Mədə-bağırsaq xəstəlikləri
Qidalanmada bağırsaq hərəkətlərini
artıran bitkilərə, tərəvəzlərə üstünlük verilməlidir
Ekspertlər bildirir ki, əhalinin çox hissəsi mədə-bağırsaq traktı xəstəliklərindən əziyyət çəkir. Bu patalogiyaların əsas hissəsi mədə və onikibarmaq bağırsağın funksional pozğunluqları, onun sekretor və motor-evakuator funksiyalarının pozğunluğu ilə xarakterizə olunur. Qıcqırma, gəyirmə, ürəkbulanma, epiqastral ağrı, erkən doyma hissi, mədədə ağırlıq, ishal və ya qəbizlik kimi simptomlar tez-tez özünü biruzə verməyə başlayır. Həkimlərin yekdil fikrinə görə, əsas səbəbi gündəlik həyat və problemlər burulğanında qaçılmaz olan qidalanma pozğunluqlarıdır: quru qidadan istifadə, qeyri-mütəmadi qida qəbulu, ağır və yağlı qidaların rasionda üstünlüyü, qida qəbulları arasında intervalın uzun olması. Bu gün yeni doğulmuş uşaqlarda bağırsaq problemləri üstünlük təşkil edir, böyüklərin əksəriyyəti mədə və bağırsağından şikayətçidir. Ən əsası problemler orqanizmin bu sahəsində yaranmış problemlər aradan qalxmır, elə uzandıqca uzanır.
Bağırsaq problemləri arasında çox rast gəlinən kəskin bağırsaq keçməzliyi çox ağır və təhlükəli xəstəlikdır. Bu patologiya kişilərdə qadınlara nisbətən 1-2 dəfə çox rast gəlinir.Əsasən 30-60 yaşlarında daha çox təsadüf olunur. Kəskin bağırsaq keçməzliyi bağırsaq mənfəzinin hər hansı bir törəmə ilə tutulması, bağırsaq ilgəklərinin öz oxu ətrafında burulması, düyün əmələ gəlməsi, yırtıq qapılarında boğulması, bağırsağın bir seqmenti onun digər hissəsinin mənfəzinə daxil olaraq onun tutlması nəticəsində baş verir. 12 faiz xəstələrdə isə bağırsaq keçməzliyi spazma, ya da atoniya nəticəsində yaranır. Kəskin bağırsaq keçməzliyinin əsas əlamətləri: qarında ağrı,qusma, nəcis və qaz ifrazının pozulmasıdır. İnsan adətən narahat görünür. Xəstənin sifətində qorxu, əzab ifadəsi oxunur.Temperaturu ilk vaxtlarda normal, ağrı vaxtı 35 C-yə qədər enir. Sonralar 37.5-38.5 C-ə qədər artır. Nəbzi 120-yə qədər tezləşir. Dili quruyur,qəhvə rəngi alır,dodaqda çat əmələ gəlir.
Həkimlər bildirir ki, kəskin mexaniki bağırsaq keçməzliyi əməliyyata göstərişdir. Əməliyyat yalnız dinamik keçməzlikdə aparılmır. Amma cərrah Eldar Əhmədovun bildirdiyinə görə, bağırsaq keçməzliyi problemlərinin heç də hamısı əməliyyatla aradan qaldırılmır. Ümumilikdə götürdükdə bağırsaq keçməzliklərinin 60-70 faizi konservativ müalicə ilə açıla bilir. Mütəxəssisin bildirdiyinə görə, günün istənilən anında cərrahlara bağırsaq keçməzliyi ilə bağlı müraciətlər olunur: “Bu problemlə bağlı şikayətlər əsasən köp, nəcis ifrazının dayanması, yaxud azalması, qarın ağrıları, qusmalardır. Şiddətli ağrılar olmaya da bilər.Hər şeydən əvvəl klinik, instrumental müayinələr aparılmalı, keçməzliyin nazik, yoxsa qalın bağırsaq səviyyəsində olduğu aydınlaşdırılmalıdır. Lazım gəlsə, diaqnozu dəqiqləşdirmək üçün kontrastlı kompüter-tomoqrafiya müayinəsi də aparıla bilər. Bütün bunlardan sonra problemin dərman müalicəsi, yoxsa cərrahiyyə əməliyyatı ilə aradan qaldırılacağı aydın olur. Bağırsaq keçməzliyi 60-70 faiz hallarda konservativ müalicə ilə açılır. Bununla bağlı xüsusi müalicə metodları var ki, heç əməliyyata ehtiyac qalmır. Müalicə çox zaman effekt verir. Təbii ki, problemin növündən asılı olaraq müalicənin necə aparılacağına qərar verilir”.
