Eşqinlə uçurdum, Azərbaycanım!
Mirzə Hüseyn Kəriminin,
Məftun Yədulla Əmininin, Valehin (Mahmud Dəstpişinin),
Yəhya Şeydanın şeirləri haqqında
Dərin
ictimai-fəlsəfi vüsət lirikanın bədii dəyərini
şərtləndirən mühüm estetik amil kimi o zaman
özünün təsdiqini tapır ki, poetik fikri gerçəkliyin
adi fakt və hadisələri deyil, bu faktlar, hadisələr
arasındakı əlaqələr
düşündürür. 50-80-ci illərdə Güney Azərbaycanda
fəaliyyət göstərən şairlərin
yaradıcılığında lirik qəhrəmanın həyata
analitik münasibətinin ictimai siqlətini şərtləndirən
qlobal problemləri dünya bədii fikrinin əsas inkişaf
yönümü ilə müəyyənləşdirə
biliblər. Dünya, zaman, ömür kimi məfhumların
poetik şərhi müxtəlif ictimai məzmunlu epoxaların
şərtləndirdiyi bədii gerçəkliklərdə
obrazlı fikrin fəlsəfi-psixoloji tutumunu sərrast ifadə
edib.
Şifahi
və yazılı poeziyanın bu sahədəki zəngin ənənələrini,
həmçinin, Azərbaycan şeirinin klas¬sik nümunələri
sırasına daxil olmuş bir sıra şeirlərin
müqabilində 50-80-ci illərdə Güney Azərbaycan
poeziyasında bu tipli uğurlu şeirlərin yaranması real
tarixi şəraitin bu mövzuya aşıladığı məzmun
çaları ilə bağlıdır. Burda əsl poetik
uğur və mühakimələr, başqa sözlə
“filosofluq” iddiaları ilə meydana çıxmır. Zamana
görə aşılanan mənanın
yaşadığımız günlər üçün ictimai
siqləti lirik qəhrəmanın həyata müasir sosial
problemlər mövqeyindən yanaşması ilə
bağlıdır. 50-80-ci illərin uğurlu lirik nümunələri
“arzu”, “hicran”, “əhd-peyman”, “xəzan””zaman”, “sədaqət” ,
“azadlıq”, “vətən” və s. məfhumlarla ictimai-sosial məzmun
qazanır.
Həyat
haqqında lirik düşüncələrin fəlsəfi
tutumunu gerçəkliyin konkret hadisələri, predmetləri,
adi məişət detallarının şərhi yolu ilə
artımı 50-80-ci illərdə Güney Azərbaycan
şeirində nəzərə çarpan bədii keyfiyyətlərdəndir.
1931-ci ildə Marağada anadan omuş Mirzə Hüseyn Kəriminin
şeirlərindəki məcazların zənginliyilə
yanaşı, lirik-psixoloji vüsət, mənalı
düşüncələr axarı orijinal intonasiya
çalarları ilə əyaniləşir. Onun əsərlərindəki
lirik-psixoloji düşüncələri tamamlayan poetik
müraciət müəllif niyyətinin yüksək bədii
ifadəsi kimi səslənir.
Müasir
oxucu ilə lirik ünsiyyətin yadda qalan anları lirik qəhrəmanın
daxili yaşantılarının özünə uyar həyati
detallarla “qovuşması”ndadır. Bu zaman gerçəkliyin
poetik məna verilən tərəfi ilə ictimai-fəlsəfi
tutumlu fikir elə qaynayıb-qarışır ki,
hansının başlanğıc olduğunu müəyyənləşdirmək
çətinlik törədir. Məhz həqiqi poetik istedad da
belə məqamda üzə çıxır.
Dağın
yanması (vulkan püskürən dağ) şair Məftun Yədulla
Əminini mənalı poetik düşüncələrə
sövq edir. Burda yanar dağ obrazdır. Şairin poetik
düşüncəsinə əsasən yanar dağ
bütün dünyaların dərdini qandığı
üçün yanır. Şairin özünün də
ürək yanğısı ilə qələmə
aldığı cəmisi dörd misradan ibarət olan
şeirdə yanar dağ poetik obraza çevrilərək
döyünən ürək, duyan, düşünən insan
ömrü kimi mənalandırılır:
Bütün
dünyaların dərdin qanar dağ,
Sual etsən
sükut ilə yanar dağ.
Səhəndin
üstü qardır, altı qandır,
Bu
coşğun dərddən bir yanar dağ.
