Mənəvi bağlantının ənənəvi nümunəsi

 

Multikultural ənənələrin daşıyıcısı olan Novruz bayramı xalqlar, dinlər və mədəniyyətlər arasında mənəvi bağlantı, qarşılıqlı anlaşma hadisəsidir

 

Hər il olduğu kimi bu il də Novruz bayramı və onun ayrılmaz tərkib hissəsi olan ilaxır çərşənbələr ölkəmizdə böyük coşqu ilə qeyd olundu. Novruzqabağı nəğmələrin ikinci qrupunu çərşənbələrlə bağlı ritual və mərasim nəğmələri təşkil etdiyini bildirən mərhum folklorşünas Azad Nəbiyev ilaxır çərşənbələrdən söz açarkən göstərirdi ki, “ilaxır çərşənbələrlə bağlı görüşlər ulu əcdadın ilkin insanın yaranmasında iştirak edən Su, Od, Yel və Torpaq mifizmi ilə bilavasitə bağlıdır. Törəniş düşüncəsi təsəvvürünü formalaşdıran bu ünsürlər mərasim folklorunda müxtəlif kult və mif sistemləri şəklində öz əksini tapdı. Onların hər biri ilə bağlı silsilə nəğmə və miflər yarandı, çərşənbələrin hər biri milli yaddaşda insana uğur və xoşbəxtlik gətirən rəmzlər kimi geniş məna, məzmun mündəricəsinə yiyələndi”.

Filologiya üzrə fəlsəfə doktoru Şakir Albalıyev bildirir: “Göründüyü kimi, Novruz bayramı sadəcə, yaz fəslinin gəlişi ilə məhdudlaşmır. Novruz bayramı kimi geniş əhatə tutumuna malik olan ikinci bir bayram tapmaq çox çətindir. Onun əhatə arealı öz başlanğıcını ən azı qış fəslinin gəlişindən götürür, belə olduqda isə miladi təqvimlə hesablanan Yeni il şənliyini də öz əhatə dairəsinə alır. Ölkəmizdə böyük təntənə ilə qarşılanan və keçirilən Novruz bayramı təkcə ümumxalq bayramı-milli bayram səviyyəsində yox, ölkəmizin ərazisində (hətta ölkəmizin hüdudlarından çox-çox uzaqlarda belə) yaşayan bütün dinlərin və irqlərin nümayəndələri tərəfindən də sevgi ilə qarşılanır, barış və həmrəyliyin nümayişinə çevrilir. Daha dəqiq ifadə eləsək, Novruz bayramı multikultural dəyərlərə malik cahanşümul əhəmiyyətli bir bayramdır. Novruz bayramı təbiəti etibarilə də bəşəri-humanist dəyərləri özündə daşıyır. Özü də bu dəyərlər təkcə ictimai sfera ilə qapanıb qalmır, ictimai aləmlə təbii aləmi vəhdətdə götürərək dünyamızın bütövlükdə kosmik bir nizamla yaşamasını şərtləndirir. Dövlət başçısı tərəfindən 2016-cı ilin Multikulturalizm ili elan olunması da bir tərəfdən multikultural dəyərləri özündə yaşadan Novruz bayramına verilən önəmin bir təcəssümü hesab oluna bilər”. Tədqiqatçı Niyaz Niftiyevin bu xüsusda söylədiklərinə diqqət ayırsaq, multikulturalizmin ta qədimdən xalqımızın bir yaşam tərzi olduğunun və buna bu gün də dövlətimiz tərəfindən böyük bir dəstək verildiyinin aydın şəkildə fərqinə vara bilərik: “Multikulturalizm milli, dini, irqi və mədəni çeşidliliyin və fərqliliyin qarşılıqlı hörmət və anlaşma zəminində qəbul edilməsi, bir cəmiyyətin bütün üzvlərinin konstitusion mədəni hüquqlarının qorunması və adı çəkilən müxtəlifliyin xalqın ümumi rifahına və sabit inkişafına xidmət etməsinə nail olan təbii və düşünülmüş həyat tərzinin nəticəsi kimi başa düşülür”

