Sızlayır əhvalıma sübhə
qədər tarım mənim...
Güney
Azərbaycan şairləri insanda əbədiyyətə, həyatın
gözəlliyinə qarşı gözəl duyğular
aşılayan nümunələr yaradıblar
Azərbaycanda
ədəbiyyat məhz XII əsrdən etibarən geniş
oxucu və dinləyici auditoriyasına daxil olmağa
başlamışdı. Qəzələ olan sürəkli
maraq da bu meylin əks-sədalarından biri idi. Qəzəlin
bəşəri məzmunu, yığcam, lakonik forması, ahəng
və ritmi onu şəhər ədəbiyyatının
mühüm janrına çevirirdi. Qəzəl xalq kütlələrinin
müxtəlif təbəqələrini özünə cəlb
edir, asan qavranılıb əzbərlənir, avazla oxunur,
musiqi məclislərində ud, qanun, tənbur və digər
çalğı alətlərinin müşayətilə səslənirdi.
Azərbaycan
məkanında poeziyanı musiqisiz, musiqini də poeziyasız
təsəvvür eləmək qeyri-mümkündür. Bunun
da səbəbi Azərbaycan xalqının nəinki poeziyaya və
musiqyə yüksək dəyər verməsidir, poeziya ilə
musiqi hər bir azərbaycanlının genetik kodunda kök
saldığı üçün, bunları öz həyatının
mənası hesab etməsidir.
Azərbaycanda,
istər Arazın o tayında olsun, istər bu tayında, daim
söz və musiqi xiridarları tərəfindən lirik məclislər
keçirilib. Həm söz sərraflarının, həm də
musiqi xiridarlarının iştirak etdiyi bu məclislərdə
şübhəsiz, qəzəl aparıcı rol oynayıb və
bilavasitə qəzəllə muğam qoşa qanad kimi pərvaz
edərək xanəndələrin və sazəndələrin
ifasında dinləyicilərin ruhuna hakim kəsilib. Arazın
bu tayında Qarabağda, Gəncədə, Şamaxıda,
Bakıda və başqa şəhərlərdə bu cür
məclislər insanların könlünü
oxşayırdısa, Arazın o tayında Təbriz və
Ərdəbil mühitində belə məclislərin
sayı-hesabı yox idi.
Şübhəsiz
ki, belə məclislər təkcə insanların ruhi qida, mənəvi
zövq almaqlarından əlavə, muğamın ecazkar sirrlərinə
bələd olan xanəndələrin, sazəndələrin
yetişməsi ilə yanaşı klassik poeziya ənənələrinə
yaxşı yiyələnən, əruz vəznini mükəmməl
öyrənən şairlərin yetişməsi
üçün məktəb rolunu oynayırdı. Güney
Azərbaycanda bu ənənə heç bir zaman
qırılmadan davam etdiyi üçün insanların qəzəl
yaratmağa meyli şübhəsiz ki, həddən artıq
güclənirdi və bu məkanda hər dövrdə
yüzlərlə əsl qəzəlxan yetişirdi.
Güney
Azərbaycan şairlərinin qəzələ daha yaxından
yiyələnmələrinin səbəblərindən biri də
onların fars dilini ana dili qədər gözəl bilmələri,
bu dildə rahat oxuyub yazmağı bacarmalarıdır. Klassik
şairlərdən təkcə milliyətcə fars olanlar
deyil, türk olanlar da, hətta nəinki azərbaycanlılar,
Anadolu türkləri də orta əsrlərdə fars dilində
çoxlu əsərlər yaradıblar. Buna misal olaraq təsəvvüf
və irfan ədəbiyyatının ən görkəmli
nümayəndəsi Mövlanə Cəlaləddin Rumini və
bir çox başqalarını göstərmək olar. Azərbaycanlı
şairlərin isə fars dilində yazdığı əsərlərdən
divan bağlamasını şərh etməyə belə
ehtiyac yoxdur. Klassik ədəbiyyatı həm azəri
türkcəsində, həm də fars dilində oxuyan
Güney Azərbaycan şairlərinin, klassik şeiriyyatın
böyük bir hissəsini ardıcıl mütaliə eləmələri
onların qəzəl janrına necə peşəkarcasına
yiyələndiklərini göstərir. Məhz bu səbəbdən
yüksək emosiya və gözəllik tərənnümü
vasitəsi olan qəzəl janrında 1950-1980-ci illər
Güney Azərbaycan şairləri insanda əbədiyyətə,
həyata, həyatın gözəlliyinə qarşı
yaxşı duyğular, sağlam münasibət, alicənab
