Nə əcəb düşübdü
yeri Dərbəndin...
Dəmir qapı Dərbənddən soraqlar
II yazı
AMEA Folklor İnstitutunda “Dərbənd folklor örnəkləri” (1-ci kitab,
Bakı, “Elm və təhsil” nəşriyyatı,
2014, 368 səh.) işıq
üzü görüb.
Layihə rəhbəri
AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov),
toplayanlar, tərtib edənlər: Məhərrəm
Qasımlı, Oruc Əliyev, Rza Xəlilov, elmi redaktoru Aynur Hüseynovadır.
“Ön söz”də vurğulanır: “Dərbənd
nağıllarını səciyyələndirən
cəhətlərdən biri
də eyni vaxtda iki və
ya üç nağıl personajından
bəhs edən süjet xətlərinin olmasıdır. Bir süjet xəttindən başqasına keçid çox vaxt “xəbəri xəbərdən”
formulundan istifadə yolu ilə baş
verir. Ümumiyyətlə,
bir bədii priyom kimi kontaminasiya
– müxtəlif süjetlərin
bir nağıl kompozisiyası çərçivəsində
işlənməsi Dərbənd
nağıl yaradıcılığı
poetikasının əsas
elementlərindən biridir.
Dünyanın gərdişi
haqqında dərin fəlsəfi düşüncələr,
vətən həsrəti,
qəriblik, məhəbbətin
tərənnümü və
s. kimi motivlər Dərbənd bayatılarının
aparıcı mövzularındandır.
Xalqımız bu kiçik lirik şeir parçalarında
daxili hiss və həyəcanını, iztirablarını
böyük bədiiliklə
ifadə edib:
Dağlar,
necə dağlarsan,
Çiskin, duman bağlarsan.
Dağlanmamış yerim yox,
Sən haramı dağlarsan?
Əzizinəm, başda mən,
Dərya
da mən, daş da mən.
Yazıldı qara yazı
Gənə yazıq başda
mən.
Dərbənd folklorunda geniş
yayılmış janrlardan
biri də tapmacalardır. Səma cisimləri, ev əşyaları, bitkilər,
heyvanlar, məişət
avadanlığı və
s. kimi deyimlər Dərbənd tapmacalarının
əsas mövzusunu təşkil edir. Dərbənd tapmacaları
bəzən nəzmlə,
bayatı formasında,
bəzən isə nəsrlə ifadə olunur. Mənzum tapmacalar Dərbənd folkloru üçün daha xarakterikdir”.
Dərbənd atalar sözlərinin
mövzu dairəsi son
dərəcə geniş
olaraq insan fəaliyyətinin, həyatının
bir çox sahələrini əhatə
edir: “Dərbəndlilərin
yüzilliklərin sınağından
çıxmış mənəviyyatı,
həyat təcrübəsi
bu kiçik həcmli, lakin geniş mənalı ibrətamiz cümlələrdə
gözəl ifadə olunub. Dərbənd folklorunda nazlamalar, laylalar
da özünəməxsus yer tutur. Nazlamalar mövzu
baxımından laylalardan o qədər də seçilmir.
Burada körpənin boya-başa çatmasından doğan
arzular daha güclüdür. Nazlamaların ifa, deyim ritmində,
ahəngində laylalardan fərqli olaraq
aram-arxayıncılıq yoxdur. Bu, forma baxımından
nazlamaların laylalara nisbətən daha sərbəst
olmaları ilə bağlıdır. Nazlamaların bu
xüsusiyyəti ifaçıya ifa vaxtı müəyyən
improvizasiyalar etmək imkanı verir:
Dərya
qırağı,
Drbənd
bağı,
Qızların
ağı,
Bu balama
qurban.
Azərbaycan
folklorunun başqa arealları ilə müqayisədə Dərbənd
və onun ətraf ərazilərinin folklorunda dastan
aparıcı rol oynamır. Ola bilsin ki, Dərbənd
folklorunun bu səciyyəsi aşıq
yaradıcılığının da eyni vəziyyəti ilə
bağlıdır. Belə ki, kitaba daxil olmuş dastanların
çoxu yalnız bir aşığın - aşıq
Niftullanın ifasından yazıya alınıb. Aşıq
yaradıcılığı sahəsində diqqəti cəlb
edən cəhətlərdən biri bu regionun, necə deyərlər,
özünün dastan repertuarının olmasıdır.
