Salam sənə,
Türk deyilən sevgili…
Bəxtiyar Vahabzadənin
şair Halistin Kukula məktubları
İllər
öncə B.Vahabzadənin 70 illik yubileyi münasibətilə
yazdığım bir məqalədə onun
yaradıcılığına münasibətimi
aşağıdakı şəkildə ifadə etmişəm:
“B.Vahabzadənin hər bir əsəri əks-səda
doğurub, şıdırğı bir sürətlə
oxucular arasında yayılıb. Çünki
bu poeziya Azərbaycan adlı Ananın halal südündən,
isti nəfəsindən yoğrulmuş müdrik
poeziyadır”.
B.Vahabzadə
yaradıcılığındakı müdrik fəlsəfi
anlayış, onun xalqımızın milli
varlığını, milli-mənəvi dəyərlərini,
dilini, tarixini əks etdirən ədəbi, elmi-publisistik
yazıları, poeziyasındakı fəlsəfə
dünyanın bir çox siyasətçilərinin, elm, ədəbiyyat
xadimlərinin fikrini məşğul edib, haqqında fikir
söyləməyə vadar edib. Azərbaycanda və
onun hüdudlarından kənarda yaşayanlar, onun
yaradıcılığını izləyənlər
B.Vahabzadə haq¬qında bir-birindən maraqlı fikirlər
söyləmişlər. Türk dünyasının
böyük qələm ustası Çingiz Aytmatov
yazırdı: “Vahabzadənin poetik təfəkkür mədəniyyəti
təbiətcə milldir. Bu, müstəsna dərəcədə
zəruri haldır ki, sən övladı olduğun xalqın
nitq hissəsində feil olmağı bacarasan”.
Prof.
Mehmet Kaplan B.Vahabzadə şeirini “Brilyant kimi bir şeir”
adlandırıb, prof. Dursun Yıldırım onu “Azərbaycan
türklərinin olduğu qədər müasir dünya
türklərinin də böyük şeir ustadı” hesab
edib, prof. Əhməd Bican Ercilasunun “Vahabzadə bizə
öyrətdi ki, hər millətin ana dili o dilin namusu və
vicdanıdır” konsepsiyası, onun şeirini “insanın
içində yanan bir atəşə” bənzədən
Əli Yavuz Akpınarın poetik düşüncələri,
Yavuz Bülənd Bakilərin “Türk ədəbiyyatı
üçün Mehmet Akif, Yahya Kamal, Nəcib Fazil nə isə
Azərbaycan ədəbiyyatı üçün də Bəxtiyar
Vahabzadə odur. Bu baxımdan yeni Azərbaycan
Cümhuriyyətinin yaradılmasında onun haykıran
yaradıcılığının mühüm payı var”
deməsi Vahabzadə yaradıcılığının
ictimai-bədii və siyasi məziyyətlərini göz
qabağına gətirməkdədir. B.Vahabzadə
haqqında yazılanlar, deyilənlər böyük bir tədqiqata
möhtacdır. Biz bu yazımızda türk
dünyasının milli düşüncələrini,
türk dünyasına, o cümlədən Azərbaycan
türklərinə böyük məhəbbətini şeir
və yazılarında ifadə edən Samsunlu şair Halistin
Kukul və Bəxtiyar Vahabzadə münasibətlərindəki
mülahizələrimizi ifadə etməyə, onların məktub
və düşüncələrini əlimizdə olan məktub
və yazılara istinad etməklə şərh etməyə
çalışdıq.
Vaxtilə
Türkiyənin On Doqquz Mayıs Universitetinin fransız dili
müəllimi, təqaüdə ayrılmış,
elmi-publisistik yazıları, şeir və nəsr əsərləri
ilə tanınan Halistin Kukul Sovetlər Birliyinin
dağılması ərəfəsində türk
dünyasına, Azərbaycana münasibətini ifadə edən
“Salam” şeirində türk dünyasına olan həsrətini
ürək yanğısı ilə belə ifadə edirdi:
Salam sənə,
ey xorlanan Türk eli,
Salam sənə,
Türk deyilən sevgili,
Dədəm
Qorqud, Yunus Əmrə, Nəsimi,
Həsrətiniz
könlümdə buram-buram,
Salamün
əleyküm, əleyküm salam.
Qırğız,
Qazax, Özbək, Türkmən, Azəri,
Türk
atanın cövhərindən, cövhəri,
Görünməli
bu gecənin səhəri,
Duysun bizə
bütün cahan ehtiram,
Salamün
əleyküm, əleyküm salam.
