Ahıskalıların etnoqrafik
ənənələri
Tarixi yaşamı boyunca çoxlu köçlərə, itkilərə, misilsiz çətinliklərə məruz qalmış Ahıska türklərinin bu gün Azərbaycandakı nümayəndələri təhlükəsiz şəraitdə yaşayırlar. Araşdırmaçı Sevil Piriyeva bildirir ki, Ahıska camaatının zəngin təsərrüfat, əkinçilik təcrübəsi var. Əkinçiliyin ən çox herik sistemindən istifadə olunur. Torpaq herik edilir. Payızda şumlanıb payız suyu verilir. Təcrübəyə görə, əgər torpaq herik edilməzsə, dincə qoyulmazsa, onun məhsuldarlığı çox az olar: "Ahıskalılar torpaqla davranmağı çox yaxşı bacarırlar. Məsələn, taxıl əkinini bostan bitkiləri əkməklə əvəzləyirlər. Bəzən həmin sahələrdən növbəti il üçün otlaq sahəsi kimi istifadə olunur. Ahıskanı qədim əkinçilik diyarı hesab edirlər. Dağətəyi ərazilər taxıl, arpa, çovdar üçün əlverişli olduğuna görə bu ərazidə yaşayan kəndlərdə əkinçiliyə daha çox fikir veriblər. Əkinçiliklə bağlı başqa terminlər -ciftçi, harman, herik, anbar, çuval, kuyu, xalbur, ələk, kotan, gəmi, sel kimi adlar da Anadolu və Azərbaycanın hər yerində işlənən ümumtürk anlayışlarından xəbər verir". Bunların hamısı mədəniyyət hadisəsi kimi xüsusi maraq doğurur və bütövlükdə Qafqaz mədəniyyəti kontekstində araşdırmanı zəruri edir. Həmin adların demək olar hamısı xalq yaradıcılığı nümunələrində indi də yaşayır. Ona görə də xalqın əski adət-ənənələrini, məişətini öyrənən zaman folklordan bir istiqamət kimi istifadə etmək zərurəti yaranır. Dağlıq hissələrdə torpaq qatı zəif olduğundan orada herik bir ardıcıllıqla edilərmiş. Çünki arpa, buğda, qarğıdalı və s. bitkilər var ki, onlar torpağın şirəsini daha çox sorub gücdən salır. Ona görə də dağlıq ərazidəki kəndlərdə torpağın heriyə qoyulmasına və yaxud da başqa bostan bitkiləri əkilməsinə ardıcıllıqla əməl olunur. Əks təqdirdə həmin əkindən elə də məhsuldarlıq gözləmək olmaz. Əkinçilikdə keçən əsrin ortalarına, yəni deportasiya olunana qədər ikiağızlı dəmir gavahınlı kotan növündən istifadə olunub. Orta Asiyanın ucsuc-bucaqsız çöllərinə sürgün edilən Ahıska əhalisi həmin əkinçilik ənənəsini orada da qoruyub saxlaya biliblər. Daha doğrusu, o alətlərin böyük hissəsini onlar orada yenidən yaradıblar".
Azərbaycanın müstəqilliyindən sonrakı mərhələdə də (böhranın ağırlaşdığı çağlarda) torpağın şumlanmasında və biçində iri texnika çətinliyi yarananda həmin alətlərdən istifadə edirdilər: "Bu alətlər türkün maddi mədəniyyətini, onun əski tarixini öyrənmək üçün kifayət qədər material verir. Qeyd etdiyimiz kimi, əhali əkin sahələrini əsasən ikiağızlı kotan növü olan cılğa ilə şumlayardılar. Bunlar dəmir qavahınlı idilər. Eyni zamanda ağsaqqalların dediyinə görə, "arona", kütən növü olan kotanlar da varmış. Şumlanan sahələrə toxumu heybələrə doldurub əllə səpərdilər. Sonra həmin toxumun üstünü çapa-çırpıdan düzəldilən sapanla hamarlayaraq toxumların üstünü örtərdilər. Taxıl və yaxud sahələrdəki otu biçmək üçün isə bir sıra alətlərdən istifadə edərdilər. Ahıska türkləri taxıl yetişdikdə biçinə başlardı. Bu zaman ayrıca mərasimlər keçirilir, biçinə hazırlıq görərdilər. Bu hətta xalq yaradıcılığında, ayrı-ayrı folklor nümunələrində indi də yaşamaqdadır. Onu da qeyd edək ki, Ahıska bölgəsində taxıl biçini ilə ot biçini təxminən eyni vaxta düşür. Fərq isə ondadır ki, dağətəyi kəndlərdə dağ kəndlərindən fərqli olaraq əkilən taxılın biçilməsi, eləcə də ot biçini