“Bu gün beynəlxalq hüququn aliliyindən
çox, güclünün hüququndan danışmaq
lazım gəlir”
Azay Quliyev: “Belə bir
beynəlxalq konyukturanın olduğu bir şəraitdə Azərbaycana
qarşı ikinci bir cəbhə açılır”
Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının sədri, millət
vəkili, ATƏT Parlament Assambleyasının Siyasi məsələlər
və təhlükəsizlik komitəsinin sədr müavini
Azay Quliyevin Trend-ə müsahibəsini ixtisarla təqdim
edirik.
- Parlament
seçkiləri öncəsi özünüzü necə
hiss edirsiniz, seçkilərə hazırlıq işinizin həcminə
təsir etməyib ki?
- (Gülür) Özümü çox şükür
normal hiss edirəm. Fəaliyyətimizdə dəyişiklik
yoxdur. Yəni, gündəlik necə
işləyirdik, indi də fəaliyyətimizi elə davam
etdiririk.
- Millət
vəkili olmaq üçün şanslarını
yoxlayanların sayı artıb. Seçkilərdə
namizədliyinizi irəli sürmək niyyətiniz var?
- Bu məsələyə
baxmaq üçün hələ vaxta var. Qərar qəbul edəndə
məlumatınız olacaq.
- Azərbaycanda
vətəndaş cəmiyyətinin formalaşmasında, QHT-lərin
yaradılmasında uzun illərdir birbaşa iştirak
edirsiniz. Azərbaycan QHT-lərin fəaliyyətindən
nələri qazandı və nələri itirdi?
- QHT-lərin Azərbaycan dövlətinə, cəmiyyətinə,
xalqına qazandırdıqları çox şeylər var.
Ən əsası odur ki, Azərbaycan müstəqilliyini bərpa
etdikdən sonra QHT-lər cəmiyyətin aparıcı
qüvvəsinə çevrildilər. Ümumiyyətlə,
demokratik prosesləri və vətəndaş cəmiyyətini
QHT-lərsiz təsəvvür etmək mümkün deyil.
QHT-lər vətəndaşların səsi
oldular, vətəndaşlarla dövlət arasında
körpü rolu oynadılar. QHT-lər bizi
narahat edən, düşündürən, adi vətəndaşların
qaldıra bilmədikləri məsələləri hökumətin
diqqətinə çatdıran əsas institut olublar. Eyni zamanda, QHT-lər bu gün Azərbaycanda həyata
keçirilən bütün mühüm islahatlara və layihələrə
ictimai dəstək veriblər, hökumətin fəaliyyəti
üzərində ictimai nəzarəti bacardıqları qədər
təşkil etməyə çalışıblar. Bizim ölkə olaraq əldə etdiyimiz
uğurların baş tutmasında əlbəttə ki,
dövlətimizə, cəmiyyətimizə yaxından kömək
etməyə çalışıblar. Mən
QHT-lərin vətəndaş cəmiyyətinin
formalaşması və güclənməsi üçün
etdikləri işləri yüksək qiymətləndirirəm.
Eyni zamanda, dövlətin QHT-lərin ayaqda durması, bir
institut kimi formalaşması üçün həyata
keçirdiyi layihələr və işlər haqqında da
danışmaq, ortaya qoyduğu siyasi iradə haqqında
çoxlu misallar gətirmək olar. Azərbaycan dövləti
maksimum çalışıb ki, bu gün sağlam QHT sektoru
formalaşsın, QHT-lər sözün əsl mənasında
dövlətin tərəfdaşı, millətin yanında
olsunlar və milli maraqların qorunmasında üzərlərinə
düşən vəzifəni layiqincə yerinə yetirsinlər.
- Bunu hər
zaman və bütün QHT-lər haqqında demək olar?
- Təəssüflər
olsun ki, bütün bu müsbət işlərlə
yanaşı, çox az da olsa, bəzi
şəxslər QHT adı altında Azərbaycanın milli
maraqlarının əleyhinə fəaliyyət göstərdilər.