Halistin
Kukul 1992-ci ildə yazdığı “Qarabağ acıları”
şeirində Qarabağda ermənilərin törətdikləri
vəhşilikləri “Yaban ellər aldı yavrularımı”,
“qırdılar o canım cavanlarımı”, “əm, ey qara
torpaq acılarımı” şəklində ifadə edərək
Sovetlər Birliyindən qopan türk dünyasının zəncirlərini
qırdığını alqışlayır, lakin Azərbaycanın
bir parçası Qarabağın düşmən
tapdağından xilası üçün Allaha dualar edərək
yazırdı:
Cümlə
aləm bilir Qarabağ bizim,
Zəncirləri
qırdıq, yeni çağ bizim,
Yamyaşıl
vadilər, qarlı dağ bizim,
Qəbul
eylə Rəbbim, dualarımı…
Türk milli düşüncəsi ilə yaşayan
şair Halistin Kukul, şübhəsiz, türk
dünyasına səs salmış Azərbaycan şairi
B.Vahabzadənin yaradıcılığından xəbərdar
idi. Şairin
özü ilə ilk dəfə 1992-ci ildə
görüşməsini isə Halistin bəy “Vahabzadəni
dinlərkən” adlı məqaləsində belə ifadə
edirdi: “Şeirlərini illərdir zövq və həyəcanla
oxuduğum Azərbaycan şairi Bəxtiyar Vahabzadə ilə
“Türk Dünyası Yazarlar Qurultayı”nda çox məsud
və həyəcanlı bir halda qarşılaşdıq. Onunla görüşüm təxminən on iki dəqiqə
çəkdi. 70 il deyil, sanki min illik
həsrətlilər kimi görüşdük. Onu professor Məhmət
Kaplanın “Türk Ədəbiyyatı” dərgisində
yayınlanan “Pırlanta kimi bir şeir” məqaləsi ilə
daha çox sevdiyimi söyləyincə, “Rəhmətlik Məhmət
Kaplan başqaydı. O, çox möhtərəmdi” - dedi. “Mənim bu yazımda məqsədim B.Vahabzadənin
bu qurultayda etdiyi məruzə və bu məruzədə onun
davranışıdır. Çəkilən
bunca cəfaya, bu vüsal günündə yenilərinin əlavəsini
istəmir. Etidal, təmkin və sürət
istəyir. Laf deyil, iş istəyir.
Mum deyil, günəş istəyir. Öz ifadələrilə
“Yumruq kimi birləşmək istəyir”.
Halistin
Kukul “Bəxtiyar Vahabzadə Ağabəimə” epiqrafı ilə
yazdığı “Yumruq kimi birləşməli” şeirində:
Eyni
dağın gülləriyik,
Tomur-tomur dərləşməli.
Dərdləri
də, sevinci də,
Həp
birlikdə üləşməli!
Düz
edib qarlı dağları,
Aşıb
üstündən çağları,
Yandıraraq
çıraqları,
İztirabları
deşməli!
Dün və
bu gün, həm də yarın,
Gözü
doymaz canavarın,
Bizə tələ
quranların,
Çuxurlarını eşməli.
Çox az qaldı, yol qısaldı,
Qaf dağımı? Bir masaldı,
Bəxtiyar
bir haray saldı,
“Yumruq kimi birləşməli!”
1990-cı
illərdə B.Vahabzadənin Türkiyədə bir neçə
kitabı, o cümlədən “Sonbahar düşüncələri”,
“Ürəkdədir sözün kökü”, “Gün var min
aya dəyər”, “Yücəlikdə tənhalıq”,
“Tavşana kaç, tazıya tut”, “Açılan sabahlara
salam”, “Nerəyə gediyor bu dünya”, “Şehitlər”
kitabları yayınlandı.
Bu sətirlərin
müəllifi o illərdə (1992-1998) şair Halistin Kukulun
müəllimlik etdiyi Samsun On Doqquz
Mayıs Universitetində professor kimi fəaliyyət göstərirdi.
B.Vahabzadənin Türkiyədə çap
olunmuş kitablarının necə sürətlə
yayılıb-oxunduğunun mən də şahidi olmuşam.
1993-cü ildə B.Vahabzadə mənə və
Halistin bəyə məktub göndərmişdi. Halistin bəyə yazdığı məktubu ona
çatdırmağımı xahiş edirdi. Bəxtiyar
müəllim yazırdı: “Hörmətli Maarifə
xanım. Sizə telefonla dediyim, M.Halistin Kukula
yazdığım məktubu ona
çatdırmağınızı xahiş edirəm.
Mən sizdən xahiş edirəm,
tapşırdığım işlərin taleyi barədə
mənə yazasınız. Ələlxüsus
Fırat Kızıltuqla telefonla danışa bildinizmi? Diynət Vakfı mənim yeni kitabımı nəşr
edib (“Ürəkdədir sözün kökü”). Ondan da nümunə üçün sizə bir
nüsxə göndərirəm. Müfəssəl
məktubunu gözləyirəm. Məndən oradakı
dostların hamısına salam söyləyin.
Hörmətlə: B.Vahabzadə. 4.03.1993”.
Halistin Kukul B.Vahabzadənin Türkiyədə yayınlanan,
demək olar ki, bütün kitablarına münasibət
bildirir, haqqında qəzet və jurnallarda məqalələr
dərc etdirirdi. 1992-ci ildə B.Vahabzadənin İzmirdə nəşr
olunan “Gün var min aya dəyər” kitabındakı
“Örümçək ağ bağladı”
(“Hörümçək tor bağladı”) şeirini təhlilə
cəlb edən Halistin bəy “Ortadoğu” qəzetində
“Örümçək ağ bağladı” şeirinin təhlili”
adlı məqaləsində yazırdı: “Örümçək
ağ bağladı” insanı hədəf alan və
bütün cəhətləri ilə bir cəmiyyəti
çökdürmək istəyən bir diktatorluq rejiminə
qarşı baş qaldırış və üsyandır.
