Folklorumuzun fədakar toplayıcısı
Keşməkeşli, ziddiyyətli dövr kimi tarixə
dönmüş XX əsrin görkəmli ziyalılarından
biri də Əbülqasım Nurməhəmməd oğlu
Hüseynzadədir. Tanrının bir əsrə yaxın
(1890-1988) cismani ömür bəxş etdiyi bu nurlu ziyalı
özünün müdriklik yaşına uyğun da müqəddəs
bir missiyanın daşıyıcısı oldu. Xalqımızın təfəkkür xəzinəsinin
itib-məhv olmaması üçün min bir əzab-əziyyətə
qatlaşdı. Onları yığdı,
topladı və nəşrinə nail oldu. Xalq müdrikliyinin daşıyıcısı, təmsilçisi
və bir nəsildən digər nəsilə - gələcəyə
ötürülməsi Əbülqasım müəllimin
tale yolu oldu. Atalar sözləri və məsəllərimizi,
tapmaca, bayatı və rəvayətlərimizi özü kimi
sinədəftərlərimizin sinəsindən -
yaddaşından toplayıb yazıya aldı, tarixə
çevrildi.
Professor
Azad Nəbiyev «Azərbaycan xalq ədəbiyyatı» adlı dərsliyində
onu bu sahəyə gətirib çıxaran anlara xatirə
işığında aydınlıq gətirərək
yazır: «Azərbaycan atalar sözü və məsəllərin
toplayıcılarından biri olan Əbülqasım
Hüseynzadə bu nümunələri toplamağa
başladığı günləri xatırlayaraq
yazırdı: «Mən beş-altı yaşımda balaca
oğlan idim. Atam baqqal dükanında işləyirdi.
Hər gün evə gələndə mənə
rəngbərəng kağızlara bükülmüş
konfetlər gətirərdi. Əvvəlcə höccələyə-höccələyə
onların üstündəki sözləri mənə
oxudardı: «Az aşım, ağrımaz başım» ,
«Qarın səndən aşağıdır», «İş
adamın cövhəridir», «Kor kora kor deməsə, ürəyi
partlar», «İşləməyən dişləməz» və
s. Sonra mən kağızları açıb konfetləri
yedikcə yazılı kağızları üst-üstə
yığıb cumuxdanda gizlədərdim. Hərdən
atam məni özü ilə baqqal dükanına aparanda xəlvətə
salıb yol qırağına tökülmüş belə
kağızları da yığıb evə gətirər və
o birilərinin üstünə yığardım. Bu konfet kağızları sonralar mollaxanada oxuyarkən
mənim ən çox sevdiyim kağızlar olub. Daha sonralar isə mənim atalar sözləri və
məsəlləri toplamaq sahəsindəki
başlanğıc işimə çevrildi».
Göründüyü kimi, uşaqlıqdan məşğul
olduğu faydalı bir əyləncə sonradan onun tale yoluna
çevrilmiş, ömrünün sonunadək bu maraqlı
peşədən ayrılmamışdı. Hətta bu istiqamətdə
heç bir nə ali, nə orta ixtisas təhsili
almasa belə. Bəli, doğrudan da, filologiya
elmləri doktoru Paşa Kərimovun yazdığı kimi,
«İndi çoxları bilmir ki, Əbülqasım müəllim
təhsilini mollaxanada, rus-tatar məktəbində və nəhayət,
1910-cu ildə birillik mühasibat kursunda alıb. Bu deyilənlərdən başqa, o heç bir yerdə
oxumayıb, folklorçu, ədəbiyyatçı kimi
xüsusi təhsil almayıb. Onun araya-ərsəyə gətirdiyi
folklor materiallarının şifahi xalq ədəbiyyatımızı,
etnoqrafiyamızı öyrənənlər üçün əvəzsiz
mənbə edən məşğul olduğu sahəyə
ömür boyu tam sədaqətini qoruyub saxlaması,
gördüyü işi həmişə ürəkdən,
canı-dildən görməsidir... Ə.Hüseynzadə
ömrünün gənclərə örnək olacaq əsas
cəhəti elə ondan ibarətdir ki, kim
sevib-seçdiyi bir işə sonsuz həvəslə
girişib sona qədər sədaqətlə onunla məşğul
olacaqsa, mütləq bəhrəsini görəcək, əməyi
xalq, ziyalılar tərəfindən yüksək dəyərləndiriləcək.