Nə qədər xoş olmasa da bu gün biz Azərbaycanda
“5-ci kalon”dan danışmaq məcburiyyətində
qalırıq. Bu kalonun üzvləri olan
QHT-lər, yaxud da o ad altında birləşən insanlar Azərbaycanın
milli maraqlarına qarşı fəaliyyət göstərməkdən
belə çəkinmirlər. Bizim
üçün qəbuledilməz haldır ki, onlar xarici
qurumların əlində alətə çevrilirlər.
Bu da bizi çox narahat edir. Çünki
hər hansı bir yanlış, səhv, dövlətin, millətin
mənafelərinə zidd olan addım milli təhlükəsizliyimizi
təhdid edir və bütövlükdə QHT sektorunu
nüfuzdan salır.
- Belə
demək mümkündürmü ki, bəzi QHT-lər xarici
xüsusi xidmət orqanlarının oyunçularına
çevriliblər?
- İstənilən ölkə, hegemon dövlət və
mərkəzlər təsir dairələrini daim genişləndirməyə
çalışıblar. Bu, təkcə
müasir dövrün məsələsi deyil. Bu, əsrlər, minilliklər boyu dövlətlərarası,
geosiyasi münasibətlərdə baş verən bir
tendensiyadır. Ona görə də həmişə
zəif həlqə, bənd axtarırlar ki, onlar üzərində
işlərini qursunlar və yaxud çalışırlar ki,
yerlərdə ruporları olsun.
Bu gün azad vətəndaş cəmiyyətindən
danışırıq. QHT-lər həmin azad cəmiyyətin
ayrılmaz atributudur, bunlarsız mümkün deyil. Həmin qüvvələr Azərbaycandakı bu
azadlıqdan, liberalizmdən, demokratiyadan istifadə edərək
yetişdirdikləri adamları cəmiyyətə yeridirlər.
Mən onları QHT adlandırmıram. Çünki özünə hörmət edən,
sözün əsl mənasında QHT olan şəxs heç
bir halda Azərbaycanın milli maraqlarının əleyhinə
getməz, heç bir halda xarici agenturanın əlində alətə
çevrilə bilməz.
Həmin dairələr ölkəmizə təzyiq
göstərmək, adi bir problemi şişirdərək
qlobal məsələyə çevirmək üçün
bu cür adamlardan həmişə istifadə ediblər. Bununla bağlı hörmətli
akademik, Prezident Administrasiyasının rəhbəri Ramiz
Mehdiyevin çox maraqlı və ciddi məqalələri
, “5-ci kalon”la bağlı faktlara söykənən ətraflı
təhlilləri olub. Həmin məqalələrlə tanış olan istənilən şəxs tam
şəkildə mənzərəni görə bilir.
“5-ci kalon” məsələsində maliyyə mərkəzləri,
erməni lobbisi, erməni diasporu da rol oynayır. Onların maraqları Azərbaycandakı
bu tip qrupların maraqları ilə üst-üstə
düşdüyü üçün hətta onlar fəaliyyətlərini
koordinasiya da edir və bir şəbəkədən
çıxış edirlər. Uzağa getməyək.
Bu il keçirilən Birinci Avropa
Oyunları ilə bağlı nələrin şahidi olduq? Məhz
həmin erməni lobbisi, erməni diasporu və Azərbaycanın
bu gün əleyhinə fəaliyyət göstərən
qruplar birləşdilər və ölkəmizə
çirkin bir qarayaxma kampaniyası təşkil etdilər .
- Sizcə
bunlar nəyə nail olmaq istəyirdilər?
