Artıq demə laylay ki, yatan ellər
oyanmış…
Həbib Sahirin, Hökümə Billurinin,
Mədinə Gülgünün şeirləri
haqqında
Fəlsəfi dərinliyi ilə seçilən şeirlərdən biri də Həbib Sahirin “Şeirin səsi” əsəridir. Burada həyata, onun hadisələrinə, əzəli-əbə¬di qanunauyğunluqlardan doğan anlayışlara şairin baxışları miqyaslı, əhatəli və düşündürücüdür. Burda fəlsəfi nüfuz predmetin bütün mahiyyətini qavrayır, onu tam ehtiva edir. Bu şeirdə ümumi və xüsusi, ictimai və fərdi meyllər bir vəhdət təşkil edərək tamı, bütövü əmələ gətirir, təsvirin, lövhənin tamlığını şərtləndirir. Şairin bu lövhədə qələmə aldığı, həssaslıqla təsvir etdiyi şeirin ipək pərdələri ürəkləri tərpədir və oxucuya gözəl, kövrək hisslər aşılayır:
Gün batarkən qızıllanan xəyallarda,
Gül açardı yazın gözəl axşamı,
Uzadardı mənə şeirin pərisi,
Şərab ilə dolu, altun bir camı.
Mən məst ikən o dilbərin səsində,
Şeirin mərmuz, dərin səsin duyardım,
O yatarkən eşqin sönməz rəngilə,
Şeirin ipək pərdələrin boyardım.
Yığcamlıq, sözə qənaət, mümkün qədər az sözlə böyük mənalar ifadə etmək Sahir poeziyasına xas keyfiyyətlərdir. Şair lirik peyzaj yaratmaq, canlı, həyati lövhə çəkmək ustası kimi də diqqəti cəlb edir. Şairin “Yurdumuz” şeirində bunun şahidi oluruq:
Səhər oldu, gün hər yerə yayılır,
Qurdlar, quşlar əkinlərə ayılır,
Kölgə düşür pərdə-pərdə yollara,
Axar suda daşlar, qumlar sayılır.
Yapraq, yapraq gəlir qızıl işıqlar,
Al işıqlar-quşlar uçur biqərar.
Hər işıqda ovuc-ovuc ulduzlar,
Hər işıqda
dərin, gizli sirr var.
Çıraq kimi lalələrdir
odlanan,
Lalələrin üzərində qızıl
qan,
Yer üzünün cənnətidir
yurdumuz,
Unut göyü,
bizim yeri gəl dolan.
Göründüyü kimi şeir folklor bulağından su içib, qoşma formasındadır. Lakin Həbib
Sahir bu şeirdə sanki yurdunun nəhəng bir portretini çəkir və bu portretdə bizə yurdun əzəmətini, gözəlliyini,
füsunkarlığını, əsrarəngizliyini incə,
zərif boyalarla nümayiş etdirir.
Ümumiyyətlə, Həbib Sahir
üçün hər
şeydə incəlik,
həssaslıq, yüksək
estetik zövq əsasdır. Şairin həm
lirik, həm də ictimai-siyasi şeirlərində zəmanəsinin
ruhu, ab-havası rəvan bir şəkildə hiss olunur.
Ümumiyyətlə, Həbib Sahirin poeziyasında yurd sevgisi motivləri öndədir. Qələmindən
Vətən, yurd, torpaq məhəbbəti süzülür. Lakin şairin
şeirlərində xalqı
qəflətdən oyatmaq,
mübarizəyə səsləmək,
çağırış nidaları da müstəsnalıq təşkil
edir. Özü də ustad şair
folkora, əcdada sıx tellərlə bağlı olduğu üçün hər misrasını folklorun qızıl rəngilə
boyayır:
Tarixin əgər dəftərin
açsan, görəcəksən,
Hər babı və hər fəsli qızıl qanla boyanmış!
Bir neçə qızıl qübbəli məbəd
tikilərkən,
Xalqın evi uçmuş başına, xərməni
yanmış.
İnsan
ki, həyat fəlsəfəsin anlamaz
oldu,
Dünyada o əfsanəyə, əfsuna
inanmış.
Şahanə saraylarda gecə
toy tutulanda,
Bir çox
qapılar qəmlə
və matəmlə qapanmış.
Gördünmü sürü içrə gedən qurdu? Amandır!
Bax quyruğuna,
gözlərinə, sanma
çobanmış.
Əsrin
o qarı dayəsinə
söylə ki, bir də,
Artıq demə laylay ki, yatan ellər
oyanmış.
