“Vətəndaş cəmiyyəti ictimai həyatı
təşkil edən və tənzimləyən sferaya
çevrilməklə...”
“Demokratik dövlətin ən
mühüm şərtərindən biri rolunda
çıxış edir”
Demokratik dəyərlərin təşəkkül
tapmasının ən vacib meyarlarından biri də vətəndaş
cəmiyyəti ideyasının gerçəkləşməsidir. Hüquqi-demokratik
dövlət fərdi azadlığı və hüququ təmin
etməklə yanaşı, vətəndaş cəmiyyətinin
normal mövcudluğu və fəaliyyəti, onun
başlıca təsisatları, prinsipləri və dəyərləri
üçün də təminat yaradır.
Dövlətin hər hansı formada iştirak etmədiyi
vətəndaş cəmiyyəti ictimai həyatı təşkil
edən və tənzimləyən sferaya çevrilməklə,
demokratik dövlətin ən mühüm şərtərindən
biri rolunda çıxış edir. Vətəndaş cəmiyyəti
institutlarının inkişaf dərəcəsi hər bir
dövlətdə demokratiyanın inkişaf səviyyəsini əks
etdirir. Bu cəmiyyətin
formalaşmasını şərtləndirən birliklər vətəndaşlar
qrupunun təzahürü ilə yaranır. Bu mənada ölkədə vətəndaşların
könüllü birliyini və müəssisələrini
özündə birləşdirən ictimai "şəbəkə"
rolunu oynayan vətəndaş cəmiyyəti eyni zamanda,
inkişaf etmiş demokratik cəmiyyətin əlamətidir.
Vətəndaş cəmiyyətini təşkil
edən birliklər vətəndaşların iqtisadi,
hüquqi, mədəni və digər mənafelərinin
geniş dairəsini əks etdirir, bu mənafeləri təmin
etmək məqsədilə yaradılır.
Vətəndaş cəmiyyəti konsepsiyası istənilən
halda dövlət strukturlarından kənarda duran bütün
təşkilatları və birlikləri ehtiva edir. Politologiyada
bunlar maraqlar üzrə yaradılan birliklər
adlandırılır. Sosial-siyasi
yönümlü qeyri-hökumət təşkilatları ilə
birlikdə buraya həmkarlar ittifaqları, ticarət
palataları, peşə kollegiyaları və sindikatları,
assosiasiyaları daxildir. Sosial-siyasi
proqramları və məqsədləri olmayan birliklərin
geniş spektri də vətəndaş cəmiyyətindən
kənar deyildir - tələbə, idman və mədəniyyət
cəmiyyətləri də bu cəmiyyətin seqmentləri
sayılırlar. Müasir demokratikləşmə
şəraitində vətəndaş cəmiyyəti tədricən
dövlətlə şəxsiyyət arasında bir növ
vasitəçi, əlaqələndirici kimi
çıxış etməyə başlamışdır.
Dövlət müstəqilliyinə qovuşandan sonra Azərbaycan
Respublikası hüquqi və demokratik dövlət
quruculuğu yolu tutduğu üçün qarşıya
qoyduğu prioritet məsələlərdən biri vətəndaş
cəmiyyətinin formalaşdırılması idi. Müstəqillik
tariximiz göstərir ki, məhz ulu öndər Heydər
Əliyevin xalqın tələbi ilə hakimiyyətə
qayıdışından sonra bütün sahələrin
yüksəlişi ilə yanaşı güclü vətəndaş
cəmiyyətinin formalaşdırılması istiqamətində
mühüm uğurlara imza atmaq mümkün olmuşdur.
"Biz Azərbaycanda demokratik respublika, vətəndaş
cəmiyyəti quraraq, sivilizasiyalararası cəmiyyət
uğrunda mübarizə apararaq, ümumi dünyəvi, bəşəri
dəyərlərin hamısından istifadə etməliyik.
Biz çalışmalıyıq ki, Azərbaycan
uzun illərdən sonra, ilk dəfə müstəqilliyini
aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini,
milli ənənələrini nümayiş etdirə bilsin.