…Bu
şeirdə B.Vahabzadə Azərbaycanın düçar
olduğu 70 illik macəralarını anladır. Başdan sona ifadə etdiyi məsələ milli mədəniyyət
qiymətlərimizdir. O, bu şeirində heç bir
zaman maddi məsələlərə toxunmur. Çünki
bir milləti məhkum vəziyyətə gətirmək üçün
maddi deyil, onun mənəvi dəyərlərini məhv etmək,
onu milli-mənəvi dəyərlərdən
uzaqlaşdırmaq lazımdır. Budur 70
illik ponorama”.
Sonrakı
məqalələrimin birində yenə bu şeir üzərində
təhlil apararaq yazır: “Diqqət edilirsə, Mehmet Akif, Yahya
Kamal, Nevcip Fazılın ümumi fikir
anlayışlarının təməlində din (islamiyyət),
milli tarix (türk tarixi) və dil (türkcə) ən
mühüm ittifaqı təşkil edər. …B.Vahabzadə
1968-ci ildə yazdığı “Hörümçək ağ bağladı” adlı şeirində bu
üç ünsürün üzərində durur. Bu üç ünsürdən məhrum bir millətin
hafizəsi yoxdur”.
H.Kukul
B.Vahabzadənin “Sonbahar düşüncələri” kitabı
haqqında yazdığı “Qürub düşüncələri”
adlı məqaləsində də Bəxtiyar Vahabzadəni “Azərbaycanın
gursəsli, üfüqlü, alim-şairi adlandıraraq
yazırdı: “Şeirdən ləzzət almaq istəyənlər,
tarixdən ibrət almaq istəyənlər və çilə
içində gözəlliyi görmək istəyənlər
“Qürub düşüncələri”ni oxusunlar (bax: “Türk ədəbiyyatı”
jurnalı, 1986, sayı 276, Ekim, səh. 48-49).
Halistin bəy
“Bəxtiyar Vahabzadənin türkcə sevdası” (“Türk ədəbiyyatı”,
2004, iyul) “Vahabzadə eşqi” (“Erciyes” jurnalı 2007, iyun),
“Gün var min aya dəyər” (“Türk ədəbiyyatı”,
1993, fevral), “Bəxtiyar Vahabzadənin “Allahü-Əkbər”
şeirinin təhlili” (“Erciyes” 2001, mart), Bəxtiyar Vahabzadənin
“Haqqı yox” şeiri haqqında” (“Erciyes” 2008, oktyabr), “Yücəlikdə
tənhalıq kitabı haqqında” (“Çağrı”
jurnalı, 2004, dekabr) məqalələrində onun sənət
dünyasına girdiyi gündən Azərbaycan
üçün haykıran milli şair olduğunu dönə-dönə
qeyd edir.
2009-cu
ilin 13 fevralında Azərbaycanın böyük şairi
B.Vahabzadənin vəfatından sonra Halistin Kukul şairin
ölüm xəbərindən sarsılıb, “Türk
dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin
ardından” (“Erciyes”, 2009, aprel), “Bəxtiyar Vahabzadəsiz
dörd il” (“Çağrı” dərgisi,
2013, fevral) məqalələri ilə B.Vahabzadənin əziz
xatirəsini yad edirdi.
2013-cü ilin oktyabr ayında Samsunda bir simpoziumda
iştirak edirdim. Simpoziumda Halistin Kukul da çox maraqlı
bir mövzuda məruzə etdi. Biz köhnə
tanışlar kimi görüşdük, səmimi söhbət
etdik. Şübhəsiz, B.Vahabzadə
söhbətimizdə birinci yerdə idi. Halistin bəy
B.Vahabzadənin ona yazdığı məktubların surətini
mənə verdi, «lazım olar” dedi.
“Əlbəttə, dedim, bunlar tarix üçün çox
önəmlidir”.
Şair Halistin Kukula Bəxtiyar Vahabzadənin
yazdığı ona qədər məktubdan məlum olur ki,
onların arasında əqidə dostluğu, qardaşlıq və
milli düşüncə sevgisi birinci yerdədir. Məktubların
bir qismində B.Vahabzadə çox böyük təvazökarlıqla
Halistin bəyin onun haqqında yazdığı məqalələrə
görə təşəkkür edir, yazılara münasibət
bildirirdi. B.Vahabzadənin şair Halistin
Kukula yazdığı məktubların ikisinin foto-şəklini
verməyi lazım bildim. Bu məktublardan
biri B.Vahabzadənin öz xətti ilə yazılıb,
makinada yazılmış digər məktubda isə şairin
imzası var.
Maarifə Hacıyeva
professor
Xalq Cəbhəsi.-
2015.-29 sentyabr.- S.14.