Mən Təbrizəm, Şəkiyəm,
Bakıyam...
İbrahim Zahidin,
Rizvanə Behinin, Əli
Daşqının, İsmayıl Məmmədlinin, Nigar Xiyavinin
yaradıcılığı
İnsani hissləri rəngarəng sənət ecazlarına çevirməkdə İbrahim Zahid mükəmməl formalar seçib. Zahidin qəzəlləri yüksək bədii obrazlılığı ilə diqqəti cəlb edir. Onun hər bir beyti poetik fiqurlarla zəngindir, həm də şair poetik fiqurun əlvan məna çalarlarından istifadə edir. Yaradıcılığını məşhur qəzəlxanlar Əliağa Vahidə, Seyidağaya, Əliağa Bakirə nəzirələrlə başlamış Zahidin qəzəllərində rədif şeirin məna gözəlliyinə nəinki xələl gətirmir, əksinə, qafiyə və vəhdətdə onun ritminə bir axıcılıq, ahənginə bir səlislik verir. İnsanı gözəllik vəslinə və gözəlliyə tapınmaq həsrətiylə çırpınan, həyəcanlar keçirib narahat olan “mən”in – lirik qəhrəmanın qəlbinə hakim böhranlı halların təsvirinə həsr edlmiş, əslində isə həyatın təsdiqi mahiyyətini daşıyan qəzəllər Zahid yaradıcılığında kifayət qədərdir...
Tuti necə ki, şövq ilə hər an şəkər istər,
Şəhdi ləbini ləblərin ondan betər istər.
Mən əzmi vüsal eyləmişəm, qorxu nə lazım?!
Hər müşkül olan məqsədə çatmaq xətər istər.
Bezmir ürəyim yansa da hey atəşi eşqdə,
Yandıqca yenə yanmağa səndən şərər istər.
Bir köhnə məsəl var, atalar böylə deyiblər,
Əmaqə dözər kim ki, dənizdən gövhər istər.
Sən sanma ki, kuyində həyatın hədər etdin,
Zahid səri kuyində həyatın hədər istər...
Məlum məsələdir ki, sənət əsərində forma ideya-tematik məzmunun ifadəsi üsulu kimi qiymətləndirilir. Ona görə də bədii növ, janr, dil kimi komponentlər forma elementləri hesab olunur. Janr, forma, məzmun hər bir əsərin fəal komponentləri olmaqla bərabər, sənət həqiqəti üçün də olduqca mühüm və vacib şərtlərdəndir. Bütün dünya ədəbiyyatında olduğu kimi Güney Azərbaycan poeziyasında da bu öz əksini tapıb. Lakin bununla yanaşı ədəbiyyatın, o cümlədən şeiriyyatın əsas aparıcı komponenti dildir. Hamıya bəllidir ki, Azərbaycan dili iltisaqi dillər qrupuna daxildir. Bu dilin xüsusiyyəti söz vurğusu ilə bağlıdır. Yəni vurğu bir qayda olaraq sözün son hecasına düşür. Lakin Azərbaycan şeirində ritmik imkan bir sıra xüsusiyyətlərlə zənginləşdirilir. Əvvəla, milli dil öz daxili imkanları hesabına zənginləşir, eyni zamanda dildə yeni sözlər yaradılır. İkincisi, flektiv dillərdən bir çox sözlər dilimizə daxil olur ki, onlar şeirin ahəngində keyfiyyət dəyişmələri əmələ gətirir.
Azərbaycan şeirində daim vəzn ölçüləri ilə formalaşan şeirlər xalqın dilinin əzbəri olub. Belə ki, əsasən əruz və heca vəzninin imkanları daha genişdir. Bu vəznlərdə bizim milli şeirimizin ən mühüm tarixi dövrü təmsil olunub. Artıq uzun illərdir ki, Güney Azərbaycanda da şairlərimiz bu vəznlərdə öz bədii düşüncələrini ilhamla sənət dilinə çevirə bilirlər. Bu vəznlər xalqımızın hiss və fikrinin poetik şəkildə ifadəsi üçün çox mü¬nasibdir. Xalqımızın poetik duyğuları hecalı, eyni zamanda rədifli və qafiyəli vəznlərə həddən artıq yaxındır. Çağdaş poeziyada hər iki vəzndə qələmlərini sınayan güneyli şairlər, hər iki vəzndə də mükəmməl sənət əsərləri yaradıblar.
