Sarıqamış faciəsi…
1915-ci il yanvarın ilk günləri yaşam
dövründə zəfərləri qədər faciələri
də çox olan Osmanlı tarixinin bu günündə səhifəsinə
tayı-bərabəri olmayan, tükürpədici faciə
yazdı: Sarıqamış faciəsi. Bir
güllə atılmadan belə məğlubiyyətlə
sonuclanan savaşın şahidləri və şəhidləri
buz heykəllər oldu. Elə bir faciə
ki, sonucu Türkiyə ilə yanaşı Azərbaycanı da
sardı.
Tarixin Sarıkamış uğursuzluğundan sonra
Türkiyənin şərq hissəsi rus ordusunun
işğalına, Qars və Ərzurum əhalisi isə rus və
ermənilərin kütləvi qırğınına məruz
qaldı. Eynən Qarabağ savaşında olduğu kimi
ruslara arxalanan ermənilər türk-müsəlman kəndlərinə
hücum edərək əhalini qılıncdan keçirdilər.
Sarıqamış faciəsi ermənilərin Azərbaycanda
da müxtəlif faciələrə imza atmalarına səbəb
oldu.
Sarıqamış Türkiyənin cənub-şərqində,
Qars əyalətində yerləşən və o qədər
də böyük olmayan bir qəsəbədir. Dağlıq ərazidə
yerləşdiyindən buraların qışı çox
şaxtalı keçir, ilin altı ayı qar olur, yayı isə
qısa və sərindir. Sarıqamışı
Səlcuq komandanı Sultan Alparslan 16 avqust 1064-cü ildə
Bizans kralı ilə müharibədə ələ
keçirmişdi. Türkiyə bu əraziləri
1878-79-cu illərdə Balkan müharibəsində
itirmişdi. O vaxtdan buralar 1920-ci ilə qədər
çar Rusiyasının işğalı altında olub. Şanlı türk ordusu bütün çətinliklərə
baxmayaraq, 1920-ci ildə Sarıqamış torpaqlarını
düşmən işğalından əbədi azad edir.
Türkiyənin əsrarəngiz təbiətə
malik Sarıqamış vilayətində indi geniş
qış turizmi fəaliyyət göstərir.
100 il öncə Dünya savaşında Türkiyənin
düşdüyü vəziyyətdən yararlanan Rusiya
Osmanlıya müharibə elan edir. Ruslar vaxt
itirmədən Qafqaz cəbhəsini açır və Qərbi
Anadolu torpaqlarına girirlər. Avropa və
Asiyanın bir çox ölkələrinə səpələnmiş
Osmanlı ordusu ingilis, fransız, yunan, rus hücumları
qarşısında duruş gətirə bilmirdi. Hər gün sayı azalırdı. Hərəkət planına görə, 9-cu ordu
Sarıqamış dağlarını, 10-cu ordu isə Allahuəkbər
dağlarını aşaraq rusları Sarıqamışda
mühasirəyə almalı idi.
Hərbi nazir Ənvər paşa hazırladığı
plana əsasən Sarıqamışa iki istiqamətdən
-Sarıqamış və Allahuəkbər dağlarından
hücum edərək Qafqazda rus qoşunlarına zərbə
endirməli idi. Nəzərdə tutulan “Sarı
Qamış” hərəkatını icra edəcək 3-cü
ordu 9, 10, 11-ci Kolordular və 2-ci Süvari Dəstəsindən
təşkil olunmuşdu. Ruslar 100 min,
3-cü ordunun sayı isə 120 min əsgər idi. Türk ordusunun sayca çox olmasına rəğmən
ruslar ağır silah, topçu və təchizat
baxımından ciddi bir üstünlüyə sahib idilər.
Beləliklə,
1915-ci il yanvarın ilk günlərində
125 minlik türk ordusu iliyə işləyən soyuğa
baxmayaraq, strateji yüksəkliklərdən aşaraq plana əsasən
iki istiqamətdən hücuma keçir. Yeri gəlmişkən,
Azərbaycan türklərinin də daxil olduğu ordu isti
geyimlə də təchiz olmamışdı. 40 dərəcəni keçən şaxtaya əsgərlər
15 saat davam gətirə bilirlər.
Araşdırmaçılar bildirir ki,
Sarıqamış faciəsinin başlıca
günahkarlarından sayılan Ənvər paşanın
Türkiyə və dünya tarixşünaslığında
bir-birindən fərqli şəkildə anılması həm
obyektiv, həm də subyektiv səbəblərlə
bağlıdır. Bir şey həqiqətdir ki, 1877-1878-ci illərdə
Osmanlı-Rus savaşında Şərqi Anadoluda itirilən,
Qars, Batum, Artvin və Ərdahan torpaqlarının geri
alınması məqsədilə düzənlənən bu hərbi
yürüş yalnız və yalnız qış
dövrünə təsadüf etməsilə yanlış
hesab oluna bilər. Belə ki, Yəməndən
hərbi yürüşdən yeni qayıtmış əsgərlərin
geyimləri qətiyyən havalara uyğun deyildi. Bütün bunlara rəğmən Ənvər
paşa “dərhal hərəkətə keçib, rus ordusunu
Sarıqamışda yox edəcəksiniz!” əmrini verir.