1950-1980-ci
illərdə yazıb-yaradan güneyli şairlər xalqın
həyatının bütün incəliklərini,
romantikasını, ağrı-acısını, sevincini, kədərini
gözəl duyduqları üçün, əsərlərində
xalq həyatının ümumi mənzərəsini canlı
lövhələrlə, poetik səhnələrlə əks
etdirməklə yanaşı, milli dəyərlərə,
soykökə bağlı olduqları üçün,
yaradıcılıqlarındakı xalq ruhu, milli kolorit, dil sadəliyi
olduqca qabarıq şəkildə daim özünü
büruzə verib. Əsasən xalq şeirindən,
aşıq qoşmalarından bəhrələndikləri
üçün, onun forma və şəkillərindən,
ifadə və ibarələrindən də məharətlə
faydalanıblar. Lakin bu şairləri əsas etibarilə
narahat eləyən, düşündürən, pərişan
eləyən xalqın milli istiqlalı, azadlığı,
zülm əlindən qurtulması, şahların cəlladlığı,
fars şovinizmi, Azərbaycan xalqına qarşı
haqsızlıq, qeyri-bərabərlik olub. Əlbəttə,
şah rejiminin iti qılıncının günahsız adamları
ağına-bozuna baxmadan kəsdiyi bir dövrdə
bütün bunlara qarşı çıxmaq, zülmü-ədalətsizliyi
açıq-aşkar bəyan etmək olduqca təhlükəli
idi və həmin şairi nəinki ən yaxşı halda
zindan gözləyirdi, onun ailəsini, bütün qohumları
da məşəqqətli günlərə düçar
olacaqdılar. Lakin xalqının yolunda hər cür əzaba-əziyyətə
hazır olan, hətta yeri gələndə ölümün
gözünə belə dik baxmağı bacaran söz sərrafları
heç bir şeydən qorxub-çəkinmədən,
bütün bu problemləri dərin fəlsəfi ifadələrlə
oxucusunun nəzərinə çatdırmaqla, sadə
xalqın bilmədiyi bir çox mətləblərdən onu
hali etməklə yanaşı, həm də onu maairfləndirir,
gələcəyə açıq gözlə baxmağa,
öz azadlığı, milli istiqlalı uğrunda mübarizə
aparmağa səsləyirdi.
Xalqın
dünənindən, bu günündən və sabahından bəhs
etmək üçün şairlərin tez-tez müraciət
etdikləri mövzulardan biri də ana dili məsələsidir.
Xalqın varlığının ümdə əlaməti,
beynində, şüurunda, təfəkküründə
qoruya-qoruya yaşatdığı doğma dilin uzun bir dövr
üçün qayğıdan məhrum olmasında daim
söz ustaları, söz sərrafları özlərini
günahkar hesab edir. Ümumiyyətlə, insan elə bir
varlıqdır ki, əgər ətrafında baş vermiş
mənfiliklərə, problemlərə görə ilk növbədə
özünü qınaq obyekti olaraq seçirsə, bu, onun xəlqiliyini,
vətənpərvərliyini göstərir, vicdanlı
olmasına dəlalət edir. Şairlər xalqın həyatının
bütün bəşəriyyətə açılan
güzgüsüdür. Şübhəsiz ki, Güney Azərbaycan
şairləri də tək İranda və yaxud Azərbaycanda
baş verən təlatümlü hadisələrə biganə
qalmayıblar, eyni zamanda bütün dünyanın dərdinə
daim acıyıb, imkan daxilində bütün əyrilikləri,
haqsızlıqları xarakterizə ediblər.
Şübhəsiz
ki, burda sadə xalqın, daha doğrusu, şahların,
xa¬qanların fironluğu nəticəsində inanılmaz dərəcədə
əziyyət çəkən kəndlilərin olduqca
acınacaqlı həyatına acıyan, onların dərdlərini,
qəm-möhnətlərini özünkü hesab eləyən
Şəhriyar yaradıcılığındakı əsas
ali məqsəd hər şeydən öncə
xalqının taleyini bütün problemlərdən vacib hesab
etməsindədir. Şəhriyar Azərbaycanı həqiqətən
sevən bir şair kimi öz əsərlərində Azərbaycanı,
eyni zamanda Azərbaycan xalqını dünyaya tanıtmağa
çalışıb. O, Azərbaycan xalqının yüksək
mənəvi keyfiyyətlərini, nəcib sifət¬lərini,
humanizmini göstərməklə yanaşı onun
yaşadığı həyatı, adət və ənənələrini
də öz qüdrətli qələmi ilə təcəssüm
etdirib. Xalqın həyatında, məişətində nə
varsa, hamısını bədii boyalarla, poetik lövhələrlə
göstərib, bir sözlə, sadə xalqın həyatını,
adət-ənənələri, bayramları, mərasimləri
hər cəhətdən yüksək bir formada əks etdirib.
Məlumdur
ki, xalq ədəbiyyatı özünün bütün
inkişaf mərhələlərində xalqın estetik tərbiyəsinə
xidmət etmiş mənəvi silaha çevrilib, əsl tərbiyə
məktəbi olub. Xalqımızın yaradıcı
insanları, sənətkarları isə ağız ədəbiyyatını
yazılı ədəbiyyata çevirərək, eyni zamanda
bu xəzinəni qiymətsiz yeni gövhərlərlə bəzəyərək,
bu tərbiyə məktəbinin vəzifələrini ləyaqətlə
yerinə yetiriblər.
Bu
baxımdan 1950-1980-ci illərdə Güney Azərbaycanda
folklora söykənərək fəaliyyət göstərən
şairlərin zəhmətini, əməyini qiymətləndirməmək,
dəyərləndirməmək ən azı günah olar.
