“Ünvanlı sosial
yardımın təyin olunması prosesi elektron qaydada baş verir”
Əmək və Əhalinin
Sosial Müdafiə Nazirlyinin İctimaiyyətlə
əlaqələr şöbəsinin
müdiri Elman Babayevin
Trend-ə müsahibəsi
- Ünvanlı dövlət
sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) bu sosial yardım sistemində şəffaflığın
təminatı baxımından
hansı üstünlükləri
gətirdi?
- Bildiyiniz kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanının
uğurlu icrası olaraq, yaradılmış
ünvanlı dövlət
sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi artıq cari il fevralın
15-dən tətbiq edilir.
Bu sistemin ən mühüm üstünlüklərindən
biri onun dövlət sosial yardım sahəsində heç bir halda məmur-vətəndaş
təması olmadan, şəffaflığın tam təmin olunması üçün vacib əsaslar formalaşdırmasıdır.
Əgər əvvəllər
vətəndaşlar bu
yardımın alınması
üçün əhalinin
sosial müdafiəsi mərkəzlərinin əməkdaşlarına
müraciət etməli
olurdularsa, yardımın
təyin olunub-olunmaması
barədə qərar
birbaşa məmurun iradəsindən asılı
idisə və bu hal da
ünvanlı yardımların
təyin olunmasında
subyektiv yanaşmalara imkan yaradırdısa, artıq bu təcrübə
keçmişdə qalıb.
Yəni
ünvanlı dövlət
sosial yardımı üzrə elektron müraciət və təyinat sistemi nəticəsində vətəndaş
təmsil etdiyi ailəyə yardımın
təyin edilməsi üçün hansısa
məmura müraciət
etmir və ona yardım təyin olunub-olunmaması
barədə qərarın
verilməsində də
nəinki məmur, ümumiyyətlə, insan
faktoru iştirak etmir. Bu prosesi avtomatlaşdırılmış sistem həyata keçirir.
Digər
tərəfdən, vətəndaş
əvvəllərdə yardım
üçün müraciət
edilməsindən ötrü
müxtəlif qurumlardan
sənədlər toplamalı
olurdu ki, bu da nəinki
onun çətinlik çəkməsinə, eyni
zamanda bu və ya digər
təşkilatlarda aidiyyəti
məmurlarla qarşılaşmasına,
beləliklə, məmur-vətəndaş
təmaslarının genişlənməsinə
səbəb olurdu.
VEMTAS-ın tətbiqi
bu praktikaya, yəni yardım üçün müraciət
edilməsində kağız
daşıyıcılardan istifadədən imtinaya, beləliklə də, vətəndaşlar üçün
çevik və rahat formada müraciət
olunmasına imkan verdi. İndi yardım almaq istəyən şəxsdən
həmin sənədlər
tələb edilmir və deməli, o da müxtəlif qurumların məsul məmurlarına bu sənədlərin alınması
üçün müraciət
etməli olmur. Vətəndaşlar yalnız
notarusdan ailə üzvlərinin birinin ailə adından müraciət üçün
vəkil edildiyi barədə vəkalətnamə
alır, “Ünvanlı
sosial yardımla bağlı müraciətin
edilməsi” e-xidməti
vasitəsilə müraciət
edir və ailəsi, gəlirləri və s. barədə məlumatları “Ərizə-bəyannamə”də
qeyd edir. Bu da mühüm üstünlüklərdən biridir.
- Yəni burada artıq məmur müdaxiləsi mümkün
deyilsə, deməli, yardım təyin olunması üçün
kimdənsə rüşvət
istənilməsi ehtimalı
da sıfıra enir.
- Tamamilə doğrudur. Qeyd etdiyim kimi,
ünvanlı sosial yardımın alınması
üçün müraciət
edilməsi və bu yardımın təyin olunması prosesi tam elektron qaydada baş verir. Bu prosesin heç bir məqamında vətəndaşla
məmur ünsiyyəti
mümkün deyil. Müraciət etmiş ailələrin maddi-məişət
şəraitinin müayinəsi
üçün əhalinin
sosial müdafiəsi mərkəzlərinin əməkdaşlarının
onların yaşadıqları
ünvanlara getməsi
nəzərdə tutulurdu
ki, vətəndaşla
məmur təması
heç bir halda baş verməsin deyə bu müayinə də aparılmır.
Bəzən belə əsassız
şayiələr ortaya
atılır ki, guya yeni elektron
sistemin tətbiqi şəraitində də
hansısa yollarla yardım təyin etdirmək olar. Bu şayiə ünvanlı
dövlət sosial yardımı sahəsində
şəffaflığın təmin olunması baxımından ümumən
ölkəmizin mühüm
nailiyyəti olan elektron müraciət və təyinat sisteminə böhtan atmaq, onu gözdən
salmaq üçün
uğursuz cəhddən,
həm də savadsız yanaşmadan başqa bir şey deyil. Axı yardımın təyin olunub-olunmaması
barədə qərarın
qəbulu elektron qaydada avtomatlaşdırılmış
rejimdə həyata keçirilirsə, bu prosesdə insan faktoru, məmur iştirakı yoxdursa və bu mümkün
də deyilsə, onda vətəndaş onun ailəsinə yardım təyin olunması üçün
kimə rüşvət
verməlidir ki...?! Ona görə də kiminsə hazırda sosial yardımın təyinatında
hansısa rüşvət
halının mümkünlüyünü
səsləndirməsi ya
qərəzli və ədalətsiz münasibətin,
ya da bu
yeni sistem barədə tam məlumatsızlığın
nəticəsi kimi qəbul olunmalıdır.