- Azərbaycan
milli maraqlarını daim hər şeydən üstün
tutan, hər hansı bir bloka qoşulmayan, müstəqil siyasət
aparan bir dövlətdir. Bu gün həmin dairələrin
fikri odur ki, Azərbaycan bütün milli maraqları bir kənara
atıb, bir blokun, bir gücün yanında olsun və ya
onların istədiklərini həyata keçirsin
. Azərbaycan isə bütün bunlardan
imtina edir. Azərbaycan bütün ölkələrlə
və beynəlxalq qurumlarla bərabərhüquqlu tərəfdaşlıq
əsasında əməkdaşlıq etməyə üstünlük
verir. Ona görə də onların
maraqları Azərbaycanda həyata keçmədikcə, QHT-lərdən
və ayrı-ayrı qruplardan sui-istifadə edərək,
hazırladıqları qondarma və qurama hesabatları beynəlxalq
qurumlara göndərərək Azərbaycana təzyiq etməyə
çalışırlar. Buna görə
də “5-ci kalon” məsələsi bizi narahat edir. Amma dövlətimizin atdığı addımlar, həyata
keçirilən işlər, qanunvericiliklə bağlı
mövcud boşluqların aradan qaldırılması
bunların fəaliyyətini ciddi şəkildə zərərsizləşdirib
və minimuma endirib.
- Siz Azərbaycanı
ATƏT PA-də təmsil edən bir şəxssiniz və beynəlxalq
təşkilatların işində daha çox iştirak
edirsiniz. Azərbaycana qarşı, eyni zamanda
dünyada olan ikili standartlar və beynəlxalq hüququn
pozulması nədən qaynaqlanır? Hüququn
aliliyini necə bərpa etmək olar?
-
Çox təəssüflər olsun ki, bu gün beynəlxalq
hüquq sistemi demək olar ki, böhran içərisindədir,
hüququn aliliyi təmin olunmur. Əfsuslar olsun
ki, bu gün beynəlxalq hüququn aliliyindən çox,
güclünün hüququndan danışmaq lazım gəlir.
Bu gün belə bir beynəlxalq konyukturanın
olduğu bir şəraitdə Azərbaycana qarşı ikinci
bir cəbhə açılır. Biz dəfələrlə
şahidi olmuşuq ki, bəzi qurumlar və güclər tərəfindən
haqlı olduğumuz halda haqsız duruma salınırıq.
Biz bir tərəfdən işğala məruz
qalan, ərazilərinin bir hissəsini itirən, bir milyondan
artıq vətəndaşının qaçqın və məcburi
köçkünə çevrilən bir dövlətik, digər
tərəfdən, biz həmin işğalın nəticələrini
aradan qaldırılmasına birbaşa cavabdeh olan beynəlxalq
təşkilatların və ayrı-ayrı güc mərkəzlərinin
təzyiqinə məruz qalırıq.
Bu, bizim üçün ikiqat ağırdır. Biri var ki, biz
özümüz tam əks tərəfdə olardıq. Yəni, işğala məruz qalan yox, işğal
edən ölkə olardıq. O zaman bizə qarşı
belə ikili standartlar olsaydı, biz hardasa fikirləşərdik
ki, doğrudan da axı biz bu qanunu pozmuşuq və BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsini icra etmirik. Çünki həmin qətnamələrin
icrası məcburidir, ora imza atmışıq, beynəlxalq
öhdəliyimiz var və bu təzyiqin səbəbini
özümüzdə axtarmalıyıq. Amma
indi tam əksinədir.
Beynəlxalq hüququn aliliyinin bərpası
üçün nə etmək lazımdır sualına gəldikdə
isə onun praktiki cavabı çox uzun bir müzakirənin
mövzusudur.
Nəzəri tərədən isə onun həlli çox sadədir:
orada yazılanlara hamının, xüsusilə dünyanı
yönəltmək iddiasında olan ölkələrin əməl
etməsi. Vəssalam, bu qədər sadə bir
məsələ.
- Bu
gün dünyada nə baş verir? Dünyanın
kübar siyasətçiləri də silaha, təhdidə
daha çox meyillənirlər.
- Soyuq müharibənin ən sərt dövrünü istisna etsək, bu gün dünya çox ciddi təhdidlərlə üz-üzə qaldığı bir mərhələni yaşayır. Əgər 1980-ci illərin əvvəllərində real nüvə müharibəsinin baş verməsi ilə bağlı çox ciddi təhlükələr var idisə, bu gün bu təhlükəni başqa formada yaşayırıq. Bu gün dünyanın bir çox yerində qarşıdurma, iğtişaş, müharibə, aclıq, səfalət yaşanır. Avropanın, Qərbin həyata keçirdiyi siyasət Şimalı Afrikada, Yaxın Şərqdə və digər islam ölkələrində nəyə gətirib çıxardı? Həmin ölkələr tamamilə çökdülər, onların bütün idarəetmə sistemi tamamilə məhv oldu. Götürək Liviyanı, İraqı, Suriyanı, Misiri və digər ölkələri.
