Bakının işğaldan azad
olunmasından 97 il ötür
Musa Qasımlı: “Bakının
işğaldan azad olunması Azərbaycan istiqlalının
elan edilməsi qədər əhəmiyyətlidir”
Nəsiman
Yaqublu: “Burada azərbaycanlıların rolu, vətənpərvərliyi
məhz mühüm rol oynayıb”
Sentyabrın 15-i Bakının işğaldan azad
olunduğu gündür. 97 il bundan əvvəl, 1918-ci il
sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi
Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil
olaraq şəhəri erməni-bolşevik
işğalından azad edib. Beləliklə, həm
Azərbaycanın müstəqilliyi təmin olunmuş, həm
də ermənilərin və bolşeviklərin Bakı və
ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni-bolşevik
işğalından azad edilməsi XX əsr Azərbaycan
tarixinin ən şərəfli səhifələrindən
biridir.
1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin
elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi,
Bakı və ətraf rayonlar erməni-bolşevik
işğalı altında idi. Bunsuz isə Azərbaycanın
dövlət müstəqilliyini təsəvvür etmək
çətin idi. Müstəqilliyə təzə
qovuşmuş, beynəlxalq aləmdə hələ
tanınmayan gənc dövlətimizin isə ərazi
bütövlüyünü təmin etmək imkanları hələ
yetərincə deyildi. Belə bir şəraitdə
özünün çox ağır durumuna rəğmən
Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi
bütövlüyünü təmin etmək məqsədilə
Nuru paşanın komandanlığı ilə hərbi
qüvvələrini Azərbaycana göndərdi. Avropa dövlətlərinin türk
qoşunlarının Azərbaycana gəlməsinə etiraz
etməsinə baxmayaraq qardaş köməyini əsirgəməyən,
ölkəmizi tək qoymayan Osmanlı Türkiyəsi 1918-ci
ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə
yerinə yetirdi. Sentyabrın 15-də türklər
qarşısına qoyduğu missiyanı uğurla başa
çatdırmaqla, Bakını işğalçılardan təmizləməklə
Azərbaycan dövlətçiliyinə qardaş töhfələrini
verdi, Azərbaycan xalqını darda
qoymadı.
Qəhrəman türk əsgərlərinin şücaəti
və qanı bahasına Bakı və digər rayonların
azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti
hökuməti öz hakimiyyətini ölkənin bütün
hüdudlarında təmin etdi. Bununla da 1918-ci ilin
martından başlayaraq erməni daşnaklarının və
bolşeviklərin Bakıda və Azərbaycanın digər
bölgələrində birgə həyata keçirdikləri
qanlı qırğınlara və
özbaşınalığa son qoyuldu. Məlum
olduğu kimi, ermənilərin azərbaycanlılara
qarşı həyata keçirdikləri soyqırımı
siyasətinin əsas məğzi xalqımızı cismən
məhv etmək və "Böyük Ermənistan"
xülyasını gerçəkləşdirmək idi.
Amma türk qardaşlığı bu mənfur
planın reallaşmasına imkan vermədi.
Möhtəşəm və tarixi qələbədən
sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin
paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən
Bakıya köçürüldü. Beləliklə,
Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə
start verildi, bir neçə ay sonra isə parlamentə
demokratik qaydalar əsasında seçkilər keçirildi.
Bakının azad olunması həm də türklərin
humanistliyini bir daha sübut etdi. Sentyabrın 16-da parad
qəbul edərək təntənəli şəkildə
şəhərə daxi olan Nuru paşa Bakıda
qalmış rus zabitləri ilə hörmətlə davrandı.
O, nəinki Nargində türk hərbi əsirlərinə
göstərilən amansızlığa görə onlardan
intiqam almağa çalışdı, hətta belə bir
mürəkkəb vəziyyətdə onların ailəsinə
maddi yardım göstərilməsini təmin etdi.
Türk ordusunun Bakını bolşevik-daşnak
işğalından azad etməsi şəhərdə əsl
bayrama səbəb oldu. Məşhur milyonçu və xeyriyyəçi
Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə
təntənəli ziyafət təşkil etdi. Ziyafət indiki Dövlət Filarmoniyasının
binasında keçirildi. H. Z.
Tağıyev türk ordusunun komandanı Nuru paşaya və
onun qəhrəman sərkərdələrinə hədiyyələr
təqdim etdi. Amma Antanta dövlətlərinin
Osmanlı Türkiyəsinə təzyiqi getdikcə daha da
artırdı. Ona görə də
qısa müddətdən sonra türk qoşunları
Bakını tərk etməli oldular.
