“Vətəndaş cəmiyyəti
institutlarına hər il 15-20 milyon manatdan artıq vəsaitin
ayrılır”
Rauf Zeyni: “Dövlətimiz
tərəfindən vətəndaş cəmiyyətinin
inkişafına böyük marağın, eləcə də
diqqət və qayğının olduğunu söyləyə
bilərik”
I
yazı...
Çağdaş dövrümüzdə ictimai həyatın
demokratikləşdirilməsi, insan hüquq və
azadlıqlarının qorunması, cəmiyyətin harmonik və
sabit inkişafının təmin edilməsi, hüquqi
dövlət quruculuğunun əsas istiqamətlərindən
biri kimi vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi,
dəstəklənməsi cəmiyyətin əsas hədəf
və vəzifələrindən biridir. Müstəqillik
əldə etdikdən sonra Azərbaycanda da vətəndaş
cəmiyyəti institutlarının inkişafı
dövrü başlayıb. Bu yol heç
də hər zaman rahat deyil, bir çox hallarda
enişli-yoxuşlu olub. Üçüncü
sektor təmsilçiləri öz inkişafında ən
müxtəlif çətinliklərlə üzləşmələrinə
baxmayaraq, nəticə etibarı ilə cəmiyyətdə
özlərini təsdiqləyə biliblər. Vətəndaş cəmiyyəti institutları bu
gün Azərbaycanda tərəqqi proseslərinin, novatorluğun,
modernləşmə təşəbbüslərinin lokomotivi
kimi qəbul edilirlər. Artıq vətəndaş
cəmiyyəti institutları cəmiyyəti irəli aparmaq,
dövlətin həyata keçirdiyi siyasətə,
atdığı addımlara ən müxtəlif formada dəstək
vermək potensialına malikdirlər. Şübhəsiz ki,
vətəndaş cəmiyyəti institutlarının bu səviyyəyə
gəlib çıxmasında Azərbaycan dövlətinin,
xüsusilə ulu öndər Heydər Əliyevin və
Prezident İlham Əliyevin həyata keçirdiyi əməli
tədbirlərin müstəsna əhəmiyyəti var.
Bütün bu müsbət məqamların fonunda müəyyən
problemlər və həllini gözləyən məsələlər
var ki, bunlar da hələ ki, üçüncü sektorun
qarşısında qət ediləcək yolun çox
olduğunu deməyə əsas verir.
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun
prezidenti Rauf Zeyni ilə söhbətimizi də bu istiqamətdə
qurduq.
Rauf Zeyni
ilk olaraq Azərbaycanda vətəndaş cəmiyyətinin
inkişaf yolu, onun xüsusiyyətləri barədə fikirlərini
bildirdi: “Həqiqətən də Azərbaycanda vətəndaş
cəmiyyəti çox ağır və keşməkeşli
bir həyat yolu keçib. Azərbaycan müstəqillik
əldə etdikdən sonra ölkəmizdə qeyri-hökumət
təşkilatları (QHT) yaranmağa başladı. Düzdür, ilk illərdə QHT adı altında fəaliyyət
göstərmək heç də asan deyildi. Bu ad gələndə
əksər adam onun müxalifət
olduğunu, hakimiyyətin əleyhinə iş
apardığını düşünürdü. Təbii ki, buraya maddi-texniki bazanın olmaması və
ya zəifliyini də əlavə etmək olar. Məhz bütün bunlar eləcə də, cəmiyyətin
QHT-lərə münasibəti bu sektorun inkişafına ciddi
maneə idi. Lakin ümummilli lider Heydər
Əliyev hakimiyyətə gəldikdən sonra bu sektora
münasibət yavaş-yavaş dəyişməyə
başladı. Məhz ölkə rəhbərliyi
tərəfindən QHT-lərə göstərilən bu
xoş münasibət vətəndaş cəmiyyətinin
inkişafına bir təkan oldu. Nəticədə
ölkə ictimaiyyəti, məmurlar QHT-lərdən
qaçmamağa, ona etimad göstərməyə
başladı.
