Xalq inanclarında Loğman,
loğmanlıqla bağlı deyimlər
I yazı
Ənənəvi tibb kitablarında
və türkəçarəlikdə
adına tez-tez rastlanan mifoloji şəxslərdən
biri də Loğmandır. Loğmanın şəxsiyyəti, doğulduğu yer, təhsili, milliyyəti haqqında nə tarix kitablarında, nə də dini kitablarda kifayət qədər məlumat yoxdur. Onun haqqında yalnız əfsanələr, rəvayətlər
qalıb. Əfsanə və rəvayətlərdə
onun xalq həkimliyindən çox
bəhs edilməz və ya həkimlik
bilgəlik mənasında
işlədilər.
Əfsanəyə görə, Loğman
Həkim Dədə Qorqud, Bilqamış, İsgəndər kimi ölümsüzlük axtarıb,
axtara-axtara lazım olan bitkini tapıb,
bitki də ona “Mən ölümsüzlüyə
çarəyəm” deyib,
beləliklə, ölümsüzlük
bitkisini tapmış tək həkim olub. Əfsanəyə görə, Loğman
ölümsüzlük iksirini
hazırladıqdan sonra
görünməz bir
əl iksiri yerə töküb, həkimin yazdıqlarını
da Ceyhun çayına atıb.
Ancaq bu əfsanənin dəyişik variantları
da var. Məsələn,
bir varianta görə, ölümsüzlük
iksirini tapan Loğman Həkim onu bir şüşə
qaba qoyur, ancaq körpüdən keçərkən diqqətsizlikdən
şüşəni əlindən
çaya salır.
Başqa
bir əfsanədə
deyilir ki, Loğman ölümsüzlük
iksirinin formulunu əlinə yazır, ancaq yağış yağanda formul silinib gedir.
Loğman Həkim xalq həkimlərinin atası
sayılmaqla hər dərdə dərman tapdığı da söylənən əfsanəvi
şəxsdir və bütün alternativ tibbi simvollaşdırmaqdadır. Əfsanələrdə
otların, çiçəklərin
dilini bilən, ölümsüzlük dərmanının
necə düzəldiyini
öyrənən, ancaq
bu dərmanın reseptini Asi
çayından keçərkən
əlindən suya saldığı söylənən
Loğman Həkimdən
söz edilir.
Başqa bir əfsanədə deyilir ki, Davud
Loğmana qoyun kəsməsini və ona ən yaxşı
yerindən iki parça gətirməsini
deyir. Loğman qoyunun ürəyilə
dilini Davuda verir. Davud bu dəfə
qoyunun ən pis iki yerini
ona gətirməsini söyləyir. Loğman bu
dəfə də qoyunun ürəyini və dilini gətirir. Davud nəyə görə hər dəfə eyni şeyi gətirdiyini soruşduqda Loğman belə cavab verir: “Yaxşılıq
üçün ürəkdən
və dildən daha önəmli bir şey olmadığı
kimi, pislik üçün də ürəkdən və dildən daha pis bir şey
yoxdur”.
Bəlkə də ən böyük Loğman türklərin hər sahədə inandıqları,
çətin anlarında,
xüsusən də xəstəlikdə müraciət
etdikləri şamanları
olub. Loğman insan vücudunu
çox yaxşı bilən şamanın özüdür. Şaman həm
fiziki, həm də ruhi xəstəlikləri
müalicə edən,
bunun üçün
yeni-yeni metodlardan istifadə edən xalq bilicisidir. “Loğman” sözünün
mənası haqqında
müxtəlif fikirlər
söylənib. Adı nə
olursa- olsun, Loğman şəfalı
bitkiləri tanıyan,
onlardan müxtəlif
dərdlərə dərmanlar
düzəldən, hansı
xəstəliyə hansı
bitkinin lazım olduğunu yaxşı bilən əfsanəvi xalq həkimidir. Buna dayanaraq bəzi
tədqiqatçılar ümumiyyətlə,
dərman bitkilərini
yaxşı bilən,
otlardan müxtəlif
dərmanlar düzəldən
adamlara da xalq arasında Loğman Həkim deyildiyini göstəriblər.
Əslində otlardan, şəfalı
mineral maddələrdən dərman düzəldənlərə
və onları satanlara əttar və ya aktar
deyilir. Hasan Baydar da aktarlardan danışarkən
xalq arasında adı əfsanələrə
qarışmış Loğman
Həkimdən bəhs
edir və aktarların piri olaraq Loğman Həkimi xatırlayır.