Şübhəsiz
ki, şifahi xalq ədəbiyyatı nümunələrindən
bəhrələn¬məyin əsas amillərindən biri
oxucuya poetik ideyanın mahiyyə¬tini, məğzini ən sadə
üsulla, asan bir şəkildə çatdırmaqdır.
Buna 1950-1980-ci illərdə yazıb-yaradan güneyli şairlərin
bir çox nümunələrini misal gətirmək olar.
Hamıya
məlumdur ki, Ana vətənimiz Azərbaycana o taylı, bu
taylı şairlərimiz çox sayda şeirlər həsr
ediblər. Hər şair də özünəməxsus ifadə
tərzi ilə Ana vətəni böyük məhəbbətlə
vəsf ediblər. Güney Azərbaycanın istedadlı
şairlərindən olan Valehin (Mahmud Dəstpişi) bu səpkidə
yazılmış şeirlərində Azərbay¬canın bədii
xəritəsi - təbii zənginlikləri, sərvətləri
şairin özünəməxsus rəngarəng boyaları
ilə cilalanıb.
Mahmud Dəstpişi
bədii yaradıcılığında folklor
ölçüləri saxlamaqla yanaşı, şairlərin
işlətdiyi ümumi deyim və məcazlardan
qaçmağa çalışan, yeni boyalar, yeni rənglər
axtaran, həyata poetik baxmağı bacaran bir şairdir. O,
başqalarının görə bilmədiyi, yaxud
görüb seçə bilmədiyi mətləbi şairanə
idrakla sənət dilinə çevirə bilir. Şair
keçmişi də, bu günü də düşünəndə,
ona yalnız şair qəlbi ilə yox, təfəkkür
gözü ilə baxır, bütün varlığıyla
sevdiyi Ana vətənin hər guşəsində məna
axtarır. Onun hadisələrə bədii-fəlsəfi
mövqeyi həmişə aparıcıdır:
Dədəmdən,
babamdan qalıbsan mənə,
Od
nişanlı yurdum, Azərbaycanım!
Mən də
çöskü saldım odlu sinənə,
Yosma koma
qurdum, Azərbaycanım!
Hər
yerdə dərdimi aça bilmədim,
Hər
bulağın suyun içə bilmədim,
Quşum
sənə qondu, uça bilmədim,
Səni
deyib-durdum, Azərbaycanım!
Mən sənin
oğlunam, sən mənim anam,
Kim
anasın danıb, mən səni danam?
Odlu
ürəyində qaynayan qanam,
Köksündə
oturdum, Azərbaycanım!
Dedim, sinən
üstə bəxtəvər oldum,
Fələk
ayrı saldı, mən gedər oldum,
Köçəri
quşlarla həmsəfər oldum,
Eşqinlə
uçurdum, Azərbaycanım!
Dirilik-şərəfdir,
təlaş-iftixar,
Dirilik-məhəbbət,
vüsal intizar,
Gördüm
ki, məhəbbət əbədi qalar,
Nifrətə
od vurdum, Azərbaycanım!
(“Azərbaycanım”.
“Cənubi Azərbaycan ədəbiyyatı antologiyası”.
4-cü cild. Bakı-1994. səh.218).
Vətənpərvərlik
mövzusu bu illər ərzində kifayət qədər
özünü göstərib. Həyat hadisələrini nəzmə
çəkməyin çox mahir ustalarından biri olan Yəhya
Şeyda əsərlərində qələmə
aldığı həyatı tam sərtliyi və təzadları
ilə əks etdirməyi, onun işıqlı və
qaranlıq tərəflərini qabarıq göstərməyi,
onu dərin analitik təhlildən keçirməyi bacarır.
Şair hadisələrin mahiyyətinə nüfuz etməyi, məzmun,
mündəricə gözəlliyini aşkara
çıxarmağın olduqca peşəkarcasına öhdəsindən
gələ bilir. Bütün bunlarla yanaşı şairin əsərlərində
mübarizə ruhu vüsətli və əzəmətli səslənir.
Yaradıcılığında poeziyamızın sənət
günəşi dahi Mövlanə Füzulinin təsiri duyulan
Yəhya Şeydanın əruz vəznində qələmə
aldığı “Böyük amil” əsəri poetik fiqurlarla,
təşbihlərlə, istiarələrlə, eyni zamanda
klassik şairlərimizin ənənələrini davam etdirərək
dünyanın bütün eybəcərliklərindən,
çirkinliklərindən tamamilə kənar bir yerdə, xərabətilərdə
“saqi” (klassik ədəbiyyatda saqi eyni zamanda həm lirik “Mən”
kimi, eyni zamanda cənnətdə şərbət paylayan obraz
kimi nəzərdə tutulur) obrazı ilə Azərbaycanın
şanlı tarixinə nəzər salaraq bir çox mətləbləri
izah eləməklə yanaşı, oxucusunu yalançı
siyasətbazlara, düşmənlərə qarşı səfərbər
edir:
Vüqar Əhməd,
professor
Xalq Cəbhəsi.- 2015.- 7
yanvar.- S.14.