Hüquqi dövlət quruculuğu prosesində
uşaq hüquqları
Uşaqların hüquq
və mənafeyi müdafiə olunur, bu hüquqlara dövlət
tərəfindən təminat verilir
Çağımızda insan hüquqlarının
qorunması dünyanın ilk sırada duran
qayğısıdır. Müxtəlif ölkələrin
qanunvericiliyində bu məsələ beynəlxalq hüquq
normalarına uyğun tənzimlənir. Hazırda
valideyn himayəsindən məhrum olmuş uşaqların tərbiyəsi
aktual məsələdir. Bu sahədə
dövlətin üzərinə götürdüyü
öhdəliklərin qaynağı qanunvericilikdə əksini
tapıb. Azərbaycan Respublikasının
Ailə Məcəlləsində sözügedən məsələ
ilə bağlı müddəalar öz əksini tapıb.
Qanunvericilikdə valideyn himayəsindən məhrum
olan uşaqların aşkar olunması və yerləşdirilməsi
ilə bağlı aşağıdakı məsələlər
hüquqi izahını tapır. Maddə 114-də
(“Valideyn himayəsindən məhrum olan uşaqların
hüquq və mənafelərinin müdafiəsi”) göstərilir
ki, valideynlər öldükdə, valideynlik
hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda,
valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə,
valideynlər xəstələndikdə, uzun müddət
uşaqlarla birlikdə olmadıqda, valideynlər
uşaqların tərbiyəsindən və ya onların
hüquq və mənafelərinin müdafiəsindən
yayındıqda, o cümlədən doğum evlərindən,
tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi
müəssisələrində və digər analoji müəssisələrdən
öz uşaqlarını götürməkdən imtina etdikdə,
eləcə də valideyn himayəsinin olmadığı digər
hallarda uşaqların hüquq və mənafelərinin
müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən
həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanı
valideyn himayəsindən məhrum olan uşaqları aşkar edir, belə uşaqların ilkin uçotunu
aparır, ümumi uçotun aparılması
üçün müvafiq icra hakimiyyəti orqanına məlumat
verir və valideyn himayəsindən məhrum olmağın
konkret hallarını nəzərə almaqla həmin
uşaqların yerləşdirilməsi formalarını
seçir, eləcə də onların saxlanması, tərbiyəsi
və təhsili şəraitinə nəzarəti həyata
keçirir. Müvafiq icra hakimiyyəti
orqanından başqa digər hüquqi və fiziki şəxslərin
valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsi
üzrə fəaliyyətinə yol verilmir.
Qanunvericilikdə
valideyn himayəsindən məhrum olan uşaqların aşkar
olunması və uçotu məsələsi
aşağıdakı kimi göstərilir: “Bu məcəllənin
114.1-ci maddəsində göstərilən uşaqlar
haqqında məlumatlara malik doğum evləri məktəbəqədər,
ümumtəhsil, müalicə və digər müəssisələrin
vəzifəli şəxsləri və başqa vətəndaşlar
bu məlumatları müvafiq icra hakimiyyəti orqanına verməyə
borcludurlar. Müvafiq icra hakimiyyəti orqanı
belə məlumatları aldıqdan sonra üç gün
müddətində uşağın həyat şəraitini
müəyyən etməyə, valideynlərin və yaxın
qohumlarının himayəsindən məhrum olma faktı
müəyyən edildikdə, uşaqların yerləşdirilməsi
məsələsi həll olunana qədər onların
hüquq və mənafelərinin müdafiəsini təmin etməyə
borcludur. Valideyn himayəsindən məhrum
olan uşaqların yerləşdiyi tərbiyə, müalicə,
əhalinin sosial müdafiəsi və digər analoji müəssisələrin
rəhbərləri həmin uşaqların tərbiyə
olunmaq üçün ailəyə verilməsinin
mümkün olduğunu bildikdə 7 gün müddətində
müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumat
verməyə borcludurlar. Müvafiq icra hakimiyyəti
orqanı bu məcəllənin 115.1 və 115.2-ci maddələrində
göstərilmiş məlumatları aldıqdan sonra bir ay ərzində
uşağın yerləşdirilməsini təmin edir, bu,
mümkün olmadıqda isə həmin uşaq haqqında sənədləri
bu məcəllənin 115.5-ci maddəsinə uyğun olaraq mərkəzləşdirilmiş
uçota alınmaq üçün göndərir və bu
barədə müvafiq icra hakimiyyəti orqanına məlumat
verir. Müvafiq icra hakimiyyəti orqanı
valideyn himayəsindən məhrum olan uşaqlar haqqında məlumatları
mərkəzləşdirilmiş uçota alır, ümumi
uçota alınmaq üçün müvafiq icra hakimiyyəti
orqanına təqdim edir, bundan sonra onların tərbiyə
olunmaq üçün ailələrdə yerləşdirilməsinə
yardım edir. Valideyn himayəsindən məhrum
olan uşaqların mərkəzləşdirilmiş
uçotunun aparılması qaydasını müvafiq icra
hakimiyyəti orqanı müəyyən edir.
