Balabançının
M.Ə.Sabirlə görüşü
Məşhur
balabançı Əli Kərimovun görkəmli
musiqiçilər Şəkili Ələsgər (1866-1929),
Keçəçi oğlu Məhəmməd (1860-1940), Seyid
Şuşinski (1889-1965), İslam Abdullayev (1876-1964), şamaxılı
Aşıq İbrahim (1860-1920) və onlarca bəstəkarlarla
maraqlı görüşləri olub. Bizi daha çox
maraqlandıran Azərbaycanın dahi satirik şairi
M.Ə.Sabirlə (1862-1911) ustad Ə.Kərimovun dostluğudur.
M.Ə.Sabiri
şamaxılılar dinsizlikdə suçlayıb «babi»
adlandırırdılar. Bu dönəmdə Şamaxıda
fanatik müsəlmanlar açıq-açığına
şairə qarşı hücumlar çəkir, onun təşkil
etdiyi məktəbə uşaq verməkdən də boyun
qaçırırdılar. Şair ən aşağı
aylıqla yaşamağa məcbur idi. Musiqiçi Əli dədə şair Sabirlə
görüşən azsaylı şəxslərdən biri
idi. O, Sabirlə bağlı eşitmiş və bir neçə
dəfə çayxanada və cızbızxanada
görmüşdü.
Ustad
sağlığında o günlərdən belə
danışardı: «Bir dəfə mən çayxanaya girib
Sabirlə salamlaşıb doğmaca görüşdüm.
Doğrusu, şair bu doğmalıqdan çaşbaş
qalmışdı. Ona görə ki, çayxanaya gələnlərin
heç biri bu gözəl insana salam vermirdilər. İlk
tanışlıqdan sonra onunla tez-tez görüşər və
doğma söhbətlər edərdik. Bir dəfə Sabir məni evinə dəvət
etdi. O, heyranlıqla söylədi ki, sənə bəzi
şeyləri göstərəcəyəm. Bu,
açığı, mənim üçün də
çox maraqlı idi. Biz onun Sarıtorpaq məhəlləsindəki
evinə getdik. Evində o qədər də əşya
gözə dəymirdi. Mənim diqqətimi əlbəttə,
musiqiçi kimi cəlb edən rəfdə və divardan
asılmış musiqi alətləri oldu. Çox qəribə
idi ki, şairin yoxsul komasında Azərbaycan musiqi alətlərindən
saz, tar, təbil (qaval), balaban, kamança, qoşa nağara və
s. var idi. Mən heyrətimi gizlətmədim, soruşdum:
-
Şair, axı bu qədər karastı (alətlər) sənin
nəyinə gərəkdir?
Sabir
görkəminə ağayanalıq verərək:
-
Gördüyünüz bu musiqi alətlərini ürəkdən
sevir, bir çoxunu isə çalmağı bacarıram.
Mən
soruşdum:
-
Bunlardan ən çox hansını sevirsiniz?
O, bu
an divardan asılmış sazı götürüb mənim
üçün bir mahnı çaldı. Özüm də
bilmədən qeyri-ixtiyari sinəmdə gəzdirdiyim yastı
balabanla hər ikimiz «gəzişdik»…
Sabir
Bakıya gedənə qədər onunla bir neçə dəfə
görüşdüm. Söhbətlərimiz ən çox sənətdən,
xalq musiqimizin tarixindən gedirdi.
Üzeyir
Hacıbəyli ilə görüş
Əli
dədənin Üzeyir bəylə
tanışılığının da maraqlı tarixçəsi
yar. O, bununla bağlı danışardı:
«1938-ci
ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı
və incəsənəti ongünlüyündə mən, Cənnətalı
və Əlibaba iştirak edirdik. Yadımdadır ki, biz ora
getməmişdən öncə Bakıda Üzeyir bəyin
başçılığı altında gərgin məşqlər
keçdik. Mən orda öz dəstəmlə – yəni
qonşu Xatman kəndindən olan dəmkeş Cənnətalı
və qardaşım nağaraçı Əlibaba ilə
«Koroğlu» nağarasını ayrıca, «Cəngi»nin
ifasında birgə çalmalıydıq. «Koroğlu
nağarası» Üzeyir bəyin çox xoşuna gəlmişdi.
