Ulusumuzun Üzeyir Hacıbəylisi

 

Üzeyir bəyin əsərlərində səsləndirilən fikirlər xalq arasında zərb-məsələ çevrilib

 

Artıq neçə ildir ki, sentyabrın 18-i dahi Üzeyir Hacıbəylinin anadan olduğu gün Milli Musiqi Günü kimiqeyd olunur. Azərbaycan professional musiqisinin yaradıcısı Üzeyir Hacıbəylinin gördüyü işlər heyrətamizdir: Azərbaycan Xalq Cümhuriyyətinin möhtəşəm himnini yazması, o dövrdə Xalq Cümhuriyyətin yaşaması üçün xeyli gərəkli sahələrdə çalışması daim millətimiz üçün yaşamasından xəbər verir. Azərbaycan Xalq Cümhuriyyətinin himni məlum olduğu kimi bu gün Azərbaycan Respublikasının dövlət himnidir. Bu himnin sözlərində müəyyən uyarsızlıqlar olsa da, musiqisi dahiyanədir: himnin əvvəlinin fəlsəfi mənası haray, ortası ümid, sonu isə inamdır...

Bu gün Azərbaycanda ədəbiyyat, musiqi sahələrində yeni nəfəslərin, orijinallığın tədricən azalması müşahidə edilməkdədir. Azərbaycan professional musiqisinin yaradıcısı Üzeyir Hacıbəylinin gördüyü işlərin qətiyyən inkar edilməməsi şərtilə indiyeni-yeni nəfəslərin meydana çıxmasına, sənət zirvələrinin yaranmasına böyük ehtiyac var. Acınacaqlı haldır ki, bu gün belə zirvələri yox, olanların, yaradılanların kor-koranə şəkildə təkrarçılığının, daha çox isə təqlidçiliyinin şahidi oluruq. Məsələn, məşhur "O olmasın, bu olsun", "Arşın mal alan" kimi əsərlər müasirləşdirilir, obrazlar bugünkü tamaşaçının, gənc nəslin gözündə demək olar, cılızlaşdırılır. Bu cür şoular xalqın sabahkı yaradıcılıq üfüqlərini daraldır. Bu, hər şeydən əvvəl o deməkdir ki, böyük mənada yeni yaradıcılar meydana çıxmalıdır. Möhtəşəm sənətkarlar yenə də özünəməxsus şəkildə fərdiliklərini yaratmalı və yaddaşlarda bu cür iz qoymalıdırlar.