Vaxtı ilə burada fəaliyyət göstərmiş yerli
aşıqların repertuarında klassik dastanlarımızla
yanaşı, əsasən məhz bu region üçün səciyyəvi
olan “Yetim Aydın”, “Səfilli Məmməd” və s. kimi
dastanlar fəal yer tutub. Bu dastanlar hər şeydən əvvəl
Azərbaycan dastan yaradıcılığının
mövzu, obrazlar sistemi, poetika baxımından nə qədər
zəngin, çoxşaxəli və rəngarəng
olduğunu göstərməkdədir. Kitaba daxil edilmiş
dastanlar Dərbənd folklorunun özünəməxsusluğunu
səciyyələndirən bir cəhət kimi qəbul edilə
bilər. Bunlardan “Yetim Aydın” dastanı şifahi xalq ədəbiyyatımızın,
dastan yaradıcılığımızın, folklor
araşdırıcılarının məlum səbəblərə
görə nəzər diqqətindən kənarda
qalmış dini dastanlar qolunu təmsil edir. Məlumdur ki,
dastanlarımızda qəhrəmanın bu və ya digər
şəkildə buta alması onun ictimai inkişafını
təyin edir. Haqqında danışdığımız
dastanda isə buta almaq məsələsi Şahi-Mərdandan
dini bilik almaq epizodu ilə əvəzlənir. Qəflət
yuxusundan (məcazi mənada) oyanan dastan qəhrəmanı
doxsan min kəlməyə vaqif olduqdan sonra urfan əhli səviyyəsinə
yüksəlir, dini intellektual sınaqlardan çıxır.
Dastan qəhrəmanının adına gəlincə isə
belə ehtimal etmək olar ki, burada işlənən “yetim”
epiteti onun sosial vəziyyətindən daha çox sufilik
anlamı yerindədir.
Göründüyü
kimi, “Dərbənd folkloru” adlanan bu cild Azərbaycan şifahi
xalq ədəbiyyatının əsas janrlarını əhatə
edir. Cildin tərtibi Dərbənd ərazisindən
toplanmış folklor nümunələrinin səciyyəsindən,
janr və mövzu müxtəlifliyindən doğub”.
İndi də
kitabdan Dərbənd bayatılarını təqsdim edirik.
Dərbənd
yolu şüşədi,
Dərbəndə
gün düşədi.
Dərbənddəki
yarımın
Gözləri
bənövşədi.
Su gəlib
bəndə dəyər,
Gümüş
kəməndə dəyər
Sənin
bir kəlmə sözün
Cümlə
Dərbəndə dəyər.
Dərbənd
bizim olaydı,
Daşı
qızıl olaydı,
Qardaşım
bəy duranda
Gecə
uzun olaydı.
Ay
Mirağa, Mirağa,
Nöyüt
tökün çırağa.
Saçım
sünbülə dönüb,
Barmaqlarım
darağa.
Mən
aşıq üzəngini,
Asta bas
üzəngini.
Tanrı
canım alaydı
Yardan əl
üzən günü.
Bir
yaralı qoçam mən,
Yerim yoxdu
qaçam mən.
Ürək
dükan deyil ki,
Hər
yetənə açam mən.
Əzizim
yüz il qala,
Yüz il
yığ, yüz il qala.
Bədəsil
əsil olmaz
Boyunca
qızıl qala.
Abı
don, abı daraq,
Yarımı
gördüm bayaq,
Qaçdım,
çata bilmədim,
Sınasan
belə ayaq.
Dəryadan
ləpə gələr,
Ağ
yağış səpə gələr.
Mənim
ayovlu yarım
Atını
çapa gələr.
Qəriblik
yaman olar,
Sovrulub
saman olar.