Məlum məsələdir ki, şeirin qüdrəti onun hansı vəzndə yazıl¬masında deyil, yüksək səviyyədə yazılmasındadır:
Ayrıldıq çörəkdən çörəklənəndə,
Soyulduq tənədən çiçəklənəndə.
Dirçəlib-dirçəlib babəklənəndə,
Tutulub satıldıq biz iki qardaş.
Əli Daşqının heca vəznində dördlük (mürəbbe) yazdığı bu şeir orijinal üslubla yazılıb. Şairin üslubunu qüvvətləndirən, onun şeirindəki emosionallığı gücləndirən mühüm bədii vasitələrdən biri də təkrirdir. Cağdaş güneyli şairlərinin şeirlərində çox zaman bədii təkrir şeirin ahəngini, ritmini qüvvətləndirmək üçün işlədilir:
Mən Təbrizəm, mən Şəkiyəm, mən Bakıyam,
Mən Zəncənam, Mən Mərəndəm, Mən Sərabam.
Urmuluyam, Ərdəbiləm, Mən Arazam
Marağayam, Gəncə, Şuşa, Lənkəranam.
Mən Miyana, Naxçıvanam, Astarayam, Mil-Muğanam…
Şair İsmayıl Məmmədli
coşğun bir əhval-ruhiyyəni vermək
üçün bədii
təkrirdən istifadə
edib. Məlum məsələdir ki, heca vəznində
ritmdən əlavə
qafiyə də şeirin mühüm əlamətidir. Güneyli
şairlərin şeirlərində
də qafiyələr
konkret lövhələr
yaradır:
Dəniz
sahilində yadıma düşdün,
Sən ey gəncliyimin anası Bakı.
Ayrı
bir torpaqda sənlə görüşdüm,
Ömrümün nağıl tək səfası Bakı.
Burda da dalğalar dəyir sahilə,
Sənin sahilinə dəydiyi kimi.
Deyir
hay-harayla,o gur səsiylə,
Mənim sənə olan əzəl eşqimi.
Fikrə
getmişəm mən
donub yerimdə,
Sən də bu sualların o tayındasan.
Duyuram havanı bircə ləhzədə,
Xəyalda keçmişi adlayan zaman.
Unudub bir anda bu
uzaqlığı,
Uşaq tək sahildə qaçmaq istərəm.
Qoşulub sudakı qağayılara,
Sənin sahilinə uçmaq istərəm.
Xatirə
ölməyir yaşanır
illər,
Qurub vaxtı
əziz dəqiqələrdə.
Nəsə gəncliyimə qayıdıram
mən,
Dəniz üfüq ilə qovuşan yerdə.
Rizvanə Behin xanımın bu şeirində xəyal, sevinc, kədər, ümid kimi psixoloji hallar olduqca canlı lövhələrə
əks olunub. Rizvanə
Behin xanım bir çox şeirlərində həyatiliyi,təbiiliyi pozmadan şeirin əsas ideyasını və mündəricəsini olduqca
təsirli və dolğun şəkildə
ifadə edir. Rizvanə xanımın poeziyasının
əsas mündəricəsini,
estetik idealını təşkil edən həyati fikirlərə sadəcə olaraq nidalar kimi baxmaq
olmaz. Hissi konkretlik, obrazlılıq
onun poeziyasının
əsas bədii xüsusiyyətidir. Şairə
lirik və epik şeirlərində şeirin müxtəlif şəkillərinə müraciət
edir, bu da onun əsərlərindəki
sözlərə, mükamilərə
dramatizm verir və bədii boyaları olduqca parlaq şəkildə nümayiş etdirir...
Şeirlərini süjet üzərində
quran Rizvanə xanımın əsərləri
poetik formalar cəhətdən də çox əlvandır. Bütün
bunlar Rizvanə xanımın Azərbaycan
ədəbi prosesində
xüsusi çəkisi
olmasını göstərir...
Özünü Şəhriyarın, Səhəndin
mənəvi övladı
sayan Nigar Xiyavi şeirlərində
sələflərinin saf
ənənəvi poetik
formalarına və janrlarına olduqca ustalıqla müraciət
edir. Ancaq Nigar xanım bununla kifayətlənmir, çox
zaman yeni orijinal şəkillər icad edir və
şeirə bədii suallarla yekun qoymaqla dərin fəlsəfi məna verir:
Hərdən ağır anlarla
biz
Rast gəlirik
dəniz-dəniz.
