Xalq inanclarında Loğman, loğmanlıqla bağlı deyimlər

 

II yazı

 

Həkimlərin piri sayılan Loğman Həkim sadəcə müalicə edən deyil, hikmətli sözlər söyləyəndir.

”Ey oğlum! İnsanlara yaxşılıqları göstərib, nəsihət edərkən özünü unutma! Yoxsa mum kimi olarsan. Mum insanları işıqlandırır, ancaq özünü yandırıb əridər”. “Ey oğlum! Pis xasiyyətdən, könül dağınıqlığından özünü qoru. Səbirsiz olma, yoxsa özünə yoldaş tapmazsan. İşini sevərək gör, sıxıntılara döz. Bütün insanlara qarşı yaxşı xasiyyətli ol”. “Ey oğlum! Dünya geçici və qısadır. Sənin dünya həyatın isə azdan da azdır. Bunun da azının azı qalıb, çoxu gedib”. “Ey oğlum! Qızıl odda yoxlanılıb saflaşdırıldığı kimi insan da bəla və müsibətlərlə imtahana çəkilir”. “Ey oğlum! Halal loxma ye və işlərində alimlərlə məsləhətləş, işlərini necə edəcəyini onlardan soruş”. “Ey oğlum! Üzr istəməyə məcbur edəcək şeylərdən uzaq ol”. “Ey oğlum! Səhhət kimi zənginlik, gözəl əxlaq kimi nemət yoxdur”. “Ey oğlum! Mən necə ağır yüklər daşıdım, ancaq kasıblıq kimi acı görmədim. Necə ağır yüklər çəkdim, pis qonşudan ağırını görmədim”. “Ey oğlum! Kimi isə kiçik görüb təhqir etmə”. “Ey oğlum! Başqasına həsəd edən iztirabdan qurtulmaz”. “Ey oğlum! Gördüyünü gizləmən, şübhə etdiyini deməkdən daha yaxşıdır”.

Təbii ki, nəsihətlər çox uzundur, biz burada az bir qismini verdik. Lakin elə bu qədər də onunla Qədim Şərqin “Müdrik Xiqar (Axikar) haqqında”sı arasında sıx bir bağlılığın olduğunu söyləməyə əsas verir. Söhbət ən mükəmməl variantı dövrümüzədək alban (Qafqaz) türkcəsində, “Uslu Xiqarnınq sözü, esi, axılı” adı altında yetişən çox məşhur hekayədən gedir.

Assuriya hökmdarı Senekerimin (Senexeribin) dövründə Ninəvədə (bugünkü Mosul) yaşadığı bilinən müdrik Xiqar (Axikar) haqqında olan və təbii ki, xristianlıqla heç bir əlaqəsi olmayan bu hekayənin hələ e.ə. VI-V əsrlərdə Yaxın Şərqin bir çox qədim dillərinə, o cümlədən qədim Misir (qibti) dilinə çevrildiyi məlumdur. Həmin əsər yalnız alban dilində dövrümüzədək tam şəkildə gəlib çıxa bilib. Başqa dillərdə isə bu əsərin yalnız ayrı-ayrı fraqmentləri qalıb.

Həmin əsərdən kiçik bir fraqmentə (alban türkcəsində) nəzər salaq:

“Andan sonqra yügündüm xanıma, aldım oğlumnı da bardım palacıma. Bu türlü aytır edim övrətkəndə Natan atlı oğluma.

– Oğlum, ne ki işitsənq xan, biy eşikinə, anı yürəkinqə tut, kimsəgə açma, baylını, möhürlüni çeşmə, çeşkənni baylama da, ne ki işitsənq, alani etmə da aytmağın.

– Oğlum, közünq açıp, körklü xatın körsənq, kiyinişli da bezövlü, bolmağay ki anqar suxlanğaysen. Egər tirlikinqni barçasın da bersənq, azğına suxlanğanınq bolur, yoxesə alırsen Tenqridən nalətləməx da adamlardan, anınq üçün ki xatın kişi oxşar bir körklü kerezmanğa, ol kerezmannınq içi toludır sövəklər bilə da sasımax bilə ölününq.