Qürbətlərdə
qalanın
Dərdi
hər zaman olar.
Yolla gedən
üç ilan,
Yumurtası
puç ilan,
Məndən
qeyri də varmı
Cavan
ömrü puç olan?
Gəlin
dursun yerisin,
Ayağın
gül bürüsün.
Sayası
burda qalsın
Başın
dövlət bürüsün
Əzizim
sinə incə,
Bel incə,
sinə incə.
Saxsı
sənək bel qucar,
Olmadım
sənəyincə.
Eyvanım
həsir mənim,
Ürəyim
əsir mənim.
Toyumu tez
eləyin,
Yarım
tələsir mənim.
Bostançıyam,
cuvaram,
Suyum
yoxdur suvaram.
Yetişmişin
dərmişəm,
Kalına
da cumaram.
Bağında
var boyana,
Dərbənd
yolu hayana...
Hərə
bir layla çalsın
Bəlkə
yarım oyana.
Çalıda
çapar atlar,
Ağzında
cilov çatlar.
Oğlan
deyir, dur gedək
Qız
deyir, bağrım çatlar.
Dağlar,
necə dağlarsan?
Çiskin,
duman bağlarsan.
Dağlanmamış
yerim yox
Sən
haramı dağlarsan?!
Maralın
dizi qanlı,
Topuğu,
dizi qanlı,
Bizə fələk
eylədi,
Biz tutduq
sizi qanlı.
Dağların
çiskinidi,
Dumanı,
çiskinidi,
Özünü
mənə yetir,
Ömrümün
pis günüdü.
Bu dərə
buz bağladı,
Dibi nərgiz
bağladı,
Bir evə
qonaq oldum,
Atımı
qız bağladı.
Alma
atdım, al, oğlan,
Al cibinə
sal, oğlan,
Al deyəndə
almadın,
Yana-yana
qal, oğlan.
Çirkin
çəkin ilmeyi,
Qardaşın
köynəyliyi,
Qardaşımçın
qız aley,
Uca
dağlar kəkliyi.
Uzun qovaq,
dal qovaq,
Mən
ölüm, sən qal, qovaq.
Qardaş
bağa girəndə
Ona
kölgə sal, qovaq.
Köynəyim
yaxa qaldı,
Açmadım
yaxa qaldı,
Bağbanı
sel apardı,
Bağ
baxa-baxa qaldı.
Ana, ana,
canım ana,
Canı mərcanım,
ana,
Baş
qoyum dizin üstə,
Qoy
çıxsın canım, ana.
Pəncərədən
baxdı yar,
Baxdım
gördüm yoxdu yar,
Nə
özündə can qoydu,
Nə də
məndə ixtiyar.
Bənövşəyəm,
bitmişəm,
Kol dibində
itmişəm,
Qürbət
günü dərdimdən
Boynumu yan
tutmuşam.
A
qardaş, ağa qardaş
Dolan gir
bağa, qardaş.
Bağdakı
qızılgüllər
Sənə
sadağa, qardaş.
Qızılgül
dəstəsiyəm,
Dərmişəm
ustasıyam.
Hicran əyməzdi
məni
Dərdinin
xəstəsiyəm.
Bu yola yol
salardım,
Karvanım
bol salardım,
Bilsəydim
ayrılıqdı,
Boynuna qol
salardım.
Bağa
girdim bağbansız
Dəvə
gördüm sarvansız,
Aləmə
dərman payladım,
Özüm
qaldım dərmansız.
Dəryada
çıraq yanar,
Baxdıqca
iraq yanar,
Bu
dünya qəm şərbəti,
İçdikcə
ürək yanar.
Ləyən,
ləyən, ləyəndə
Güllər
boynun əyəndə
On iki
qurban kəsərəm
Əlin əlimə
dəyəndə.
Qulağında
tanası,
Üstün
örtüb şanası.
Qonşu
qızı sevirəm,
Vermir
zalım anası.
Üzüm,
üzüm ağacı,
Üzüm,
düzüm ağacı,
Bağa
baltalı girdi,
Kəsdi
bizim ağacı.