Burada önəmli
bir məsələni
də qeyd etmək lazımdır. Türkəçarəlikdə həkimlərlə təbiblərin fərqi var ki, çox
zaman bu iki termin bir-birinin
alternativi kimi işlədilir. Ancaq sağaltma
prosesi həkimlə təbibin arasında bölüşdürülüb. Həkim sadəcə olaraq sağaltma texnikasını,
dərmanları yaxşı
bilən deyil, eyni zamanda insan
vücudunu bilməyə
çalışan, həkimliyin
fəlsəfəsi ilə
məşğul olan şəxsdir. Təbib isə
müəyyən sağaltma
metodlarını öyrənən
və həyata keçirəndir. Məsələn, İbn Sina həkimdir,
Şərafəddin Sabunçuoğlu
isə təbibdir.
“Loğman” sözünün
anlamı ilə bağlı olaraq müxtəlif mənbələrdə
fərqli təriflər,
mənalar olsa da, şəfalı bitkiləri tanıyan və hansı xəstəlikləri sağaldacağını
bilən əfsanəvi
bir həkim olduğundan söz edilir. Əslində ilk baxışda
sadə görünən
xalq həkimi, sağaldıcı, türkəçarə,
sehirbaz-həkim və
ya sadəcə olaraq həkim terminləri bir-birindən
necə fərqlənir
və bu terminlərin hansını
harada işlədəcəyik
kimi suallara Rivers özü belə cavab verir: “Bu adamın yağış yağdırmaq, bitkilərin
çoxalmasını təmin
etmək və hətta xəstəliyin özünü yaratması
kimi başqa funksiyaları da ola bilər, ancaq xəstəliyin müalicəsi ilə məşğul olduğu
müddət ərzində
bu adam mənim
işlədəcəyim terminolojidə
“Loğman” olacaq”.
Onu da qeyd etmək
lazımdır ki, insanlıq tarixində türk xalqları keçmişdən indiyə
qədər fərqli
adlarla adlandırılmış
şaman, loğman, loğman həkim, otaçı, əmici, xoca, üfürükçü,
ocaqlı, sehrbaz, molla və s. kimi insanlara müxtəlif qabiliyyətlər
yükləyiblər. Bunlardan bəzilərinin
həkimlik qabiliyyətini
vergi ilə aldıqlarına, bəzilərinin
təcrübə ilə
öyrəndiyinə, bəzilərinin
nəfəsinin qüvvətli
olduğuna, bəzilərinin
əllərinin şəfalı
olduğuna inanılıb.
Hər zaman yuxarıda adlarını çəkdiyimiz
bu insanlara inanıb, sağalmaq üçün onlara müraciət ediblər.
Ümumi
şəkildə xalq
həkimi və ya türkəçarə
dediyimiz bu insanlar öz bilikləri, təcrübələri
ilə insanlara kömək ediblər.
Xalq həkimliyinin
ən əsas cəhəti ənənəvi
olması, nəsildən-nəslə
ötürülməsidir. Xalq arasında
Loğman həkimlə
bağlı bir çox rəvayətlər
var. “Loğman ən böyük təbibi olub. Günnərin bir günü
Loğman imtahan götürürmüş. Bütün tələbələr gəlir
imtahan verir tibbdən. Axırda nəzəri imtahan
imiş, elə-belə
imtahan. Görüm bunun biliyi, səviyyəsi çatacaq,
çatmayacağ? Bura qoyullar
kəlbətin, isti köz, bir də
kül. Kim gəlib əlin atıb götürür,
yanır əli.
Ərəstun baxıb o üzə-bu
üzə, gedib külü götürüb,
deyib, hə, indi qoyun mənim
ovucuma bunu. Qoyublar, keçib imtahannan”.
Həm də Loğman haqqında gözəlliyi
sevən, yaşamadan zövq alan
birisi kimi danışılır.
“Bir dəfə Əzrayıl Loğmana deyir ki, sənin
canıvı alacam.
Deyir ki:
– Mənim canımı gedək o çəmənniyin,
çayın qırağında
al.
Gedir. Deyir:
– Oxxay, necə yaşamalı dünyadı.
Əzrayıl deyir:
– Loğman, sən niyə dedin mənim burda canımı al?
Deyir ki:
– Onsuz da öləcəm,
dedim, gözəl bir təbiət namında ölüm”.
Loğmanlıqla bağlı inanclarda
təcrübə və
müşahidəyə dayanaraq
xəstəlikləri sağaltmaq,
ağrıları azaltmaq,
vəziyyəti yaxşılaşdırmaq
kimi ənənəvi
metodlar hər zaman ara
həkimləri və
ya türkəçarə
deyilən insanların
əsas vəzifəsi
olub. Müxtəlif metodları bilən
və dərman qarışımından məlhəm
düzəldən bu insanlar loğmanlardan fərqli olub. Loğman xəstəliyin səbəbini,
qaynağını və
nəhayət fəlsəfəsini
bilən adamdır.
Onun müalicəsi ruhsal, fiziksəl olmaqla iki mərhələlidir.
Xalq arasında Loğman Həkim belə bir statusda duran
insan olub.
Nübar Həkimova
bilologiya üzrə fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2016.- 7 aprel.-
S14.