Nə əcəb düşübdü yeri Dərbəndin...

 

Dəmir qapı Dərbənddən soraqlar

 

I yazı

 

AMEA Folklor İnstitutunda “Dərbənd folklor örnəkləri” (1-ci kitab, Bakı, “Elm və təhsil” nəşriyyatı, 2014, 368 səh.) kitabı işıq üzü görüb. Layihə rəhbəri AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov), toplayanlar, tərtib edənlər: Məhərrəm Qasımlı, Oruc Əliyev, Rza Xəlilov, elmi redaktoru Aynur Hüseynovadır. “Ön söz”də vurğulanır: “Dünyanın qədim mədəniyyət mərkəzlərindən olub Əl-Bab (“Qapı”), Əl-Bab-əl-hədid (“Dəmir qapı”) və s. kimi adlarla tanınan Dərbənd şəhəri antik dövrlərdən başlayaraq tarix boyu Azərbaycanın, o cümlədən Yaxın və Orta Şərqin iqtisadi-siyasi həyatında mühüm rol oynayıb. Şəhərin ərazisində aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılmış maddi mədəniyyət abi¬dələri hələ eramızın I-III yüzilliklərində Dərbəndin Yaxın Şərqin bir sıra ölkələri ilə iqtisadi əlaqələr saxladığını göstərir. Dərbəndin beş min ildən artıq tarixə malik olması qədim və orta yüzilliklərə aid mənbələrdə də qeyd olunub.

Adı Gəncə, Naxçıvan, Şirvan, Şəki, Bərdə ilə yanaşı çəkilmiş Dərbənd tarix boyu Azərbaycanın şimal sərhədi olaraq özünün Narın qalası ilə müxtəlif qəsbkarların hücumlarına sinə gərib. Yazılı qaynaqlar Dərbənd qalasının tikilişini VI yüzilliyə - Sasanilər dövrünə aid etsə də, aparılmış qazıntılar hələ eramızdan öncə VIII-VII yüzilliklərdə burada qala-istehkamın olduğunu təsdiq edir. Qalanın tikilməsi barədə məlumat yalnız tarixi qaynaqlarda deyil, müxtəlif əfsanə və rəvayətlərdə də özünəməxsus şəkildə qorunub. Nizami Gəncəvinin Dərbənd qalasının tikilişini İsgəndər Zülqərneynin adı ilə bağlaması onun xalq arasında gəzən rəvayətlərdən faydalandığını göstərməklə yanaşı, Dərbənd qalasının tarixinin daha əski çağlara gedib çıxmasından da xəbər verir. Sonralar XVII yüzilliyin saz-söz şairi Abbas Tufarqanlının:

 

 

Ay ağalar, gəlin tərifin deyim,

Nə əcəb düşübdü yeri Dərbəndin.

İsgəndər əlilə olub bərqərar,

Çəkilibdi bürcü-barı Dərbəndin

 

- deməsi, bu mövzuda olan rəvayətlərin xalq arasında nə qədər dərin kök saldığını göstərməkdədir. Ərəb tarixçisi Əl-Balazuri Dərbənd qalasının I Xosrov Ənuşirəvanın hakimiyyəti illərində (531-579) şəhəri köçəri xalqların aramsız hücumlarından qorumaq məqsədi ilə tikilməsini qeyd edib. Dərbəndin coğrafi cəhətdən əlverişli mövqeyi, ticarət yolları üzərində yerləşməsi Roma, Bizans, İran kimi qüdrətli dövlətləri özünə cəlb edib, onlar arasında qızğın müharibələrə səbəb olub. Sasanilər dövləti eramızdan əvvəl III-I yüzilliklərdə Azərbaycan ərazisində yaranmış Qafqaz Albaniyasının şəhərlərindən olan Dərbəndi, Roma imperatorluğu ilə uzun sürən müharibədən sonra - IV yüzillikdə istila edə bilib.

Ərəb tarixçilərindən Ət-Təbari və İbn Əl-Əsirin yazdıqlarına görə, sonuncu Əməvi xəlifələrindən Hişamın hakimiyyət illərində (724-743) ərəb sərkərdəsi Məsləmə ibn Əbd Əl-Məlikin başçılıq etdiyi ərəb qoşunları xəzərlərin müqavimətini qıraraq Dərbəndi fəth edə bilib. Məşhur şərqşünas Qustav Edmund fon Qryunebaum qeyd edir ki, xəzərlər təqribən yüz il ərəblərin Dərbənd üzərinə yürüşlərinə qarşı şiddətli müqavimət göstəriblər.