Üzüm
tənəyi haça,
Əlim
dolaşdı saça.
İgid
ona deyərəm,
Məni
götürüb qaça.
Dağlara
dolu düşər,
At gəlsə
nalı düşər,
Qəbrim
qazın yol üstə,
Qardaşın
yolu düşər.
Dəryada
sicim gördüm
Sicimin
ucun gördüm
Mən səndən
ayrılmazdım
Fələyin
gücün gördüm.
Aşıqam
aşıqlara,
Zülfü
dolaşıqlara.
Əgər
səni tapmasam,
Qoşullam
aşıqlara.
Pəncərədə
şüşə var,
Sürüşübən
düşə var.
O məhlədə
bir qız var,
Qardaşıma
düşə var.
Çəkməsi
cıq-cıq eylər
Evimizi
palçıq eylər,
Qonşu
qara geyinsin,
Yar gələndə
söz eylər.
Ay
qız, gəl alım səni
Bağda
gül alım səni,
Qız,
vaxtında gəlmədin,
İndi
dul alım səni.
Elə
bir gün olaydı,
Sazla
düyün olaydı,
Sizin kəndin
qızları,
Bizə
sürgün olaydı.
Samavar
bizim olaydı
Lüləyi
qızıl olaydı,
Girəydim
yar qoynuna,
Gecələr
uzun olaydı.
Bağ
bağçalar şam olsun,
Ya
çinar, ya şam olsun,
Gec gəlib
tez gedirsən,
Otur, qoy
axşam olsun.
Əzizim
güzgüsünə
Baxdım
yar güzgüsünə
Ürəkdən
bir ah çəkdim
Az
qaldı güzgü sına.
Bağça
barsızdı, gülər.
Heyva
narsızdı, gülər.
Könlüm
evi virandır,
Üzüm
arsızdı, gülər.
Ovun
ovutmaz məni,
Meylin
soyutmaz məni.
Ovudursan sən
ovut,
Kimsə
ovutmaz məni.
Axşam
arada qaldı,
Xəncər
yarada qaldı.
Mənim
vəfasız yarım,
Bilməm
harada qaldı.
Qızılgülü
dərəllər,
Xəlvət
yerə sərəllər.
Səndən
ötrü sarallam,
Qızdırmadan
görəllər.
Gedirəm
yollar ilə,
Dürlü
xəyallar ilə
Qucaydım
yar boynunu
Tamarzı
qollar ilə.
Dərbəndin
dağı birdi,
Düzü
çox, dağı birdi.
Balama dəymə,
fələk,
Gözümün
ağı birdi.
Dağlar
başı qardandı,
Yolum sizin
sardandı.
Səni xəlvətdə
tutam
Məndə
o bəxt hardandı?
Əzizinəm,
başda mən,
Dəryada
mən, daşda mən.
Yazıldı
qara yazı
Genə
yazıq başda mən.
Yol
üstündə var çinar,
Yarpağı
dinar-dinar.
Mənim
nazlı yarımı
Saxlasın
pərvərdigar.
Mən
aşiqəm Dərbəndə,
Su gəlib
dolub bəndə
Fələk
bir tor qurubdu,
Gül
yarım düşüb bəndə.
Aşıq
bu gündə məni,
Toyda,
düyündə məni.
Fələk
də rəhmə gələr
Görsə
bu gündə məni.
Su üstə
sərincə bax,
Yuyunca, sərincə
bax.
Yara belə
baxmazlar,
Ay
zalım, sərincə bax.
Suya gedən
igidi,
Su dolduran
ilkidi.
Bulaqda su
olaydım,
Su
qızların yüküdü.
Əlimdə
ələmim var,
Qızıldan
qələmim var,
Əzrayıl,
alma canım,
Uzaqdan gələnim
var.
Göyərçinəm,
uçdum, gəl,
Yar
bağına düşdüm, gəl,
Yaxşı
günün yaxşısı,
Yaman
günə düşdüm, gəl.
Göyəm
yerlər,
Göy
yerlər, göyəm yerlər,
Könlümə
qan ağladır,
Ayağın
dəyən yerlər.
