Səni yaz qatarı apardı tezdən...
Nəbi Xəzri
şeirlərinin hər misrası musiqi kimi lirik səslənir
Nəbi Xəzri XX əsr Azərbaycan ədəbiyyatının
görkəmli söz ustası, həm lirik, həm epik, həm
də dramatik janrda mükəmməl əsərlər yaradan
ustad sənətkarıdır. Onun şeirləri
klassik və müasir poeziyanın ən yaxşı cəhətlərindən
bəhrələnən, kökə bağlı məzmunlu
bir poeziyadır.
Sözün keşiyində duran, hər şeydən əvvəl,
lirik bir şair olan, əsərlərinin mövzusu ana, vətən,
sevgi, dəniz, təbiət, torpaq, torpağın sahibi
insanlardır.
Onun tək bir məhəbbət
lirikasını ələ alıb incələsək, bu
lirikanın əzəmətini görmək çətin
olmaz.
Keçir
xəyallarım,
Sənin
izinlə,
Sən
Ayla,
Günəşlə,
Tən görünürsən.
Dünyaya
baxıram sənin gözünlə,
Yenə gözlərimə sən görünürsən.
İnsanı özünü dərk etməyə qaytaran,
yaşanılaraq yazılan bu şeir gözəl poeziya
nümunəsidir. Eləcə də:
Haçan
bir saatlıq görüş istəsəm,
Sən bütün ömrümü ərməğan
istə.
Və ya:
Hicran elə
bildi ayırdı bizi,
Bir idin
min olub qəlbimdə qaldın
– misralarında da dərinliyi və səmimiliyi
ilə insanı düşündürən sevgi dolu bir
dünya, bu dünyanı dolduran poetik bir tutum var. Sevənlərin
vüsalı gözləyən həsrətini, sevincini ifadə
edən poetik tutum…
Türk
şairi Yavuz Bülənd Bakilərdən eşitdiyim bir
cümlə belə idi: “Bugünkü nəsil eşqin nə
olduğunu bilmir. Eşqi son olaraq bizim nəsil
yaşadı. Bu nəsil həm də Nəbi
Xəzridir, Bəxtiyar Vahabzadədir, Nəriman Həsənzadədir.
N.Xəzri şeirlərinin hər misrası
musiqi kimi lirik səsləndiyi üçün şeirlərinə
dillər əzbəri olan neçə-neçə mahnı
yazılıb. “Mavidir”, “Dərələr”, “Qonşuda
qız sevənin”, “Sən getdin”, “Nar-nar”, “Ağ
çiçək”, “Qız qalası”, “Aslanın
mahnısı” və s. Təsadüfi deyil ki, bu
mahnıların çoxu XX əsrin ilahi səsə malik
müğənnilərindən Şövkət xanım
Ələkbərovanın ifasında səslənib.
Şeir mənim
üçün bir kainatdır,
Onun ulduzları, günəşləri var.
Şair mənim
üçün sirli həyatdır,
Onun
öz sevinci, öz kədəri var
– deyən Nəbi Xəzri üçün
şeir bir kainatdır. Bu kainatda yaranan şeirlər
oxucu ilə tez dialoq qura bilir. Onunla söhbət
edə bilir. Nəbi Xəzri şeirlərinin
mövzuları, üslubu, dili, ləhcəsindən irəli gələn
bədii tutum bu şeirlərin oxucu ilə tez dil tapmasına
imkan verir:
Səni
yaz
qatarı,
Apardı tezdən.
Elə
bil dünyanı,
Qarlı qış aldı.
Heç yana getmədin,
Sən
yer üzündən,
Bəs
niyə,
yer
üzü
birdən
boşaldı.
Hicran elə
bildi,
Ayırdı bizi.
Sanki
üfüqlərə,
Uçan xəyaldı.
Hicran elə
bildi,
Ayırdı
bizi,
Bir idin,
Min olub qəlbimdə qaldın.
