“Dövlət qurumları milli və
dövlətçilik maraqlarını müdafiə edən,
qanun çərçivəsində fəaliyyət göstərən
üçüncü sektor təmsilçilərindən
ehtiyatlanmamalı....”
Rauf Zeyni:
“Onların fəaliyyətindən narahat olmamalı, onlardan
qaçmamalıdır, onlara hər hansı bir yad qüvvə
kimi baxmamalıdır”
III
yazı
Bu gün dövlət qurumları ilə QHT-lərin əməkdaşlıq
etməsi vacib amillərdən biridir. Müəyyən qədər
əməkdaşlıq edilsə də
çatışmazlıqlar da mövcuddur. Bütün dövlət qurumları QHT-lərlə
əməkdaşlıq etmirlər. Xüsusən
regionlarda bu məsələ daha aktualdır. Bir sıra icra hakimiyyətləri hələ də
QHT-lərin fəaliyyət prinsiplərini dərindən
bilmirlər. Buna görə də əməkdaşlıqdan
çəkinirlər. Bu isə
bütövblükdə vətəndaş cəmiyyətinə
ziyan verir. Buna görə də
çatışmazlıqlar aradan qaldırılmalı və
bu istiqamətdə ciddi addımlar atılmalıdır.
Dövlət
orqanları ilə QHT-lərin əməkdaşlığından,
əlaqələrindən danışan Rauf Zeyni bu istiqamətdə
olan durumu qiymətləndirməyə çalış:
“Düzdür müəyyən nazirliklərlə, dövlət
komitələri ilə əlaqələrimiz var, amma hesab edirəm
ki, bu, qarşılıqlı əməkdaşlıq
üçün kifayət deyil. Dövlət
orqanları ilə əlaqələr daha da genişləndirilməli,
inkişaf etdirilməlidir. Dövlət
qurumları milli və dövlətçilik maraqlarını
müdafiə edən, qanun çərçivəsində fəaliyyət
göstərən üçüncü sektor təmsilçilərindən
ehtiyatlanmamalı, onların fəaliyyətindən narahat
olmamalı, onlardan qaçmamalıdır, onlara hər
hansı bir yad qüvvə kimi baxmamalıdır. Əksinə bu istiqamətdə fəaliyyət
göstərən QHT-lərə dövlət qurumları
qucaq açmalıdırlar. Çünki
vətəndaş cəmiyyəti institutları bu xalqın, cəmiyyətin,
bu dövlətin qüvvələridir. QHT-lər
alternativ ictimai institutlardır ki, bunlarında cəmiyyətdə
alternativ funksiyaları var. Dövlət orqanları QHT-ləri
öz işlərinə daha geniş cəlb edərlərsə,
bu halda biz dövlət, qeyri-dövlət, media
bütövlükdə vətəndaş cəmiyyəti
institutlarını normal inkişaf etdirə bilərik. Bu gündə Avropada, Qərb dövlətlərində
göstərici məhz vətəndaş cəmiyyəti
institutlarıdır. Güclü iqtisadiyyat, güclü
ordu ola bilər. Əgər
güclü vətəndaş cəmiyyətin yoxdursa, deməli
hələ sən güclü, inkişaf etmiş ölkə
deyilsən. Bu, çox ciddi məsələdir.
Biz inkişaf etmiş ölkələrə baxanda onların həm
adam başına düşən gəlirini,
eyni zamanda vətəndaş cəmiyyətinin göstəricilərini
nəzərə alırıq. Məhz buna
görə də dövlətimiz bu sahədə ən optimal
variantı tətbiq etməyə çalışır.
Və bu yolda əmin addımlarla irəliləyir.
Ümidvarıq ki, bizdə vətəndaş cəmiyyəti
daha yüksək səviyyəyə çatacaq”.
