Ahıskalıların etnoqrafik ənənələri
II yazı
Araşdırmaçı Sevil Piriyeva bildirir ki, Ahıskalıların təsərrüfatının ən mühüm sahələrindən biri də bağçılıq sayılır. Tut, xurma, incil, ceviz (qoz), fındıq, gilas, kirəz (kirəz iri gilasdır), alma, armud, heyva və s. meyvə növləri Ahıska bölgəsində xüsusilə məşhur idi. Onlar bir çox alma növləri - qərənfil, şah, şəfran, paşa, söbə, bəyaz, şəkər, şəkərnabat, yağ, və s. becərirdi. Ticarət əlaqələrinə qoşulan bütün bazarlarda, Türkiyənin, Azərbaycanın, habelə Tbilisinin, İrəvanın və digər qonşu məmləkətlərin bazarlarında Ahıska bağlarının məhsullarına həmişə yüksək tələbat olub.
Ahıskada bağçılığın tarixi, eyni zamanda camaat arasında mövcud olan bağsalma təcrübəsi onun tarixini heç şübhəsiz, çox-çox qədimlərə aparır. Tarixi mənbələr bu haqda kifayət qədər bilgi verir. Dağətəyi zonanın böyük hissəsini, dağlıq zonalardan fərqli olaraq meyvə bağları təşkil edib. Keçən əsrin deportasiyasına qədər burada göz işlədikcə uzanan meyvə bağları olub. Xüsusi olaraq onun becərilməsi, yetişdirilməsi qayğısına qalınıb. Ağsaqqallar, ağbirçəklər vaxtaşırı söhbət düşdükcə Ahıskadakı bağ yerlərindən, oradakı meyvə ağaclarının becərilməsindən, meyvələrin dərilməsindən danışırlar. Xalq arasında bağcılıqla bağlı çoxlu əhvalatlar, rəvayətlər söylənir, nəğmələr, bayatılar deyilir. Onların böyük əksəriyyətində sadəcə olaraq o yerlərin təsərrüfat həyatı əks olunmur, eyni zamanda xalqın ağrıları, deportasiya olunmuş millətin göz yaşları, vətən, yurd həsrəti yaşanır”.
Araşdırmaçı vurğulayır ki, bunlar məhz bədii nümunə olmaqdan çox fakt kimi tarixi mənbə rolunu oynayır, deportasiya olunan bir qövmün təsərrüfat mədəniyyətini, məişətini hifz edir. Xalq arasında belə nümunələr çoxdur. Biz ekspedisiyalar zamanı Orta Asiyanın, Qazaxıstanın, Azərbaycanın, Türkiyənin müxtəlif regionlarına səpələnmiş ahıskalılardan çoxlu folklor nümunələri toplamışıq. Burada məhz ahıskalıların bağ, bostan yerləri bir ardıcıllıqla xatırlanır.
Kirəz dalın əkməli,
Meyvəsindən yeməli.
Komşi qızı var ikən,
Kimə boynun əkməli?
Eləcə də xalqdan
topladığımız digər nümunələrdə
müxtəlif meyvə adları, alma, armud, qoz, fındıq,
şabalıd, zoğal, tut, heyva, ərik və sair adları
tez-tez çəkilir ki, bu da heç şübhəsiz,
onların həyat tərzinin, məşğuliyyətinin
yaşantısıdır. Ağsaqqalların dediyinə
görə, bağcılıq digər regionlarda nisbətən
zəif inkişaf edib. Həyətyanı sahələrdəki
ərazinin bir hissəsi həmişə şitillərin əkilməsi
və calaq vurulması üçün saxlanıb. Meşələrdən
alma, armud, alça ağaclarının şitilləri
bağlarda əkilərək calaq edilib. Onu da qeyd edək ki,
calaq işləri ildə iki dəfə, yazda və payızda
aparılır. Yazda ağaclar puçurlayan vaxt, payızda isə
meyvə yığılandan sonra bu işlər
görülür. Ahıska alması, armudu ilə ad-şan
qazanıb. Armudlar da Ahıskada müxtəlifliyi, rəngarəngliyi
ilə yaxın regionların diqqətini cəlb edib. Bugünkü ədəbiyyatlarda, el
ağsaqqallarının söyləmələrində
Ahıskada çoxlu nanəzin, ağırca, bibi,
aşırşah, bəyaz, incir, fasela, bağrıqara,
güz, gügüm, qızıl, nənə, dedirza və s.
meyvələrini göstərmək olar. Bu meyvələrin
özünəməxsus becərilmə xüsusiyyəti var.
Payızda ənənəvi olaraq meyvə dərildikdən
sonra dibi boşaldılır, sonra suvarılır. Qurumuş
budaqları kəsilir. Yazda isə payızda olduğu kimi həm
suvarma işləri aparılır, həm də
ağacların aşağı hissəsinə kirəc
vururlar ki, mevə qurtlamasın, ağaca qurd düşməsin.