Nəbi Xəzri XX əsr Azərbaycan poeziyasında
yalnız lirik şeirləri ilə deyil, poema, dram əsərləri
ilə də şərəfli bir yer tutub. “Peyğəmbər”,
“İki Xəzər”, “Sumqayıt səhifələri”,
“Əfsanəli yuxular”, “Günəşin bacısı”, “Ana”,
“Şəhidlər və şahidlər”, “Bacı”, “İnam”,
“Mənim babam baxan dağlar”, “Dağlar dağımdır mənim”,
“Təmiz ürək”, “Kiçik təpə”, “Xatirələr”
kimi poemaların, “Sən yanmasan”, “Əks-səda”, “Mirzə
Şəfi”, “Torpağa sancılan qılınc” kimi dram əsərlərinin
onun yaradıcılığında müstəsna yeri var.
Nəbi Xəzri mənzum dram və poemalarında
folklorun mövzu və motivlərindən faydalanaraq folklorla
poeziyanın yaradıcılıq əlaqəsini ifadə edən
poetik nümunələr ərsəyə gətirib. “Dədə Qorqud” motivləri
əsasında yazdığı “Torpağa sancılan
qılınc” mənzum dramı və “Əfsanəli yuxular”
poeması XX əsrin son rübündə yazılmış
Azərbaycan şeirinin özünəməxsus poetik nümunələridir.
Romantik qəhrəmanlıq üslubunda yazılıb,
şairin daxili tələbatdan yaranmış “Torpağa
sancılan qılınc” mənzum dramı qədim “Dədə
Qorqud” eposunun bədii tükənməzliyi, zamanların bədii
sorğusuna cavab vermək qüdrətinin təzahürü
olması baxımından igidliyin, dəyanətin, mərdliyin
bədii inikasıdır. Xeyirin və
sülhün qələbəsi ilə başa çatan əsərdə
Nəbi Xəzri folklordan gələn süjeti, obraz və
xarakterləri yeni ideya və fəlsəfi fikirlərlə
daha da zənginləşdirib.
Dədə Qorqud ruhunun, Dədə Qorqud mənəviyyatının
ölməzliyi ideyası ilə tamamlanan “Torpağa
sancılan qılınc” pyesi dastanla fərdi
yazıçı üslubunun qaynayıb-qovuşmasından
meydana gəlib.
“Dədə
Qorqud” motivlərinə olan böyük marağını N.Xəzri
bir məqaləsində belə izah edir: “Dədə Qorqud”
xalqın bütün gözəl sifətlərini – igidliyi, sədaqəti,
dəyanəti bizə əziz bir miras qoyub dünyadan gedib. Yox, getməyib, dünyada bizim nəsillərlə əbədi
qalıb. “Dədə Qorqud” dastanı qədim
azərbaycanlıların mənəvi gözəllik salnaməsidir.
İgidlik, mərdlik məhəbbət və qəhrəmanlıq
abidəsidir”.
N.Xəzrinin “Dədə Qorqud” motivləri əsasında
yazdığı “Əfsanəli yuxular” poemasının əsas
mövzularından biri ana mövzusudur. Poemaya yazdığı
ön sözdə şair öz yaradıcılıq məqsədini
belə izah edir: “…XX əsrin sonunda qürurla yaşayıb
ömrünü başa vurmuş anamın mənəvi
bacıları kimlər olub? Xəyalım uzaq əsrlərə
getdi. Xatirimə Burla Xatun gəldi. Nüşabə göz önümdən keçdi.
Məhsətini düşündüm. Həcərin qəhrəmanlığını
xatırladım. Mənə elə gəldi
ki, anam öz bacılarının saf analıq
duyğularını, qadın müdrikliyini, qadın
şairliyini və qadın mərdliyini özündə cəmləşdirmiş
və mənim əsrimə qədər gətirib
çatdırıb”.
“Əfsanəli yuxular” 6 yuxu şəklində
yazılıb.
İstər birinci yuxu (“Yuxuda bir talan
gördüm), istər ikinci yuxu (“Yuxuda bir ana gördüm),
istər üçüncü yuxu (“Yuxuda bir çoban
gördüm”), istər dördüncü yuxu (“Yuxuda bir
oğul gördüm”), istər beşinci yuxu (“Yuxuda bir yuxu
gördüm”), istərsə də altıncı yuxu (“Yuxuda
bir səhər gördüm”) “Dədə Qorqud” boylarından
qopub gələn mövzuların poetik şərhidir.
