Multikulturalizmlə bağlı həyata
keçirilən tədbirlər
II yazı
Yanvarın
15-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində
(BBMM) Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
dövlət müşaviri, sözügedən Mərkəzin
Himayəçilik Şurasının sədri, akademik Kamal
Abdullayev “Dədə Qorqud” fondunun prezidenti, “Azərbaycan
dünyası” beynəlxalq jurnalının baş redaktoru
Eldar İsmayılov, rejissor Ziya Şıxlinski və “Mir”
Dövlətlərarası Televiziya və Radio Şirkətinin
şef-redaktoru Elvira Xusainovadan ibarət ziyalı heyəti ilə
görüşüb. Dövlət müşaviri qonaqları
salamlayaraq BBMM-də mütəmadi olaraq tanınmış
elm, ədəbiyyat, mədəniyyət, incəsənət
xadimləri ilə görüşlərin keçirildiyini
vurğulayıb: “Sərəncamdan irəli gələn məsələləri,
qarşımızda duran vəzifələri aydın şəkildə
dərk eləyib ziyalılarımızla
görüşürük ki, özündə
başqasının halına acıma, mərhəmət,
şəfqət, başqasının problemini
özününkü kimi qəbul eləmək qabiliyyəti
və bacarığını ehtiva eləyən
multikulturalizm, tolerantlıq istiqamətində mühüm
işlər həyata keçirək və gələcəkdə
də birgə şəkildə daha hansı işləri
görə biləcəyimizi müzakirə edək. Buradakı qonaqlar hər biri öz sahəsində
böyük işlər görür. Mənə
elə gəlir ki, biz fəaliyyətimizdə ümumi
oxşar cəhətləri tapıb inkişaf elətdirsək
və daha aydın, daha konkret perspektivlərə çıxa
bilsək, hamımız bundan ancaq mənəvi cəhətdən
qazanmış olarıq. Ən əsas
işlərimizdən biri - ölkə rəhbərinin də
təqdir etdiyi layihəmiz - xarici ölkələrdə “Azərbaycan
multikulturalizmi” fənninin tədrisidir. Bu fənn bu
gün Portuqaliyada, Almaniyada, İsveçrədə,
İtaliyada, Rusiyada, Çexiyada, Gürcüstanda, Litvada,
Belarusda, Bolqarıstanda keçilir və bu fənnin tədrisi
perspektivdə də bir çox ölkələrdə nəzərdə
tutulub. Adıçəkilən ölkələrdə
bu fənn artıq ikinci semestrdir ki, tədris edilir. “Multikulturalizm ili”ndə yeni nailiyyətlər qazanmaq
üçün ziyalılarımızın ideyaları, təkilfləri
və dəstəyi bizim üçün çox önəmlidir”.
Mərkəzin icraçı direktoru Azad Məmmədov və
Aparat rəhbəri Aytən Qəhrəmanın da iştirak
etdiyi görüşdə qonaqların təmsil olunduqları
qurum və təşkilatların “Multikulturalizm ili”ndə
BBMM-lə birgə əməkdaşlıq perspektivləri
müzakirə edilib, təkliflər dinlənilib”.
Yanvarın
18-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı
ilə “20 Yanvar sınağı: Azərbaycançılıq
nümunəsi” adlı dəyirmi masa keçirilib. Tədbirin
moderatoru Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
İcraçı direktoru Azad Məmmədov Azərbaycan
xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil
olmuş 1990-cu ilin 20 Yanvar hadisələrini həmin gün Azərbaycan
xalqına qarşı sovet imperiyası rəhbərliyinin həyata
keçirdiyi hərbi təcavüz, insanlığa
qarşı törədilmiş ən ağır cinayətlərdən
biri kimi xarakterizə edib.
Azərbaycan
Respublikası Prezidenti yanında İdarəçilik
Akademiyasının prorektoru Əlikram Abdullayev, Prezident
Administrasiyasının millətlərarası münasibətlər,
tolerantlıq və multikulturalizm məsələləri
üzrə müşavirliyinin baş məsləhətçisi
Etibar Nəcəfov, Dini Qurumlarla iş üzrə Dövlət
Komitəsinin sədr müavini Səyyad Salahlı, millət vəkilləri
Aydın Mirzəzadə, Cavanşir Paşazadə, Qafqaz
müsəlmanları idarəsinin sədr müavini Qəmərxanım
Cavadzadə, Rus pravoslav kilsəsi yeparxiyası nümayəndəsi
Konstantin Ata, Avropa yəhudiləri icmasının rəhbəri
Gennadiy Zelmanoviç, Dağ yəhudiləri icmasının rəhbəri
Milix Yevdayev, AMEA Kimya İnstitutunun direktoru Vaqif Abbasov, udin
icmasının rəhbəri Robert Mobili, “Samur” Ləzgi Milli Mərkəzinin
rəhbəri Sədaqət Kərimova, “Talış” Mədəniyyət
Mərkəzinin sədri Rafiq Cəlilov və başqaları
çıxış edərək mövzu ətrafında
fikirlərini bölüşüblər.