Nağıllarda deyil, real həyatda uğurun,
xoşbəxtliyin sirri bundadır».
Bax beləcə, özü xalqın bağrından
qopduğu üçün də xalqımızın incilər
xəzinəsinin mühafizəçisi oldu və ömrünü
buna həsr etdi. 1926-cı ildə çapdan çıxan «Atalar
sözləri» kitabının ardınca onun «Atalar
sözü» (1938), «Din əleyhinə el sözləri» (1940),
«El sözləri» (1944), «Ata sözü» (1949) kitabları da nəşr
olundu. Habelə «Bayatılar», «Tapmacalar», «Rəvayətlər»,
«Hİkmətli sözlər», «Məzəli rəvayətlər»
və başqa bu kimi müxtəlif xalq örnəklərini əhatə
edən kitabları da işıq üzü görən
Ə.Hüseynzadənin ümumilikdə Azərbaycan və rus
dillərində 21 kitabı çap olunub.
Ancaq
bunlardan başqa tədqiqatçının
sağlığında nəşrini görmədiyi əlyazmaları
da qalıb ki, onlar hazırda M.Füzuli adına
Əlyazmalar İnstitutunun arxivində qorunub saxlanılır. Qeyd edək ki, 2014-cü ildə həmin institutun xətti
ilə «Əbülqasım Hüseynzadə arxivinin təsviri»
(«Elm və təhsil») adlı kitabça çapdan
buraxılıb. Əlyazmalar İnstitutunun
Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi
işçisi Zahidə Hacıyevanın zəhmətinin məhsulu
kimi araya gələn bu təsvir materiallarında onun şəxsi
fondundakı 96 sənəd barədə məlumat əlifba
sırası ilə əksini tapıb. Təsvirdə
materialın adı, tarixi, dili, məzmunu,
ölçüsü, həcmi və saxlama vahidləri
göstərilməklə yanaşı, həmçinin burada
vaxtilə tədqiqatçının adına
daxil olmuş məktublar, teleqramlar, təsviri sənədlər,
şəxsi kitabları barədə də
açıqlayıcı informasiyalar verilib.
Bütün bunlar isə tədqiqatçının dəyərli
irsinə dövlət qayğısı və dəstəyinin
təzahürü kimi qiymətləndirilməlidir. Həmçinin
də bu irsin bu gün də diqqətdən və tədqiqdən
kənarda qalmadığı kimi düşünülməlidir.
Elə bunun bir əyani nümunəsi də həmin
əlyazma materialları əsasında elmi işçi Zahidə
Hacıyevanın nəşrə hazırlayıb 2013-cü
ildə və təkrar olaraq 2015-ci ildə çap etdirdiyi
«Atalar sözləri və məsəllər» kitabıdır.
Bu, həm də bir daha onu göstərir ki, mənəvi
dəyərlər heç zaman ölmürlər və hər
vaxt da öz aktuallıq dəyərini qoruyub saxlayırlar.
Bu, həm də o deməkdir ki, ruhlar
ölmürlər. Əbülqasım
Hüseynzadənin işıq üzü görmüş
«Atalar sözləri və məsəllər» («Elm və təhsil»)
kitabı eyni zamanda sağlığında ömrünü
xalqın mənəviyyat xəzinəsini unudulmağa qoymayan
fədakar bir ziyalımızın yaşaması deməkdir.
Xalqımızın mənəvi
dünyasını yaşadan ziyalını da xalqımız
bax beləcə qədirbilənliklə yaşadır, ölməyə
qoymur.
Əbülqasım
Hüseynzadə Azərbaycan folklorunun toplanması və nəşri
sahəsindəki xidmətlərinə görə
respublikanın «Əməkdar mədəniyyət
işçisi» fəxri adına layiq
görülüb.