– Oğlum, oxşama badəm terəkinə ki barça terəklərdən çiçəklənir da yemişin barça terəklərdən sonqra berir, yoxesə oxşa xabaxka ki sonqğuda çiçəklənir da yemişin burun berir.

– Oğlum, yaxşraxtır esli adam bilə taş taşıma, ne ki essiz adam bilə çağır içmə.

– Oğlum, eslilər bilə essiz bolma da essizlər bilə esli bolma.

– Oğlum, cəht et axıllılar bilə axıllı bolma, neçik alar, bolmağay ki, anızkamlarğa da essiz adəmilərgə sınqar bolmağaysen ki, seni də essiz da anzkam ündəgəylər.

– Oğlum, yaxşrax çağırınqnı tökkəysen, ne ki essizlər bilə da anzkamlar bilə içkdysen ki, bolmağay alar seni nalətləgəylər.

– Oğlum, bolma asrı tatlı ki, seni yutkaylar, da ni asrı leği ki, da yürügəninqə, da barça işinqə.

– Oğlum, necə ki etikinq ayaxınqadır, baskın tegənəkni da yol aç ayaxınqa.

– Oğlum, körsənq, duşmanınq yıxılıptır, külmə da masxara etmə anı: egər tursa, sanqa yaman etər.

– Oğlum, yaman oğul yıxılır kendininq yamanlı xına körə, da yaxşı oğul turar kendininq yaxşılıxına körə.

– Oğlum, yuvuxlanma yaman u harsız xatınğa, da pampasel etkəylər dayma seni, nalətləməgəy da ayblamağay, da axçanqnı yegəy. Anınqkibiktən xaç....”

İki mətnin müqayisəsi bizə Loğman surətinin prototipinin Müdrik Xiqar (Axikar) ola biləcəyini, bu ehtimalımız doğrudursa, onun Assuriya hökmdarı Senekerimin (Senexeribin) dövründə yaşadığını söyləməyə əsas verir. Lakin bu versiyanı sübut etmək üçün əlavə faktlara ehtiyac var.

Yeri gəlmişkən qeyd edək ki, bu nəsihətlər haqqında bir rəvayət də danışılır. Hafs bin Ömərdən rəvayət edirlər ki: Loğman Həkim yanına bir xardal torbası qoydu və oğluna nəsihət etməyə başladı. Hər nəsihət üçün bir torbadan bir xardal dənəsi çıxartdı. Nəhayət, xardal dənələri bitdi. Sonra da “Ey oğlum! Sənə o qədər nəsihət etdim ki, əgər bu nəsihətlər bir dağa deyilsəydi, dağ yarılar, parça-parça olardı” – dedi. Oğlu da atasının bu nəsihətlərinə əməl etdi.

Loğman Həkimin bir neçə tövsiyyəsi də türkəçarəlik üçün önəmlidir. “Sağlıq üçün; çiy yemə, isti yemə, çox yemə” və ya “Xəstələnmədən öncə təbib çağır. Təbibə xəstə olmadan öncə hörmət göstər”, yaxud “Sarımsaq şəfalıdır”, “Soğanın çiyi zərər, bişmişi yarar”, yaxud da “Divarı nəm, insanı qəm yıxar”.

Azərbaycanda da Loğman Həkimlə bağlı çoxlu əfsanələr var. El arasında xalq təbabətini yaxşı bilən adamlara Loğman deyilməsi bunu bir daha isbatlayır. Bu əfsanələrin birində deyilir:

“Bir loğman var idi. Onun qardaşı yaraşıqlı və sağlam idi. Loğman deyir ki, gərək mən qardaşımı izləyim, görüm bu, necə sağlam olub? İzləyib görür ki, qardaşı işini görməmiş evə girib iki dənə çörəyi yeyib gedir. Loğman öz-özünə deyir:

– Səhər yeməyi bədənin mismarıdır.

Qardaşını sınağa çəkmək istəyir. Arvadına deyir:

– Çörəyi gizlət, görək bu nə edəcək?