- VEMTAS artıq ay yarımdır ki, tətbiq olunur. İlkin nəticələr necədir?
Müraciətlər çoxmu
olur?
- Vurğulamaq istərdim ki, ünvanlı dövlət sosial yardımı üçün
elektron qaydada müraciət sisteminə
keçilməsi, yardım
almaq hüquqlarına
da məhz elektron qaydada baxılaraq qərar verilməsi elə ilk gündən əhali tərəfindən rəğbətlə
qarşılanıb. Hazırda
vətəndaşlar tərəfindən
“Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”
e-xidməti vasitəsilə
edilən e-müraciətlərə
Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi tərəfindən elektron
qaydada baxılaraq qərar qəbulu prosesi normal qaydada davam etdirilir. Vətəndaş bilir ki, artıq onun ailəsinə yardım yazılması üçün hansısa
məmura müraciət
etməli, həm də müxtəlif qurumlardan sənədlər
toplamalı deyil. Bunun nəticəsidir ki, indi vətəndaşlar
ünvanlı dövlət
sosial yardımının
alınması üçün
elektron qaydada müraciət etməyə
maraq göstərirlər.
Bütün müraciətlərə
də sistem qanunvericiliklə müəyyən
olunmuş müddət
ərzində baxaraq şəffaf şəraitdə
elektronlaşdırılmış qərar verir.
Müraciət edən ailələrə
aid lazımi məlumatları
elektron qaydada əldə etmək üçün 20-dən çox
qurumun informasiya resurslarına avtomatik inteqrasiya həyata keçirilir. Vətəndaşlar
elektron şəkildə
müraciət zamanı
“Ərizə-bəyannamə”ni doldurarkən səhv, yanlış məlumatlar daxil etdikdə, bu dərhal üzə çıxır.
Çünki onların
təqdim etdikləri məlumatlarla aidiyyatı qurumlarda onlar barədə olan rəsmi məlumatlar əldə edilərək
yoxlanılır, uyğunsuzluq
aşkar edilərsə,
yardımın təyin
olunmasından imtina qərarı verilir. Belə qərar verildiyi təqdirdə vətəndaşa bu barədə göndərilən
elektron məlumatda da imtinanın səbəbləri göstərilir.
Yardım
təyin olunması barədə sistem tərəfindən qərar
qəbul olunursa, bu barədə ailəni təmsil edən şəxsə göndərilən məlumatda
yardımın məbləği,
onu hansı bankdan ala biləcəyi göstərilir. Yardım
təyin olunub-olunmaması
barədə məlumat
vətəndaşın “Ərizə-bəyannamə”də
qeyd etdiyi əlaqə vasitələrinin
birinə göndərilir.
Ona görə də vətəndaşlar
onları düzgün
qeyd etməlidirlər.
- Bütün vətəndaşların
bu sistemdən lazımınca istifadə
edə bilmələrində
müəyyən çətinliklər
olurmu?
- Sistemin yeni olmasına
görə bu çətinliklər ilk günlərdə
qaçılmaz idi. Həm də məlumdur ki, heç də hamı komputer avadanlıqlarına, internetə
çıxış imkanına
malik deyil. Təbii ki, bu amil xüsusi
olaraq diqqətdə saxlanılıb. Bununla əlaqədar bütün
poçt şöbələri
də bu sahədə vətəndaşların
xidmətindədir. Yeni
sistemin tətbiqi ilə bağlı poçt şöbələrinin
əməkdaşları üçün
treninqlər də keçirilib, vətəndaşların
poçt şöbələrində
elektron qaydada müraciət etmələrində
onlara aidiyyəti texniki köməkliklərin
göstərilməsi, bu
sahədə xidmətin
təşkili baxımından
müvafiq bilik və bacarıqlar aşılanıb. Yəni
insanlar rahat şəkildə gəlib
poçt şöbələrində
onlar üçün
ayrılmış komputer
avadanlıqlarından və
poçt işçilərinin
texniki köməyindən
istifadə edərək
elektron müraciətlərini
edirlər və bu sahədə heç bir problem özünü göstərmir.
Burada xüsusi olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollektivinə xüsusi təşəkkür etməyi
də borc bilirik.
Ümumiyyətlə, sosial
yardım sistemində şəffaflığın tam təminatına zəmanət verən Vahid Elektron Müraciət
və Təyinat Alt Sistemi
gözlənilən tərzdə özünü
doğruldur və ölkəmizin uğurlu bir iş təcrübəsinə çevrilir.
Xalq Cəbhəsi.- 2016.- 2 aprel.-
S12.