QHT-lərlə
özəl sektor arasındakı əməkdaşlığın
səviyyəsinə gəlincə isə o, bildirib ki, dövlət
orqanları ilə olduğu kimi, vətəndaş cəmiyyəti
institutlarının özəl sektorla da əlaqələri
vacib məsələlərdən biridir: “Milli QHT Forumu
yarandığı ilk gündən özəl sektorla,
sahibkarlıq subyektləri ilə, ümumiyyətlə milli
sahibkarlarımızla əlaqələrinin qurulmasını,
sıx əməkdadaşlığını dəstəkləyən,
istəyən, buna çalışan qurumlardan olub. MQF bu istiqamətdə əlaqələrin
qurulması yönündə səylər göstərərək,
mövcud əməkdaşlığın yaradılmasında
mühüm rol oynayıb. Düzdür,
QHT-lərlə özəl sektor arasında müəyyən
münasibətlər var, amma hesab edirəm ki, bu yetərli
deyil, zəifdir. Bu münasibətlərlə
əlaqədar müvafiq qanunların qəbul edilməsinin
vacibliyini düşünürəm. Məsələn,
xeyriyyəçilik fəaliyyəti ilə bağlı qanun qəbul
edilməlidir ki, hər hansısa bir sahibkarlıq subyekti
üçüncü sektorla əməkdaşlıqda daha
maraqlı olsun. Əgər hər
hansısa bir sahibkar vətəndaş cəmiyyətinə
müəyyən qədər yardım edirsə, o vergidən
də bir o qədər azad edilməlidir. Belə
bir məqam beynəlxalq təcrübədə də var. Bu
istiqamətdə beynəlxalq təcrübəyə dayanan
müxtəlif üsullar tətbiq etmək
mümkündür. Təbii ki, burada məqsəd
özəl sektorla əlaqələri yüksək səviyyəyə
çatdırmaq və onların bu məsələdə
maraqlı olmasını təmin etməkdir. Düzdür, ölkəmizdə özəl sektorun
ictimai sektora dəstək olması, QHT-lərin müxtəlif
tədbirlərini, layihələrini maliyyələşdirməsi
ilə bağlı müəyyən faktlar mövcuddur. Zənnimcə, bu və ya digər tədbirlərin
maliyyələşdirilməsi əməkdaşlıq
anlamına gəlməməlidir. Bu, sadəcə
bəzi layihələrin həyata keçirilməsi deməkdir.
Geniş əməkdaşlığın daha böyük
proses olduğunu düşünürəm. Məhz
özəl sektorun ictimai sektora güclü, əhəmiyyətli
dəstəyi həm qanunvericilikdə, həm də real həyatda
öz həllini tapmalıdır. Necə
ki, biz dövlətlə sıx əməkdaşlıq edirik,
özəl sektorla da bunu gerçəkləşdirə bilməliyik.
Yalnız bu halda biz milli sahibkarların, milli
burjuaziyanın da köməyi ilə milli vətəndaş cəmiyyəti
qura bilərik”.
Vətəndaş
cəmiyyəti və sosial-iqtisadi inkişafı paralel şəkildə
necə analiz edən MQF rəhbəri deyib ki, məsələlərə
konseptual yanaşdığımız təqdirdə
sosial-iqtisadi inkişafın birtərəfli olmamasının
vacibliyini söyləyə bilərik: “Sosial-iqtisadi inkişaf
həm də paralel olaraq vətəndaş cəmiyyətinin
inkişafı deməkdir. Ölkəmizdə
dövlət sektoru ilə bərabər özəl sektor da
inkişaf edib. Amma özəl sektorun
müəyyən problemləri də var. Bunlarla yanaşı
oyektivlik naminə üçüncü sektorun da inkişaf
etdiyini deyə bilərik. Lakin dövlət
və özəl sektorla müqayisə apardıqda QHT-lərin
bunların ikisindən də geridə qaldığını
görürük. Əgər biz QHT-lər
olaraq dövlət sektoru ilə rəqabət aparmaq, birgə
proqramlarda işləmək, eləcə də paralel olaraq ona
layiqli partniyor olmaq istəyiriksə, deməli vətəndaş
cəmiyyətinin inkişafı da bu sektorlarla, həmçinin
sosial-iqtisadi inkişafla bərabər getməlidir. Mərkəzdə QHT-lərin yüksək
inkişaf etdiyini söyləsək də, region QHT-ləri
üçün bunu deyə bilmirik. Həqiqətən
də, regionlarda üçüncü sektor çox zəifdir.
Biz regionlarda vətəndaş cəmiyyəti
institutlarını inkişaf etdirməliyik. Bu, bizim müqəddəs borcumuzdur. Etiraf etməliyik ki, hazırda müəyyən yad
ünsürlər, missionerlər regionlarımıza gələrək
öz fəaliyyətləri, maliyyə imkanları ilə
çirkin niyyətlərini həyata keçirmək
üçün vətəndaşlarımızı cəmiyyətlərinə
üzv etməyə, oyunlarının alətinə
çevirməyə çalışırlar. Fikrimcə, regionlarımızda vətəndaş cəmiyyəti
inkişaf etsə, güclü olsa, belə hallar baş verməz
və insanlarımız buna tutarlı cavab verərlər.