xeyli tez başlayır. Texnikanın olmadığı zamanlarda dərzlər bağlanıb taxıl tapan edilərdi. Bağlanan dərzlər döyülmək üçün xırmana gətirilərdi. Xırmanda taxılı vəllə (dögen və ya gəmi adlanardı) döyərdilər. Dögen yüngül ağacdan hazırlanardı. Altına daşlar düzülmüş ağır vəl isə gəmi adlanardı. Həmin əkin və biçin zamanı qonşular bir-birinə kömək edər, yağarlığa düşməmək üçün işləri tezliklə yekunlaşdırmağa çalışardılar. Təbii şərait Ahıskada çəltiyin (ahıskalılar ona pirinc deyirlər), üzümün yetişdirilməsi üçün o qədər də
əlverişli olmayıb. Ona
görə də həmin bölgədə bunların
yetişdirilməsinə elə də əhəmiyyət
vermirdilər. Ancaq deportasiya
onları düşdükləri mühitə uyğunlaşmaq
məcburiyyətində qoydu. Onlar Orta Asiya
və Qazaxıstanda, Azərbaycanda üzüm,
çəltik, pambıq və s. kənd
təsərrüfatı bitkiləri də yetişdirməyə
başladılar. Bir növ
yeni mühitlə qaynayıb
qarışdılar. Professor Yunus Zeyrək "Ahıska bölgəsi və
Ahıska türkləri" adlı əsərində
maraqlı bir epizod verir: "Daşkənd sokaklarında köksü medallı yaşlı özbəklər
gördüm. Sinələrində bir deyil, beş
deyil, bəzən on, bəzən on beş medal
birdən sallanır. Mən öncə bu medalların savaşda alındığını və
ya idman yarışlarında qazanıldığını
sandım. Sonra öyrəndim
ki, bu özbəklər
əmək qəhrəmanlarıdırlar.
Pambıq toplamaqda, buğda
biçməkdə, üzüm
yetişdirməkdə mahir
olan əmək qəhramanları". Burada Ahıska
bölgəsinin zəhmətkeşləri
də vardı".
Fərqanə hadisələrindən sonra Azərbaycana pənah gətirən Ahıska türkləri burada da öz
əvvəlki təsərrüfat
ənənələrini qoruyub
yaşatmağa və
yeni mühitə uyğunlaşmağa başladılar:
"Əkinçilik mədəniyyətində
Ahıska türkləri
üçün xarakterik
olan bir məqam da xüsusi
olaraq qeyd edilməlidir. Bu da
ondan ibarətdir ki, Ahıska əhalisi ənənəvi
olaraq yığılan
məhsulları (arpa,
buğda, qarğıdalı,
kartof, çuğundur
və s.) xüsusi yerlərdə saxlayardılar.
Bunun üçün anbarlardan,
küplərdən, quyulardan
istifadə edərdilər.
Hətta
bəzi yerlərdə
həmin ənənə
indi də qorunub saxlanır. Bir sıra ahıskalıların
evindən 5-6 tağar
tutan anbarlara indi də rast
gəlmək olur.
Bütün bunlar ahıskalılarda
məişət həyatının
davamlı, mühafizəkar
olduğunu göstərir.
Yetişmiş taxılı biçmək
üçün tırpan
(dəryaz), oraq, sırma, və digər alətlərdən
istifadə olunurmuş. Kəndlilər biçinə eyni gündə başlayarlardılar.
Adət üzrə kəndlilər
biçinə başlamazdan
əvvəl bir yerə toplaşaraq məhsulun bol olması, asan yığılması üçün
ucadan birlikdə dualar oxuyarmışlar.
Biçin vaxtı bəzən
kəndlilər ayrı-ayrılıqda
işləsələr də,
əsasən biçini
bir yerdə apararmışlar. Məhsul biçilərkən
dərz bağlanır
və əvvəlcədən
hazırlanmış xırmana
gətirilərdi. Əsasən xırmana məhsulu "sel" adlanan xüsusi ikitəkərli böyük arabalarda daşıyarmışlar. Xırmanda taxıl vəllə döyülərdi. Vəl öküzə
və ya ata qoşularaq dərzlərin üstü
ilə sürüldükcə
buğda sünbüldən
ayrılırdı.
Ahıskalıların kənd təsərrüfatının
digər inkişaf etmiş sahələrindən
biri də bostançılıq idi. Bostanda kartof,
soğan, sarımsaq, bibər, laxana (kələm), yerkökü,
çuğundur, kəvər,
turp, nanə, pomidor, xiyar və başqa tərəvəz bitkiləri
yetişdirilirdi. Məhsulun
bol olması və yetişdirilməsi üçün bostan sahələrini su arxları
vasitəsiylə sulayardılar.
Bəzi məhsul növləri - kartof, çuğundur, turp və s. xüsusi quyularda, anbarlarda saxlanılardı. Dırmıq, bel, qazma, çapa
kimi kənd təsərrüfatı alətləri,
əsasən, bostançılıqda
istifadə olunurdu.