Arvadı çörəyi gizlədir. Loğmanın qardaşı yenə həmişəki kimi səhər tezdən durur. Çörəyi axtarır. Tapmır. Ora vurnuxur, bura vurnuxur, gəlir un torbasını tapır. Başlayır un yeməyə. Yihayi, halı yavaş-yavaş pisləşir. Günü-gündən soluxub ölür. Loğman qardaşının ölümünün səbəbini öyrənmək istəyir. Qarnını yarıb görür ki, bağırsağının bir hissəsi sümükləşib. Həmin yeri kəsib çıxardır. Gətirib ustaya verir ki, usta ondan bıçağına dəstək düzəltsin. Usa bıçağa dəstək düzəldir.

Günlərin bir günü loğman bostana gedir. Orada qarpız kəsib yeyir. Bıçağı da qarpuza sancıb yatır. Durub görür ki, bıçağın dəstəyi yoxdur. Loğmana məlum olur ki, qarpız bu dərdin əlacıymış”.

Əfsanədə iki məqam xüsusi diqqət çəkir. Birincisi, Loğmanın xəstəliyin, daha doğrusu, ölümün səbəbini aydınlaşdırmaq üçün meyiti yarması faktıdır ki, eyni metod müasir tibbdə, xüsusən də məhkəmə-ekspertiza təbabətində geniş istifadə olunur. İkincisi isə, təcrübə nəticəsində əldə edilən yeni bilik sayəsində tibbi biliklər sisteminin daha da zənginləşdirilməsidir. Söhbət qarpızın suyunun müalicəvi əhəmiyyətinin kəşf edilməsinin təsvirindən gedir.

Azərbaycan folklorunda Loğman eyni zamanda nağıl qəhrəmanıdır və “Loğman” adlı nağıl bilavasitə ona həsr edilib. Həmin nağıl zülmkar bir padşahın xəstələnməsi və onu sağalda bilməyən həkimlərin boynunu vurması ilə başlayır. Xəbər Loğmana çatar-çatmaz o özünü “rəngi sapsarı, ölü rənginə” oxşayan, “üzü-gözü yupyumru şiş tökmüş” padşaha yetirir və deyir ki, onun qarnında xərçəng var və dərman da şah oğlunun qanıdır. Odur ki, şah öz oğlunun öldürülməsinə fərman verməlidir. Şah buna razı olmasa da, Loğman hiylə işlədərək, vəzir-vəkilin köməyi ilə onu buna razı salır. Özüsə bir qoyun kəsərək, qanını şaha içizdirərək, onun qusmasına və qarnındakı xərcəngdən azad olmasına səbəb olur. Sonra isə ona müraciət edən vəzir və vəkilin də tutulduqları xəstəlikləri də sağaldır. Nağılın sonunda Loğmanın bir başqa həkimlə mübahisəsindən və onun qalib gəlməsindən bəhs edilir.

Şübhəsiz ki, yuxarıda təqdim edilən süjet və motivlər xalq yaradıcılığının məhsuludur və bu süjet və motivlər öz adını bir epitet kimi sonrakı dövrlərin usta həkimlərinə, o cümlədən, türkəçarəliklə məşğul olan el həkimlərinə verən, gerçək kimliyi məlum olmayan əfsanəvi bir şəxsə həsr olunub. Yəni bu halda “Loğman” adı xüsusi isim kimi işlənir. İkinci halda isə söhbət həkim, təbib kimi terminlərin sinonimi kimi çıxış edən və daha çox epitet rolunu ifadə edən addan gedir. Bu ad-termin, eləcə də ondan törəyən “loğmanlıq” kəlməsi Azərbaycanda mövcud olmuş ənənəvi tibbin, yəni xalq təbabətinin terminologiyasında özünə möhkəm yer edib.

