"Azərbaycan əsgərləri"
mahnısının təqdimatı oldu
Bu gün vətənpərvərlik
ruhunda yazılmış
“Azərbaycan əsgərləri”
mahnısına çəkilən
klipin təqdimatı keçirilib.
525.az-ın məlumatına görə, klipi “Region” TV
(RTV) Müdafiə Nazirliyinin
dəstəyi ilə çəkib. Tədbirdə əvvəlcə son günlərdə gedən
döyüşlərdə şəhid olan hərbçilər yad edilib. Bəstəsi və ifası
Səyyad Əlizadəyə
məxsus olan musiqinin sözlərini tanınmış şair
Vaqif Bəhmənli yazıb. Klipin operatoru Elmar
Hacıyev, montajçısı
Fuad Əliyev, prodüseri Vəli Turan, aranjimançısı
isə Birhan Birərdir. Klipin çəkişinə 2015-ci ilin noyabrından başlanılıb. Çəkilişlər cəbhə bölgəsində
və hərbi hissələrdə aparılıb.
Klipin yaradıcı
heyətinin iştirakı
ilə baş tutan təqdimat mərasimində vətənpərvərlik
mövzusunda hazırlanmış
layihələrin vacibliyindən
danışılıb. Hazırkı dönəmdə Azərbaycan
hərbçlərinin və
vətəndaşların milli
ruha köklənməsinin
əhəmiyyəti vurğulanıb.
Şair
Vaqif Bəhmənli çıxışında bildirib
ki, bu günlərdə
Azərbaycan çox məsuliyyətli və qürurverici anlar yaşayır:
“Cəbhədə gedən
qanlı döyüşlərdə
şəhid olan igid oğullarımıza görə insanlarımızın
kədərini bütün
qəlbimlə hiss edirəm.
Xalqımıza, bütün şəhid
ailələrinə başsağlığı
verirəm. 22 ildən sonra Azərbaycan torpaqlarında
bizim ürəyimizdən
keçən, istədiyimiz
hadisələr baş
verir. Azərbaycan xalqı, ordusu,
dövləti bir daha məkrli niyyətindən əl çəkməyən namərd
qonşulara öz haqlı mövqeyini sübut etdi. Bu proses uğurla gedir.
Cəbhədən sevindirici xəbərlər
alırıq. Torpaqlarımızın hər qarışı
mütləq azad olunacaq. İnanıram ki, o günlər
çox uzaqda deyil. Son 25 ildə
çox ağır və gərgin tarix yaşadıq. Amma hazırda xalqın bu çətin vaxtda necə oyandığını, bir
yumruq kimi birləşdiyini görürük.
Xalqımız bütün çətinliklərə
rəğmən, öz
torpağının hər
qarışını qanı
bahasına qorumağı
bacarır”.
Kliplə
bağlı danışan
V.Bəhmənli deyib:
“İndiyə qədər hərbi-vətənpərvərlik ruhunda çoxlu sayda ədəbi və musiqi nümunəsi olub. Səyyad Əlizadənin çox böyük əziyyəti hesabına ərsəyə gələn bu əsər isə zamanın, hətta deyərdim, bu günün sifarişidir. Bizim bəzi hərbi mövzuda yazılan mahnılarımız var ki, orada eynən 1941-1945-ci illərin müharibəsinin, yaxud rus dövrünün təsirini hiss etmək olur. Biz bu ölkə üçün nə qədər opera, poema, dram əsəri, gözəl musiqilər yazsaq da, yaxın zamanda ən böyük sözü, heç şübhəsiz, ordumuz özünün ən böyük qələbəsi ilə deyəcək. Nə qədər ki, xalqımız birdir, belə qələbələr də bizimlə olacaq. Bizim təqdim etdiyimiz bu mahnı şəhid olan və orduda xidmət edən əsgərlərimizə həsr olunur”.
Daha sonra söz alan müğənni Səyyad Əlizadə klipin çəkilişində göstərdiyi köməyə görə Müdafiə Nazirliyinə təşəkkürünü bildirib:
“Nazirliyin rəsmi icazəsi olmasaydı, hərbi hissələrdə çəkiliş apara bilməzdik. Şeiri mənə Vaqif Bəhmənli təqdim etdi, oxudum və göz yaşlarımı saxlaya bilmədim. Daha sonra bu şeirə musiqi bəstələməyi qərara aldım. Nə qədər ki, torpaqlarımız işğal altındadır, hər kəs vətənpərvərlik ruhunda yetişməlidir. Bu gün hərbi-vətənpərvərlik ruhunda yazılan musiqilərə ehtiyac var”.
Klipin prodüsseri Vəli Turan bildirib ki, Azərbaycan teleməkanında hərbi-vətənpərvərlik mövzusunda kliplərin sayı çox azdır:
“Bu kimi kliplərə televiziyalarımız daha çox yer ayırmalıdır. Vətənpərvərlik hisslərinin aşılanmasında kütləvi informasiya vasitələrinin rolu daha böyükdür”.
Vəfa
MƏMMƏDLİ
525-ci qəzet.- 2016.- 7 aprel.- S.7.