1918-ci il sentyabrın 15-də Bakının azad olunması
Azərbaycan-Türkiyə dostluğu və
qardaşlığı zəminində müstəsna əhəmiyyət
daşıyan böyük hadisədir. 70 illik
sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü
olaraq yanlış kontekstdə izah olunmasına baxmayaraq Azərbaycan
xalqı türk əsgərinin qəhrəmanlığını
heç vaxt unutmadı, onu qəlbində yaşatdı.
Osmanlı qoşunları Bakının azad olunması
üçün həyata keçirdikləri hərbi əməliyyatlarda
1130 şəhid verdilər. Azərbaycan növbəti dəfə
müstəqillik qazandıqdan sonra hər il
sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda,
Göyçayda və digər rayonlarda ölkəmizin ərazi
bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin
məzarları dövlət səviyyəsində ziyarət
olunur. Hər il Şəhidlər
xiyabanında türk əsgərlərinin xatirəsinə
ucaldılmış abidənin önündə anma mərasimi
keçirlir. Aradan uzun illər keçməsinə
baxmayaraq Türkiyə Ordusu tərəfindən göstərilən
qardaşlıq köməyi heç vaxt unudulmayacaq, Azərbaycan
xalqı tərəfindən daim minnətdarlıq hissi ilə
xatırlanacaq.
Tarixçi
alim, professor, millət vəkili Musa Qasımlı bildirib ki,
Bakının işğaldan azad olunması Azərbaycan
istiqlalının elan edilməsi qədər əhəmiyyətlidir:
Noyabrın əvvəllərində Bakıda Şaumyan
başda olmaqla bolşeviklər hakimiyyət qursalar da, bu, real
gücə malik deyildi. Bolşeviklər antiazərbaycan
siyasəti yeridirdi. Hakimiyyətlərini
möhkəmləndirməkdən ötrü türk-müsəlman
əhalisinə qarşı soyqırımlara
başlamışdı. Bakı Sovetinin əsas
məqsədlərindən biri Bakı neftini əldə
saxlamaq idi. Ona görə də Azərbaycan
ərazilərində kütləvi qırğınlar törətdilər.
1918-ci ilin martında bu qırğınların
pik nöqtəsi başlamışdı.
Bolşeviklərin silahlı dəstələri Azərbaycanın
qərb rayonlarını öz təsirləri altına almaq
üçün genişmiqyaslı əməliyyatlar
aparır. Şamaxı istiqamətində irəliləyən
bolşevik-daşnaklar yollarına çıxan bütün
Azərbaycan kəndlərini çapıb-talayır, dinc əhaliyə
zülm edirdilər. Belə bur vəziyyətdə Nuru
Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu Azərbaycan
Xalq Cümhuriyyətinin köməyinə gəlir”.
«1918-ci ilin avqustunda Denstervilin komandanlıq etdiyi ingilis
qoşunları Bakını zəbt etdi və şəhərdə
Sentrokaspi adlı hökumət quruldu. Sentrokaspinin həyata
keçirdiyi siyasət mahiyyət etibarilə Bakı Xalq
Komissarları Soveti kimi antiazərbaycan xarakteri
daşıyırdı. Çünki Bakı neftinə
sahib çıxmaq, Xəzər dənizini ələ
keçirmək, Mərkəzi Asiyaya gedən yola nəzarət
etmək niyyəti güdən bu hökumət ermənilərə
və digər yad qüvvələrə arxalanırdı»-deyən
M.Qasımlının sözlərinə görə, Bakı
uğrunda mübarizə aparan yalnız Sentrokaspi deyildi,
Rusiyadakı bolşevik hökuməti də türklərin Azərbaycan
paytaxtına daxil olmasını istəmirdi: “1918-ci ilin
iyulundan Qafqaz islam Ordusu artıq
Bakının azad edilməsi istiqamətində hərəkətə
keçmişdi. 1918-ci il sentyabrın 15-də-Qurban
bayramı günündə Bakı
işğalçılardan azad edildi. Şəhər
uğrunda döyüşlər heç də asan getmədi.
Bəzi məlumatlara görə, bu
döyüşlərdə mindən artıq türk əsgəri
və zabiti həlak oldu. Yerli əhalidən
isə şəhidlərin sayı 5 mindən artıq idi”.
