Multikulturalizmlə bağlı həyata
keçirilən tədbirlər
I yazı
Tarixən
Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri
ölkəmizdə özlərini olduqca güvənli hiss
ediblər. Zəngin Azərbaycan mədəniyyəti,
ruhu burada istisnasız olaraq birləşdirici rol oynayır,
milli özünüifadə üçün geniş imkanlar
açır. Son bir ildə Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin təqdim etdiyi xəbərlərdən
bir neçəsinə diqqət yetirək: “Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin virtual dəyirmi masa layihəsi
Beynəlxalq Tolerantlıq Gününə həsr edilib. Hər
il noyabr ayının 16-sı dünyada
“Beynəlxalq Tolerantlıq Günü” kimi qeyd olunur. Bu
günün əsası 1995-ci il
noyabrın 16-da qoyulub. O zaman UNESCO-nun 185 üzv ölkəsi
“Tolerantlıq prinsiplərinin izahı” ilə bağlı sənəd
qəbul edib. Hər il bu gün müxtəlif
mədəniyyət və dinlərin planetimizdə birgə
yaşamasının mümkünlüyü günü kimi
qeyd olunur.
Virtual dəyirmi
masada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
tolerantlığın önəmi, tolerant ideyaların
aktuallığı və ölkəmizdə multikulturalizmin ənənələri
mövzularına yer ayrılıb. Virtual dəyirmi
masada bu sahə üzrə ixtisaslaşmış 12 beynəlxalq
və yerli ekspert iştirak edib”.
Başqa
bir xəbərdə isə bildirilir: “Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi “Müasir dövrdə Azərbaycanda
sosial-iqtisadi və mənəvi inkişafın harmoniyası”
mövzusunda I Virtual Dəyirmi masa materiallarının
kitabçasını nəşr edib. Kitabça Azərbaycan,
rus və ingilis dillərində çap olunub, ön və son
səhifələrində dünya dinlərinin simvolları əks
olunub. Virtual Dəyirmi masa ötən ilin oktyabr ayında
düzənlənən IV Bakı Beynəlxalq Humanitar Forumu ərəfəsində
Azərbaycan Respublikası millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
Dövlət müşavirliyi xidməti tərəfindən təşkil
edilib. Dəyirmi masanın iştirakçıları
AMEA-nın həqiqi üzvü, millətlərarası,
multikulturalizm və dini məslələr üzrə dövlət
müşaviri Kamal Abdullayev, AMEA-nın həqiqi üzvü,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov,
Paraiba Dövlət Universitetinin professoru (Braziliya) Sudha
Svarnakar, Romualdo Del Bianko Fondunun prezidenti (İtaliya), memar Paolo
Del Bianko, Ural Federal Universitetinin İctimai və Siyasi Elmlər
İnstitutunun Avropa tədqiqatlatrı kafedrasının
müdiri, professor Aleksandr Nesterov, Ostvald fon-Volkenştayn-
Qezelşaft Fondunun Prezidenti (Almaniya), professor Ziqlinde Hartman, beynəlxalq
münasibətlər üzrə ekspert (İsrail) Arye Qut,
politoloq və naşir (İtaliya) Sandro Tetti, Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə dövlət
müşavirliyi xidmətinin baş məsləhətçisi,
professor Etibar Nəcəfov olub. Kitabçada
virtual dəyirmi masa iştirakçılarının
mövzu ətrafında apardıqları geniş fikir
mübadiləsi öz əksini tapıb. Dəyərli
mütəxəssislər Azərbaycanın multikultural bir cəmiyyət
olduğunu və multikulturalizmin azərbaycanlıların həyat
tərzinə çevrildiyini vurğulayıblar.
Kitabçada
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun direktoru, professor İlham Məmmədzadənin
və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının prorektoru, professor
Əlikram Abdullayevin rəyləri yer alıb. Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin icracı direktoru, professor Azad Məmmədovun
fikrincə, kitabça “Azərbaycan multikulturalizmi” fənninin
tədrisində dərs vəsaiti kimi istifadə edilə bilər”.
Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Bəstəkarlar
İttifaqının, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
və Şəki şəhəri İcra hakimiyyətinin birgə
təşkilatçılığı ilə ötən il
iyulun 1-dən 5-dək VI Şəki «İpək yolu» beynəlxalq
musiqi festivalının keçirilməsi ilə bağlı
xəbər də diqqəti çəkir: “Festivalın
3-cü və 4-cü günləri Multikulturalizm Mərkəzinin
təşkilatçılığı və dəstəyi
ilə Azərbaycanda yaşayan etnik qrupların - ləzgilərin,
tatarların, tatların, ahısqa türklərinin, kürdlərin,
ingiloyların, talışların, rus mədəniyyət mərkəzinin,
avarların, udinlərin, saxurların numayəndələrinin
iştirakı ilə “Yuxarı Karvansaray” mehmanxana kompleksində
tamaşaçılara xor, mahnı və rəqs kollektivlərinin
ifasında maraqlı konsert proqramı təqdim olunub. Konsert proqramı çərçivəsində
etnik qrupların nümayəndələri millətimizin
dünyaca məşhur olan əfsanəvi bəstəkar-müğənniləri
Rəşid Behbudovun və Müslüm Maqomayevin “Azərbaycan”
mahnısını birlikdə ifa ediblər.
Ölkəmizdə
yaşayan etnik qrupların kollektivlərinin
çıxışları Şəki “İpək yolu” beynəlxalq
musiqi festivalının repertuarına ilk dəfə olaraq
ötən il daxil edilib. Tədbirdəki
çıxışlarda qeyd olunub ki, müxtəlif etnik
qrupların əsrlər boyu mədəni irslərinin qorunub
saxlanması Azərbaycanda tolerantlığın və
multikultiralizmin hər zaman olduğu kimi bu gün də Azərbaycan
dövləti tərəfindən inkişaf etdirilməsinin
bariz ğöstəricisidir. Konsertin sonunda
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə “İpək
yolu” festivalının simvolu təqdim olunub”.
Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondunun
birgə təşkilatçılığı ilə Quba
rayonundakı 2 nömrəli liseydə “Multikulturalizm və vətənpərvərlik”
mövzusunda növbəti “dəyirmi masa” keçirilməsi
haqqında xəbərdə deyilir: “Tədbirdə Quba Rayon
İcra Hakimiyyətinin təhsil şöbəsinin müdiri,
rayon ictimaiyyətinin nümayəndələri, liseyin rəhbərliyi,
müəllimlər və şagirdlər iştirak ediblər.
Layihə rəhbəri Rəvan Həsənov
çıxışında Azərbaycan multikulturalizminin
siyasi-hüquqi, elmi-fəlsəfi və ədəbi-bədii
qaynaqları haqqında məlumat verib. Bildirilib ki, “Azərbaycan
multikulturalizmi” fənni dünyanın nüfuzlu ali təhsil ocaqlarında tədris olunur. Həmin fənni dinləyən xarici gənclərlə
regionlarımızdakı gənclər arasında dostluq əlaqələrinin
yaranması məqsədilə ölkəmizin müxtəlif
bölgələrində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
tərəfindən mütəmadi olaraq yay və qış məktəbləri
keçirilir. Rayon təhsil şöbəsinin
müdir müavini Pərviz Nurməmmədov Qubanın etnik tərkib
baxımından Azərbaycanın zəngin bölgələrindən
biri olduğunu vurğulayıb, bu cür tədbirlərin gənclərin
və rayon ictimaiyyətinin maariflənməsi
üçün böyük önəm kəsb etdiyini
söyləyib”.