Yetimin yekə
dərdi,
Yüklənib
lökə dərdi,
Mən dərdi
çəkəmmirəm,
Kim gəlib
çəkə dərdi?!
Dağların
qaşı duman,
Dibi
göy, başı duman.
Bir qoymaz
yar görünə,
Çəkilməz
naşı duman.
İncidənsən,
Dürdənsən,
incidənsən.
Kəsərəm,
dilim, səni
Bilsəm,
yar incidənsən.
Kağızın
ağına bax,
Çevirib
sağına bax.
Mən
yadına düşəndə
Dərbəndin
dağına bax.
Eləmi
yatan qarı,
Dağların
yatan qarı.
Kişini
tez qocaldır
Axşamdan
yatan qarı.
Ağ
alma allanıbdı,
Budaqda
ballanıbdı.
Qardaşın
quzu kürkü
Çiynindən
sallanıbdı.
İpək
çəkib çarxlardan,
Atılaydım
arxlardan
Qardaşa
qız alaydım
Alagözlü
şıxlardan.
Nədi
diləyin, qardaş,
Ağdı
biləyin, qardaş.
Quzu qurban
kəsərəm
Bitsə,
diləyin, qardaş.
Arpa
biçib gedeydim,
Ağ su
içib gedeydim,
Yar
yadıma düşəndə
Göynən
uçub gedeydim.
Dərbənd
üstü düz olur,
Dəstə-dəstə
qız olur.
Getməsəm,
bağrım çatlar,
Gedəndə
də söz olur.
Muncuq
düzdüm möhrədən,
Naxış
vurdum dövrədən.
Sən ki
belə deyildin,
Ölsün
səni öyrədən.
Canım
kotana qurban,
Maçın
tutana qurban.
Şumda
kəsib əhədin
Yorğun
yatana qurban.
Dəryada
dəryalıqlar,
Qalxıb
oynar balıqlar,
Nə elə
görüş olsun,
Nə belə
ayrılıqlar.
Ağ
alma, qızıl alma,
Tabağa
düzül, alma.
Səni
yar göndəribdi
Saxlaram
yüz il, alma.
Ağ dəvə
çatıb gələr
Quyruğun
atıb gələr.
İstəkli
yar itirən
Qəmlərə
batıb gələr.
Dəyirman
üstü çiçək,
Gəl
gedək onu biçək.
Qardaşa
gəlin gəlsin
Uzunsaç,
qarabirçək.
Dərbəndin
küçələri,
Bar verər
beçələri.
Səslədim
qardaşımı
Hay verdi
neçələri.
Günəş
göy qırağında,
Qızlar
toy qırağında.
Mən
yarımla görüşdüm
Pünhan
çay qırağında.
Əzizim
gözdə məni,
Kiprikdə,
gözdə məni.
Bu
çölün ceyranıyam
Gəl
ovla güzdə məni.
Xalını
qoydum yükə,
Yeddi qat
bükə-bükə
Yarımın
düşmənləri
Doğransın
tikə-tikə.
Süd
üzü qaymaq gərək,
Qaymağı
yaymaq gərək.
Yardan əl
götürənin
Gözlərin
oymaq gərək.
Əmimoğlu,
xasa gəl,
Mən
ölmüşəm, yasa gəl.
Qəbrim
yol üstündədi,
Torpağımı
basa gəl.
Bulağın
başı dayım,
Üzüyün
qaşı dayım,
Sənə
mən qurban olum,
Anam
qardaşı, dayım.
Gedirəm
yolum budu,
Dərd
budu, zülüm budu.
Sevəsən,
yad apara
Əcəlsiz
ölüm budu.
Bu gələn
özün bilməz.
Danışar,
sözün bilməz.
Hər gəlib
su dolduran
Çeşmənin
gözün bilməz.
Dərbənd
üstə qala var,
Ürəyimdə
yara var.
Mən
ölürəm dərmansız,
Bəs
deyirdin çara var.
Təqdim etdi: Uğur
Xalq Cəbhəsi.- 2015.- 18 sentyabr.- S.14.