AXC dövründə daxili siyasət
hüquqi dövlət quruculuğu ilə bağlı beynəlxalq
prinsiplərə əsaslanırdı
Azərbaycan Xalq Cümhuriyyəti dövründə
daxili siyasətlə bağlı problemlərin həll
olunması istiqamətində görülən işlər gənc
dövlətin hüquqi dövlət quruculuğu istiqamətində
dünyaya nümunə kimi təqdim oluna bilər. Araşdırmaçı
A.İbrahimova bildirir ki, Azərbaycan hökuməti ölkənin
içtimai, siyasi, iqtisadi və mədəni həyatının
müxtəlif sahələrindəki quruculuq işlərini
genişləndirməyə başladı. F.X.Xoyski hökuməti Müəssisələr Məclisinin
çağrılması üçün hazırlıq
işləri aparırdı. Onun təklifı ilə Azərbaycan
Milli Şurası öz işini bərpa etdi və Məclisin
çağrılmasını öz üzərinə
götürdü: “Azərbaycan Milli Şurasının 1918-ci
il noyabrın 19-də keçirilən
ikinci iclasında (1-ci iclas 16 noyabr) Azərbaycanın ali
qanunverici orqanının yaradılması haqqında qanun qəbul
edildi. Bu qanuna əsasən təkpalatalı
parlament 120 nəfərdən ibarət olmalı idi. Milli
Şuranın 44 üzvündən əlavə ölkə əhalisinin
əksəriyyətini təşkil edən yerli müsəlman
əhalisindən (2,75 mln. ümumi əhalinin
1,9 mln-u) daha 36 nümayəndə seçilməsi nəzərdə
tutulurdu. Ölkə əhalisinin çoxmillətli
tərkibi nəzərə alınaraq ermənilərə
(sayları 500 min) gələcək parlamentdə 21 yer
ayrılırdı. Bakıdan olan rus milli
şurasına 10 yer ayrılmışdı (ruslar 230 min idilər).
Milli azlıqlardan almanlara, yəhudilərə,
gürcü və polyaklara - hərəsinə 1 yer verilirdi.
Bakı həmkarlar təşkilatına 3,
Bakı neft sənayeçiləri şurası və Ticarət-sənaye
ittifaqına - 2 nəfər yer verilmişdi”.
Nümayəndələr birbaşa və qapalı
seçilə bilərdilər. Qadınlara da islam
aləmində ilk dəfə olaraq seçib-seçilmək
hüququ verilirdi: “Bolşeviklər parlamenti baykot elan etdilər.
Rus Milli Şurasının bir qrup üzvü
onun tərkibindən çıxıb, Rus-Slavyan cəmiyyəti
deyilən bir təşkilat yaratdılar. İstiqlalı
qəbul etməsələr də, öz nümayəndələrini
parlamentə göndərmək qərarına gəldilər.
Bir sıra şəhər və mahallarda
seçkilər başa çatdırılmamışdı.
Odur ki, qanunda nəzərdə tutulduğu 120
deputatın əksəriyyətinin toplanması ilə
parlamentin açılışı oldu. Parlamentin ilk
iclası 1918-ci il dekabrın 7-də oldu. İclası Milli Şuranın sədri M.Ə.Rəsulzadə
açdı. İclasda Tomsonun nümayəndəsi,
İranın baş konsulu, onun maliyyə müşaviri,
Dağlılar hökumətinin sədri Q.Çermoyev, Gürcüstanın
nümayəndəsi Karsevadze, Araz respublikasının
nümayəndəsi P.Əliyev iştirak edirdi. Ş.Rüstəmbəyovun təklifı ilə
Ə.Topçubaşov parlamentin sədri, müavini
H.Ağayev, katibi isə R.Vəkilov seçildi.
Nazirlər Şurasının sədri F.X.Xoyski müvəqqəti
hökumətin istefası ilə bütün hakimiyyətin
parlamentə təhvil verildiyini elan etdi. Parlament tərəfindən
istefa qəbul edildi. İttihad
partiyasının üzvü Q.Qarabəylinin parlamentin
açılışı münasibəti ilə siyasi məhbuslara
əfv verilməsi təklifı qəbul edildi. Daha sonra mandat, təsərrüfat, reqlament
komissiyaları üzvlərinin seçilməsi ilə təsis
iclası bağlandı. Sonrakı iclaslarda maliyyə -
büdcə, qanunvericilik təklifləri, aqrar, fəhlə, hərbi
işlər və s. komissiyalar yaradıldı.
Parlamentdə hökumətin təşkili məsələsi
yenə F.X.Xoyskiyə tapşırıldı. Lakin o, səhhətinin
pis olması ilə əlaqədar bundan imtina edirdi. Lakin dekabrın 18-də parlament Xoyskidən belə
bir ağır günlərdə kabinənin təşkilini
öhdəsinə almağı israr etdi. F.X.Xoyski 10 nəfərdən
ibarət kabinənin tərkibini və iş proqramını
hazırlayıb parlamentin müzakirəsinə verdi.