XIII yüzilliyin ikinci yarısında Dərbənd Yaxın Şərqin ən inkişaf etmiş ticarət mərkəzlərindən birinə çevrilib və IX yüzilliyin sonu, X yüzilliyin başlanğıcından etibarən ərəb xilafətinin hökmranlığından azad ola bilib. Bəllidir ki, ərəb xilafətinin dağılmasından sonra Azərbaycanda müxtəlif feodal dövlətlər yaranır. Bu dövrdə yaranmış Səlarilər dövlətinin hüdudları Dərbənddən Marağayadək uzanırdı. Artıq XIII yüzillikdə Dərbənd Şirvanşahlar dövlətinin tərkibində idi. Təsadüfi deyil ki, bu dövrün tarixçilərindən Həmdullah Qəzvini və Şərəf əd-Din Əli Yəzdi öz əsərlərində Dərbəndi gah “Şirvan Dərbəndi” (Dərbəndi-Şirvan), gah da “Bakı Dərbəndi” (Dərbəndi-Bakı) adlandırırdılar”.

Dərbənd XIV-XV əsrlərdə monqol və tatarların tapdağı altında qalıb: “1538-ci ildə Şirvanşahlar dövləti ləğv olunub, Şirvan bəylərbəyliyi kimi Səfəvilər dövlətinin tərkibinə daxil oldu. Bu dövrdə Şirvan bəylərbəyliyinin əyalətlərindən biri olan Dərbənd, Osmanlı və Səfəvilər dövləti arasında gedən uzunmüddətli vuruşların mərkəzində dururdu. XVIII yüzilliyin iyirminci illərində I Pyotrun dövründə müstəmləkəçilik siyasətinə başlayan çar Rusiyasının qoşunları ilk dəfə olaraq Dərbəndin ətrafında göründülər. 1722-ci ilin 23 avqustunda I Pyotrun qoşunları Dərbəndə daxil oldu. Bağlanmış müqaviləyə əsasən, İran Dərbəndi çar Rusiyasına güzəştə getdi. 1735-ci ildə rus qoşunları Dərbəndi tərk etdilər. Elə həmin vaxt Nadir şahın qoşuları Dərbəndə daxil olub, şəhəri tutdular. XVIII yüzilliyin ortalarında Azərbaycanda bir çox xanlıqlar yaranmışdı ki, onlardan biri də Dərbənd idi. Həmin yüzilliyin sonu və XIX yüzilliyin əvvəllərində Azərbaycan xanlıqları rus qoşunlarının hücumuna məruz qaldı. Dərbənd 1806-cı ildə Rusiyaya ilhaq edildi”...

“Ön söz”də daha sonra vurğulanır ki, Azərbaycan folklorunun yayılma arealı respublikamızın indiki inzibati-coğrafi ərazisindən daha geniş olub, qərbdə Borçalı, Göyçə mahallarını, cənubda Cənubi Azərbaycanı, şimalda Dərbəndi əhatə edir. Sanki bu folklor atlası vətənimizin real tarixi sərhədlərini əks etdirir. Lakin bu xəritə öz tarixi həqiqətinə baxmayaraq, uzun müddət “ağ ləkə”lərlə örtülü olub: “Dərbənd şəhəri və onun ətraf kəndləri uzun illər qapalı bir ərazi kimi fəaliyyət dairəsindən kənarda qalmışdı. 1987-1989-cu illərdə Ədəbiyyat İnstitutunun folklor şöbəsinin Dərbəndə və onun ətraf kəndlərinə təşkil etdiyi ekspedisiyalar vaxtı toplanıb yazıya alınmış, şifahi ədəbiyyat nümunələri əsasında tərtib edilmiş bu toplu - çoxcildli “Azərbaycan folkloru antologiyası” silsiləsindən olan, həmin regionun xalq ədəbiyyatı nümunələrini sistemli şəkildə özündə cəmləşdirən ilk kitabdır. Tərtib işinə daxil edilmiş folklor örnəkləri təmsil etdikləri janrların ümumi tipoloji xüsusiyyətləri, özünəməxsusluğu haqqında geniş təsəvvür yaratmağa imkan verir. Toplanılmış folklor örnəklərindən bəlli olur ki, sınamalar, ovsunlar kimi arxaik nümunələr dərbəndlilərin gündəlik həyatında möhkəm yer tutub. Onlar yerli əhalinin məişət və təsərrüfat həyatı barədə geniş təsəvvür yaradır. Ümumiyyətlə, arxaik janr və növləri səciyyələndirən cəhətlərdən biri onların folklor və etnoqrafiya ilə eyni dərəcədə bağlılığıdır. Bu nümunələr bu və ya digər məqsədlə icra edilən müəyyən magik hərəkətlərdir. Bu hərəkətlərin icrası isə özünəməxsus daxili ritmik nəğmələrlə müşayiət olunur. Bu poetik parçalar çox vaxt ovsun, cadu xarakteri daşıyır. Arxaik janr və növlərdə hərəkətlə sözün vəhdəti bu janrların təkamül mərhələsinin ilkin çağlarında daha çox sinkretik mahiyyət daşıyıb. Dərbənd folklorunun qədim janrlarından biri olan mərasim nəğmələri əcdadlarımızın dünyagörüşünü, təbiətin əsrarəngiz sirlərinə dair inam və baxışlarını poetik bir dillə təcəssüm etdirir. Bu nəğmələr yerli əhali arasında geniş yayılıb, onların gündəlik həyat və məişətinin müxtəlif sahələrinə sirayət edib. Sözün qüvvəsinə inamdan yaranan mərasim nəğmələri folklorşünaslığımızda qəbul olunmuş təsnifata görə iki bölümə ayrılır: mövsüm və məişətdə ifa olunanlar. Bu təsnifatın əsasını mərasimin insan və cəmiyyət, kollektiv insan və təbiət, ətraf mühit münasibətlərini nizama salmaq, tarazlamaq funksiyası təşkil edir. Göstərilən təsnifat təqdim olunan mərasim nümunələrinin mətnləri ilə də səsləşir. Mövsüm mərasimləri ilin müxtəlif fəsillərində qədim insanın əkinçilik, maldarlıq, qoyunçuluq və s. kimi təsərrüfat və əmək fəaliyyəti ilə bağlı icra olunub”.