Azərbaycan QHT sektorunun fəaliyyətinə dövlət
təminatı verən əsas qanun 1995-ci ildə qəbul
edilmiş ölkə konstitusiyasıdır. Sərbəst
birləşmək azadlığını özündə əks
etdirən konstitusiyanın 58-ci maddəsi hər kəsin
başqaları ilə birləşmək, hər kəsin istənilən
birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı
və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə
daxil olmaq hüququnu təsbit etməklə yanaşı bu
birliklərin sərbəst fəaliyyətinə tam təminat
verir. Sonrakı dövrlərdə bu
sektorla bağlı müxtəlif qanunların qəbul edilməsi,
ölkədə QHT hərəkatının daha geniş
vüsət almasına imkan yaratdı. Qəbul
edilən qanunlar vətəndaş cəmiyyətinin
inkişafı üçün vacib bir platforma, qanunvericilik
bazası yaratdı”.
O, həmçinin
diqqətə çatdırdı ki, həmin qanunlar, ölkə
rəhbərliyi tərəfindən bu sahəyə göstərilən
diqqət və qayğı üçüncü sektorun
inkişafını şərtləndirən vacib məqamlardan
oldu: “1998-ci ildə "Qrant haqqında" qanunun qəbulu
qeyri-hökumət təşkilatlarının əsas maliyyə
mənbəyini və bütövlükdə donor resipiyent
münasibətlərini tənzimləmək baxımından
müstəsna əhəmiyyətli rol oynadı. Qanunun 1-ci
maddəsi QHT-lərin birbaşa məşğul olduğu və
maliyyələşmə üçün prioritet hesab edilən
sahələri - "humanitar, sosial və ekoloji, sosial təyinatlı
obyektlərin və infrastrukturun bərpası üzrə
işləri, təhsil, səhiyyə, mədəniyyət,
hüquqi məsləhət, informasiya, nəşriyyat və
idman sahələrində proqramları, elm, tədqiqat və
layihələşdirmə proqramlarını, dövlət və
cəmiyyət üçün əhəmiyyət kəsb edən
digər istiqamətləri qanunvericilik səviyyəsində
ayrıca təsbit edir.
2000-ci ildə qəbul edilən "Qeyri-hökumət təşkilatları
(ictimai birliklər və fondlar) haqqında" qanun isə
qeyri-hökumət təşkilatlarına aid əksər məsələlərə
aydınlıq gətirir. Bu qanun QHT-lərin
yaradılmasından başlayaraq, onların hakimiyyət
orqanları ilə münasibətlərinə qədər,
meydana gələ biləcək bir çox məsələləri
tənzimləməyə çalışır. Həmçinin, qanun qeyri-hökumət təşkilatlarının
fəaliyyəti, yenidən təşkili və ləğv
edilməsi qaydaları, onların idarə olunmasının əsas
prinsiplərini nizamlayır. Qanuna əsasən,
qeyri-hökumət təşkilatları ölkə daxilində
və xaricdə Azərbaycan Respublikasının qanunvericiliyi
ilə yasaq edilməyən və konkret olaraq qeyri-hökumət
təşkilatının nizamnaməsində nəzərdə
tutulan məqsədlərlə ziddiyyət təşkil etməyən
istənilən fəaliyyət növünü həyata
keçirmək hüququna malikdir.
Ümumiyyətlə,
yaxın keçmişə nəzər salaraq deyə bilərik
ki, müstəqillik illərində Azərbaycanda
inkişafında bir neçə mərhələdən
keçən vətəndaş cəmiyyəti
institutları, QHT-lər son 20 ildə vətəndaş cəmiyyəti
quruculuğu, totalitar sistemdən demokratik cəmiyyətə
keçidin, cəmiyyətin demokratik transformasiyası
prosesinin, ictimai həyatın vacib institutlarından birinə
çevriliblər. Bu dövrdə müxtəlif
sahələrdə fəaliyyət göstərən, cəmiyyətin
bütün sektorlarına dərindən nüfuz edən
ictimai birliklərdən, fondlardan və digər QHT-lərdən
ibarət qeyri-hökumət sektoru, üçüncü
sektor formalaşıb. Bu illər ərzində
davamlı təkamül və inkişaf prosesləri
hazırda müxtəlif istiqamətlər üzrə QHT-lərin
sabit qruplarının formalaşmasına gətirib
çıxarıb.
