Dostun və düşmənin tanındığı an…

 

 

Aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələri işğal altında saxladıqları Azərbaycan topraqlarında yenə təxribatlar törətdilər, atəşkəsi pozdular. Ancaq bu dəfə də layiqli cavablarını aldılar. Hətta o həddə layiqli cavablarını aldılar ki, işğal etdikləri ərazilərin hələlik bir hissəsi- Talış kəndi, Seysulan və Horadiz istiqamətində olan təpələr döyüş əməliyyatı ilə ələ keçirildi. Bu əməliyyatların əsas məqsədi erməni təxribatlarının qarşısını almaq və bizim yaşayış məntəqələrinə olan atəş zərbələrinin təsirini azaltmaqdan ibarət oldu.

Ermənistanın təxribatı zamanı ABŞ-da Nüvə Təhlükəsizliyi Sammitində iştirak edən Azərbaycan prezidenti Ilham Əliyev vətənə dönən kimi Təhlükəsizlik Şurasının iclasını çağırdı. Və bu iclasda dünya, eləcə də Azərbaycan ictimaiyyəti üçün önəmli mesajlar verdi, ortaya bir daha dövlətin lideri olaraq mövqe qoydu. Prezident birmənalı olaraq bildirdi: “Nüvə sammiti hələ başa çatmamış Ermənistan bu çirkin təxribatı törədir, sülh prosesinə çox böyük zərbə vurur. Bundan istifadə etməyə çalışır ki, Azərbaycanı günahlandırsın. Onların sərəncamında olan satqın KİV-lər, satqın siyasətçilər, korrupsiyaya uğramış politoloqlar, şərhçilər indi sıraya düzülüblər ki, Azərbaycanı ittiham etsinlər. İndi bəzi ölkələrin mətbuatlarına nəzər salsanız görərsiniz ki, birtərəfli məlumat yayılır, Azərbaycan ittiham olunur, döyüşlərlə bağlı təhrif edilmiş məlumatlar verilir. Ermənistan ordusu bu gün çox böyük zərbə alıb. Atəşkəs rejimindən sonra ilk dəfədir ki, Ermənistan ordusuna belə sarsıdıcı zərbə vuruldu. Bunun günahkarı onlar özləridir. Ancaq çalışırlar ki, həm ölkələrində ictimai rəyi çaşdırsınlar, itkiləri gizlətsinlər. Eşitdim ki, Ermənistan rəhbərliyi itkilərlə bağlı ictimaiyyətə qeyri-dəqiq məlumat ötürməyə çalışır. Bu, açıq-aydın göstərir ki, onlar sadəcə, öz xalqlarını aldatmaq istəyirlər”.

Prezident İlham Əliyev bir daha qeyd etdi ki, Azərbaycan, sadəcə, təxribata cavab verib : "Biz sadəcə bu təxribata cavab vermişik, düz də etmişik. Bizə qarşı yenə təxribat törədərlərsə, yenə də öz cəzalarını alacaqlar. İkincisi, biz öz torpağımızda vuruşuruq, Ermənistan torpağını işğal etməmişik. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun. Mən bunu dəfələrlə demişəm, bir də demək istəyirəm. Ermənistan bütün beynəlxalq normaları pozub, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur, digər beynəlxalq təşkilatların qərar və qətnamələrini saymır. Vəhşi kimi işğal olunmuş torpaqlarda bütün binaları, tarixi abidələri, dini abidələrimizi dağıdıb”.