«Cəngi»ni
başa gətirincə çox çalışdıq. Dəstədəki
zurnaçıların sayı dəqiq yadımda qalmayıb.
Bir onu bilirəm ki, onların səsi bir-biri ilə düz gəlmirdi.
Üzeyir bəyin necə gərgin olduğunu görüb ona
dedim:
-
Ağa, icazə ver, mən bu alətlərin
hamısının səsini bir «cığır»a salım.
Doğrusu,
Üzeyir bəy mənim bu gözlənilməz təklifimdən
tutuldu və dedi ki, neçə saatlardı biz
çalışırıq bir iş hasil olmur, sən nə
edəcəksən, a kişi?
Mən
inad etdim:
-
Ağa, siz icazə verin, indi görəcəksiniz ki, onu necə
uzlaşdırıb, yoluna qoyuram.
Üzeyir
bəyin icazəsindən sonra dəstədən irəli
çıxdım. Həmkarlarımı doğmaca salamlayaraq
onlara bir çox şeyləri başa saldım. Mən həmişə
yanımda alətlərlə birgə arı mumu gəzdirərdim.
Çalğıçıların alətlərini bir-bir
yoxladım və həmin mumdan istifadə eməklə
hamısını bir kökə gətirdim. Sonra Üzeyir bəyə
dedim:
-Ağa,
indi birgə çalmaq olar.
Üzeyir
bəyin göstərişi ilə Səid Rüstəmov dəstəni
yerbəyer etdi. Əlində də çubuq var idi. Biz birgə «Cəngi»ni
çalmağa başladıq. Artıq məqsədimizə
çatmışdıq. Mən çətinliklə də
olsa, ayrı-ayrı zurnalardakı zil-bəmi
uzlaşdırmışdım. Üzeyir bəyin də, Seyid
Şuşiniskinin də sevinci yerə-göyə
sığmırdı. Bax, o «Cəngi» beləcə zəhmət
bahasına, gərgin məşqdən sonra belə yarandı.
Mən görürdüm ki, Səid Rüstəmov işinə
necə tələbkarlıqla yanaşırdı…
«Koroğlu
nağarası»
Əli
kişinin ilhamı sahilsiz dəniz, sonsuz kainat, qaynağı
görünməyən bir dağ şəlaləsinə bənzəyirdi.
Bəli, Əli dədə çalanda ilham atını
dördnala çapmağı bacarırdı, özəlliklə
dinləyicini öz çalğısıyla
oxşayırdı. Ustad Əli bütün mahnıları
özünəməxsus, bənzərsiz ilhamla ifa etmişdi.
Ancaq «Koroğlu nağarası» ilə bağlı ayrıca
söz açmaq gərəkdir. Ona görə ki, Əli dədə
bu havacatla Moskva dekadasında (1938) çıxış edib. Həm
də ona görə ki, bu musiqi xalq qəhrəmanı
Koroğlunun şərəfinə bəstələnmişdi.
Dahi Ü.Hacıbəyov «Koroğlu» operasını da o illərdə
yaratmışdı. Gənclərdə yurddaşlıq
duyğusunu daha da gücləndirməkdə Koroğlunun
adı ilə bağlı dastan, operanın necə təsiri
varsa, ustadın bəstələdiyi «Koroğlu
nağarası»nın öz önəmi var. Elə buradaca
deyim ki, indi dövlət radiosunun qızıl fondunda Əli dədənin
qorunan əsərləri arasında «Koroğlu nağarası»
da var. Eləcə də onun nəfəsinə yaxın olan
çalğıda - nəvələri Ağasəf Seyidovun,
Fikrət Əliyevin çalğısında da «Koroğlu
nağarası» yaşamaqdadır.