Bu gün hətta ən qatı skeptiklər də ictimai
həyatın bütün sferalarına dərindən
nüfuz etməyə çalışan vətəndaş cəmiyyəti
institutlarının cəmiyyətin inkişafına, tərəqqi
proseslərinə töhfə vermək səylərinin nəticəsiz
qalmadığını etiraf etmək məcburiyyətindədirlər. Bütün
çətinlik və maneələrə baxmayaraq ölkəmizdə
üçüncü sektor nümayəndələri irəli
çıxmağa, onları qəbul etməyənləri
özləri ilə hesablaşmağa məcbur etdilər, bir
sözlə özlərini təsdiqləməyə nail
oldular. Son 20 ildən artıq zaman kəsimini
obrazlı şəkildə ifadə etsək, vətəndaş
cəmiyyəti institutlarının məhz özünütəsdiq,
cəmiyyətin aparıcı qüvvələrindən biri
kimi qəbul edilmək və tanınmaq dövrü kimi
xarakterizə etmək olar. Keçilmiş
yola nəzər salsaq, görərik ki, vətəndaş cəmiyyəti
institutları demək olar, bir çox istiqamətlərdə
neqativ təsirlərə məruz qalır və bunlarla
mübarizə aparmalı olurdular”.
Sonrakı
mərhələlərdə qeydə alınan dəyişikliklərə
gəlincə MQF prezidenti vurğulayıb ki, sonrakı mərhələlərdə,
xüsusən son illik zaman kəsiminə nəzər
saldıqda deyə bilərik ki, ölkə prezidenti cənab
İlham Əliyevin apardığı milli, bəşəri,
mütərəqqi beynəlxalq siyasəti Azərbaycanda da
hüquqi dövlətin möhkəmləndirilməsi,
inkişaf etdirilməsi, o cümlədən də vətəndaş
cəmiyyətinin praktiki olaraq möhkəmlənməsi və
inkişafı üçün zəmin yaratdı: “Bu istiqamətdə
dövlət başçısı tərəfindən
müəyyən qərarlar verildi. 2007-ci il
27 iyulda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin sərəncam ilə MDB məkanında ilk dəfə
olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Konsepsiyasının təsdiq edilməsi də bu qəbildən
olan addımlardandır.
2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurası yaradıldı. Paralel olaraq Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondunun, habelə
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun yaradılması bilavasitə vətəndaş
cəmiyyəti institutlarının inkişafına çox
böyük təkan verdi. Bununla həmçinin
vətəndaş cəmiyyəti institutlarının
inkişafında yeni bir mərhələnin
başlanğıcı qoyuldu. Yuxarıda qeyd etdiyimiz
fondlar, qurumlar vasitəsi ilə dövlət tərəfindən
vətəndaş cəmiyyəti institutlarına, yəni
QHT-lərə, kütləvi informasiya vasitələrinə,
gənclər təşkilatlarına və digər qurumlara hər
il 15-20 milyon manatdan artıq vəsaitin
ayrıldığını nəzərə alsaq, dövlətimiz
tərəfindən vətəndaş cəmiyyətinin
inkişafına böyük marağın, eləcə də
diqqət və qayğının olduğunu söyləyə
bilərik. Məhz bütün bunlar bu sahənin
inkişafına olan marağın ifadə edilməsindən
irəli gələn məqamlardandır. Bütün
bunlarla yanaşı, ayrı-ayrı nazirliklər, dövlət
komitələri də üçüncü sektor təmsilçiləri
ilə müəyyən iş aparırlar. İnsan hüquq və
azadlıqlarının həyata keçirilməsi ilə
bağlı "Milli fəaliyyət planı"nda göstərildiyi
kimi nazirliklərin, komitələrin bütün fəaliyyətdə
məhz QHT-lər də yer almalı, həyata keçirilən
tədbirlər onlarla birgə gerçəkləşdirilməlidir”.
Əli
Xalq Cəbhəsi.-
2015.- 18 sentyabr.- S.9.