Cəbhələrin və hərb məktəbinin əməkdar
komandanı Həsən İzzət Paşa çəkinmədən
Ənvər Paşanın bu əmrinə qarşı
çıxır: “Olmaz! Havaları
görürsünüz. Qara qış
başlayıb. Bu hava şərtləri
altında hərəkat bir faciəyə dönüşə
bilər. Qış şiddətini itirsin,
yollar açılsın, düşmənə həddini
bildirərik”.
Verdiyi hər əmrin dərhal yerinə yetirilməsinə
vərdiş eləmiş padşah kürəkəni, 34
yaşlı Ənvər Paşa, əsəbiləşərək
“əgər müəllimim olmasaydınız, sizi edam etdirərdim”
deyərək Həsən İzzət Paşanı vəzifəsindən
uzaqlaşdırır və 3-cü Ordu
Komandanlığını da öz öhdəsinə
götürür. Nəzərdə tutulan “Sarı
Qamış” hərəkatını icra edəcək 3-cü
ordu 9, 10, 11-ci Kolordular və 2-ci Süvari Dəstəsindən
təşkil olunmuşdu. Ruslar 100 min,
3-cü ordunun sayı isə 120 min əsgər idi. Türk ordusunun sayca çox olmasına rəğmən
ruslar ağır silah, topçu və təchizat
baxımından ciddi bir üstünlüyə sahib idilər.
Tamamən
qarla qapalı, çox yüksək dağlıq və yolsuz
bir ərazidə, o günün şərtləri ilə
qış təchizatından məhrum piyada və atlı birliklərlə gerçəkləşəcək
bu yürüş çox riskli idi. Amma Ənvər
Paşanın ruslara olan sonsuz nifrəti onun bu böyük
riski nəzərə almasına mane oldu. Beləcə, həm
silah-sursat, həm də təchizat və qida baxımından
mövcud problemlərə baxmayaraq Ənvər paşa 90 min əsgərə
“irəli” əmri verir. Tarixçilər bu mənzərəni
belə ifadə edirdilər: "Altı əsrlik qoca
Osmanlı ölüm növbəsində idi". 21 dekabrda başlanan yürüş bir güllə
belə atılmadan məğlubiyyətlə sonuclanır.
Mənfi 40 dərəcə şaxta türklərə
düşməndən daha betər qənim kəsilir. Gündüz başlayan yürüşdə əsgərlərin
yumşalan çarıqları gecə donmağa, bir qəlib
kimi ayaqlarını sıxmağa başlayır. Addım atmaq imkansız hala gəlir. Əsgərlər donmamaq üçün
olduqları yerdə hoppanıb-düşməyə
başlayırlar, ancaq şaxta bütün
vücudlarını sarır. Ənvər paşanın
növbəti əmri gəlir: “Yıxılıb qalan əsgər
qaldırılmayacaq”.
Zatən, heç kimdə də başqa birini
qaldırmağa taqət qalmamışdı. Hündürlüyü
1 metri keçən qar, iliyi donduran soyuq yetməzmiş kimi, əsgərlər
bir də aclıqla mücadilə aparır. On beş saatlıq yürüşün sonunda 90
min civarında olan ordudan geriyə 1.400 əsgər dönə
bilir. Ənvər Paşa yenə inadından
dönmür. Bu dəfəki əmrində-
“hücum əsnasında bir addım geri atan əsgər dərhal
öz tapançası ilə öldürüləcək”-
deyir. Bu vəziyyət qarşısında
əsgərlər dillərində kəlmeyi-şəhadət
ölümə doğru yürüməyə
başlayırlar. Nəticədə
Sarıqamışa ancaq bir ovuc əsgər çata bilir.
O da müəyyən müddət üçün. İki həftə ərzində türk ordusu 90 min
itki verir. Soyuqdan qorunmaq üçün
bir-birinə sarılmış əsgərlər elə o vəziyyətdə
də buz heykəllərə çevrilmişdilər. İllər ötəcək, faciə eynilə
Murovda təkrarlanacaq. 1994-cü ilin fevral
ayında Kəlbəcərin işğaldan azad edilməsi
üçün Azərbaycan ordusu tərəfindən
başladılmış və uğursuzluqla nəticələnmiş
"Murovdağ əməliyyatı” Sarıqamış hərəkatının
davamı olacaq. Türklər hər zaman
olduğu kimi eyni düşmənlə üz-üzə
duracaqlar.
Beləcə,
"Sarıqamış Hərəkatı"nda 90 min gənc,
90 min əsgər və nəhayət, ürəyi türk
dünyasının bütövlüyü üçün
döyünən 90 min adam şəhid oldu. Təxminən
5000 adam rusların əlinə əsir
düşür.
Sarıqamışı
azad edəcək ordu komandanı Hafiz Hakkı paşa da
Ənvər paşaya göndərdiyi teleqramda yazırdı:
"Bitti, paşam, ordumuzun kismi küllisi mahvoldu".