Çıxışlarda vurğulanıb ki, milli azadlıq və
ərazi bütövlüyü uğrunda mübarizəyə
qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində
yüzlərlə günahsız insanın qətlə
yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu
ərəfəsində onun cinayətkar mahiyyətini
bütün dünyaya bir daha nümayiş etdirib: “ 20 Yanvar hadisəsi xalqımızın
yaddaşına qanlı faciə kimi daxil olsa da,
bütövlükdə milli tariximizin ən şanlı və
qəhrəmanlıq səhifələrindən birini təşkil
edir. Həmin gün Azərbaycanda yaşayan
müxtəlif xalqların nümayəndələri Azərbaycan
uğrunda, azadlıq uğrunda şəhid olmağa hazır
olduqlarını göstərdilər. Bu
ölməz qəhrəmanlıq Azərbaycan multikulturalizminin
böyük tarixi köklərə malik olduğunu bir daha
nümayiş etdirdi”.
Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzinin təqdim etdiyi digər
xəbərlərdən bir neçəsinə də diqqət
yetirək: “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycan
Multikulturalizmi” mövzusunda səyyar mühazirələrini
davam etdirir. Bu qəbildən növbəti
mühazirə martın 18-də (2015 ci il-red.) Ali Hərbi Məktəbdə baş tutub. Akademiyanın professor-müəllim heyəti və
müdavimlərinin iştirak etdiyi tədbirdə Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin analitika şöbəsinin
baş məsləhətçisi, tarix üzrə fəlsəfə
doktoru Rəşad İlyasov olkəmizdə multikulturalizmin
çağdaş tarixi-siyasi reallıqları barədə
danışıb. Mərkəzin əməkdaşı
multikulturalizmin müasir cəmiyyətlərin ideya-siyasi,
sosial-mədəni və digər aspektlərdə tərəqqisini
təmin edən aktual sahə olduğunu bildirib. Natiq qeyd
edib ki, multikulturalizmi başlıca siyasi prioritetlərindən
birinə çevirən Azərbaycan dövləti ölkəmizdə
tarixən formalaşan çoxmədəniyyətlilik
situasiyasının dayanıqlığını təmin etməklə
yanaşı, bunun dünya siyasətinə dəyərli bit
töhfə olaraq təqdim edilməsi isitiqamətində xeyli
əhəmiyyətli təşəbbüslər irəli
sürür. Bildirək ki, “Azərbaycan
Multikulturalizmi” proqramı 2015-ci ilin əvvəlində Azərbaycan
Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq
edilib. Mühazirə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
ölkəmizin müxtəlif bölgələrində il boyu davam edəcək “Azərbaycan
Multikulturalizmi: səyyar dərslər” layihəsi çərçivəsində
həyata keçirilib.
III
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunda 100-dən çox ölkədən rəsmi şəxslər,
bir sıra beynəlxalq təşkilatların rəhbər
şəxsləri, 50-yə yaxın ölkədən nazir,
nazir müavinləri, millət vəkilləri, nüfuzlu din
xadimləri, beyin mərkəzlərinin və media
qurumlarının təmsilçiləri, diplomatlar və səfirliklərin
əməkdaşları olmalqa ümumilikdə 700 nəfərdən
çox xarici ölkə nümayəndəsi iştirak edib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəvəti
ilə sözügedən Foruma ABŞ-nın Los Angeles şəhərində
yerləşən Simon Vizental Mərkəzinin Beynəlxalq
Dinlərarası Münasibətlər üzrə məsləhətçisi
Annette Blum da qatılmışdı”.
ABŞ-dakı Simon Vizental Mərkəzinin Beynəlxalq
Dinlərarası Münasibətlər üzrə məsləhətçisi
Annette Blum Amerikada çıxan “The Huff Post” qəzetində Azərbaycanın
tolerantlıq və multikulturalizm səhəsində təcrübəsini
əks edən “Bakı, Dialoq və Sülh üçün
Unikal Geosiyasi Mühit” adlı bir məqalə dərc etdirib. Məqalədə deyilir:
“Oskar Uaylda məxsus belə bir aforizm var: «Həyat incəsənəti
daha çox təqlid edir, nəinki, incəsənət həyatı».