Eldar Əhmədovun sözlərinə görə, bağırsaq keçməzliyi həm də mexaniki səbəblərlə bağlı yarana, yəni bağırsaq mənfəəzinin daralması nəticəsində ortaya çıxa bilər: “Əsasən yaşlı xəstələrdə nəcis tamamən sərtləşir və daş halına gəlir. Yeni doğulan uşaqlarda ilk nəcisə çıxa bilməmə problemi də buraya aid edilir. Tük, dırnaq yeyən, daim meyvələri qabıqla qəbul edən insanlarda da mexaniki keçməzliyin yaranması mümkündür. Bütün bunlar bağırsaqlarda toplanaraq sərt maneə əmələ gətirir və bağırsaq keçməzliyi yaradır. Bundan başqa, yaşlı insanlarda öddə olan daş öd yolları ilə bağırsağa keçə bilir və keçməzlik yaradır”.
Bağırsaq boşluğunda yaranan problemlərin də keçməzliyə səbəb olduğunu deyən mütəxəssisin sözlərinə görə, bağırsağı divarında olan problemlər əsasən şiş xəstəlikləri zamanı yaranır və bağırsaq keçməzliyinə səbəb olur: “Bədxassəli şişlərin bağırsaq mənfəəzini tutması nəticəsində də keçməzlik yaranır. Bağrsağın iltihabi xəstəliləri zamanı bağırsaq divarında çatlar əmələ gəlir ki, onların hesabına mənfəəz darılır. Bağrsağın xaricdən sıxılması nəticəsində də bağırsaq keçməzliyinin ortaya çıxması mümkündür”.
Cərrah qeyd edib ki, ümumiyyətlə, bağırsaq keçməzliklərinin 60-70 faizə qədəri bitişmələr nəticəsində ortaya çıxır: “Əgər xəstə əvvəllər bağırsaqla, ya başqa bir orqanla bağlı əməliyyat keçiribsə, hər hansı əməliyyatdan sonra qarında bitişmələr, bağırsaq keçməzliyi yarana bilər. Bununla bağlı keçməzliklərin 70-80 faizi konservativ müalicə ilə aradan qalxa bilər. Çürümə, deşilmə yoxdursa, müalicə aparılır. Nəticə olmasa, əməliyyat tətbiq olunur. Bağırsaq divarında hərəkət pozulması nəticəsində də keçməzlik yaranır. Qarında infeksiyalar nəticəsində, travmalar zamanı bağırsaqda hərəkətlilik pozulur. Bu da əsasən dərman müalicəsi ilə aradan qaldırılır”.
Həkim, gün ərzində az hərəkət edən, az su içən, oturaq həyat tərzi keçirən, ətli yeməklərə üstünlük verən, ağır çəkili insanlarda bağırsaq problemlərinə daha çox rast gəlindiyini vurğulayıb. Mütəxəssis deyib ki, qidalanmada bağırsaq hərəkətlərini artıran bitkilərə, tərəvəzlərə üstünlük vermək lazımdır: “Belə qidaları qəbul etməyəndə bağırsaqlar tənbəlləşir, qəbizlik yaranır. Çünki uzun müddət davam edən qəbizlik nəticəsində də nəcis daşları formalaşır”.
Onun sözlərinə görə, nevroz insanlarda bağırsaq xəstəlikləri daha çox yaranır: “Çünki bağırsaq divarlarının qidalanması sinir sistemi vasitəsilə olur. Nevrozdan əziyyət çəkən, gərgin olan insanlarda bu problem yaranır”.
Anadangəlmə bağırsaq keçməzliyi son zamanlar uşaqlar arasında da tez-tez təsadüf olunan xəstəliklərdəndir. Mütəxəssislərin fikrincə, bu xəstəliyə hər bir yaşda təsadüf edilə bilər, ancaq yeni doğulmuş körpələrdə buna daha çox rast gəlinir. Həkim-pediatr Nigar Cəfərova deyir ki, mədə-bağırsaq traktında bağırsaq möhtəviyyatının hərəkətinə maneə olarsa, o zaman bu, bağırsaq keçməzliyidir. Anadangəlmə bağırsaq keçməzliyi uşaqlar arasında təxirəsalınmaz cərrahi əməliyyat tələb edən əsas patologiyalardan biridir. Anadangəlmə bağırsaq keçməzliyi müxtəlif səbəblərdən əmələ gələ bilər. Buna görə də şərti olaraq onlar 4 qrupa bölünür - bağırsaq borusunun inkişaf qüsuru, bağırsaq divarının inkişaf qüsuru, bağırsağın fırlanmasının pozulması, digər qarın boşluğu orqanlarının inkişaf qüsurları nəticəsində bağırsaq fəaliyyətinin pozulması. Bu inkişaf qüsurlarının əmələ gəlməsi vaxt etibarı ilə ontogenez dövrünə (bətndaxili inkişafın 3-4-cü həftəsi) təsadüf edir ki, bu zaman bağırsaq divarının formalaşması prosesinin hər hansı bir mərhələsində bağırsaq divarının əmələ gəlməsi, uzanması və formalaşmasının pozulması baş verir: “Embrionun ilk bağırsaq borusunun divarı təkqatlı epidermal hüceyrə ilə örtülmüş olur. Artıq bətndaxili inkişafın 5-ci həftəsindən başlayaraq qarın boşluğunun digər orqanları ilə bərabər, bağırsağın divarında olan təkqatlı epitel profelerasiyaya məruz qalır ki, bu da bağırsağın divarını daraldır, bəzən tam bağlayır. Hamiləliyin 45-ci günündən başlayaraq bu proses geriyə doğru inkişaf etməyə başlayır və bu zaman bağırsaq mənfəzinin havalanması, üfürülməsi baş verir ki, bu da bətndaxili inkişafın 60-cı günündə tam başa çatır. Bu dövrdə embrionda hər hansı bir zərərli amilin təsirindən daxili tipli bağırsaq keçməzliyi baş verir. Bu qüsur onikibarmaq və qalça bağırsaqda daha çox rast gəlinir. Xarici tipli anadangəlmə bağırsaq keçməzliyi isə tam formalaşmış bağırsaq borusunun xaricdən sıxılması nəticəsində baş verir”.