Bağcılıq Ahıskada dağətəyi zonanın əsil
dolanışıq yeri idi. Bu meyvələr hər yerdə
Ahıska alması, Ahıska armudu və s. adla tez-tez
vurğulanarmış. Panta (Banda) adlanan dağ meyvəsi də
bu yerlərin meşələrində bitərmiş. Onun
barcuc, şərbət, sari, soltanlı və s. növləri
qeyd olunur. Xalq
arasında yaşayan bir bayatıda deyilir:
Armud
dalda, dal yerdə,
Bülbül ötməz hər yerdə.
Fələyin
qaydasıdır,
Hər birimiz bir yerdə.
İndi Ahıska camaatı o yerlərdən
çox-çox uzaqlarda səpələnmiş, vətən
həsrətilə bir ömür yaşayır. Ağsaqqallar,
ağbirçəklər harada olmasından asılı
olmayaraq həmin yerlərin xatirələrini söyləyir,
meyvə bağlarından, armudunun, almasının ləzzətindən
danışır. Ancaq bir cəhəti də
qeyd edək ki, bu zəhmətkeş xalq bütün çətinliklərə
dözdü, həmin yerlərə qayıtmağı amala
çevirdi. Düşdüyü ərazilərdə
şəraiti öyrənib mühitə uyğun özlərinin
əkinçilik, bostançılıq,
bağçılıq ənənəsini yaşatdılar.
Ancaq daha yeni mühitdə olanları təkrarlamadılar,
eyni zamanda həmin ərazinin landşaftına uyğun özlərinin
də təcrübəsini diqtə etdilər”.
Zəhmətsevərlik
bu məhrumiyyətlərə düçar olan xalqın əlindən
tutdu: “İndi Azərbaycanın ayrı-ayrı rayonlarında
Ahıska türkləri böyük təsərrüfat
işləri ilə məşğuldur. Əkinçilik,
maldarlıq, bağcılıq işlərində fəallıqla
iştirak edir və bununla özlərinin
yaşayışının təminatına
çalışırlar. Çox qədim
tarixə malik olan Ahıska türklərinin etnoqrafik ənənələrini
araşdırmaq, ondakı özünəməxsusluğu
ortaya qoymaq aktuallığı ilə zamanını gözləyir.
Buradakı adət-ənənələr, əkinçilikdə,
bağçılıqda olan əski çağlarla səsləşən
məqamlar, əmək alətlərinin diqtə etdiyi tarix
çox-çox uzaqlara gedib çıxır. Ona görə də həmin yaşayış sahələrini,
bütövlükdə Ahıska regionunun məişətini
öyrənməklə biz türkün qədim tarixinə
yol açmış oluruq”.
Ən qədim
zamanlardan Ahıskada maldarlıq da təsərrüfatın
geniş inkişaf etmiş sahələrindən biri olub:
“Burada maldarlığın köçmə
(yaylaq-qışlaq) forması geniş
yayılmışdı. Bütün türk
bölgələrində olduğu kimi, Ahıskada da
baharın sonunda mal-qara sürüləri yaylaqlara
çıxarılır, payızda isə
arana-qışlaqlara qaytarılardı. Türk
xalqlarının təsərrüfat həyatının təhlili
göstərir ki, ağartı məhsulları və
onların adları Ahıska türklərində də eynilik
təşkil edir.
Böyük tarixi ənənələri, keçməkeşli
həyat yolu keçən türkün bir hissəsi olan
Ahıska türklərində qoyunçuluq daha çox
inkişaf etmişdi. Bu həmin regionda əhalinin əsas
dolanacaq yeri idi. Daha çox dağlıq
yerlərdə yaşayanların həyatında maldarlıq
başlıca yer tuturdu. Çünki
böyük yaylaqlar, dağların sərin havası,
ucsuz-bucaqsız otlaqlar mal-qoyun saxlamaq üçün daha əlverişli
idi. Ahıskada elə ev olmazdı ki,
orada mal-qoyun olmasın. Dağətəyi kəndlərdə
əhali yazın axırlarında yaylağa
çıxmağa hazırlıq görərdi. Havalar isinməyə başlayanda dağlara gedərdilər.
Bu ənənəvi xarakter daşıyardı.
Ahıskada hər kəndin öz dağ yerləri
var idi. May ayının axırlarında
köçlər başlardı. Ailələrin
əşyaları arabalara yüklənər, öküz və
ya at arabası ilə uşaqlar, qadınlar aparılardı.
Mal-qoyun isə dağlara, yaylaqlara otlaya-otlaya
aparılardı. Sonra köç mənzilə
çatanda dəyələr (alacıqlar) qurulardı. Bu köçlər böyük şənliyə,
toy-bayrama çevrilərdi. Köç ərəfəsində
evlərdə şirin çörəklər, qatlamalar
bişirilərdi. Fındıqlı,
Abioğlu, Horoz, Persat, Didimağa, Çekilli, Askilli, Dersel,
Artial, Əcərə, Saxan, Yalbuz və s. dağları yayda
Ahıska türklərinin əsas köç yerləri idi.
Ahıska regionunda mal-qoyunun otlaması
üçün böyük yaylaqlar mövcud idi. Saxan,
Xarcam, Abastuban, Varxan, Uravel, Əski, Çoban, Persat,
Öküz koxi, Çeçlə və s. yaylaq yerləri
qoyun-quzu, mal-qara saxlamaq üçün son dərəcədə
əlverişli idi.