Azərbaycan prezidentinin bu mövqeyi ölkəmizin hər bir vətəndaşının ürəyindən xəbər verdi. Bu gün hər birimiz torpaqlarımızın erməni işğalçılarından azad olması üçün əlimizdən gələni canla-başla etməyə hazırıq. Təki Dağlıq Qarabağ və ətraf rayonlar erməni işğalçılarından azad olunsun. Bu zaman bizim güvənc yerimiz Milli Ordumuz və qəhrəman oğullarımızdı. Çünki bu illər ərzində Dağlıq Qarabağ probleminin həlli məqsədilə yaradılan ATƏT-in Minck qrupunun və bu qrupa həmsədrlik edən dövlətlərin mövqeyi bəllidir. İşğalşıyla-Ermənistan- işğala məruz qalan -Azərbaycan- tərəfləri eyni prizmadan görən, əksər vaxt Ermənistana üstünlük verən həmsədrlərin yarıtmaz işləri göz qabağındadır. Bir igidin ömrü qədər vaxt keçib. Azərbaycan ictimaiyəti “danışıqlar və sülh yoluyla” torpaqların alınması yalanlarından o qədər iyrənib ki bu illər ərzində... Güvənc yerini artıq Milli Ordumuzda görürlər. Elə bunun nəticəsidir ki, istefada olan zabitlər, əsgərlər belə Azərbaycan Müdafiə Nazirliyinə mürüciət edərək könüllü olaraq döyüşə getməyə, erməni işğalçılarının porpaqlarımızdan çıxarılmasına yardım məqsədilə ordumuzun yanında olmalarını istəyirlər. Müdafiə Nazirliyi isə buna ehtiyac olmadığını bildirib. Allahdan şəhidlərimizə rəhmət diləyirik. Və həm də Milli Ordumuzun vətəndaşlarına qələbə sevincini yaşadacağı günü həsrətlə gözləyirik.

Bu yerdə bir məqama da diqqət yetirməyinizi istəyirəm. Deyirlər dost dar gündə, çətin anlarda tanınar. Bu günlər ərzində hər bir dövlətin mövqeyini izlədik. Məsələn, qardaş Türkiyənin mövqeyi hər zamankı kimidir. Hətta bir qədər də artıqdır. Türkiyənin prezidenti bildirib: “Çox təəssüf ki, necə illər ərzində Dağlıq Qarabağ bölgəsindəki münaqişəyə Minsk qrupu həmsədrləri laqeyd yanaşdığı üçün biz bu mənzərə ilə qarşı-qarşıya qaldıq. Əgər Minsk Qrupuna həmsədrlik edənlər ədalətli, qərarlı bir şəkildə nəticə hasil edən addımlar atsaydılar, belə hadisələr baş verməzdi. Amma təəssüf ki, Minsk Qrupu həmsədrliyinin zəif fəaliyyəti durumu bu həddə gətirdi. Azərbaycanlı qardaşlarıma Allahdan yardım niyaz edirəm. Üzülməyəcəyik. İnanırıqsa, mütləq üstünük. Gec-tez haqq yerini tapacaq".

Türkiyənin Azərbaycana edə biləcəyi yardımlarla bağlı suala cavabında Ərdoğan bildirib ki, Türkiyə əlindən gələni sonuna qədər edəcək.

Türkiyənin baş naziri Əhməd Davudoğlu və ordu rəhbərliyi də öz dəstəklərini dilə gətiriblər.

Belarus XİN-nin bəyanatı da maraqlıdır. Həmin bəyanatda Dağlıq Qarabağda ağır silahların tətbiqi ilə aktiv hərbi əməliyyatların yenidən başlamasından ciddi narahatlıq ifadə olunub. Bəyanatda Belarusun ATƏT-in Minsk Qrupunun üzvü kimi münaqişənin sülh yolu ilə ümumi prinsip və beynəlxalq hüquq normaları, hər şeydən əvvəl ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in qərarlarına uyğun həllinə tərəfdar olduğu vurğulanıb. Qeyd edək ki, bəyanatda ərazi bütövlüyü prinsipinin xüsusi vurğulanması Ermənistanı narazı salıb.

Aprelin 3-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqan ilə qoşunların təmas xəttində yaranmış gərginliyi telefon vasitəsilə müzakirə ediblər.