Güman edirəm ki, Azərbaycan xalqının
bu barədə həm tarixi, həm müasir potensialı
olduqca böyükdür. Bunların hamısından
istifadə olunarsa, Azərbaycan həm müstəqil dövlət
olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik,
hüquqi, ümumbəşəri dəyərlərin əsasında
qurulan demokratik bir cəmiyyət olacaqdır" - deyən
ümummilli lider Azərbaycanın perspektiv inkişaf prioritetlərini
düzgün müəyyənləşdirərək sivil Qərb
dəyərlərinin cəmiyyətdə tam mənimsənilməsi,
demokratik dəyərlərin daha da möhkəmlənməsi,
insan və vətəndaş hüquq və
azadlıqlarının etibarlı təminatı naminə daim
əzmkar fəaliyyət göstərmişdir. Heydər
Əliyev hüquqi dövlət quruculuğu istiqamətində
ardıcıl, məqsədyönlü və konkret strategiyaya
əsaslanan islahatların həyata keçirilməsini
böyük müdrikliklə təmin etmişdir. Böyük strateq Heydər Əliyev cəmiyyətin
sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin
etibarlı təminatında görərək bunun
üçün bütün zəruri tədbirləri əzmlə
həyata keçirmişdir.
Tarixi təcrübə sübut edir ki, demokratikləşmə
prosesinin sürətlənməsi təkcə iqtisadi
inkişafla deyil, həm də cəmiyyətdə sabitliyin,
hüquq qaydalarının, qanunçuluğun gücləndirilməsi,
bir sözlə, hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğuna yönəlmiş islahatların
dərinləşdirilməsi ilə şərtlənir. Prezident Administrasiyasının
rəhbəri, akademik Ramiz Mehdiyev "Gələcəyin
strategiyasını müəyyənləşdirərkən:
modernləşmə xətti" əsərində bu məqama
toxunaraq xüsusi vurğulayır ki, respublikamız demokratikləşməyə
və vətəndaş cəmiyyəti quruculuğuna xidmət
edən islahatları uğurla gerçəkləşdirmişdir.
Müstəqil Azərbaycanda ictimai həyatın
demokratikləşdirilməsinin əsas istiqamətlərindən
biri məhz vətəndaş cəmiyyəti
institutlarının inkişaf etdirilməsidir. Bu istiqamətdə
mühüm addımlardan biri də
"üçüncü sektor"un -
qeyri-hökumət təşkilatlarının
formalaşması və inkişafı üçün
münbit şəraitin təmin olunmasıdır. Çünki qeyri-hökumət təşkilatları
vətəndaş cəmiyyətinin əsas institutlarından
biridir. 1995-ci ildə ölkədə
demokratik inkişafın təməlini qoyan Azərbaycan
Respublikasının Konstitusiyasının qəbulu
qeyri-hökumət təşkilatlarının fəaliyyətində
irəliyə doğru dönüş nöqtəsi oldu.
2000-ci ildə isə Milli Məclis tərəfindən
"Qeyri-hökumət təşkilatları (ictimai birliklər
və fondlar) haqqında" qanunun qəbul edilməsi ilə
vətəndaş cəmiyyəti instiutlarının
inkişafında mühüm rol oynadı. Bu qanuna əsasən, ictimai birlik - təsis sənədlərində
müəyyən olunmuş məqsədlərlə ümumi
maraqlar əsasında birləşmiş bir neçə
fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü
ilə yaradılmış könüllü,
özünüidarəedən, öz fəaliyyətinin əsas
məqsədi kimi gəlir əldə etməyi nəzərdə
tutmayan qeyri-hökumət təşkilatıdır. Qeyri-hökumət təşkilatı Azərbaycan
Respublikasının Konstitusiyası və qanunları ilə
qadağan olunmamış məqsədlər üçün
yaradıla və fəaliyyət göstərə bilər.
Qanunvericilik bazasının formalaşması ilə
üçüncü sektorda baş verən keyfiyyət və
kəmiyyət dəyişikliyi ölkəmizdə demokratikləşmə
sahəsində atılan inamlı addımların əyani
göstəricisi idi. Bütün bunların nəticəsi
olaraq ilk vaxtlar fəaliyyət dairəsi yalnız Bakı
şəhərini əhatə edən vətəndaş cəmiyyətləri
institutları Azərbaycanın hər yerində layihə və
proqramlar həyata keçirməyə, ölkəmizin daha da
demokratikləşməsi prosesində fəal rol oynamağa
başladılar.
İqtisadi inkişaf vətəndaş cəmiyyəti
quruculuğu prosesinə də təsirsiz ötüşmür. Ölkəmiz
inkişaf etdikcə, dövlətimizin iqtisadi qüdrəti
artdıqca təbii ki, digər sahələrin, o cümlədən
demokratik dəyərlərin möhkəmlənməsi və
vətəndaş cəmiyyəti institutlarının
inkişafı üçün geniş meydan
açılır. Prezident İlham Əliyev bu barədə
deyib: "Əsl açıq demokratik cəmiyyəti ancaq
maddi rifah əsasında qurmaq mümkündür. İqtisadi cəhətdən geridə qalmış
dövlətlərdə demokratik proseslər də geridə
qalır. O ölkələr ki, onlar iqtisadi cəhətdən
güclüdürlər, o ölkələrdə
demokratiyanın inkişafı da çox yüksək zirvədədir.