Yanvarın
12-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində
Azərbaycan Yaradıcılıq Fondunun, Bilik Fondunun və
Türkiyənin Yunis Əmrə İnstitutunun nümayəndələrinin
iştirakı ilə görüş keçirilib: “Tədbiri
giriş sözü ilə Azərbaycan Yaradıcılıq
Fondunun aparat rəhbəri Qismət Rüstəmov
açıb. Ardından Türkiyənin ölkəmizdəki
səfirliyinin müstəşarı Makbulə Qoçaq tədbir
iştirakçılarını salamlayıb. Ölkəmizdə olduğundan məmnunluğunu
bildirən Makbulə Qoçaq qarşıda duran məsələlərdən
söz açıb. Türkiyənin Azərbaycandakı
səfirinin mədəniyyət müşaviri Murad
Qaraçanta da öz növbəsində tədbirə dəvət
olunmasından məmnunluq duyduğunu bildirib. Yunis Əmrə
İnstitutunun müdiri İbrahim İldırım
iştirakçıları salamlayaraq rəhbərlik etdiyi
qurum haqqında qısa məlumat verib, qarşıda duran məsələlərdən
və Yunis Əmrə İnstitutunun il boyu
keçirəcəyi tədbirlər barədə toplantı
iştirakçılarını bilgiləndirib. Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri
Qismət Rüstəmov da öz növbəsində mərasim
iştirakçılarına fond haqqında məlumat verərək
bu günə qədər görülmüş və gələcəkdə
görüləcək işlər barədə söz
açıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik
Fondunun direktoru Oktay Səmədov da qonaqları salamlayıb. Yunis Əmrə
Fondunun ölkəmizdə keçirəcəyi tədbirlərdə
onlara dəstək verə biləcəklərini
vurğulayıb. Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin aparat rəhbəri Aytən Qəhrəman
qonaqları salamlayaraq Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 2016-cı ilin “Multikulturalizm ili”
elan olunması haqqında sərəncam
imzaladığını onların nəzərinə
çatdırıb. Aparat rəhbəri
onu da vurğulayıb ki, bu sərəncam BBMM-lə Yunus
Əmrə İnstitutunun gələcək əməkdaşlıqları
üçün geniş perespektivlər vəd edir.
Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev qonaqlara rəhbərlik
etdiyi universitet haqqında məlumat verib, Türkiyə-Azərbaycan
arasındakı tarix boyu davam edən dostluq əlaqələrinin
önəmindən söz açıb. Rektor
universitetin tərkibində yaradılan Türkiyə
Araşdırmalar Mərkəzinin bu günə qədər
gördüyü işləri qonaqların nəzərinə
çatdırıb, Yunis Əmrə Fondunun həyata
keçirəcəyi tədbirlərdə onlara dəstək
verməyə hazır olduqlarını qeyd edib. Millətlərarası Multikulturalizm və Dini Məsələlər
üzrə Dövlət Müşaviri Kamal Abdulla tədbirdə
Türkiyəni təmsil edən nümayəndə heyətini
qəbul edərək fikir mübadiləsi aparıb”.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təqdim etdiyi daha bir xəbərdə isə bildirilir: “Yanvarın 14-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) 2016-cı ilin iş planının təsdiqi ilə bağlı iclas keçirilib. İclası BBMM-in Himayəçilik Şurasının sədri, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev açıb. İclasda “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi-öyrən, araşdır, paylaş” mövzusunda Beynəlxalq Qış Məktəbinin təşkili ilə bağlı məlumat verilib: “2015-ci ilin yaz semestrindən başlayaraq Rusiya, İtaliya, Bolqarıstan, Belarus, Litva, Çexiya və Gürcüstanın tanınmış universitetlərində və ölkəmizin 7 ali məktəbində “Azərbaycan multikulturalizmi” fənni tədris olunmağa başlanıb və uğurla başa çatıb. Bu layihə növbəti semestr İsveçrə, Portuqaliya, Ukrayna və Türkiyədə davam etdirilib. Xarici universitetlərin tələbələri semestr boyu Azərbaycan haqqında əldə etdikləri nəzəri bilikləri artıq ölkəmizi əyani şəkildə görməklə tamamlayacaqlar. Qış məktəbinin mühazirəçiləri arasında Almaniya, Portuqaliya, Rusiya, Qazaxıstan və Azərbaycandan olan mütəxəssislər var. Onlarla təmas tələbələrin dünyagörüşünə yeni çalarlar qatacaq. Bakı və ölkəmizin səfalı guşələrindən olan Quba, Qusar və Xaçmaz şəhərlərində keçirilməsi nəzərdə tutulan Beynəlxalq Qış Məktəbində 50-yə yaxın yerli və xarici tələbənin iştirakı planlaşdırılıb. Keçiriləcək Beynəlxalq qış məktəbi ilə bağlı tövsiyə və tapşırıqlarını verən dövlət müşaviri xarici tələbələrin Azərbaycana marağının məhəbbətə çevriləcəyinə ümidvar olduğunu bildirib. İclasda həmçinin il ərzində BBMM-in qarşısında duran vəzifələr və görüləcək işlərlə bağlı müzakirələr aparılıb”.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 5 aprel.-
S13.