Abid Tahirlinin Əbülqasım Hüseynzadənin həyatı
və fəaliyyətini əks etdirən “Deyilən söz
yadigardır” (Bakı “Azərbaycan” nəşriyyatı, 2003)
kitabından (kitabın redaktoru prof. Məhərrəm
Qasımlıdır) bir fraqmentə nəzər salsaq,
H.Z.Tağıyevin onun həyatında dönüş
yaratdığını görərik: “Balaca
Əbülqasımı mollaxanaya qoyanda o, çox sevinirdi. Nə
oxuyacağı ilə bir o qədər maraqlanmayan
Əbülqasım çalışmaq, yenə də
çalışmaq arzusuyla alovlanırdı. Mollaxanaya
getdiyi 4 il ərzində Quranı sərbəst
oxuyur, mənbələrdən mütaliələr edirdi. Lakin mollaxana mühiti və tədris olunan fənlər
Əbdülqasımı tədricən soyudurdu. O,
mollaxanaya gedənlərlə rus-tatar məktəbində
oxuyanlar arasında getdikcə daha çox fərq
görürdü. Atası Nurməhəmməd
Hüseynqulu oğlu Əbülqasımın mollaxanadan
soyuduğunu duymuşdu. Rus-tatar məktəbi
pullu olduğundan bu barədə söhbət salmırdı.
Axı, o öz böyük külfətini
güclə dolandırırdı.
... Kərbəlayi Nurməhəmməd açıq
havada dəniz kənarında gəzməyi çox
xoşlayırdı. Bu cür gəzintilərə
o, adətən səhər obaşdan, yaxud
axşamüstü çıxardı. Atasını
çox vaxt Əbülqasım müşayiət edərdi.
Bir dəfə yenə Əbülqasım
atasının qolundan tutub İçərişəhərin
dar, daş küçələri ilə dənizə tərəf
addımlayırdı. Ensiz bir yerdə
onlar çox varlı və mötəbər bir şəxslə
qarşılaşırlar. Kərbəlayi
Nurməhəmməd həmin adamı yaxından
tanıyırdı. Əbülqasım ona yol verib:
- Hacı
əmi, buyurun, keçin,- dedi.
-
Çox sağ ol, oğul, -deyən Hacı onlarla
üz-üzə dayandı. Kərbəlayi Nurməhəmməd
Hacının səsindən dərhal tanıdı.
Onlar bir-birindən hal-əhval tutdular. Hacı yerli-yerində
söhbətə qoşulan, ağıllı
baxışları olan Əbülqasıma işarə
vuraraq:
- Kəblə, bu uşaq kimindir?
- Nökərinizdir, Hacı.
- Nə ilə məşğuldur? Oxuyurmu?
- Mollaxanaya vermişəm.
- Niyə bu cür uşağı
korlayırsan? Onu da halvaxor molla eləyəcəksənmi? Dövran başqa
dövrandır, Kəblə!
Kərbəlayi Nurməhəmməd susdu və dərindən
bir ah çəkdi. Hacı hər şeyi anladı.
Cibindən xeyli pul çıxarıb Əbülqasıma
uzatdı:
- Bala, zərərin
yarısından qayıtmaq da xeyirdir. Özünə məktəbli
forması al. Mahmudbəyovun məktəbinə get. Deginən mən göndərmişəm.
Kərbəlayi Nurməhəmməd təşəkkür
edəndə Hacı Zeynalabdin Tağıyev onlardan xeyli
uzaqlaşmışdı. Əbülqasımın
sevinci yerə-göyə sığmırdı. Fikirləşirdi, doğrudan zərərin
yarısından qayıtmaq da xeyirdir”.
Doğrudan da, insan dünyada ən qiymətli
kapitaldır.
Öz kapitalından müəyyən miqdar
ayırmaqla milyonçu kapitalist gələcəkdə
çox böyük bir missiyanın gerçəkləşməsinə
zəmin yaratmış oldu. Mənəvi
kapitalımız olan folklor xəzinəmizi yığıb
toplamaqla onların itirilməsinin qarşısını alan Əbülqasım Hüseynzadənin
dünyəvi təhsil almasına xərclənən vəsait
öz bəhrəsini bu cür verdi....
Bəli, nə qədər ki, Azərbaycanımızın
folklor inciləri yaşayır, o qədər də bu inciləri
qoruyub yaşadan ziyalılarımız, elə o cümlədən
də bu yolda hədsiz fədakarlıqlar göstərmiş
Əbülqasım Hüseynzadə yaşayacaq. Ömrünü
xalqa həsr edənlərin ömürləri də xalqın
ömrünə calanıb əbədi olur.
Şakir
Albalıyev,
filologiya üzrə
fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2016.- 6 aprel.-
S.14.