Ş.Albalıyev düşünür ki, Novruz bayramı öz bətnində multikultural zəminə əsaslanan milli ənənələri qoruyub yaşadır: “Yuxarıda qeyd etdiyim kimi, bunun bir səbəbi Novruzun təkcə bir, ya bir neçə günlə, yaxud da bir fəsillə bağlı olmayıb, özündən əvvəlki qış fəslini də və qış fəsli qarışıq milad bayramı olan Yeni ili də öz tərkibinə qatması ilə müəyyən olunursa, digər səbəblərdən biri ölkə ərazisində yaşayan azsaylı xalqların məskunlaşdıqları etnik regionları belə əhatə etməsi ilə müşayiət olunur. Novruzun ilaxır çərşənbələrindən birinin su stixiyası ilə əlaqələndirilməsi – Su çərşənbəsi adı ilə tanınıb-adlandırılması da öz nüvəsində-mayasında su elementini (suyun kristal forması olan qarı və buzu) gəzdirən qış fəslinin obrazlı təcəssümüdür. Hətta Novruz ərəfəsində xalça-kilimlərin, palazın, digər yataq dəsti avadanlıqlarının eşiyə çıxardılaraq üstünə qar ələnməsi-tökülməsi və üstündən də süpürgə ilə süpürülüb təmizlənməsi faktı suya – suyun kristal forması və həm də qış rəmzi olan qara saflıq, saflaşma vasitəsi kimi baxışları özlüyündə əks etdirir. Xalça-palazın qar vasitəsi ilə süpürülüb-təmizlənməsi bir tərəfdən reallığa əsaslanmaqla qarın dondurucu şaxtası ilə yorğan-döşək arasına düşə biləcək cücüləri-həşəratları, güvəni və s. məhv etməklə sanitar-gigiyenik qaydalara riayət etməyin göstəricisidirsə, digər tərəfdən də su ilə bağlı mifik görüşləri özündə əks etdirir. Belə ki, ev şəraitindən – mənzildən çölə daşınan-çıxarılan məişət əşyaları da öz “canlarında” fiziki olaraq qarı (qışın simvolu olan qarı) gəzdirməklə beləcə qış fəslini rəmzi olaraq yola verdiklərini (yola saldıqlarını) səciyyələndirirlər. Sanitariya baxımından təmizliyə bu cür riayət olunma həm də mifik görüntü olaraq su əyəsi (yiyəsi) ilə - su əyəsinin təbiətdə canlı görüntüsü olan qış fəsli ilə təmasa girməni xarakterizə edir. Bununla həm də qışın – qarın, suyun könlü oxşanılır-alınır və qışdan sonra gələcək yaz fəslinə - Novruza keçid almaq funksiyası bir mərasim aktı olaraq icra olunmuş olur.

Hər bölgə, hər etnos ümumxalq bayramımız olan Novruza öz dəyərli töhfələrini verməklə onu daha da rəngin, əlvan edib, zənginləşdirir. Məsələn, Lənkəran bölgəsinin spesifik, özünəməxsus, başqa bölgələrdə müşahidə olunmayan Novruzla bağlı gözəl adətlərindən biri də nişanlı qızlara aparılan bayram xonçasında balığın ağzında qızıl üzüyün olmasıdır. Qızıl üzük balığın ağzına keçirilir və bayram xonçasında qız evinə aparılır.

Bölgənin digər adətlərindən biri də ilin axır çərşənbəsində axar su üstünə getmək və suyun kənarında təzəcə baş qaldıran yamyaşıl otlardan ailə üzvlərinin hər birisi üçün ayrı-ayrılıqda ayırıb axar suya atmaq adətidir. Yaşıl otlardan bir çəngə qoparıb “Anamın canında nə xəstəlik varsa, hamısı bu axar su ilə dəryaya getsin”, - deyib otu suya atırlar. Bu ritual ayrı-ayrı hər bir ailə üzvü üçün təkrar edilir. Lənkəran bölgəsinin digər spesifik adət-ənənələrindən biri də ilaxır çərşənbədə heyva ağacından nehrə üçün heyva çubuğunun dərilməsidir. Bu inanc nehrədən bol yağ çıxacağı anlamına gəlir. İlin axır çərşənbəsi günü sübh tezdən yuxudan ən tez ayılan şəxs bir qab su dolduraraq hələ yuxuda olan bütün ev sakinlərinin üzlərinə çiləyir. Bu isə saflıq, təmizlik rəmzi olan suyun bütün ailə üzvlərinə il boyu sağlamlıq, gümrahlıq gətirəcəyi anlamındadır. İlaxır çərşənbədə səhər tezdən mal-qaraya baş çəkilir, üstlərinə su çilənir, meyvə ağaclarının dibinə balta ilə yavaşca vuraraq: “Əgər bu il bol məhsul gətirməsən, səni kökündən kəsərəm”, - deyilir.