Nə üzməli, nə dözməli,
Çırpın görək, yazıq
ürək,
Bu həsrətə necə dözək?...
Yaradıcılığında xalq şifahi şeiri şəkillərindən incəliklə
istifadə edən Saplağın şeir şəkillərinə yaradıcı
münasibəti şeir
dilini zənginləşdirir,
ahəngdarlığı artırır
və lazım gələn yerdə şəkillə bağlı
olan sünilikdən xilas edir:
Nəyi nəyə bölürük?
Əslən nəyi bölürük?
Çoxu
aza böləndə,
Azın kefi saz olur.
Azı çoxa böləndə
Çoxun payı az olur.
İstəkləri böləndə
Artır,
məhəbbət artır,
Qəzəbləri böləndə.
Nifrət qat-qat artır.
Eləsi var bölüm mən?
Ölümə də dözürlər.
Bölənlərə qoşulub
Diyə-gülə gəzirlər.
Ömür günə bölündü,
Zəhərli hicran payı,
Bizim elə bölündü.
Çağdaş Güney Azərbaycan şairlərinin üslub xüsusiyyətlərini müəyyənləşdirmək
üçün hər
şeydən əvvəl
nəzərdə tutmaq
lazımdır ki, bu şairlərin yaradıcılığa başladığı
dövr bədii forma,
xüsusən bədii
dil, üslub sahəsində yeni axtarışlar dövrüdür. Bu şairlər
qarşılarına bir
tərəfdən indiyə
qədər Azərbaycan
və fars ədəbiyyatında işlənməmiş
yeni janrların ilk nümunələrini yaratmaq,
digər tərəfdən
Şəhriyar kimi siyasi, ictimai-fəlsəfi
lirikanın və liro-epik şeirin, məsnəvinin, bir sözlə yeni keyfiyyətə malik olan şeiri şəkil, dil üslubca yeniləşdirmək
vəzifəsini qoymaqdadırlar.
Təbii ki, yeniliklər öz müxtəliflikləri
ilə bərabər sənətə dil, üslub yeniliyi də gətirməlidir. Bu yenilik isə birdən-birə göydəndüşmə,
asan yolla yaranmır. Buna nail olmaq
üçün ədəbi
ənənələrə, eləcə də Azərbaycan klassik və xalq şeirinin
dil, üslub ənənələrinə istinad
edib onları inkişaf etdirmək, əsrin tələblərinə,
yeni estetik zövqlərə və yeni janr tələblərinə
uyğun olaraq müasirləşdirmək lazımdır.
Məlumdur ki, Azərbaycan
klassik şeirində Nəsimi, Xətai və Füzulidən başlamış XIX əsrin
axırlarına qədər
şeirin çox işlənmiş janrlarından
olan qəzəl, qəsidə, məsnəvi
çox möhkəm
ənənəvi dil və üslub xüsusiyyətlərinə malik
idi. İstər qəzəl, istərsə
də qəsidə və məsnəvilərin
dilində çoxlu ərəb və fars tərkibləri,
sözlər, ifadələr
işlədilir, canlı
danışıq dilindən
istifadə etməklə
bərabər, arxaik sözlər və obrazlar da mühüm
yer tuturdu. Xüsusən o zamana görə ən yüksək klassik şeir dili sayılan Fizuli dili və üslubu,
qəzəl, qəsidə
və məsnəvidə
nəinki klassik üslubda yazan XVII-XVIII əsr şairləri, hətta Seyid Əzim kimi XIX əsr şairləri üçün də nümunə sayılırdı.
XVII-XVIII əsr şairlərinin,
istərsə də Seyid Əzim və onun müasirlərinin
qəzəl və məsnəvilərində müəyyən
söz,ləfz və məna yenilikləri, leksik, semantik yeniliklər olduqca qabarıq şəkildə nəzərə
çarpırdı. Fars poeziyasının
və ümumiyyətlə,
fars dilində
yaranan ədəbiyyatın
güclü təsirinə
məruz qalan Güney Azərbaycan şairlərinin əsərləri
ilə ənənəvi
dil, üslub xüsusiyyətlərində böyük
bir dəyişikliyə
uğramadan yaşayırdı.
Lakin bu vəzifənin öhdəsindən
gəlmək o qədər
də asan deyildi...
Vüqar Əhməd
Professor
Xalq Cəbhəsi.- 2015.- 16
sentyabr.- S.14.