Rus
komandanı Petroviç öz xatirələrində
Sarıqamışı belə anladır: “Allahu-Əkbər
dağlarındakı türk taburunu əsir ala bilmədim. Bizdən çox əvvəl Allahlarına təslim
olmuşlardı”.
Ənvər paşa bu olaydan sonra İstanbula
dönür və qatı bir senzura tətbiq edərək
xalqın Sarıqamış cəbhəsində baş verənləri
öyrənməsinə əngəl olur. Faciəylə
bağlı xəbərlər ruslar vasitəsiylə Avropaya və
dünyaya yayılır. Türklər
ancaq bundan sonra Sarıqamış gerçəklərini
öyrənə bilirlər.
Tarixin Sarıqamış uğursuzluğundan sonra
Türkiyənin şərq hissəsi rus ordusunun
işğalına, Qars və Ərzurum əhalisi isə rus və
ermənilərin kütləvi qırğınına məruz
qaldı.
1916-cı ilin fevralında Ərzurum, martda İsfahan, apreldə
Trabzon, mayda Xoy və Dilman, iyunda Ərzincan, avqustda isə Mus
rus ordusu və erməni terrorçu dəstələri tərəfindən
işğal edildi. Ruslara arxalanan ermənilər
türk-müsəlman kəndlərinə hücum edərək
əhalini qılıncdan keçirdilər.
Sarıqamış məğlubiyyəti Türkiyə
ilə bərabər Azərbaycanın da məğlubiyyətinə
səbəb oldu. Bu uğursuzluqdan güclənən erməni
terrorçuları Azərbaycana üz tutdular, elimizi kənd-kənd,
oba-oba yandırıb külə döndərdilər. Ən dəhşətlisi isə budur ki,
işğal olunmuş türk torpaqlarında, Anadolunun şərqində
Ermənistan dövləti yaratdılar. Sarıqamış
savaşında əsir götürülən minlərlə
türk əsgərini Rusiya Cənubi Qafqaza gətirərək
o vaxt "cəhənnəm adası" adlandırılan
Nargində yerləşdirdi.
Sarıqamış faciəsi və Osmanlının
yaşadığı ağır tarixi günlər Azərbaycanda
da narahatlıqla qarşılanır, əli yetən,
gücü çatan qardaşlarının köməyinə
tələsirdi. Kimi isti corab, yun əlcək, isti
canlıq toxuyub göndərir, kimisi qiymətli zinət əşyalarından
keçirdi. Ərzaq, dava-dərman və
başqa yardımlar Azərbaycan Xeyriyyə Cəmiyyətində
toplanaraq Türkiyənin şərq vilayətində müsibətə
düçar olmuş insanlara göndərilirdi. Azərbaycandan dəstə-dəstə
könüllülər qardaşlarının köməyinə
getmişdilər.
Yardım aparanların arasında görkəmli Azərbaycan
şairi Əhməd Cavad da var idi. Bakı ilə Qars
arasında rusların törətdikləri maneələrə
baxmayaraq, böyük türkçü şair yardım
işlərində yorulmadan çalışır,
ölümü göz altına alaraq özünü türk
qardaşlarına yetirirdi.
Tədqiqatçı
jurnalist Akif Aşırlı "Nargin adasının türk əsirləri"
məqaləsində göstərir ki, Azərbaycanın
böyük dövlət və ictimai xadimi Nəriman Nərimanov
"Hümmət" qəzetinin 28 noyabr 1917-ci il sayında
"Göz yaşı tökdürən cəzirə" məqaləsində
yazırdı: "Kaş bu cəzirəyə (Nargin) getməzdim,
kaş bir dəri, bir sümük bədənləri, sifətsiz
gözləri, ah-zar edən insanları görməzdim. Kaş "Əfəndim, su", "Əfəndim,
yemək", "Əfəndim, paltar" sözlərini
eşitməyəydim. Kaş
çılpaq dodaqları soyuqdan titrəyən, üzləri
bozarmış atasız-anasız balalarla sözləşməyəydim.
Kaş xəstəxanada başları kərpic üstə can
verən igidlərə rast gəlməyəydim".
Nəriman
Nərimanov 1200 əsir türkün hazır ölüm
növbəsində durduğunu, 6 min nəfərin də
növbəyə hazırlaşdığını, tif, vəba
kimi yoluxucu xəstəliklərin yayıldığını
göz yaşları ilə yazırdı. Nargində
yaşanan müsibətlərdən, rusların və ermənilərin
Nargində türk əsirlərinin başına gətirdikləri
amansızlıqlardan xəbər tutan Bakı İslam Xeyriyyə
Cəmiyyəti bu barbarlığa etiraz əlaməti olaraq
Rusiya Qızıl Xaç Cəmiyyətinin sədri Oldenburqa
müraciət edir. Sarıqamış faciəsi
türk tarixinin qanlı səhifəsi və ən uğursuz
hərbi əməliyyatı olsa da, 1920-ci ildə türk
ordusu Sarıqamışı işğaldan azad etdi.
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.-
2015.- 6 yanvar.- S.13.