Kabinetdə yalnız İttihad partiyası
iştirak etməkdən boyun qaçırdı. Dekabrın 26-da F.X.Xoyski kabinəsi təsdiq edildi”.
Araşdırmaçı
vurğulayır ki, 1919-cu il iyulun 21-də
Azərbaycan Respublikasının Müəssisələr Məclisinə
seçkilər haqqında əsasnamə qəbul edildi. Əsasnamə 4 fəsildən, 116 bənddən ibarət
idi. Əsasnaməyə görə Müəssisələr
Məclisinə seçkilərdə cinsindən, dilindən,
milliyyətindən asılı olmayaraq 20 yaşına
çatmış bütün respublika vətəndaşları
iştirak edə bilərdilər. Seçkilər aprelin
20-nə (1920-ci il) təyin edildi. Lakin o
zaman Bakıda baş verən hadisələr buna mane oldu: “Azərbaycan
öz müstəqilliyini elan etdikdən sonra ordunun
yaranması məsələsini ən mühüm məsələ
kimi irəli sürmüşdü. 1918-ci ilin iyun
ayında Azərbaycanda hərbi vəziyyət elan edildi.
Müsəlman korpusu «Əlahiddə Azərbaycan
korpusu» adlandırıldı. Burada xidmət,
zabit kadrları hazırlamaq üçün qısa müddətli
kurslar açıldı, məcburi hərbi mükəlləfiyyət
haqqında fərman verildi”.
Dekabrın
25-də general S. Mehmandarov hərbi nazir, bir neçə
gün sonra isə Ə.Şıxlinski müavin təyin
olundu: “Çox mürəkkəb şəraitdə fəaliyyət
göstərməsinə baxmayaraq Azərbaycan hökuməti
və parlamenti xalqın milli dövlətinin yaranmasını
əbədiləşdirmək üçün elm, təhsil,
xalq maarifı və səhiyyə məsələlərinin
inkişafını da diqqət mərkəzində
saxlayırdı. AXC yarandığı ilk
gündən maarif işlərinə xüsusi fikir verirdi.
1918-ci il 30 iyun qərarına əsasən
Gəncədə Xalq Maarif Nazirliyinin dəftərxanası təşkil
edildi. N.Yusifbəyli maarif naziri təyin
edilmişdi. Nazirliyin ilk tədbirlərindən biri
1918-ci il 22 sentyabr sərəncamına
görə məktəblərin milliləşdirilməsi
oldu. 1918-ci il 28 avqust qərarına görə
bütün məktəblərdə tədris Azərbaycan
dilində keçirilməli idi. Başqa millətlərdən
olan uşaqlar üçün rus dilində məktəblər
açılması nəzərdə tutulmuşdu. Bu məktəblərdə Azərbaycan dilinin tədrisinə
xüsusi əhəmiyyət verilirdi. Ana
dili həftədə 4 dəfə tədris edilməli idi.
Müəllimlərə olan ehtiyacı ödəmək
üçün 1918-ci ildə Gəncədə, Şəki,
Zaqatalada qısa müddətli pedağoci kurslar təşkil
edildi və 150 nəfər kurslara qəbul edildi. Bundan əlavə
Nazirlik Qori Müəllimlər Seminariyasının Azərbaycan
şöbəsinin müstəqil bir seminariya kimi Qazaxa
köçürülməsi haqqında qərar qəbul
etdi.
Kadrlar
hazırlamaq üçün 1918-ci ildə Göyçayda,
Ağdamda, Nuxanın Qutqaşen kəndində ali
ibtidai məktəblər açılması haqqında qərarlar
qəbul edildi. 1918-ci ildə Zaqatalada 25 ibtidai məktəb
açmaq üçün nazirlik 100 min manat pul
ayırmışdı,1919-cu ilin yayında Bakı, Gəncə,
Şəki, Şuşa, Qazax, Qusar, Salyan, Zaqatalada qadın və
kişilər üçün pedağoci kurslar
açıldı.
1918-ci ildə Türkiyə ilə bağlanan 4 iyun
müqaviləsinə görə nazirlik Türkiyədən
50 müəllim dəvət etmişdi. 1919-cu il
oktyabrın əvvəllərində həmin müəllimlər
Azərbaycana gəlib müəllimlik fəaliyyətinə
başlamışdılar. Azərbaycan dilində
dərsliklərin yazılması və nəşri
üçün də xüsusi komissiya
ayrılmışdı. Türkiyədən
də dərsliklər alınırdı”.