1908-ci ildə Bakıda səhnələşdirilən "Leyli və Məcnun" operasının ikinci tamaşasından etibarən qadın rolunun ifaçısı kimi tamaşaçıların diqqətini cəlb edən, az sonra "Əhməd Ağdamski" təxəllüsü ilə özünü ictimaiyyətə təqdim edən Əhməd Bədəlbəyov haqqında təəssüf ki, bugünkü təzə nəsil demək olar, heçbilmir. Üzeyir bəy yazırdı ki, o dövrdə Azərbaycanda mədəniyyət axtarmaq minlərlə buğdanın içində darını axtarıb tapmaq kimi çətin bir məsələ idi. Məhz xalqı düşdüyü durumdan qurtarmaq üçün fədakar insanlar meydana çıxdı. Bu çabalar Üzeyir bəyin "Leyli və Məcnun" operası ilə müəyyən bir mərhələnin yaranmasına və inkişaf etməsinə səbəb oldu. Hələ XIX yüzilin axırlarında Şuşada Ə.Haqverdiyev "Məcnun Leylinin qəbri üstündə" adlı bir məqamı səhnələşdirib. O zaman bu partiyanı məşhur xanəndə Cabbar Qaryağdıoğlu oxuyub. Üzeyir bəy bu hadisədən sonra "Leyli və Məcnun" operasını səhnələşdirmək fikrinə düşür. Çətinliklər operanın səhnələşdirilməsi zamanı meydana çıxır. O zaman camaatın opera haqqında təsəvvürü belə yox idi. Muğam oxuyan hər hansı bir kəsin birbaşa səhnəyə çıxarılması mümkün deyildi. Üzeyir bəy əsərin məşqlərinə əvvəldən tanıdığı Hüseynqulu Sarabskini Məcnun roluna dəvət edir. Bu, o çağlar idi ki, qadınları nəinki səhnəyə, ümumiyyətlə, teatra qoymazdılar. Belə şəraitdə qadın rollarını oynamağa bir kəs tapılmırdı. İmkanlı, intelligent adamların xanımları teatra gələndə onların lojada xüsusi yeri olurdu, qabaqlarına da pərdə çəkilirdi ki, kimsə onların sifətini görə bilməsin. Çox axtardıqdan sonra Leyli roluna bir çayxana şagirdini tapırlar. "Leyli və Məcnun" operasında ilk dəfə Leyli rolunu yaradan Əbdürrəhim Fərəcov olub. Ə.Fərəcov rolun öhdəsindən gəlsə də, bundan sonra hədələr başlayır. Lağ obyekti olmaqdan usanan Ə.Fərəcov ikinci tamaşaya gəlmir, səhnədən uzaqlaşır. İkinci tamaşanın aprel ayının 21-də qoyulması planlaşdırılır. Üzeyir bəyin yadına düşür ki, "Realni" məktəbdə oxuyan xalası oğlu Əhməd Bədəlbəyov məlahəti səsi ilə onları vəziyyətdən çıxara, Leyli rolunu ifa edə bilər. Onunla məsləhətləşir, razılığını alır. 1922-ci ilə kimi Əhməd Ağdamski Üzeyir bəyin yazdığı bütün operaoperettalarda qadın rollarını ilk dəfə və böyük məharətlə yaradır...

İllər öncə Azərbaycan cəmiyyətində Üzeyir Hacıbəylinin itmiş, daha doğrusu, oğurlanmış əlyazmalarının, əşyalarının tapılması, muzeyə qaytarılması ilə bağlı hadisə oldu. Üzeyir Hacıbəylinin canlı yaradıcılıq soraqlarının sübutu, ifadəsi olan əlyazmalarının yoxa çıxarılması istəyi onu sevməyənlərin gözündə qaldı. Bu hadisə xətasız sovuşsa da, hər halda bizim üçün dərs olmalıdır. Yəni bir xalq olaraq belə hadisələrdən bundan sonra da sığortalanmayacağımızı, belə hadisələrin yenə də baş verə biləcəyini, daim belə təhlükəli vəziyyətlərə hazırlıqlı, ayıq-sayıq olacağımızı dərk etməliyik. Zaman-zaman Azərbaycanın çoxlu milli-mənəvi soraqları məhv edilib, başqa millətlərin adına çıxılıb. Bizi sevməyənlər mümkün qədər belə nümunələri təhrif ediblər. Yüzillərlə xalqımıza qarşı həqarət, hər cür murdarlıq, xəyanətlər edən köksüz-soysuz, ruhsuz ermənilər xüsusən son bir əsrdə daha da amansızlaşıblar.