Həkimin dediyinə görə, anadangəlmə bağırsaq keçməzliyinin klinik gedişi keçməzliyin formalaşmasından və maneənin səviyyəsindən asılı olaraq çoxşaxəlidir. Tez-tez təsadüf olunan anadangəlmə yuxarı bağırsaq keçməzliyi bir sıra əlamətlərlə xarakterizə olunur. Onikibarmaq bağırsağın atreziyasında klinik əlamətlər doğuşun ilk günündən başlayır. Ən əsas əlamət çoxlu miqdarda öd qarışığı ilə qusmadır. Qusma uşağı yedizdirdikdən sonra daha da davamlı olur. Nəcis və qazın xaric olmaması, epiqastral nahiyənin köpməsi, mezo və hipoqastral nahiyənin isə batması (qayıqvari qarın) ilk baxışda nəzəri cəlb edir. Qarnı əllədikdə o, yumşaq və ağrısız olur. Doğuşun ikinci-üçüncü sutkasından başlayaraq çoxlu qusma nəticəsində uşaqda toksikoz əlamətləri başlayır. Onikibarmaq bağırsağın stenozu olduqda körpədə ilk günlərdən başlayaraq bir neçə ay müddətində daimi qusma baş verir. Qusuntu möhtəviyyatının miqdarı və ödlə qarışmasının intensivliyi müxtəlif dərəcədə olur. Nəcisin miqdarı az və qəbizliyə meyllilik nəzəri cəlb edir. Orta bağırsağın burulması olduqda xəstəliyin əlamətləri doğuşdan 3-5 gün sonra kəskin şəkildə özünü büruzə verir. Əvvəlcə öd qarışığı və bağırsaq möhtəviyyatı ilə çoxlu qusma vaş verir, nəcis qanlı olur. Uşaq özünü çox narahat hiss edir, toksikoz və şok əlamətləri baş verir.
Nigar Cəfərova bildirib ki, anadangəlmə aşağı bağırsaq keçməzliyi özünü bu əlamətlərlə göstərir: “Nazik bağırsağın atreziyası olduqda xəstəliyin ilk əlaməti özünü doğuşun ikinci günü göstərir. Xəstədə öd və nazik bağırsaq möhtəviyyatı qarışır, çoxlu miqdarda qusma baş verir, hava və nəcis xaric olmur, qarın hər tərəfdən köpmüş vəziyyətdə olur. Uşaq adətən sakit olur, zəiflik, toksikoz və eksikoz əlamətləri özünü göstərir”.
Həkim-pediatrın sözlərinə görə, anadangəlmə bağırsaq keçməzliyinə şübhə olduqda ilk əvvəl hamiləliyin və doğuşun necə keçməsi haqda məlumat toplanmalı, dəqiq müayinə aparılmalıdır. Həkim tərəfindən xəstənin ümumi vəziyyəti qiymətləndirilməli, mədənin zondlanması, anusun və düz bağırsağın müayinəsi, rentgenoloji müayinə həyata keçirilməlidir.
Tibb elmləri doktoru, uşaq cərrahı Çingiz Quliyevin sözlərinə görə, anadangəlmə bağırsaq keçməzliyinin müalicəsi uşaq cərrahlığının ən mürəkkəb bir sahəsi olmaqla bərabər, ölüm faizinin yüksək olması ilə də fərqlənir. Əməliyyatın nəticəsi isə keçməzliyin səviyyəsindən, yanaşı gedən müştərək qüsurlardan asılıdır. Həkim deyir ki, yenidoğulmuşlarda yuxarı bağırsaq keçməzliyi zamanı əməliyyat önü hazırlığın müddəti və keyfiyyəti xəstəliyin ağırlıq dərəcəsindən, xəstəliyin fəsadlarından asılıdır.
Ülviyyə
Tahirqzı
Xalq Cəbhəsi.- 2015.- 15 yanvar.- S.13.