hisslər aşılayan bir-birindən gözəl nümunələr
meydana gətiriblər. Lakin bu illər ərzində qələm
işlədən şairlərin məziyyətləri bununla
bitmir. Məlumdur ki, qəzəl yalnız əruz vəznində
yazılır. Əgər kimsə heca vəznində qəzələ
bənzər bir şey yazarsa, şübhəsiz ki, bu onun qəzəl
janrına bələd olmamağını və ümumiyyətlə,
klassik ədəbiyyatdan gələn ənənələrdən
bixəbərliyini göstərir. Əruz vəzninin
axıcılığı, ahəngdarlığı, qəliblərdəki
ritmlər qəzəlin hər beytinin poetik fiqurlarla zənginləşməsinin,
zərif, gözəl və iti fikir
daşıyıcısı olan plastik vasitə-nuktənin
estetik ölçü vahidinə çevrilməsinə
yardım edir. Bu baxımdan güneyli şairlərin əruz vəzninə
çox gözəl bələd olması onların qəzəl
yaradıcılığı üçün olduqca əlverişli
bir zəmin yaradıb. Güney Azərbaycanda xalq tərəfindən
sevilimiş və dəyərləndirilmiş elə bir
şair tapmaq olmaz ki, o, əruzun bəhrlərinə bələd
olmasın. Bu isə güneyli şairlərin əsl sənətkar
olmalarından, sözün əsl mənasında Azərbaycan
poeziyasının yükünü çiyinlərində ləyaqət
və şərəflə daşımalarından xəbər
verir.
1950-1980-ci
illər ərzində Güney Azərbaycanda bir çox
şairlər qəzəl janrında qələm
sınayıb. Bunların bəziləri qəzəldə elə
məharət göstəriblər ki, əsərləri təkcə
Güneydə deyil, Quzey Azərbaycanda da populyarlıq
qazanıb, xanəndələrin repertuarla¬rından heç
bir zaman əskilməyib. Həmin şairlərə başda Məmmədhüseyn
Şəhriyar olmaqla, onlarla şairi misal gətirmək olar
ki, Quzey Azərbaycanın ən məhşur xanəndələri
istər el məclislərində, istərsə də
televiziya ekranlarında vaxtaşırı bu şairlərin qəzəllərini
sevərək ifa ediblər və etməkdədilər. Qəzəl
təkcə poeziya janrı deyil, milli musiqimizin ana musiqisi
sayılan muğamın libasıdır, şübhəsiz,
Güney Azərbaycanda muğamımızdan ötrü rəngarəng,
aləlvan, libaslar toxuyan gözəl sənətkarlar var.
Bunlardan
biri də Məmmədəli Məhzundur. Poeziyanın bir
çox janrlarında bir-birindən dəyərli əsərlər
yaratmış Məmmədəli Məhzun qəzəl
janrında da qələmini məharətlə sınayıb
və oxucuların qəlbinə yol tapa bilib, XX əsr Azərbaycan
poeziyasında qəzəlin ən mahir ustası olan
Əliağa Vahidin sadə üslubda yazmaq ənənəsini
ləyaqətlə davam etdirərək olduqca sadə, təmiz
Azərbaycan dilində öz oxucusuna gözəl nümunələr
təqdim edib:
Dili-bimarım üçün musiqi dərman kimidir,
Onsuz aləmdə mənə bu aləm zindan kimidir.
Unudar dərdi-qəmin kim eşidər musiqini,
Sanki dünya o zaman baği-gülüstan kimidir.
Necə canani sevər canı kimi aşiqlər,
Sevirəm musiqini, sevgili canan kimidir.
Tara bax, naləsi bülbül kimi gülzarı tutub,
Gül fərağında o da halıpərişan kimidir.
Bəxtəvər kimsədi ol xəlq ki, var musiqisi,
Musiqi bilməyən ölkə, necə viran kimidir.
Dil yenə aşiqi olmuş bu gözəl musiqinin,
Deyəcəksən ki, bu Məhzun yenə Sənan kimidir.
İnsan qəlbinin gözəl, bakir hisslərini qəzəlin qəlibində əks etdirməyi çox gözəl bacaran Əliağa Vahidin yolunu qəlbə, ruha yatan, könül oxşayan qəzəllər yazmaqla davam etdirən şairlərdən biri də 1929-cu ildə anadan olmuş Mirəli Musəvi Makui Hamiddir. Qəzəl ənənəsi üzərində böyüyən, formalaşan Hamid, Vahidin lirik üslubuna xəyanət etmədən gözəl nümunələr meydana gətirib:
Ya Rəbb, fəraq dərdini canana kim desin?