Hər bir neqativ hərəkətin bir bumeranq effekti var.
Onlar düşünürdülər ki, həmin ölkələrin
istiqbalını pozmaqla, orada iğtişaşlar yaratmaqla
öz məqsədlərinə nail olacaqlar. Amma gedişat
onu göstərir ki, bu gün heç də belə deyil.
Bu gün həmin Avropa öz yarıtmaz siyasəti
nəticəsində öz təhlükəsizliyini sual
altına qoyub, İŞİD kimi real təhlükə və
qanunsuz miqrant böhranı ilə üz-üzə qalıb.
Bu gün insan haqlarının qorunmasından
danışan və bunu pafosla deyən həmin o avropa ölkələri
miqrantları güllələməyə, boğmağa,
öldürməyə qərar veriblər. Baxın görün, bu gün bunlar insanlıq əleyhinə
nə qədər cinayətlər törədirlər və
özlərinə rəva görürlər ki, başqa millətdən
olan nümayəndələrə qarşı haqsız, qəddar
davransınlar.
Bu gün biz insanlara qarşı edilən
zorakılığı başqa formada ABŞ-da da
görürük. Belə ki, ABŞ-da jurnalistlər
canlı efirdə qətlə yetirildi, amma bununla bağlı
heç kimin, xüsusilə beynəlxalq təşkilatların
və xarici QHT-lərin səsi çıxmadı, jurnalistə
qarşı olan bu qətliamı pisləmədi və bu cinayətə
dözümlü yanaşdılar. Yeri gəlmişkən
onu da deyim ki, ATƏT PA-nın İnsan Haqları və
Demokratiya Komitəsinin sədri, mənim həmkarım
xanım İzabel Santoş iki gündən bir Azərbaycanla
bağlı tənqidi bəyanatlar səsləndirir. Ancaq nədənsə xanım Santoş Avropada və
ABŞ-da qeyd olunan zorakılıq və insan
hüquqlarının kobud şəkildə pozulması
hallarına münasibət bildirmir və sakit qalmağa
üstünlük verir. Ona kimsə bu haqda
göstəriş verməli deyil ki?
- Azay
müəllim, bir az da özümüzə
tənqidi yanaşaq. Azərbaycan bəlkə də
daha çox mühafizə olunan ölkələr
sırasında öncüldür? Hətta
parklarımızı da insanlardan qorumaq üçün
mühafizəçilərdən istifadə edirik. Bəlkə vətəndaş cəmiyyəti
üzvləri insanlarımızın təbiətə, cəmiyyətə
vətən sevgisini aşılamaq üçün daha
çox işlər görməlidir?
- Əlbəttə, burada ictimaiyyətin rolu
çox önəmlidir, QHT-lər gərək ictimai
davranışın tənzimlənməsində öncül
sırada olsunlar. Biz hər il iki dəfə layihələrin
qəbulu ilə bağlı müsabiqə elan edirik. Demək olar ki, hər müsabiqədə ictimai
davranış problemlərini, milli vətənpərvərlik
məsələlərini, bir sözlə ictimai əhəmiyyət
kəsb edən bütün mövzuları QHT-lərin
ixtiyarına veririk. Əlbəttə, biz onlardan çox
maraqlı layihələr də alırıq və onları
maliyyələşdiririk. Amma məndən soruşsanız
ki, daxil olan bütün təkliflər tam olaraq sizi qane edirmi?
Birmənalı şəkildə müsbət cavab vermək
mümkün deyil . Ona görə ki, QHT-lərdən daha
innovativ təkliflər gözləyirik və onlar verilən vəsaiti
daha səmərəli və məhsuldar şəkildə xərcləməlidirlər.
Xalq
Cəbhəsi.- 2015.- 9 sentyabr.- S.9.