İndiki
kimi yadımdadır, ustad bayram günlərində dəstəsi
ilə kəndin mərkəzinə gələr, «Koroğlu
nağarası»nı çalardı. Kənd camaatı tez mərkəzə
toplaşardı.
Elə
ki kənddə toy olardı, qabaqca Əli dədə dəstəsini
döyüşə haylayan komandan kimi bir saata qədər
öz həyətində çalardı. Həyətdən
toy evinəcən «Vağzalı», «Çobanyaylağı»
havalarını çala-çala gələrdi. Kəndin
yeniyetmələri dəstənin böyür-başında
sevinclə toy olacaq evə kimi ustadı müşayiət edərdilər…
Ustad
sanki bununla camaatı toya çağırardı ki, ay camaat,
gəlin, toy başlandı. Kəndin pəhləvan gövdəli
gəncləri, kişiləri girərdi ortalığa
güclərini sınayardılar. «Koroğlu sayağı»,
hava çalındığı meydan qızışardı,
əzələlər gərilib şişərdi.
Özünü ələ ala bilməyən güləşçi
bəzən az qala bir qanıqaraçılıq da salmaq istərdi.
Belədə ustad «Cığatayı»nın oynaq havası ilə
rəqibləri barışığa
çağırardı. Güləşçilər hiss etmədən
mehribancasına oynayar, öpüşüb ayrılardılar.
Bu, o demək idi ki, heç kəsin qəlbində inciklik
qalmasın…
Kalvanın
bütün toylarını Əli Dədə
çalardı. Mağar ağzınacan dolardı. Əli Dədə
Kalvada yox, harada toy çalsaydı, toya gələnlərə
bir kişinin həyət-bacası bəs etməzdi. Ustad istər
zurnada, istərsə də balabanda çalanda
üzünün cizgilərinə çox fikir verirdim. O,
sevinc duyğusu, gülərüzlülük,
ağırlıq nəfəsi ilə can verdiyi, barmaqları
ilə bərk-bərk sıxdığı zurnasının səsi
ilə birləşərdi. Çalanda əziyyət çəkmirdi.
Ən qəmli havaları da elə bil qəm yarasına məlhəm
qoyardı. İndinin özündə də ustadın
musiqisini dinləyəndən sonra kimliyindən asılı
olmayaraq «Yaşa, Əli dədə!» sözləri qeyri-ixtiyari
dodaqlardan qopur. Ölməzlik elə bu deməkdir.
«Koroğlu
nağarası»nı dinləyəndə adamın gözlərinin
qarşısına qoç Koroğlunun Qıratın belində
dəlilərilə düşmənə qan uddurmağı gəlir.
Əli dədə qoç Koroğlunu bizə daha da
doğmalaşdırır.
Onu
da deyim ki, «Koroğlu nağarası»nda nağara mütləq
çöplə çalınmalıdır. İndiki
nağaraçılar, nə acılar ki, əl ilə
çalırlar. Hanı Əli kişinin qardaşı Bəxtiyarın,
nəvəsi Adilin çöplə nağara
çalmaları? Onlar çiyinlərindən asdıqları
nağaranın hər iki üzündən istifadə edərdilər.
İndiki nağaraçılar içərisində Adil
Əliyevin oğlu Şöhrət çöplə
nağara çalmaq ənənəsini ard etdirir.
Ustad
1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti
ongünlüyündə «Koroğlu nağarası»nı ifa
edərkən o zaman SSRİ-nin bir nömrəli qəzeti
sayılan «Pravda» qəzeti yazırdı:
«Balabançının çaldığı muğamlar,
xalq havaları hər kəsdə nəcib hisslər
aşılayır. Onun bəmdə və zildə gəzişmələri
ürəkləri titrədir”…”Koroğlu nağarası” ustada
həmişə böyük şərəf gətirib,
hörmət qazandırıb.