Əslində demək olar ki, müasir
dövrümüzdə incəsənət xəyallarımızın
mahiyyətini və ya yeni və olduqca yaradıcı olan
anlayışların dərk edilməsi və
formalaşdırılmasını müxtəlif şəkildə
təcəssüm və təqdim edə bilir. Bu növ bədii prosesin ən bariz nümunəsi
dialoqdur. Dialoq bəzən
yaradıcılıq forması kimi özünü büruzə
verən, lakin xarakter etibarilə, bəlkə də ən
geniş yayılmış və ən təsiredici ifadə
vasitəsi olan paylaşma və ünsiyyət prosesidir. Dialoqun incəsənət və innovasiyadakı
gücünün sübutu bədii və ictimai fəaliyyətin,
o cümlədən sosial ədalətin kəsişməsində
özünü göstərir; bütün dünyada birlikdə
fəaliyyət göstərən və bu əməkdaşlığın
qavranılması məqsədilə dəyişikliyə təsir
etmək üçün strateji alyanslar yaradan sektorlar əsas
istiqamət təşkil edirlər.
Bütün dünyada sülhə dəstək olan bir
mexanizm kimi dialoq aparmaq potensialında olan aktivistlər, rəssamlar
və dindarlar üçün bu işlərin qlobal səviyyədə
dərk olunması əhəmiyyətli dəyişikliyə təsir
etmək baxımından zəruridir. Bəs bu perspektivli
istiqamətlərin reallaşdırılmasında bizə
kömək etmək üçün dialoqun rolu nədən
ibarətdir? Daha da təkmilləşmək,
insan fəaliyyətinin və sülhü bərpa edən və
qoruyan potensial sistemlərin daha yaxşı modellərini
yaratmaq üçün biz hansı nümunələri
araşdırmalı və onlardan nəticə
çıxarmalıyıq? Dünya dinləri
ilə əlaqəli təşkilat olan “Dinlər sülh
üçün” təşkilatının daxil olduğu QHT-lər
üçün bir aktivist, eyni zamanda incəsənət sahələrində
aktivizmin tərəfdaşı və dəstəkçisi
kimi bu sual mənim üçün əhəmiyyət kəsb
edir. Azərbaycana, Bakıya son səfərim
zamanı baş verən proseslərdə bu xüsusiyyəti
görmək imkanına malik oldum.
2015-ci ildə Bakıda keçirilən Mədəniyyətlərarası
Dialoq Forumunun panelisti və iştirakçısı kimi mən
dialoqun keyfiyyətlərinin və xüsusiyyətlərinin
multikulturalizm və sosial harmoniyanın standartlarına və
xarakterinə necə kömək etdiyi barədə məlumat
vermək məqsədilə həmkarlarından və liderlərdən
ibarət böyük bir beynəlxalq qrupa qoşuldum. Səfərimdən
öncə mən Azərbaycan haqqında bir-birinə zidd olan
fikirlər eşitmişdim, lakin buna baxmayaraq müəyyən
səbəblərdən iştirakla bağlı dəvəti
böyük məmnuniyyətlə qəbul etdim.
Hər şeydən öncə diqqətimi çəkən
maraqlı məqam ondan ibarət idi ki, İslam
dünyasında ilk dünyəvi demokratiya 1918-ci ildə məhz
Azərbaycanda yaradılıb. Bundan əlavə,
mühafizəkar və bəzən də radikal ideologiyalarla əhatə
olunmasına baxmayaraq Azərbaycan qadınlara səsvermə
hüququnu 1919-cu ildə verib. Bu hadisə Birləşmiş
Ştatların qadınlara cəmiyyətdə və rəhbərlikdə
onların rolunun zəruriliyini göstərən həmin vacib
hüquqların verilməsindən bir il
öncə baş verib.
Nəhayət, Azərbaycana səfərlə
bağlı dəvəti qəbul etməyimin
üçüncü səbəbi Azərbaycanın
İsraillə dostluq münasibətlərinin uzunmüddətli
tarixə malik olmasıdır. Bu iki ölkə
dünya ilə bağlı ortaq fikrə sahibdir və
onların müxtəlif güclü dəyərləri var. Mən
Bakıda olarkən «Simon Wiesenthal» Mərkəzindəki həmkarım
Ravvin Kupper ilə birlikdə yəhudi icmasına və sinaqoqa
baş çəkdim. Yəhudi icması müsəlmanların
çoxluq təşkil etdiyi Bakıda dinc şəraitdə
yaşayır... Azərbaycan bütün dini əqidələrdən
və mədəniyyətlərdən olan insanların azad
yaşadığı və bərabər imkanlara malik
olduğu bir dövlətdir”.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 6 aprel.-
S.13.