Bax biz bunu da nəzərə alaraq bütüb
regionlarımızda vətəndaş cəmiyyətinin
inkişafına var qüvvəmizlə
çalışmalı, ona geniş yer verməliyik. Buna yerli icra hakimiyyəti orqanlarında var qüvvəsi
ilə çalışmalıdırlar. Onlar
da regionlarında vətəndaş cəmiyyətinin, özəl
sektorun inkişafında maraqlı olmalıdırlar. Bu,
yeni iş yerlərinin açılması ilə
yanaşı, gəlir baxımından da dövlətə xeyirli
addım olar. Vətəndaş cəmiyyətini
də, QHT-ləri də, bütövlükdə cəmiyyətimizin
mənəvi durumunu da bir kənara qoymaq olmaz. Biz əgər öz uşaqlarımızı, gənclərimizi,
insanlarımızı lazımi səviyyədə ölkəmizin
vətəndaşlına çevirə bilməsək,
lazımi səviyyədə vətəndaş cəmiyyəti
yarada bilmərik. Ona görə də
regionlarda bu məsələyə dəstək verilməli,
şərait yaradılmalıdır ki, yerlərdə
üçüncü sektorun inkişafı geniş miqyasda həyata
keçirilsin. Əks təqdirdə biz Azərbaycanın,
dövlətçiliyimizin maraqlarına zidd ünsürlərlə
qarşı-qarşıya qalırıq. Nəticədə
isə acınacaqlı hallarla üzləşə bilərik”.
Sosial
problemlərin həllində QHT-lərin oynadığı
rolun nədən ibarət olduğuna, bu məsələlərdə
üçüncü sektor təmsilçiləri nə dərəcədə
iştirak etməsinə də münasibət bildirən həmsöhbətimiz
deyib ki, ölkəmizdə sosial yönümlü, bu istiqamətdə
fəaliyyət göstərən xeyli sayda QHT var: “Onlar həm
QHT-lərə Dövlət Dəstəyi şurasının,
həm də ayrı-ayrı nazirliklərin maliyyə dəstəyi
ilə sosial sahədə xeyli layihələr həyata
keçirirlər. Bura əlil uşaqların
sosial vəziyyətindən tutmuş, günərzi
qayğı mərkəzlərinin yaradılmasına qədər
ən müxtəlif istiqamətlər üzrə layihələrin
həyata keçirilməsi daxildir. Yəni
QHT-lərimiz bütün sosial spektrlərdə layihələrin
həyata keçirilməsində fəal iştirak edirlər.
QHT-lər yerli donorlarla yanaşı xarici
donorlar hesabına da sosial problemləri olan vətəndaşlara
bu sahədə yardımlar edilir.
Həqiqətən də bu gün cəmiyyətimizdə
valideyn himayəsindən məhrum olan uşaqlarla (biz həm də
buna atılmış uşaqlar deyirik) bağlı problemi mühüm
yer tutur.
Hazırda beş mindən çox valideyn
himayəsindən məhrum olan uşaq var. Məhz QHT-lər
atılmış uşaqlara yardım, onların mövcud
problemlərinin həlli məqsədi ilə mühüm
iş aparırlar. Bu məsələ ilə
bağlı həm Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi ilə, həm də digər əlaqədar
strukturlarla geniş əməkdaşlıq edirik. Humanist və xeyriyyəçilik tədbirlərin
keçirilməsi, kimsəsiz insanlara müəyyən
yardımların göstərilməsi, qaçqın və məcburi
köçkünlərə yardımların edilməsi bu əməkdaşlığa
daxil olan məsələlərdəndir. QHT-lərimiz
eyni zamanda şəhid, əlil alilərin sosial problemləri,
qayğıya ehtiyacı olan insanlara yardımların edilməsi
məsələsində fəallıq nümayiş etdirirlər.
Bu insanların pulsuz kurslara cəlb edilməsi,
müəyyən bilik və bacarıqların öyrədilməsi
baxımından da mühüm işlər aparırıq.
Eyni zamanda bu sahədə fəaliyyət
göstərən QHT-lərimiz müntəzəm olaraq
monitorinqlər aparır və sosial problemləri
aşkarlayırlar. Üzə
çıxarılan problemlər müvafiq qurumlara təqdim
edilir. Nəticədə isə
aidiyyatı qurumlar bu problemlərin həlli istiqamətində
müəyyən addımlar atırlar. Hesab
edirəm ki, bütün bunlar üçüncü sektorun
sosial problemlərin həllində oynadıqları
mühüm roldur. Gələcəkdə
biz bu sahədə işlərimizi daha da genişləndirmək
və qayğıya ehtiyacı olan insanların problemlərin
həllində bir qədər də yaxından iştirak edəcəyik”.
Əli
Xalq Cəbhəsi.-
2015.- 22 sentyabr.- S.8.