin
Ermənistan dövləti tərəfindən ödənilməsi
məqsədilə beynəlxalq təşkilatlarda işin
davam etdirilməsi...”
Milli Fəaliyyət
Proqramında başqa məsələlərin də
ardıcıl həlli məsələsinin qoyulması diqqəti
çəkir: “Etnik azlıqların mədəni irsinin qorunub
saxlanılması və inkişaf etdirilməsi sahəsində
fəaliyyətin davam etdirilməsi; Sahibkarların və
istehlakçıların hüquqlarının möhkəmləndirilməsi;
İşsizlərin əmək bazarında rəqabət
qabiliyyətinin artırılması, onların yeni peşələrə
yiyələnməsinə yönəlmiş kursların təşkili;
İşçilərin əmək hüquqlarının
müdafiəsinin gücləndirilməsi, istehsalatda və
tikintidə əməyin təhlükəsizliyinin təmin
edilməsi sahəsində tədbirlərin səmərəliliyinin
artırılması; Əhalinin mülkiyyət
hüquqlarının təmin edilməsi sahəsində tədbirlərin
səmərəliliyinin artırılması; Əhali,
xüsusilə də uşaq və gənclər arasında
sağlam ətraf mühit və sağlam həyat tərzinin
geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə
olanların, İİV/QİÇS-ə yoluxmuş şəxslərin
reabilitasiyası üzrə tədbirlərin həyata
keçirilməsi; Əlillərin və sağlamlıq
imkanları məhdud uşaqların təlim və peşə
hazırlığının, onlara göstərilən xidmətlərin
(sosial xidmət, inklüziv təhsil və s.) keyfiyyətinin
yaxşılaşdırılması məqsədi ilə
xüsusi olaraq tibbi, pedaqoji kadrların və sosial
işçilərin hazırlanması; Ahılların
hüquqlarının təmin edilməsi sahəsində tədqiqatların
aparılması və monitorinq sisteminin təkmilləşdirilməsi;
Saxlanılan şəxslərin öz iradəsi ilə tərk
edə bilmədiyi yerlərdə şəraitin və rejimin
beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində
tədbirlərin davam etdirilməsi; Azadlıqdan məhrum
edilmiş şəxslərin beynəlxalq standartlara uyğun
saxlanılması məqsədilə yeni penitensiar müəssisələrin
inşa edilməsi işinin davam etdirilməsi; Azadlıqdan məhrum
edilmiş şəxslərin islah edilməsinə ictimaiyyətin,
qeyri-hökumət təşkilatlarının cəlb edilməsi
və ictimai nəzarət mexanizmlərinin tətbiq
olunması, bu sahədə qabaqcıl təcrübənin
öyrənilməsi; Qadınların əmək bazarında
rəqabət qabiliyyətinin artırılması, qadınlar
arasında sahibkarlığın inkişaf etdirilməsi,
qadınlar tərəfindən yeni peşələrin əldə
edilməsinə yönəlmiş kursların təşkili;
Məişət zorakılığına məruz
qalmış qadınlar üçün reabilitasiya
proqramlarının hazırlanması; Qadınlara qarşı
zorakılıq, o cümlədən məişət
zorakılığı ilə mübarizənin gücləndirilməsi,
bu cür zorakılığın qurbanları
üçün hüquqi müdafiə vasitələrinin, zəruri
kompensasiyanın, reabilitasiyanın, tibbi və psixoloji
yardımın təmin olunması;
Uşaqların
tərbiyəsinə, tədrisinə və maarifləndirilməsinə
yönəlmiş televiziya proqramlarının
hazırlanması, habelə Uşaq Televiziyasının
yaradılması imkanlarının araşdırılması;
Uşaq əməyinə dair müvafiq beynəlxalq
konvensiyalardan, həmçinin Beynəlxalq Əmək Təşkilatının
sənədlərindən irəli gələn öhdəliklərin
yerinə yetirilməsi üzrə tədbirlərin gücləndirilməsi;
Yetkinlik yaşına çatmayanların
baxımsızlığı ilə mübarizə və
sosial reabilitasiyası sahəsində qeyri-hökumət təşkilatları
və beynəlxalq təşkilatlarla əməkdaşlıq;
Bölgələrdə zorakılıq və insan alveri
qurbanları, kimsəsizlər, narkomaniyadan və alkoqolizmdən
müalicəyə ehtiyacı olanlar üçün krizis mərkəzlərinin
yaradılması; Ali təhsil müəssisələri nəzdində
fəaliyyət göstərən hüquq klinikalarının
fəaliyyətinin dəstəklənməsi; əhalinin sağlam
ətraf mühitdə yaşamaq hüququnun təmini və ətraf
mühitin çirkləndirilməsinin
qarşısının alınması məqsədilə
ekoloji vəziyyətin yaxşılaşdırılması
istiqamətində tədbirlərin həyata keçirilməsi;
Kütləvi informasiya vasitələri üçün fikir
və ifadə azadlıqlarının həyata keçirilməsi
ilə bağlı təlimlərin təşkil edilməsi...”
Milli Fəaliyyət
Proqramında “Dövlət orqanlarının fəaliyyətinin
təkmilləşdirilməsi” adlı üçüncü
fəsildə vurğulanır: “Şəxsin tutulması, həbs
edilməsi, müvəqqəti saxlama yerində və istintaq təcridxanalarında
saxlanması zamanı qanunvericiliyin tələblərinin, insan
hüquqlarının pozulması, pis rəftar, vəzifədən
sui-istifadə və digər bu kimi halların ciddi
araşdırılması, qanunvericiliklə nəzərdə
tutulmuş tədbirlərin yerinə yetirilməsi. Bu sahədə aparılan davamlı tədbirlər
həbs yerlərində saxlanılan şəxslərin
hüquqlarının təmin edilməsi istiqamətində
müsbət nəticələrə gətirib
çıxarıb. Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 13 yanvar tarixli Sərəncamı
ilə “İşgəncə və digər qəddar,
qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və
ya cəza əleyhinə Konvensiya”nın Fakültativ
Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin
funksiyalarını yerinə yetirən təsisat qismində Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə
müvəkkili (Ombudsman) müəyyən edilib. “Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə
müvəkkili (Ombudsman) haqqında” Azərbaycan
Respublikasının Konstitusiya Qanununda dəyişikliklər
edilməsi barədə” 2011-ci il 24 iyun tarixli Azərbaycan
Respublikası Konstitusiya Qanunu ilə Azərbaycan
Respublikasının Ombudsman təsisatının müvafiq səlahiyyətləri
və imtiyazları müəyyən edilib.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət
orqanlarının elektron xidmətlər göstərməsinin
təşkili sahəsində bəzi tədbirlər
haqqında” fərmanında göstərilib ki, modern və
çevik idarəetmənin təmin edilməsi, dövlət
orqanlarının fəaliyyətində şəffaflığın
artırılması və korrupsiyaya şərait yaradan
halların aradan qaldırılması üçün əhaliyə
elektron xidmətlərin göstərilməsi zəruridir. Bu məqsədlə
mərkəzi icra hakimiyyəti orqanlarının rəsmi
internet səhifələrində elektron xidmət bölməsi
yaradılmalı, xidmətin həyata keçirilməsi
üçün tələb edilən sənədlərin
siyahısı yerləşdirilməli və vətəndaşların
həmin sənədlərlə birlikdə müraciətlərinin
elektron qaydada qəbul edilməsi təmin edilməlidir”.
Uğur
Xalq Cəbhəsi.-
2015.- 8 sentyabr.- S.13.