Eyni zamanda onu da qeyd edək ki, Ahıska türklərinin
mal-qaranın saxlanması üçün
qışlaqları vardı. Havalar soyuyanda,
yağışlar başlayanda yayın axırı,
payızın əvvəlində arana köçlər
başlardı. Əhali mal-qaranı,
qoyun-quzunu təzədən arana qaytarardı. Ahıskada
Çilər qışlaq, Xurşudun yatağı və s.
kimi qışlaqlar vardı. Burada böyük
sürülər saxlanardı. Mal-davarı bir qədər
az olanlar isə onları həyətlərində
saxlardı. Deportasiyaya qədər elə ev
olmazdı ki, dağ kəndlərində on-on beş
mal-qarası, əlli, yüz qoyunu olmasın. Dağətəyi
kəndlərdə bu bir qədər azlıq təşkil
edirdi. Hətta evlərin böyük
qismində mal-qoyunla yanaşı, camış da saxlanardı.
Camış istiyə bir qədər meylli
olduğundan dağ kəndlərində bu elə də
çoxluq təşkil etməzdi. Ancaq
camışın südü yağlılıq
baxımından daha çox olduğundan qiymətləndirilərdi.
Ahıska kəndlərində at saxlamaq da
geniş yayılmışdı.
Ondan minik vasitəsi kimi istifadə olunardı. Hətta bəzən
dağlardan qayıdanda atlar geri gətirilməzdi. Onlar orada sərbəst buraxılar, bir növ vəhşi
həyatı keçirərdilər. Qışın
sərt sazaqları başlayanda kəndə gətirərdilər.
Kəndlərdə mal-qoyun saxlamağın
özünəməxsus ənənəsi vardı. Bunu ya çobanlar otarardı, ya da evlər (camaat)
növbə ilə heyvanlarını otarardılar. Yaşlıların dediyinə görə, Ahıska
pendirinin, qaymağının ayrı ləzzəti vardı.
Onu da deyək ki, onlar pendiri əsasən qoyun
südündən hazırlayardılar. Bunun
özünəməxsus hazırlanma qaydası vardı.
Yunundan isə yorğan-döşək düzəldilər,
xalça-palaz toxuyardılar. Ahıskalılar
inəyin, camışın südündən pendir
hazırlamağa elə də üstünlük verməzdilər.
İnək, camış südündən qaymaq, yağ çəkərdilər, qurud
hazırlayardılar. Onu da qeyd edək ki, südü nəhrələrə
töküb yağ əldə edərdilər.
Çəkilmiş süddən isə şor
hazırlayardılar. Əhali əsasən
çeçil pendiri hazırlamağa üstünlük verərdi.
Ahıskalıların dediyinə görə,
pendirin ən yaxşısı Saxan və Qoyundərə kəndlərində
düzəldilərdi. Eyni zamanda davar, atma,
çuma, təpmə pendir növləri də Ahıska
türkləri arasında geniş yayılıb. Ahıskalılar deportasiya olunmalarına baxmayaraq indi
ayrı-ayrı regionlarda məskunlaşsalar da, mal-qara da
saxlamağa üstünlük verirlər. Ahıskada
əkinçilik, bağçılıq, maldarlıq,
bostançılıqla yanaşı,
balıqçılıq da camaatın əsas
dolanışıqlarından biri idi. Böyük
bir ərazini əhatə edən bu torpaqdan Tanrı heç nəyi
əsirgəməyib. Ona görə də
bir yanı Ağrı dağına, bir yanı
Başkeçidə gəlib çatan torpaqlarda
balıqçılıq üçün də təbii
şərait vardı. Belə ki, «bir
yanı Ağrı dağına, bir yanı Başkeçid
yaylalarına söykənən qədim diyardan Kür, Poshov,
Anaxatır kimi çaylar axır. Türklər
həmin çaylardan çanar, loko, mursa,
adlandırdıqları qiymətli balıqları
tutarmışlar».
Deportasiyadan sonra ahıskalılar
arıçılıq məşğuliyyətini vətəndən
çox-çox uzaqlarda Orta Asiyada, Azərbaycanın
ayrı-ayrı rayonlarında yaşatmağa
çalışmışlar. Deportasiyadan sonra
müxtəlif regionlara, ölkələrə pənah aparan
Ahıska türkləri bütün çətinliklərə
sinə gərdi. Ulu yerlərində olan
yaşayış ənənəsini burada da davam etdirməyə
başladılar. Bu, onların əkinçilik,
bağçılıq, maldarlıq həyatında da eynilə
təkrarlandı. Ancaq yeni mühit yeni
şəraitə uyğunlaşmanı diqtə edirdi. Ona görə də yerli mühitin xüsusiyyətlərini
nəzərə almaqla bu obanın adamları həyatlarını,
dolanışıqlarını nizamlayırdılar.
Uğur
Xalq Cəbhəsi.-
2016.- 8 aprel.- S.13.