Ahıska türkləri dünya xalqları arasında ən çox deportasiya ilə üzləşən xalqlar
sırasındadır. Əkinçilikdən, təsərrüfat həyatından,
bütövlükdə məişət
həyatından danışarkən
həmişə birmənalı
olaraq ahıskalıların
mövcudluğunu deportasiya
zamanı ilə birgə izləmək lazım gəlir. Son dərəcə zəngin flora və faunaya malik olan
bu bölgə özünün tarixi ənənələri ilə
də xüsusi maraq doğurur". Onların tarixdə, tarixi prosesdə türk xalqlarının bir qövmü kimi uğurlarına baxılması çox azdır: "Dünya nəzəri düşüncəsi
xalqların tarixi mədəni inkişafını
həmişə üç
istiqamətdə izləyib.
Birincisi xalqların mədəni əlaqələrində, ikincisi
qan qohumluğunda, üçüncüsü genetik
düşüncədə arayıblar. Ahıska türklərinin
məişət həyatı
ilə bağlı məsələlərə diqqət
yetirdikdə bunları
unutmaq olmaz. Çünki burada ən
diqqət doğuran faktorlardan biri özünəməxsusluğun, regionun spesifikasının
müəyyənləşdirilməsidir.
Əkinçilikdə də, maldarlıqda
da, bağçılıqda
da bunlar nəzərə alınmalıdır.
Ona görə
də araşdırmalarımızda
bunlara bütün məqamlarda diqqət yetirməyə üstünlük
vermişik. Bostançılıqdan danışarkən həmin məqamları xüsusi olaraq diqqət mərkəzində
saxlayırıq. Ahıska regionu
bostançılıq üçün
son dərəcədə əlverişlidir.
Oradakı bostan bitkiləri, eləcə də meyvəçiliklə
bağlı ciddi
araşdırmalar apararkən
ilk əvvəl gözümüzün
qabağına XVI əsrin
dahi şairi Məhəmməd Füzulinin
"Meyvələrin söhbəti"
əsəri gəlir.
Həm də belə təsəvvür yaranır
ki, bu əsər
elə Ahıska, Ahılkələk regionunda
yaranıb. Son
dərəcədə münbit
torpağa, zəngin təbiətə malik olan bu ərazidə
bütün bostan bitkilərini yetişdirmək
mümkündür.
Mülayim dağətəyi zonada bir toxumu torpağa
əkmək (səpmək)
kifayətdir. Suyu bol, torpağı
münbit olan Ahıskada bostançılıq
kifayət qədər
inkişaf edib. Saf, şəffaf çeşmələrin
suyu ilə sulanan bu yerlərdə
bostan bitkilərinin ayrı dadı var. Ahıska ağsaqqalları
onillərdir vətəndən
uzaqda yaşamalarına
baxmayaraq o yerlərin meyvələrinin, bostan bitkilərinin dadından danışarlar. "Buradakı meyvələr
o yerlərin meyvələrinin
dadını verməz"
- deyirlər. Prof. Asif
Hacıyev Ahıskadakı
bostançılıqdan danışarkən
xüsusi olaraq vurğulayır: "Saf çeşmələrin,
səffaf
çayların suları
ilə suvarılan bostanlarda kartof, soğan, sarımsaq, bibər, pomidor, badımcan (patlıcan), xiyar, kələm (laxana), çuğundur, yerkökü, turp, nanə, kəvər və başqa bitkilər yetişdirilirmiş".
Havalar isinən
kimi həmin şitillər sahələrə
dağıdılır. Kartofun, kələmin,
xiyarın, lobyanın
yetişdirilməsi zamanı
da müəyyən şərtlərə, torpağın
münbitliyinə, eyni
yerdə ardıcıl
əkilməməsi məsələsinə
xüsusi diggət yetirilir. Əks təqdirdə məhsuldarlıq
aşağı düşür.
Onun üçün də ənənəvi olaraq torpaq dincə qoyulur. Məhsul yığıldıqdan sonra həmin yerlər herik edilir. Keçən əsrin sonlarında çap olunan "Tiflis sərf-nəhvi" dəftərində
XIX əsrin yaşayış
məskənləri, əhalisi,
kənd, qəsəbə
və s. haqqında mükəmməl məlumatlar
verilir. Orada Ahıska türkləri
haqqında da maraqlı bilgilərə rast gəlirik. O kəndlərin məşğuliyyəti,
təsərrüfat həyatı,
məişəti ilə
əlaqədar qısa,
lakin müfəssəl
məlumatlar var. Buradan
da Ahıska türklərinin əkinçilik,
maldarlıq, sənətkarlıqla
yaşayışlarını qurduğunu görürük.
Ahıskada olan məhsuldarlıq yetişdirilən bostan bitkilərinin artıq hissəsinin yaxın ərazilərdə satılmasına,
bazarlara aparılmasına
yardımcı olmuşdu. Dağlıq ərazilərdə bunlar əsasən yağış
suyu, dağətəyi
zonalardaçayların, bulaqların
suyu ilə suvarılmışdı. Ahıska türklərinin
düşüncəsini əks
etdirən bir poetik parçada deyilir:
Nerdə
olsan bil ki, sən,
Ağac əkməyi unutma.
Can qədrinə yetməyə,
Qalmağa bağın olsun.
Uğur
Xalq Cəbhəsi .- 2016- 7 aprel.- S. 13.