Azərbaycanda əsrlər boyu
kişi şairlərlə birlikdə
qadın şairələr
də oxucuları yüksək əməllər
üçün səfərbər
etməkdən ötrü
xalqın kədərini-sevincini,
xeyirini-şərini, ağrı-acısını,
problemlərini nəzmə
çəkiblər. Hökümə
Billuri 1926-cı ildə
Zəncan şəhərində
anadan olub, ilk şeirlərini 15 yaşında
ikən dövrü mətbuatda çap etdirib, Güney Azərbaycanda inqilabi mübarizə dövründə
ictimai-siyasi fəaliyyəti
və bədii yaradıcılığı ilə
zəhmətkeş kütlələrin
azadlığı işinə
yardım edib. 1946-cı ildə doğma Zəncanı tərk edərək Quzey Azərbaycana mühacirət edib, Bakıda Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Daha sonra Moskvada İctimai Elmlər Akademiyasında təhsil alıb, bir müddət “Azərbaycan”
qəzetinin baş redaktoru olub, 1964-cü ildən etibarən Azərbaycan Elmlər Akademiyasının Yaxın
və Orta Şərq Xalqları insitutunda baş elmi işçi vəzifəndə çalışıb.
2001-ci ildə vəfat etmiş miş Hökümə Billurinin şeirləri onun öz mənəviyyatının
tərənnüm yolu
ilə ifadəsidir.
Poeziyanı ictimai amalın, ideologiyanın fəal ifadəsinə
çevirmək şairənin müraciət etdiyi
bütün bədii forma və üsullarda özünü
göstərir:
Quşa sərhəd
yoxdur, kaş quş olaydım,
Arazı uçaraq keçmiş olaydım.
Arzular illərdir
izləyir məni,
Sərhəddə bir çinar gözləyir məni.
Orda xan
çinara qonaydım bir an,
Min qüvvət alaydım budaqlarından.
Ata
ocağımız həyətimizdə,
Uşaqlıq
qoynunu açaydı mənə,
Geriyə dönəydi cavanlıq yenə.
Anam
gözlərində sevinc, həyəcan,
Qarşıma çıxaydı bir anlıq fəqət.
Məni tərk edəydi bir gün bu həsrət.
İllərdir
arzular izləyir məni,
Sərhəddə
bir çinar gözləyir məni...
Bu şeirdə şairənin lirik “mən”i çox fəal
şəkildə təzahür edir. “Mən” bu şeirdə
adi ifadə vasitələrindən biri deyil, poetik mübtədadır.
Burda eyni zamanda şairə lirik “mən”i
ümumiləşdirilmiş şəkildə meydana
çıxarır. Onun lirik “mən”i təkcə
öz arzuları, həsrəti deyil, yüz minlərlə
insanın arzusu, həsrətidir. Sadəcə
olaraq burda lirik “mən” o taylı, bu taylı Azərbaycanı
ehtiva edir və şairənin, ölçüləri vahid Azərbaycanla
bərabərləşən böyük məhəbbətini
təcəssüm etdirir. Məhz buna görədir
ki, “mən”in tərənnümü qeyri-təbii səslənmir,
“öz-özünü mədh”, fərdiyyətçilik təsiri
yaratmır və oxucunu duyğulandırmaqla yanaşı,
olduqca səmini səslənir.
Güney Azərbaycanda müasir demokratik poeziyanın
yaranmasında Azərbyacan poeziyasında özünəməxsus
yeni üfüqlər açan şairələrdən biri də
Ələkbərzadə Mədinə Gülgündür.
Mədinə Gülgün 1926-cı ildə Bakıda
anadan olub.
Bakıda orta məktəbin ibtidai sinfində oxuyarkən -
1938-ci ildə ailə üzvləri ilə birlikdə Cənubi
Azərbaycana köçüb, bir neçə il Ərdəbildə, sonra isə Təbrizdə
yaşayıb. Milli azadlıq hərəkatının
qızğın dövründə bir əlinə silah, bir əlinə
qələm alaraq qəddar şah rejimindən cana
doymuş xalqın müdafiəsinə qalxıb. 1945-ci ildə Azərbaycan Demokrat Firqəsinə
daxil olub. Milli Hökumət dövründə
Təbrizdə Qadınlar klubu bürosunun üzvü
seçilib.
Gənclik dövründən şeirə, sənətə
böyük maraq göstərən şairə 1944-cü ildən
şeir yazmağa başlayıb. O vaxtdan etibarən mütəmadi
olaraq dövri mətbuatda dərc olunan şairə inqilabi fəaliyyətinə
görə 1946-cı ildə Təbrizdə “21 Azər”
medalı ilə təltif edilib. 1948-ci ildə Bakıya gələrək
Azərbaycan Dövlət Pedoqoji İnsitutunun dil və ədəbiyyat
fakultəsində ali təhsil alan şairənin
ilk şeirləri 1950-ci ildə Bakıda “Təbrizin
baharı” və “Savalanın ətəkləri” kitablarında
toplanıb. O zamandan etibarən daha 20 kitaba həyat verən
şairənin əsərlərində əsasən xalqın
milli istiqallı, azadlığı, vətənpərvərlik,
Vətəni iki yerə bölən Arazın nə vaxtsa daha
qan ağlamayacağı, vüsal təntənəsi ifadə
edəcəyi arzusu tərənnüm edilir.