Əgər əfsanəvi Loğman haqqında söylənilənlər xalq fantaziyasının məhsuludursa, orta əsrlərin loğmanları və onların fəaliyyəti haqqında mövcud olan məlumatlar reallığı əks etdirir və gerçək elmi faktlardır. Həmin məlumatların əsas qaynağı, təbii ki, orta əsrlərə aid əlyazmalardır. Onların sayı isə ənənəvi tibbin ayrılmaz tərkib hissəsi olan loğmanlıq sənətini kamil şəkildə tədqiq edə bilmək üçün yetəri qədərdir. Məlumat üçün bildirək ki, “bu gün AMEA-nın Əlyazmalar İnstitutunun fondlarında ənənəvi təbabətdən, başqa sözlə, loğmanlıq sənətindən bəhs edən çox sayda kitab qorunur ki, onların da əksəriyyətinin müəllifi Azərbaycan alimləridir. Bunlardan Süleymanqulu bəy, İbn Əttar, Məşədi Mir-Baba, İbn Mir-Mehti, Qasım bəy Şükrullah Şirvani, Əhməd Çələbi, Ağa Seyid Təbib Şirazi və başqaları bütün Şərqdə tanınırdı. Azərbaycanda dərmanşünaslıqla məşğul olan bu el təbiblərinin və loğmanların, demək olar ki, hamısı xalqımızın ta qədimdən inkişaf etdirib, qoruyub saxladığı el təbabətindən, xalq təbabəti nümunələrindən qaynaqlanıblar. Belə ki, hələ qədim zamanlarda Azərbaycanda xəstəliklərin müalicəsi üçün otlar və toxumlardan, köklər və meyvələrdən geniş istifadə edilirdi: dağ nanəsi, çoban yastığı çiçəyinin yarpağı, heyva toxumu, qarğıdalı saçağı, gülxətmi kökü, moruq, zirinc, nar qabığı, sumaq, hil, zəfəran, sirkə, gülab və s.

Xüsusi şəxslərin dərman bitkilərinin yığılması, qurudulması, saxlanılması və ticarəti ilə məşğul olduqlarını bildirən Əlyazmalar İnstitutunun əməkdaşı A.Bəndəliyeva yazır ki, orta əsrlərdə Azərbaycanda “mineral maddələrdən, müxtəlif yağlardan: gənəgərçək, zeytun yağından, keçi piyindən, mis kuporosundan, kükürddən, neft məhsullarından, mumdan, baldan geniş istifadə olunurdu. Ətrafların çıxıqlarının və sınıqlarının müalicəsi üçün tərpənməz sarıqlardan istifadə olunurdu. Qan almaq, küpə qoymaq, dağlamaq və massaj geniş yayılmışdı”.

F.Məmmədovun sözlərinə görə, azərbaycanlı loğmanlar xalq təbabətinin “ən yadda qalan səhifələrini XVI-XVII əsrlərdə yaradıblar”. Bunlardan “Məhəmməd Yusif Şirvani, Əhməd Çələbi Təbrizi, İbrahim ibn Zeynalabdin Naxçıvani, Hacı Süleyman İrəvani, Ağa Səid Təbib Təbrizi və b. qədim loğmanların əsərlərindən və təcrübələrindən bəhrələnərək təbabətə dair fundamental əsərləri ilə tibb elmimizi genişləndiriblər”. Onların içərisində Məhəmməd Yusif Şirvaninin XVIII əsrin əvvəllərində Azərbaycan türkcəsində qələmə aldığı “Tibbnamə” əsərini xüsusi fərqləndirən alim sözügedən kitabın məziyyətlərindən söhbət açaraq yazır ki, “kitabda xəstəliklər haqqında verilən məlumatlar və onların müalicə üsulları barədə irəli sürülən fikirlərin təcrübədə özünü doğrultduğu dəfələrlə qeyd edilir”. F.Məmmədov qeyd edir ki, “XVIII-XIX əsrlərdə Mirzə Mehdi Ənvəri, Mirzə Məhəmməd Hüseyni, Mirzə Məhəmməd Təbrizi, Mirzə Abdulla Hüseyni və b. daha məşhur idilər”.

 

Nübar Həkimova,

bilologiya üzrə fəlsəfə doktoru

Xalq Cəbhəsi.- 2016.- 8 aprel.- S14.