Məişət mərasimləri isə hər şeydən əvvəl insan həyatının bütün mərhələlərini əhatə edən doğum, evlənmə və yas təranələrinə aiddir: “Mərasimlər insan doğulduğu gündən həyatı boyu ona yol yoldaşlığı edir. İnsanın doğuluşu ilə bağlı icra edilən mərasimlər qədim insanın təsəvvürünə görə, onu əhatəsində yaşadığı şər qüvvələrdən qorumalı idi. Bu baxımdan yeni doğulmuş uşağın qırxının çıxması münasibətilə icra edilən “qırx açar camı” mərasimi xüsusi maraq doğurur. Qədim insanın təbiət və daha geniş mənada deyilsə, dünya, cəmiyyət haqqında ibtidai təsəvvürlərini əks etdirən əfsanələr müəyyən məqamlarda janr və məzmun baxımından rəvayətlərlə çarpazlaşır. Bu, cəmiyyətin inkişafının əfsanə və rəvayətlərin mərhələlərində real gerçəkliyin məhsulu kimi qəbul olunması ilə bağlıdır. Kitabdakı “Başmaqtəpə”, “Göz daşı” kimi əfsanələr bu baxımdan səciyyəvidir. Rəvayətlərdə isə tarixi aspekt daha güclüdür. Başqa sözlə desək, rəvayətdə tarix təhkiyə yolu ilə bir növ bərpa olunur. Tarixən olmuş hadisələr, fəaliyyət göstərmiş şəxsiyyətlər, hər hansı yerin, dağın, bulağın və s. bu və ya digər şəkildə adlandırılmasının səbəbləri haqqında məlumatlar rəvayətlərin əsas məğzini təşkil edir. Rəvayətlərin bu funksional mənasından çıxış edilərsə, onları tarixi və toponomik rəvayətlər kimi təsnif etmək mümkündür.

Dərbənd şəhərinin binasının qoyulması, Dərbənd qalasının tikilməsi, ərəblərin şəhəri istila etməsi və s. kimi rəvayətləri müəyyən mənada xalqın şifahi tarixi salnaməsi də adlandırmaq olar. Bu baxımdan “Dərbəndin alınması” rəvayəti səciyyəvidir. Bir dərbəndlinin xəyanəti nəticəsində ərəblərin Dərbəndi tutmasından danışan bu rəvayətlə IX yüzilliyin ərəb tarixçisi Balazurinin bu məsələ haqqında verdiyi məlumat arasında çox böyük yaxınlıq var. Tarixçi yazır ki, ərəb sərkərdəsi şəhərin həyatı üçün Dərbəndə gedən su arxlarının nə qədər əhəmiyyətli olduğunu bilərək mal-qaranı kəsib, içalatını arxlara boşaltmağı əmr edir. Bir gün keçməmiş suyu üfunət iyi basır. Ertəsi gün qalanın müdafiəçiləri şəhəri tərk edib gedirlər. Ehtimal ki, xatırladılan rəvayətlə tarixçinin məlumatı bir mənbədən, bir tarixi həqiqətdən qidalanıb. Toponomik rəvayətlərin bir qismi dərbəndlilərin inamlar sistemində, gündəlik məişətində özünəməxsus yer tutan pirlərdən bəhs edir. “Əmcəkli pir”, “Kar daş piri” və s. haqqında rəvayətlər bu qəbildəndir. Mifoloji rəvayətlər əsas etibarı ilə peyğəmbərlər, övliyalar, həmçinin mifoloji obrazlar haqqında xalq təhkiyəsidir. Dərbənd ərazisində yayılmış mifoloji rəvayətləri xarakterizə edən cəhətlərdən biri onların etioloji səciyyədə olmasıdır. Bu baxımdan “İlan balığı”, “Toyuq”, “İnsanın səbirsizliyi” kimi rəvayətlər xüsusi maraq doğurur”.

 

Uğur

Xalq Cəbhəsi.- 2015.- 17 sentyabr.- S.14.