Professor Gülnaz Abdullazadə Üzeyir Hacıbəyli fenomeninin Azərbaycan tarixində, ictimai fikrində oynadığı əhəmiyyətli, əvəzsiz rolundan danışaraq bildirir ki, Üzeyir Hacıbəyli Azərbaycan tarixində baş verən qalmaqallı, köklü dəyişiklər şəraitində dünyaya gəlib və sanki millətinin taleyi onun taleyinə çevrilib: "O zamankı Azərbaycanın ictimai həyatında təzadlar üzərində qurulmuş qeyri-sabit cəmiyyət yaranmışdı ki, bu da yeni həyat tərzi ənənələrinin yaradılmasına imkan vermirdi. Bir tərəfdən yerli əhalinin Şərq dünyasına, islam dininə bağlılığı, digər tərəfdən neft sənayesi ilə bağlı Avropadan böyük axının olması Bakıda fəhlə sinfinin yaranması nəticəsində, Azərbaycanda yeni ictimai münasibətlərin əmələ gəlməsi ilə əlaqədar idi. Xalqımızın yüz il ərzində başına gətirilən fəlakətlər, sovet dövrünün 30-cu illərdə, eləcə də başqa dövrlərdə verdiyi əzablar millətimizin yaddaşına, genlərinə qara səhifələr kimi daxil olub". Gülnaz xanım ardıcıl olaraq fəlakətlər yaşayan xalqın tarixində Üzeyir Hacıbəylinin oynadığı müstəsna roldan danışaraq bildirir ki, o, insanların əsrlər boyu çəkdiyi acınacaqlı həyat və çaşqınlığın yaddaşlardan silinməsinə, soydaşlarını bir insan, vətəndaş kimi dirçəltməyə və yaşatmağa çalışırdı, siyasi, ictimai yolla bacarmadığı addımlarını sənət əsərləri vasitəsilə həyata keçirirdi. Onun dahiliyibunda idi. Yaratdığı obrazlar, musiqi parçaları hər bir insanın ürəyinə yol tapır və doğmalaşırdı. Üzeyir bəyin istedadı bu xalqa düşmən olanlar üçün təhlükə demək idi. Heç də təsadüfi deyil ki, Üzeyir bəyin zəngin yaradıcılıq dünyasına vardıqca istər-istəməz vahidlikmilli ruh yüksəkliyi yaranırdı. Təbiidir ki, bunu kənardan izləyənlər heçaz deyildi. Hələ sağlığında bunların arasında şüurlu şəkildə Üzeyir bəyin bütün yaradıcılığına təcavüz edənlər az deyildi".

Görəsən, Üzeyir bəyin yaradıcılıq illərinin yalnız bir nüsxədən ibarət olan arxiv materiallarının itirilməsində məqsəd nə idi: "Bu ilk və yeganə nüsxələri aradan götürməklə, Üzeyir bəyin varlığını, dahi insan kimi, bəstəkar, publisist, ictimai xadim kimi fəaliyyətini şübhə altına almaq və Azərbaycan tarixindən onun adını silmək ən başlıca məqsəd idi. Lakin çirkin niyyətlər baş tutmadı. Bu əsərlər XX əsr Azərbaycan musiqi, bəstəkarlıq məktəbinin formalaşması tarixi, milli musiqi üslubunun, elmi nəzəri fikrinin Üzeyir Hacıbəyli irsinin bir sıra elmi tarixi məsələlərinin araşdırılması baxımından sözügedən sənədlər xüsusi tarixi elmi, mədəni dəyərlərə malik soraqlar kimi dəyərləndirilib".

Üzeyir bəyin həyat yoldaşı Məleykə xanımla, dostları, qohumları ilə məktublaşması onun həyat yolunun, tərcümeyi-halının daha tamdolğun işıqlandırılması üçün qaynaqlardır. Bu məktublarda Üzeyir bəyin yaradıcılığı ilə bağlı məsələlər də (müqavilələr, Moskvada təhsil illəri, məişəti əks etdirən yazışmalar, məsləhətləşmələr, şəxsi münasibətlər) öz əksini tapır. Üzeyir bəy "Leyli və Məcnun" operası ilə Azərbaycanın gələcək musiqi dilinin istiqamətini göstərdi. Operettaları vasitəsilə tipajlar yaratdı, millətimizin psixoloji özəyini açdı. Bununla o, kütlənin şüurunu formalaşdırmış oldu. Heç təsadüfi deyil ki, indiyə qədər də "Məşədi İbad", "Arşın mal alan" kimi əsərlərdə səsləndirilən fikirlər xalq arasında zərb-məsələ çevrilib.

 

Uğur

Xalq Cəbhəsi.- 2015.- 19 sentyabr.- S.14.