M.Qasımlının sözlərinə görə, Qafqaz islam Ordusu Bakının mühasirəsini
çox dəqiqliklə həyata keçirmişdi: «Hətta
ingilis qoşunlarının komandanı Denstervil xatirələrində
etiraf edirdi ki, türk topçuları çox dəqiqliklə
atəş açırdılar. Onların atəşi
Bakıdakı memarlıq abidələrinin heç birinə
ziyan vurmadı».
Araşdırmaçı,
“Bakının qurtuluşu” kitabının müəllifi Nəsiman
Yaqublu isə deyib ki, Nuru Paşanın Bakını azad etməsi
ilə yanaşı, bir faktı da önə çəkmək
vacib məsələlərdəndir ki, burada azərbaycanlıların
rolu, vətənpərvərliyi məhz mühüm rol
oynayıb: “Bu faktor olmasaydı, təbii ki, Nuru Paşa qalib gələ
bilməzdi. O illər Şəkidə yeni bir kitab çap
olundu. “Ya ölüm, ya Türkiyə”. Bu o deməkdir ki, xalq Azərbaycanın,
Bakının azadlığı uğrunda vuruşmağa
hazır idi. Bu, kitab Əbdül Əfəndizadəyə
məxsusdur. Bir məqamı da diqqətə
çatdıraq ki, Bakının qurtuluşunu yaşadan
sonrakı illərdə böyük şəxsiyyətlərimiz,
eləcə də mətbuatımız oldu. Mühacir dövrünü yaşayan
ziyalılarımız da bununla bağlı məqalələrlə
çıxış edirdi. “Yeni Qafqaz”
jurnalı İstanbulda çap olunurdu. 1928-ci
ildə nəşr olunan jurnaldakı fotolar maraq doğurur.
Bakının azad olunması ilə bağlı
jurnalda maraqlı bir türbə öz əksini tapır.
“Odlu yurd” jurnalı da Azərbaycanın
qurtuluşunu yaşadan nümunələrdir. Jurnalda Azərbaycanın xəritələri öz əksini
tapmışdır. 1918-ci il Azərbaycan
xəritəsi çap olunub. Digər jurnal isə
“Azərbaycan yurd bilgisi” və Almaniyada çap olunan
“Qurtuluş” jurnalıdır. “Qurtuluş”da
maraq doğuran “Bir zəfərin ildönümü” məqaləsidir.
O dövrün mətbuatına diqqət yetirsək, görərik
ki, yalnız zəfər, qalibiyyət, qurtuluş ifadələri
işlədilir. Hər bir problemin, məsələnin
açılışında məqaləyə qoyulan adlar da
maraq yaradır. “Bakı məsələsi”, “İstiqlal
zəfərinin dastanı” və s. məqalələrdə
baş verən hadisələr çox əhəmiyyətli
bir şəkildə öz həllini tapıp. Məsələnin
məqalədə qoyulması əhəmiyyət kəsb edir.
Bakının işğal edilməsi ilə bağlı
çox şeirlər, məqalələr yazılıb.
Amma deyərdim ki, o illərdə mətbuatda
çap olunan Əhməd Cavadın “Qalx” əsəri qədər
daha təsirli, nəzmə çəkən olmayıb. Bakının qurtuluşu böyük bir hadisədir.
Bu tarix bizim XX əsr Azərbaycanın istiqlal
mübarizəsi tarixinin ən yüksək zirvəsində
duran hadisədir. Məmmədəmin Rəsulzadə
yazırdı ki, 1918-ci il mayın 28-də
Azərbaycan istiqlalını sülh ilə elan etmişdiksə,
1918-ci il sentyabrın 15-də əməl ilə həyata
keçirdik. Yeri gəlmişkən, bir məqama
da toxunmaq istəyirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin
diplomatik bacarığını qətiyyən inkar edə
bilmərik. Birinci xətt ondan ibarət
oldu ki, 1918-ci ilin iyun ayının 4-də Batumda sülh
müqaviləsi imzalandı. Kitabda
müqavilənin bütün şərtləri də
özünü göstərir. Müqavilənin
4-cü maddəsində göstərilir ki, Azərbaycan
dövləti Türkiyədən hərbi qüvvə istəmək
haqqına malikdir. Bu maddə bizə imkan
verirdi ki, Nuru Paşa və Qafqaz İslam Ordusunu Bakıya dəvət
edək”.
Əli
Xalq Cəbhəsi.-
2015.- 15 sentyabr.- S.8.