Mədinə Gülgün 1950-1980-ci illər o taylı,
bu taylı Azərbaycan şeirində “fərdi intellektual
üslub” deyilən bir istiqamətin nümayəndəsidir. Məhz
obrazlı, emosional, poetik bir intellekt Mədinə Gülgünə
məxsus ədanı şərtləndirir. Bunlarda
romantik və rasional bir ruh, bədii-fəlsəfi ümumiləşdirməyə
meyl olduqca qüvvətlidir:
Biz ki,
özgə deyilik,
Bölünək bölük-bölük.
Bir
obayıq, bir elik
Bakıdan
Təbrizəcən.
Müjdələnəydi
daş-daş,
Uçaydı
həsrət, təlaş,
Bir məclis
quraydıq kaş,
Bakıdan
Təbrizəcən.
Vüsal
olsa nə dərdim,
Quşlarla
bəhs edərdim,
Mən
piyada gedərdim,
Bakıdan
Təbrizəcən.
Bayatı formasına yaxın formada olan bu şeirdə
olduqca sadə bir dildə, tez bir zamanda yaddaşa hopan bir şəkildə,
eyni zamanda olduqca obrazlı bir tərzdə qələmə
alınıb.
Ayrılıq dərdini canlı lövhələrlə
ifadə edən, həcmcə kiçik olsa da, məna
yükü ağır olan bu əsər şifahi xalq ədəbiyyatından,
folklordan qaynaqlandığı qədər də
novatorcasına yazılıb. Bu şeir
Bütöv Azərbaycana olan sevginin parlaq və bədii bir
nümunəsidir. Qəlbinin zərif tellərini,
duyğularını, arzu və istəklərini bütün
şeirlərində olduğu kimi bu şeirdə də ifadə
edən Mədinə Gülgün eyni zamanda poeziya dilinin ən
sadə üslub-formalarından istifadə edərək
xalqın adi danışıq dilini dərin fəlsəfi mənalarla
nəzmə çəkib.
Mədinə Gülgünün bütün şeirləri
belədir.
Sadə, rəvan, aydın, tez yadda qalan, eyni zamanda mövzu
mündəricələri rəngarəng, oynaq təşbihlər,
istiarələr, təkrirlər, bir-birinə uyğun qafiyələr
və s. Mədinə Gülgün elə şairələrdəndir
ki, heç vaxt zəif əsər yaratmayıb, yalnız ilhamının
pərisi onu poeziya səmalarında uçuranda əlinə qələm
alıb və o taylı, bu taylı Azərbaycan poeziyası xəzinəsinə
qiymətsiz incilər bəxş edib.
Poetik nitqin, xüsusilə şeir dilinin üslubunun
müəyyənləşdirilməsində təşbehin
quruluşu mühüm göstəricidir. Bu, sənətkarın
estetik dünyagörüşü haqqında aydın təsəvvür
verir. Nəyi nə ilə müqayisə
etmək əslində bədii predmetin cəmiyyətlə,
geniş mənada bütün təbiətlə dialektik təmasını
və deməli, sənətkarın da təbiət və cəmiyyəti
necə görməsini aydınlaşdırır. Bənzəyənlə bənzədilənin
münasibəti obyektiv xarakterindən başqa sırf subyektiv
cəhətlə də - şəxsi zövq və fərdi
intelektual səviyyə ilə də bağlıdır. Özünü Şəhriyarın, Səhəndin
mənəvi övladı hesab eləyən Nigar Xiyavinin
şeirləri söz seçimi, məna uzlaşması, deyim
üslubu, musiqi biçimi ilə seçilir. O,
poeziyanın bütün imkanlarından istifadə edərək
hər bir əsərində mükəmmək bədii təsvir
yaradır:
Mən
Savalan göylərinin
Qatarlanan durnasıyam.
Dağlar
dağı Səhəndimin
Zirvəsinin sal buzuyam.
Qaranlıqda
parıldayan,
İşıqlı dan ulduzuyam.
Nigarıyam
Koroğlunun,
Çənlibelin avazıyam.
Səhəndin
çatlayan bağrı,
Şəhriyarımın qızıyam.
Alnım
açıq, başım uca,
Azərbaycanın qızıyam.
İnsanın zəngin mənəvi dünyasının
poetik şərhində lirikanın ideya-estetik təkamülünün
yeni bir mərhələsi (Ədəbi ənənə və
novatorluq, poetik üslub çalarlarının zənginliyi)
50-80-ci illərdə pərvəriş tapan poetik üslublar,
gerçəkliyi qavrayışda yeni görünən duyum tərzi
yeni məzmunlu axtarışlara gətirib
çıxarırdı. Həyatın poetik dərkində
vahid estetik qaynağa, milli ədəbi köklərə
qayıdışdakı müxtəliflik, onu insanlar
arasındakı ictimai-siyasi münasibətlərin, onun mənəviyyatının
dərin psixoloji qatlarını ifadədə məqsədli,
yönümlü “mütaliə” məntiqindən irəli gəlir.
Vüqar Əhməd
professor
Xalq Cəbhəsi.- 2015.-
6 yanvar.- S.14.