Döndü bu qüssədən ürəyim qana kim desin?
Vüsalə çatmağa vermir macal ömür,
Bu qüssə qorxuram yetə payanə kim desin?
Çoxdandı mən də qüssə və dərd aşinasıyam,
Vurğuna, ya bu dərdi Süleymana kim desin?
Könlümdə var ziyarət edəm qəbr Vahidi,
Bu həsrəti o pir süxəndana kim desin?
Hamid, yetişdi xəzanə bahar ömür,
Döndü xəzanımız da zimistanə, kim desin?
Güney Azərbaycan şairlərinin hər birinin yaradıcılığında qəzəl janrının öz məxsusi yeri var və elə bir güneyli şair tapmaq olmaz ki, o qəzəl yazmaqda da öz qələmini sınamasın. 1950-1980-ci Güney Azərbaycan sənətkarlarının qəzələ olan məhəbbətinin bəlkə də şərhə ehtiyacı yoxdur. Çünki bu şəxsiyyətlərin qəzəllərini oxuyarkən mənəvi qida, bədii həzz almamaq mümkün deyil. Onların qəzəllərində məna dərinliyi sənətkar hünəri ilə təhlil edilən məhəbbət intim, subyektiv münasibətlər çərçivəsinə sığmır, özünə geniş meydan, ənginliklər axtarır. Belə sənətkarlardan biri də ustad Şəhriyardır ki, professorlar Himalay Ənvəroğlu ilə Elman Quliyev birlikdə yazdıqları “Şəhriyar poetikası” kitabında ustad şairin qəzəl yaradıcılığı ilə bağlı olan fəsilə “Şəhriyarı-qəzəl və yaxud qəzəlin Şəhriyarı” adı veriblər. Bu da təsadüfi deyil. Şəhriyar sənətinin bütün incəliklərini çox gözəl surətdə təhlil etməyi bacaran bu alimlər ustad sənətkarın qəzəldə də bütün başqa janrlarda olduğu kimi bədii sözün və obrazlı təfəkkürün hər növ vasitələrindən, əlvanlıq və dəqiqliyindən, üsul və imkanlarından olduqca məharətlə, həm də yüksək zövq və estetik ölçü əsasında istifadə etməsini və bizə heç vaxt təravəti solmayan qiymətli bir miras qoyduğunu çox gözəl anladıblar. Bu da təsadüfi deyil ki, ustad Şəhriyar özünü “qəzəlin Şəhriyarı” adlandırıb:
Şairlər içrə mən qəzəlin Şəhriyarıyam,
Etdikcə sevgi tacı maral gözlü yarımı.
Vacib tərbiyəvi əhəmiyyətli, yüksək əxlaqi-estetik zövq təlqin edən Şəhriyar qəzəlinin mövzu dairəsi, təsvir və tərənnüm obyekti, ifadə tərzindəki şirinlik, aydınlıq, sadəlik onu çox yüksəyə qaldırıb. Şəhriyarın qəzələ həddindən artıq məftunluğunun və bu janrda heyrətamiz bir şəkildə nümunələr yaratmasıın səbəblərindən biri də onun mənəvi sərvətimiz olan muğamlarımıza söykənməsidir. Təsadüfi deyil ki, ystad şair çalğı alətlərimizin şahı sayılan tar alətini “qara günlərinin dildarı” adlandırıb:
Sızlayır əhvalıma sübhə qədər tarım mənim,
Təkcə tarımdır qara günlərdə dildarım mənim.
Şəhriyar öz əsərlərində xalq çalğı alətlərini, xüsusilə tar, balaban, setar, tənbur və sazın adını tez-tez çəkir, söz rübabını muğamlarımızın üstündə dilləndirir. Bu da onun musiqiyə olan yaxınlığını, doğmalığını təsdiqləyir.
Ustad şair “Səhər piyaləsi”, “Tacbəxşin kamanı”, “Tarım mənim”, “Arazın qayıqları” adlı qəzəllərində və bir çox başqa əsərlərində saza, tara, kamana üz tutmaqla ən ağır dəqiqələrində həmin musiqi alətlərinin qəlbi ehtizaza gətirən sədalarından təsəlli tapacağına ümid bəsləyir:
Meyimi, sazımı, bu qüdsi-nəvamı bir eşit,
Gör ki, eşqin nə qədər şuri-nəva verdi mənə..
Göstərilən misallar təsdiqləyir ki, böyük şairimiz ömrü boyu musiqi ilə nəfəs alıb, onun həzin sədası altında yazıb-yaradıb.
Vüqar Əhməd,
professor
Xalq Cəbhəsi.-2015.- 16
yanvar.- S.14.