N.Xəzri “Əfsanəli yuxular” poemasında “Dədə
Qorqud” boylarının hadisə və motivlərini bədii
şəkildə işlədiyi kimi dastanın poetik
obrazlığına və xüsusiyyətlərinə də
sadiq qalıb.
Bu yaxınlıq poemanın metoforik ifadə tərzində,
obrazların mifoloji təfsirində, qəhrəmanlarının
mifik planda təcəssümündə, vəzn və obraz
strukturunun mənalı ifadələrində, eləcə də
şeirin estetik strukturunda özünü hiss etdirib. Nəbi
Xəzri “Dədə Qorqud” dastanı mənəvi gözəllik
salnaməsidir” məqaləsində yazırdı: “Mən Dədə
Qorqud motivləri əsasında “Əfsanəli yuxular”
poemasını yazarkən dastanın mənalı ifadələrindəki
bir cəhət diqqətimi cəlb etdi. O da qoşa sözlərdir:
“Qara-qara qayalar”.
“Söyləşdilər fısıl-fısıl”.
“Soyuq-soyuq sular”.
“Yüksək-yüksək dağlar”.
Dastanın
məğzi ilə bu keyfiyyətləri mən qoruyub saxlamaq
istədim:
Yola
düşdüm,
Düzə çıxdım.
Duman-duman,
Dağa çıxdım.
Sonra
endim,
Zaman-zaman,
Arana mən.
Çəmən-çəmən,
Çiçək yığdım.
Dərman-dərman,
Çiçək
qoydum,
Yarama mən.
Çiçəklərim ətir-ətir.
“Dədə Qorqud” motivləri dərin və ümumbəşəri
motivlərdir.
Nəbi Xəzri bu motivləri hadisə, epik və
dramatik süjet vasitəsilə inkişaf etdirib, bu motivlər
konteksində xalqın qəhrəmanlıq keçmişini,
humanizm ənənələrini yaşarı ənənələr
kimi qiymətləndirib. Şairin
yaradıcılığında qədim eposun ideya-poetik şərhinin
müasirlik mənası və əhəmiyyəti də
bundadır.
Folklorun bitib-tükənməyən xəzinə
olduğu bir aksiomdur. Bu xəzinədən hər
yazıçının bəhrələnməyi
yazıçıya məxsus fərdi yaradıcılıq
üslubudur. Tək bir misra, tək bir kəlmə
ilə yazıçının folklor xəzinəsinə
müraciətinin məqsədini müəyyənləşdirmək
mümkündür. Bu cəhət xalq
şairi N.Xəzrinin də əsərlərində
görünən tərəfdir. Böyük Mirzə
Ələkbər Sabirə həsr etdiyi “Dağlar
dağımdır mənim” poemasında:
Dağlar
dağımdır mənim,
Qəm
ortağımdır mənim,
Dindirmə
qan ağlaram,
Yaman
çağımdır mənim
– məşhur bayatıdakı bir misranı əsərinə
ad seçməklə Sabir şeirinin vətəndaşlıq
yanğısının, vətəndaşlıq
yükünün ağırlığını ifadə etmək
üçün çox mühüm üslubdan faydalanıb.
Poemada məşhur bayatının zahiri əlamətlərindən
başqa ondakı daxili keyfiyyətilərlə folklor təfəkkürünün
müəyyən cizgilərini əks etdirərək
poemasına yeni, orijinal bir ad seçib.
Klassik və müasir poeziyanın, milli folklorumuzun ən
yaxşı məziyyətlərindən bəhrələnən
Nəbi Xəzri poeziyası kökə, milli düşüncələrə,
ənənəyə, Vətən torpağına
bağlı bir poeziyadır.
Hər
yerdə, həmişə sənsən gümanım,
Canım,
gözüm mənim,
Azərbaycanım!
– deyən şair Vətən torpağına,
onun hər zərrəsinə, bütün gözəlliklərinə
varlığı ilə bağlılığını ifadə
edərək özünü Vətən torpağının
bir zərrəsi hesab edir.
Maarifə Hacıyeva,
professor
Xalq Cəbhəsi.-
2015.- 24 sentyabr.- S.14.