Qeyd edim ki, Novruz bayramında qız evinə aparılan xonçada balığın ağzında qızıl üzüyün olması adətində su ilə bağlı inancın izləri dolayısı ilə də olsa, özünü göstərir. Belə ki, balıq su ilə bağlı məbuddur, balığın vətəni sudur və suda yaşayan canlı olan balığın ağzında nişanlılıq-evlilik əlaməti kimi üzüyün aparılması da sevginin də su kimi saf olmasını, eləcə də qurulacaq ailənin də dirilik rəmzi olan su kimi sağlam və əbədi olması arzusunu simvollaşdırır. Eləcə də ilaxır çərşənbədə su ilə bağlı digər ayin və hərəkətlərin icrası da suya olan müqəddəs mifik görüşlərdən qaynaqlanır. Həmçinin Novruz bayramında mal-qaraya baş çəkilməsi, üstlərinə su çilənməsi, meyvə ağacları ilə bağlı inanca söykənən hərəkətlərin icrası və s. kimi məsələlər də bir daha Novruz bayramı və onun ayrılmaz tərkib hissəsi olan ilaxır çərşənbələrin nəinki ölkəmizdə yaşayan ayrı-ayrı etnik qruplar və xalqlar arasında əhəmiyyətli ictimai hadisə olaraq anlaşma, həmrəylik vasitəsi olduğunu göstərir, eləcə də təbii aləmdə də - canlı və cansız təbiətdə də bir canlanma, yenilənmə əhval-ruhiyyəsi yaradan bayram olduğunu açıq şəkildə göstərir. Bəli, multikultural ənənələrin daşıyıcısı olan Novruz bayramı nəinki ictimai baxımdan ayrı-ayrı xalqlar, millətlər, dinlər və mədəniyyətlər arasında bir mənəvi bağlantı vasitəsi, qarşılıqlı anlaşma və mehriban dialoq hadisəsidir, həmçinin də ki, bizi əhatə edən təbii coğrafi mühitdə bioloji sferanın da harmoniyasını qoruyub-saxlamağa xidmət edən sosial mədəniyyət hadisəsidir. Bu nöqteyi-nəzərdən yanaşdıqda milli olduğu qədər də dünyəvi məzmun daşıyan Novruz bayramı öz geniş qoynunu bütün bəşəriyyətə açıb, dünyamızı salamlayır”

Yeri gəlmişkən, Novruz bayramı ərəfəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində keçirilən tədbirlə bağlı xəbərdə bildirilir: “Bayram tədbirində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşları, ölkəmizdə fəaliyyət göstərən 20-dən yuxarı milli və dini icmaların üzvləri və rəhbərləri, Milli Elmlər Akademiyasının, Bakı Slavyan Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndələri iştirak edib. Tədbirdə Mərkəzin icraçı direktoru Azad Məmmədov qonaqları salamladıqdan sonra Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədr müavini Fuad Nurullayev, Rus Provoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası pravoslav dini təşkilatının nümayəndəsi Mifodiy Efendiyev, Gürcü Yəhudiləri Bakı dini icmasının nümayəndəsi Moisey Bekker və Mədəniyyətlərarası Təhsil üzrə Avropa şəbəkəsinin vitse-prezidenti, professor Svetlana Kurteş çıxış ediblər. Qonaqlar multikulturalizmin Azərbaycanda dövlət siyasəti olmaqla yanaşı hər bir kəsin həyat tərzi olduğundan danışıb, müxtəlif dinlərə, irqlərə və xalqlara mənsub olmalarına baxmayaraq Azərbaycan dövlətinin vətəndaşı olmaqdan qürur duyduqlarını və dövlətə xidmət etdiklərini bildiriblər. Novruz şənliyinin bədii hissəsində Bolqar icmasının nümayəndələri Səməd Vurğunun Azərbaycan şeirini bolqar və Azərbaycan dillərində səsləndirib və müxtəlif mahnılar oxuyublar. Tatar icmasının nümayəndələri isə Novruz bayramına aid tatarca mahnılar ifa ediblər”.

 

Uğur

Xalq Cəbhəsi.- 2016.- 2 aprel.- S.13.