Məcəllənin
115.2-115.5-ci maddələrində nəzərdə tutulmuş
vəzifələri yerinə yetirməməyinə və bilərəkdən
yanlış məlumatlar verməyə görə, eləcə
də uşağı ailə tərbiyəsinə verməməyə
yönəldilmiş digər hərəkətlərə
görə bu Məcəllənin 115.3-cü maddəsində
göstərilmiş müəssisə rəhbərləri,
habelə müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli
şəxsləri qanunvericiliklə müəyyən
olunmuş qaydada məsuliyyətə cəlb edilirlər”.
Valideyn himayəsindən məhrum olan uşaqlar ailə
tərbiyəsinə (övladlığa, qəyyumluğa,
himayəyə və ya himayədar ailəyə), bu imkanlar
olmadıqda isə valideyn himayəsindən məhrum olan və
yetim uşaqlar üçün nəzərdə tutulmuş tərbiyə,
müalicə, əhalinin sosial müdafiəsi müəssisələrinə
və digər analoji müəssisələrə verilə
bilərlər. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən
valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsinin
başqa formaları müəyyən edilə bilər.
Uşağın yerləşdirilməsi zamanı onun
etnik mənşəyi, müəyyən dinə və mədəniyyətə
mənsubiyyəti, ana dili, onun təhsil və tərbiyəsi
üçün daha əlverişli imkanlar nəzərə
alınmalıdır. Valideyn himayəsindən məhrum olan
uşaqların ailəyə və ya bu məcəllənin
116.1-ci maddəsində göstərilən müəssisələrə
yerləşdirilməsinə qədər himayəçi vəzifəsinin
yerinə yetirilməsi müvəqqəti olaraq müvafiq icra
hakimiyyəti orqanına həvalə edilir.
Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkilinin (Ombudsmanın) Uşaq hüquqları
üzrə ixtisaslaşmış ilk məruzəsi (Məruzə
Azərbaycanda 2009-cu il “Uşaq ili” çərçivəsində
hazırlanıb, BMT-nin Uşaq Hüquqları Bəyannaməsinin
50 illiyinə və Uşaq Hüquqları
Konvensiyasının 20 illiyinə həsr olunub) mövzu ilə
bağlı diqqəti çəkir. Məruzədə
uşaq hüquqlarına dair dövlət siyasəti, bu sahədə
beynəlxalq və milli qanunvericilik, Müvəkkilin bu istiqamətdə
fəaliyyəti, uşaq hüquqlarının etibarlı
müdafiəsinə yönəlmiş təklif və
tövsiyələri geniş yer alıb. Burada
vurğulanır ki, uşaq hüquqları insan
hüquqlarının tərkib hissəsi olsa da, bu
hüquqların xüsusi diqqətə və müdafiəyə
ehtiyacı var. Uşaqların tədricən insan
hüquqları obyektindən, müstəqil insan
hüquqları subyektinə çevrilməsi və həm
dövlətin siyasəti, həm də ailədə
uşaqların ən yaxşı maraqlarının təmin
olunmasının prioritet kimi tanınması müşahidə
olunur. Məhz bu prinsipləri nəzərə alaraq, uşaq
hüquqlarının müdafiəsi sahəsində qəbul
olunmuş beynəlxalq və dövlətdaxili sənədlərin
hazırlanmasında baza sənədi rolunu oynayan BMT-nin 1959-cu il tarixli “Uşaq Hüquqları Bəyannaməsi”
daha sonra 1989-cu il tarixli “Uşaq Hüquqları Konvensiyası”
qəbul edilib. Son illər ölkəmizdə
aparılan sosial, iqtisadi və hüquqi islahatlar nəticəsində
insan hüquqlarının, o cümlədən uşaq
hüquqlarının müdafiəsi dövlət siyasətinin
tərkib hissəsi olub. Bu hüquqların
müdafiəsinə dövlət təminat verərək, bir
sıra mühüm qanunlar, dövlət proqramları qəbul
edilib və uğurla icra edilməkdədir. Hüquqi islahatlar nəticəsində ölkəmizdə
yeni bir qurum – Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı
yaradılıb. Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
respublikamızda uşaq hüquqlarının daha etibarlı təmin
olunması, müvafiq dövlət qurumlarının, yerli və
beynəlxalq təşkilatların səylərinin birləşdirilməsi,
uşaqlara olan diqqətin və fəaliyyətin
artırılması məqsədilə, eyni zamanda adı
çəkilən sənədlərin qəbul
olunmasının müvafiq olaraq 50 və 20 illiyi münasibətilə
2009-cu ilin ölkədə «Uşaq ili» elan edilməsi ilə
bağlı ölkə Prezidentinə müraciət
ünvanlayıb. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 dekabr tarixlii Sərəncamına əsasən
2009-cu il ölkəmizdə “Uşaq ili” elan edilib. Adı
çəkilən sərəncamdan irəli gələn vəzifələrin
həyata keçirilməsi, uşaq hüquqlarının
etibarlı müdafiə olunması və onların mənafeyinin
üstün tutulması məqsədilə hazırlanan tədbirlər
planına Müvəkkil tərəfindən müxtəlif
sahələr üzrə təkliflər təqdim olunub və
ölkə Prezidentinin 2009-cu il 18 fevral tarixli Sərəncamı
ilə Tədbirlər Planı təsdiq edilib. Bu
plan üç milyona yaxın uşaqların
hüquqlarının etibarlı müdafiəsinə və
onların fundamental problemlərinin həll edilməsinə
yönəlib. Müvəkkilin təşəbbüsü
ilə tədbirlər planına uyğun olaraq bir sıra
mühüm tədbirlər keçirilib.
Müvəkkilin
ötən dövrdə həyata keçirdiyi fəaliyyətin
ümumiləşdirilməsinə əsaslanan uşaq
hüquqları üzrə ilk ixtisaslaşmış məruzəsi
hazırlanıb, uşaqların vəziyyətinin daha da
yaxşılaşdırılmasına yönəlmiş təklif
və tövsiyələrlə bağlı müvafiq tədbirlərin
görülməsi üçün Milli Məclisə, Nazirlər
Kabinetinə, aidiyyatı nazirliklərə, komitələrə
və digər səlahiyyətli orqanlara təqdim edilib. Məruzənin
hazırlanmasının əsas məqsədi ölkəmizdə
uşaq hüquqlarının təmini vəziyyətinin qiymətləndirilməsi,
uşaq hüquqları ilə bağlı qanunvericiliyin və
həlli vacib problemlərin təhlil edilməsi, pozulmuş
hüquqların bərpası, bu hüquqların müdafiəsi
və pozulmasının qarşısının
alınmasının təmin edilməsi vəziyyətinin, bu
sahədə Müvəkkil tərəfindən
aparılmış işlər və həyata
keçirilmiş tədbirlər haqqında məlumatların
və tövsiyələrin verilməsindən ibarətdir. Uşaq Hüquqları Konvensiyası uşaq
hüquqları sahəsində qəbul edilmiş sənədlər
sırasında ən dolğun və kamil sənəddir.
Eyni zamanda, digər sənədlərdən, o
cümlədən Uşaq Hüquqları Bəyannaməsindən
mühüm fərqi ondan ibarətdir ki, Konvensiya
iştirakçı dövlətlərin üzərinə
hüquqi cəhətdən məcburi öhdəlik qoyur.
İştirakçı dövlətlərin
sayına görə bu, BMT-nin ən çox ratifikasiya
edilmiş konvensiyasıdır. Demək
olar ki, bütün dünya dövlətləri (ABŞ və
Somalidən başqa) Uşaq Hüquqları
Konvensiyasını ratifikasiya etmişdir. Bu
fakt özü-özlüyündə uşaq
hüquqlarının qorunmasına dünya ictimaiyyətinin
yüksək əhəmiyyət verməsini sübut edir.
Azərbaycanda da Konvensiyanın əsas prinsipləri
dövlət siyasəti səviyyəsində tanınır, tətbiq
edilir və daim təkmilləşir. Azərbaycan
Respublikasının Konstitusiyasında uşaqların hüquq
və mənafeyi müdafiə olunur, bu hüquqlara dövlət
tərəfindən təminat verilir.
Uğur
Xalq Cəbhəsi.-
2015.- 15 sentyabr.- S.13.