Ona görə iqtisadi islahatların davam etdirilməsi,
xalqın maddi rifahının
yaxşılaşdırılması demokratik cəmiyyətin
qurulması və formalaşması üçün
başlıca şərtdir. Ancaq bununla bərabər,
əgər sadəcə olaraq iqtisadi məsələlərə
diqqətimizi yönəltsək və siyasi islahatlarda
hansısa bir yubanma olarsa, bu da Azərbaycan
qarşısında duran vəzifələrin həlli
üçün bizə imkan yaratmayacaqdır. Siyasi
islahatlar mütləq aparılmalı və Azərbaycan
müasir ölkəyə çevrilməlidir...".
QHT-lərə dövlət dəstəyi konsepsiyasını
təsdiq etməklə Prezident İlham Əliyev demokratik
prinsiplərə və bəşəri ideallara sadiq
olduğunu, ölkənin inkişafını yalnız bu yolda
gördüyünü bir daha təsdiq etdi. Tam
zamanında təsdiq olunmuş bu konsepsiya Azərbaycan cəmiyyətinin
və beynəlxalq ictimaiyyətin razılıqla
qarşıladığı bir addım idi. Bu addım həm də dövlətimizin
başçısının siyasi islahatlara dair
baxışlarının real həyatda öz təcəssümünü
tapmasından xəbər verir. Dövlətimizin
demokratik institutuların himayəçisinə çevrilməsi
həm də onun özünün demokratikləşmə
istiqamətində səylərini daha da intensivləşdirməsinin
əyani göstəricisidir. Onu da qeyd etmək
yerinə düşər ki, belə bir konsepsiyanı təsdiq
etməklə Azərbaycan Prezidenti dövlət orqanları ilə
QHT-lər arasında münasibətlərin tamamilə yeni bir
mərhələsinin təməlini qoydu.
Bu konsepsiyanın təsdiq edilməsi ilə belə bir nəticə
də hasil oldu ki, Azərbaycan dövləti vətəndaş
cəmiyyəti institutlarının inkişafı ilə
bağlı qarşıda dayanan vəzifələri
görür və onların həyata keçirilməsi
üçün müvafiq addımlar atır. Konsepsiyanın icrası ilə
dövlət və vətəndaş cəmiyyəti
münasibətlərində yeni mərhələyə start
verildi. QHT-lərə dövlət dəstəyini
rəsmiləşdirən və onların Azərbaycanın
siyasi sistemində yerini daha da möhkəmləndirən bu
addım demokratik quruluşların ən mühüm
atributlarından olan vətəndaş cəmiyyətinin əsaslarının
gücləndirilməsinə təkan verib.
QHT-lərin tərəfdaş kimi tanınmasını rəsmiləşdirən
və onların Azərbaycan cəmiyyətində yerini daha da
möhkəmləndirən bu addımlar demokratik
quruluşların ən mühüm atributlarından olan vətəndaş
cəmiyyətinin əsaslarının gücləndirilməsinə
yönəlmişdir. Dövlət
başçısının demokratik siyasi sistemin gücləndirilməsi
istiqamətində atdığı bu addım onun iqtisadi
inkişafa paralel olaraq siyasi islahatların dərinləşdirilməsi
konsepsiyasına uyğundur.
İndi Azərbaycan iqtisadi inkişafının elə
bir səviyyəsinə çatıb ki, bu, dövlətə
QHT-lərin fəaliyyətini stimullaşdırmağa imkan
verir. Ona görə də QHT-lərə dövlət dəstəyi
konsepsiyası ilə Azərbaycan dövləti özü vətəndaş
cəmiyyətinin, deməli, həm də demokratiyanın
qarantına və himayəçisinə çevrilmək
istiqamətində mühüm addım atmışdır.
İndiyə qədər dövlət - QHT
münasibətləri tədricən inkişaf etsə də,
bu konsepsiyanın həyata vəsiqə alması 3-cü
sektorla dövlətin münasibətlərində yeni keyfiyyət
mərhələsinin başlanması deməkdir. Bu həm də onun göstəricisidir ki, dövlət
QHT-lərlə əməkdaşlığı sabitləşdirmək
və daimiləşdirmək niyyətini təsdiq edir.