1960-cı ilin aprel ayı idi. O vaxt mən Şamaxı Pedaqoji
Texnikumunda oxuyurdum. Onda Şamaxıda «Lenin
bağı» deyilən böyük istirahət parkı
vardı. Həmin parkda qara zurnanın sədaları
altında rayonlararası güləş yarışı
keçirilirdi. Çalğıçılar
cavan idilər, Əli kişinin çalğısına bələd
olanlar onları heç bəyənməzdilər.
Şamaxının qocaman musiqiçiləri bir az aralıda əlindəki əsaya dəstəklənərək
oturacaqda əyləşən ustad Əli kişini dövrələmişdilər.
Mənim yanımda Yardımlıdan olan tələbə
yoldaşım Əlağa var idi. Dedim ki, Əlağa o
kişini görürsən, məşhur
zurnaçalandır. Əgər onun musiqisini
eşitsən, özünü undarsan. Dostum
buna inanmadı. İsrarla Əli dədənin yanına
gəldim və dedim:
- Əli dədə, xoş gördük, necəsən? Baba, mən
Kalvadanam, Soltanın oğluyam. Bu
çalğıçılar yaxşı çalmırlar.
Xahiş edirəm, bir «Koroğlu nağarası»
çalasan.
-Ay bala, mən
bu alətlərlə sən deyən havanı çala bilmərəm.
Öz alətlərim də Kalvadadır.
- Əli dədə, Ağasəf dayının alətləri
ilə çalarsanmı?
- Bəlkə,
bir təhər...
Ağasəf dayı da orada idi, tanışlarından
birinə alətlər çantasını gətirtdi.
Biz Əli dədəni araya alıb yığnağa
doğru gətirdik. Hamı onun gəlişini görüb
sevinirdi. Ustad Əli alətlərini
köklədi. Nəvələri Ağasəf
dəm tutdu, Adil çöp nağarasında çaldı.
İndi əsl üçlük
alınmışdı. Əli kişi
hamını heyran edəcək havalar çaldı. Bəlkə
də ustad «Koroğlu nağarası»nı
ən kamil şəkildə həmin gün çaldı. Qıraqdakı adamlar onun qara zurnasının səsini
eşitcək meydana toplaşdılar. Tələbə
dostum Əliağanın heyrətdən əli-ayağı
qurumuşdu. Mən adamların
yaxınlaşıb ustadın barmaqlarını
öpdüyünü gördüm.
Ustad Əli dədə ilə bağlı çoxlu məqalələr
çap etdirmişəm. Qayınatam Ağalar müəllimlə
atası Əli kişi haqqında tez-tez
söhətlər edərdik. Bir gün
ustadın anadan olmasının 100 illiyi ilə bağlı
geniş söhət etdik. 1974-cü ilin
yazında yubileyə hazırlıq gördük. Ustadın yaşadığı evin bir
otağını muzey kimi yaratdıq, şəxsi əşya
və alətlərini ora yağdıq. Bütün
işlər görüldükdən sonra 1974-cü il oktyabrın 17-də Kalva kənd mədəniyyət
evinin həyətində ustadın 100 illik yubileyini təntənəli
şəkildə qeyd etdik. Həmin mərasimdə
Kalva və ona qonşu kəndlərin camaatı iştirak
edirdi. Qıraq yerlərdən də çoxlu adam gəlmişdi. Həmin ilin noyabrında
ustadın 100 illik yubileyi Şamaxı şəhərində
Əfzələddin Xaqani adına Mədəniyyət
Evində təntənəli şəkildə qeyd edildi. Bu tədbirə də Şirvanın və
respublikanın tanınmış şəxsləri gəlmişdilər.
Əli dədə ilə Aşıq Şakirin ölümü Şirvan aşıq sənətinə böyük zərbə vurdu. Azman sənətkarların ölümündən sonra bölgənin, eləcə də ölkənin aşıq sənətində bir boşluq yarandı. İndi onları həsrətlə xatırlayanlar deyirlər ki, hanı Əli dədə kimi zurnaçalan, Aşıq Şakir kimi oxuyan? Doğru deyirlər.
Qalib Soltanoğlu
araşdırmaçı
Xalq Cəbhəsi.- 2015.- 17 yanvar.- S.14.