Danışıqlar zamanı general-mayor Hüseyn Dehqan İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha qeyd edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüquq normaları əsasında həll olunacağına ümid etdiyini bildirib. O, münaqişənin həll olunması istiqamətində İranın Azərbaycan tərəfinə yardım və dəstəyini təklif edib. Təbii ki, rəsmi Tehranın bu mövqeyini yüksək qiymətləndirir, qonşu və qardaş İran xalqının bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqq səsinə səs verəcəyinə, yanında olacağına inanırıq. Həmçinin ümid edirik ki, bu bəyanat İranın Ermənistanla əlaqələrində də özünü büruzə verəcək.

Ancaq indi gəlin türk dövləti kimi tanıdığımız, hörmət etdiyimiz və güvəndiyimiz Qazaxıstanın mövqeyi ilə tanış olaq. Qazaxıstan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişə zonasında atəşkəs rejiminin pozulması ilə bağlı yaydığı bəyanatda atəşkəs rejiminin pozulması və dinc insan itkiləri ilə bağlı dərin narahatlığını ifadə edib. Bəyanatda Dağlıq Qarabağ münaqişəsi ətrafındakı situasiyanın diqqətlə izlənildiyi qeyd olunur və tərəfləri təmkinli olmağa, atəşkəs rejiminə əməl etməyə çağırılır. Rəsmi Astana ATƏT-in Minsk Qrupunun səylərini dəstəklədiyi, münaqişənin yalnız sülh yolu ilə həllinə tərəfdar olmasına dair mövqeyini təsdiqlədiyini vurğulayır. Bəyanatda Qazaxıstanın Dağlıq Qarabağ probleminin qarşılıqlı kompromislər əsasında həlli yönündə axtarışların intensivləşməsini istədiyi, tərəflərin münaqişənin həllinə konstruktiv əhval-ruhiyyədə yanaşacağına inam da əksini tapıb.

Qazaxıstan görəsən hansı kompromisdən danışır? Əgər Qazaxıstanın ərazisi işğal edilsəydi və münaqişə illər boyu uzansaydı, bir milyondan artıq qaçqın və məcburi köçkünü yurdundan didərgin düşsəydi, 20 faiz torpağı işğal altında qalsaydı hansı kompromisdən danışardı və gedərdi?

Maraqlıdır ki, qonşu Gürcüstan da Qazaxıstandan fəqrli mövqe sərgiləməyib. İllərdir dost olaraq əl uzatdığımız, böyük layihələrin Gürcüstan vasitəsilə çəkilməsinə vəsilə olduğumuz, bizim neftimiz, qazımız hesabına əhalisi ayaqda qalan, özünün də ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən Gürcüstanın bu gün Dağlıq Qarabağda baş verənlərə ikili standartlarla yanaşması təəssüf doğurur.

P.S.Yazını tamamlayan zaman Rusiyanın əl tulası, erməni xalqının qəsdinə durmuş Serj Sarkisyanın bir açıqlaması diqqətimi çəkdi. Ermənistan prezidenti Serj Sərkisyan ATƏT üzvü olan ölkələrin səfirləri ilə görüşündə deyib ki, ” "Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştə getməyə hazırıq”.

Görəsən bu sərsəm hansı güzəştlərdən danışır? Yoxsa Azərbaycan əsgərinin ayaq səsləri qulağını dəlməyə başlayıb? Qorxusundan güzət deyib yalvarır? Güzəşti Azərbaycan Dağlıq Qarabağdakı erməni vətəndaşlarına onlara muxtariyyat verməklə həll edəcək. Bundan artıq güzəşt olmayacağını Azərbaycanın dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev dəfələrlə bildirib. Dövlətimizin liderinin isə sözünün ağası olduğu hər kəsə, elə Sarkisyana da bəllidir.

 

 

Arzu Şirinova

Xalq Cəbhəsi.- 2016.- 5 aprel.- S.8.