Azərbaycan hökuməti ali təhsilin təşkili və yüksək ixtisaslı kadrların hazırlanmasını ən əsas vəzifə hesab edirdi: “Bakı Universitetinin, Konservatoriyanın, Pedaqoji İnstitutun, Gəncədə Kənd Təsərrüfatı İnstitutunun açılması planlaşdırılırdı. Siyasi şəraitin əlverişsizliyi və maliyyə çətinlikləri üzündən yalnız bir ali məktəbin - Bakı Universitetinin yaradılması üçün imkan əldə edildi. Azərbaycan Xalq Maarifı nazirinin müavini Həmidbəy Şahtaxtinski görkəmli rus alimi, Cənubi Qafqaz Universitetinin rektoru Razumovskiyə müraciət edərək Bakı Universitetinin təşkili üçün kömək göstərməsini xahiş etmişdi. Razumovski dəvəti qəbul etmiş və yaradılan komissiyanın sədri seçilmişdi. 1919-cu il mayın 19-da komissiya təsdiq edilir. Mayın 31-də isə komissiya Bakı Universitetinin yaradılması haqqında qanun layihəsini, universitetin nizamnaməsini, onun xərclərini Xalq Maarif Nazirliyinə təqdim etmişdi. Universitetin yaradılması haqqında layihə 1919-cu ilin iyul-avqust aylarında qanunvericilik, maliyyə-büdcə komissiyalarında, parlamentin ümumi iclaslarında müzakirə edildi. Universitet komissiyası avadanlıq, təşkilati və quruculuq işlərinə 3,5 mln. rubl verilməsini xahiş etdi. Maarif naziri Kaplanov həmin məbləği 5 mln.rubl artırmağı lazım bildi. Universitetin açılması məsələsi mübahisələr doğurdu. Mübahisələr universitetin rus dilində açılması məsələsində fikir müxtəlifliyinin mövcud olduğunu göstərdi. Əhrar, İttihad, bitərəf müsəlman qrupu universitetin rus dilində açılması əleyhinə çıxdılar. Universitetin yaradılması işində M.Ə.Rəsulzadə, H.Ağayev, Ə.Pepinov, S.Ağamalı oğlu, C.Hacinski fəal iştirak edirdilər. Tanınmış maarifçi Məmmədağa Şahtaxtinski «Azərbaycanda Universitet» məqaləsində qeyd edirdi ki, Bakıda Universitetin açılması zəruridir. Rus dilində açılacaq Universitet tədricən milliləşdiriləcək və türkləşdiriləcək. Universitet Azərbaycan dövlətinə və türk mədəniyyətinə xidmət edəcək.
1919-cu il sentyabrın 1-də parlament Bakı
Universitetinin yaradılması haqqında qanunu qəbul etdi. Həmin
iclasda 1919/20-ci tədris ili
üçün xarici ölkələrin ali məktəblərinə
100 abituriyent və tələbə göndərilməsi
haqqında qətnamə qəbul edildi. Bu tələbələr
üçün Maarif Nazirliyinin sərəncamına dövlət
xəzinəsi vəsaitindən 7 mln. rubl.
ayrılırdı: Avropaya göndərilən hər bir adam
üçün hər ay 400 frank təqaüd, 1000 firank da
yol xərci, Rusiyaya göndərilən hər bir adam
üçün hər ay 3 min rubl təqaüd, 3 min də
yol xərci. Hökumət təqaüdündən istifadə
edən tələbələr təhsil müddəti
qurtardıqdan sonra hökumətin müəyyən etdiyi yerdə
4 il xidmət etməli idi. 100 nəfərdən
10-u İngiltərəyə, 23-ü İtaliyaya, 45-i Fransaya,
9-u Türkiyəyə, 13-ü Rusiyaya göndərilməli
idi”.
Qanuna görə universitetdə 4 fakültə açılmalı idi: tarix-filologiya, tibb, fızika-riyaziyyat, hüquq: “Lakin bir il müddətinə iki fakültə üçün (tarix-fılologiya, tibb) ştat, smeta müəyyən edildi. Bütün fakültələrdə azərbaycan dilinin keçilməsi məcburi idi. Qəbul zamanı Azərbaycan vətəndaşlarına üstünlük verilirdi. Rektor 3 il müddətinə seçilir və nazirlik tərəfındən təsdiq edilirdi. 1919-cu ilin 15 noyabr günü universitetdə birinci dərs günü elan edildi. Bakı Dövlət Universitetinin açılması Azərbaycan hökumətinin mədəniyyət sahəsindəki böyük qələbəsi idi.
1919-cu il oktyabrın 1-dən Qarabağın erməni məktəbləri üzrə xüsusi müfəttişlik yaradıldı və R.N.Şahnazarov müfəttiş təyin edildi. Nazirlər Şurası Qarabağda yaşayan ermənilərin mədəniyyət, xalq maarifı sahəsində öz müqəddəratını təyin etməsi üçün şərait yaratmış, bunu hüquqi cəhətdən əsaslandıraraq 23 maddədən ibarət əsasnamə təsdiq etmişdi. Əsasnamədə deyilirdi ki, Qarabağda olan erməni məktəbləri Şuranın rəhbərliyi altında muxtariyyətə malikdirlər”.
Uğur
Xalq Cəbhəsi.-
2015.- 16 sentyabr.- S.13.