Bu sənəd yerli qeyri-hökmət təşkilatları
tərəfindən böyük rəğbətlə
qarşılandı. Çünki bu onların institusional
inkişafına təkan verməklə bərabər, həm
də fəaliyyətlərini stimllaşdırır.
Konsepsiyada da yazıldığı kimi, qeyri-hökumət təşkilatlarına
dövlət dəstəyinin məqsədləri cəmiyyətimizdə
yeni münasibətlər modelinin
formalaşdırılması, vətəndaş cəmiyyəti
institutlarının müasirləşdirilməsi, vətəndaş
təşəbbüsünün artırılması, milli
maraqların qorunması sahəsində qeyri-hökumət təşkilatlarının
fəaliyyətinin təşviq edilməsi, onların sosial əhəmiyyətli
problemlərin həllinə cəlb olunması, dövlət və
cəmiyyətin inkişafı üçün əhəmiyyət
kəsb edən proqram və layihələrin maliyyələşdirilməsidir.
Qeyri-hökumət
təşkilatlarına dövlət dəstəyi
konsepsiyası milli maraqların qorunması, Konstitusiya və
qanunlara hörmətin formalaşdırılması, Ermənistan
- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
respublikamızın ərazi bütövlüyü çərçivəsində,
beynəlxalq normalara uyğun həlli ilə bağlı Azərbaycanın
mövqeyinin dünyada fəal şəkildə təbliğ
edilməsi sahəsində qeyri-hökumət təşkilatlarının
fəaliyyətinin gücləndirilməsini, onlara dövlət
dəstəyi verilməsini nəzərdə tutur. Sənəddə dövlət və cəmiyyətin
inkişafı üçün əhəmiyyət kəsb edən
problemlərin həllinə qeyri-hökumət təşkilatlarının
cəlb olunması və belə layihələr üzrə
onlara məlumat, metodiki, təşkilati-texniki, maliyyə
yardımlarının göstərilməsi prioritet kimi müəyyən
edilir. Beləliklə, konsepsiya
qeyri-hökumət təşkilatlarının problemlərinin
həllinə, onların fəaliyyətinin gücləndirilməsi
və əlaqələndirilməsinə xidmət etməklə
bərabər, həm də ölkədə vətəndaş
cəmiyyətinin inkişafına, demokratik təsisatların
bərqərar olunmasına uğurla xidmət edir.
Prezidentin təsdiq etdiyi QHT-lərə dövlət dəstəyi
konsepsiyasında dövlətin QHT-lər vasitəsilə
üstünlük verdiyi fəaliyyət istiqamətlərində
Azərbaycanın dünya birliyinə inteqrasiyasının və
beynəlxalq təşkilatlarla və xarici ölkələrdə
fəaliyyət göstərən qeyri-hökumət
qurumları ilə əməkdaşlığın dərinləşdirilməsi
də yer almışdır. Bu da QHT-lər vasitəsilə
cəmiyyətin demokratikləşməsinə yardımın
bir forması sayıla bilər.
2008-ci ildən başlayaraq yerli QHT-lərə dövlət
büdcəsi hesabına qrantların ayrılması da
dövlət səviyyəsində vətəndaş cəmiyyəti
quruculuğu prosesinə göstərilən dəstəyin
bariz təcəssümüdür. Dövlət
üçüncü sektorun inkişafı üçün
qarşısında duran vəzifələri görməklə
yanaşı, onların həyata keçirilməsi istiqamətində
müvafiq addımlar atır. Uğurlu əməkdaşlıq
isə daha çox QHT-lərdən asılıdır.
Bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin
mövcudluğunu şərtləndirən bütün
seqmentlər normal və ahəngdar şəkildə fəaliyyət
göstərir. Ölkədə qeyri-hökumət təşkilatları
ilə yanaşı, kütləvi informasiya vasitələrinin,
habelə siyasi partiyaların fəaliyyəti üçün
hərtərəfli imkanlar yaradılmışdır. Cəmiyyətin hər bir üzvünün hər
hansı birlik, ittifaq, dərnək yaratmaq, ictimai həyatda fəal
iştirak etmək hüququ ölkə Konstitusiyası və
qanunları ilə tanınır. 18 mart 2009-cu il tarixdə Azərbaycan Respublikası
Konstitusiyasına ümumxalq referendumu əsasında edilmiş
əlavə və dəyişikliklər isə deməyə əsas
verir ki, respublikamız demokratikləşmə və vətəndaş
cəmiyyəti quruculuğu prosesinin həlledici mərhələsinə
daxil olaraq qarşıya qoyduğu hədəflərə
doğru inamla irəliləyir.
Cavid
Xalq Cəbhəsi.-
2015.- 29 sentyabr.- S.9.