Saxurların həyatı və mədəniyyəti
I yazı
Bu yazıda saxurlar haqqında danışılacaq. Əslən saxur olan araşdırmaçı-alim Cuma Məmmədov saxurlar haqqında araşdırma aparıb. C.Məmmədovun bu sahədəki araşdırmasını dəyərləndirən tanınmış professor Nizami Tağısoyun fikirlərini təqdim edirik: “Saxurlar Dağıstanın Rutul rayonunun qərbində, Azərbaycan Respublikasının şimal-qərbində Zaqatala, Qax və Balakən rayonlarında yaşayırlar. Saxur dili Dağıstan dillərinin ləzgi qrupuna daxildir. Səs tərkibi yetərincə mürəkkəbdir. İsimin bu dildə 4 cinsi, 16 halı var. Leksikasında Azərbaycan, fars, ərəb və rus dillərindən keçmiş çoxlu sözlər mövcuddur. Həm Azərbaycanda, həm Dağıstanda yaşayan saxurlar bir qismi əsas etibarı ilə heyvandarlıq (iri buynuzlu mal-qara və qoyunçuluq), digər qismi isə əkinçilik və toxuculuqla (palaz, xalça, şal, yun corab və s.) məşğuldurlar. Saxurların ümumi sayı bizdə olan məlumatlara görə, 20 mindən çox deyil. İki müxtəlif ərazi bölgüsündə - Rusiya Federasiyasının Dağıstan Respublikasında və Azərbaycanda bir-birindən xeyli dərəcədə təcrid olunmuş şəkildə yaşasalar da, hər iki tərəfdə yaşayan bu xalqın nümayəndələri doğma etnik kökə bağlı olmaqla özünəməxsus şifahi xalq yaradıcılığı nümunələri, mərasimlərə, adət-ənənələrə, dünyabaxışı tərzinə malikdirlər. Bununla belə bu xalqın şifahi sənət nümunələri indiyədək toplanılıb təhlil edilməyib, praktik və nəzəri zəmində araşdırılmayıb.
Azərbaycan dövləti və xalqı daim tolerantlığı ilə seçilməklə ölkəmizin ərazisində məskunlaşıb yaşayan bütün xalqların nümayəndələrinə sanki qucağını açıb dostluq-doğmalıq nümayiş etdirib, onları müvafiq qayğılarla əhatə edib. Avarlar, ləzgilər, carlar, lahıclar, qırızlar, xınalıqlar və başqaları kimi saxurlar da neçə yüzillikdir ki, taleyin hökmü ilə öz ömür-gününü xalqımızla bağlayıb və bundan heç zaman ziyan çəkməyiblər. Əksinə, bizimlə bir yerdə yaşamaqdan məmnunluq hissi keçiriblər. Çünki bizim dövlətimizdə yaşayan hər bir xalq Azərbaycanı öz doğma Vətəni adlandırmaqla, onun bayramını öz bayramı, hüznünü öz hüznü kimi qəbul etməkdədir. Bəlkə də dünyada Azərbaycanda hökm sürən qədər müxtəlif xalqlar arasında mövcud olan münbit şərait heç bir yerdə yoxdur. Bu keyfiyyət yaradanın türklərə bağışladığı ən böyük hədiyyədir.
Təxminən bir-iki il bundan əvvəl coğrafiya üzrə fəlsəfə doktoru Cuma müəllim Məmmədov ilə mükalimə etdik. Söhbət əsnasında onun saxur xalqının nümayəndəsi olduğu, özünəməxsus ədəb-ərkan, ziyalılıq xüsusiyyətləri ilə tanış oldum. Saxurlar haqqında məlumatım olsa da, onun köməyi ilə bu xalqın nümunəvi olmasına yenidən bir “səyahət” etdim. Gördüm ki, Azərbaycan türklərində olduğu kimi, saxurların da zəngin və təkrarolunmaz sənət və yaradıcılıq nümunələri, folklor örnəkləri var. Cuma müəllimdən saxurların çeşidli şifahi söz xəzinəsini - nəğmələrini, atalar sözlərini, zərbi məsəllərini, tapmacalarını, bir sözlə, nə varsa, hamısını toplayıb araya-ərsəyə gətirməyi, onları çap etdirməkdə köməklik etməyi və s. kimi təkliflərimi etdim. Cuma müəllim belə bir təşəbbüsü bəyəndi və elə bir istəyin onun da içindən keçdiyini söylədi. Bir müddətdən sonra Cuma müəllim xeyli materialla yanıma gəldi. Onlara bir yerdə baxdıq. Nəhayət, Cuma müəllim bütün yazıb hazırladıqlarını mənə təqdim etdi. Ortaya qoyulmuş materiallar tərəfimdən nəzərdən keçirildi. Araya-ərsəyə maraqlı bir əsərin gəldiyini gördük. Təqdim olunmuş materiallar (onlar istər dil, istər etnoqrafik, istər folklor, istər adət-ənənə və s.) janrından, xarakterindən və digər xüsusiyyətlərindən asılı olmayaraq, oxucunu özünəməxsus ecazkar bir aləmə salır. Bu baxımdan araşdırmada təqdim olunmuş saxur fonetikası, saxur-Azərbaycan leksikasında bəzi sözlərin tematik xüsysiyyətləri, saxurların etnoqrafik həyatının müxtəlif üzlərini - mətbəx əşyaları və məhsulları, ev əşyaları, bəzək və yataq əşyaları, məişət leksikası, xörək, ət məhsulları, kənd təsərrüfatı alətləri, kənd təsərrüfatı bitkiləri, ev heyvanları və quşlar, coğrafi adlar, şirniyyat, meyvə, rəng bildirən sözlər, bədən üzvləri, saxurların toy-düyün adət-ənənələri, kəbin mərasimi, boşanma, mövsüm mərasimləri, saxurlarda dini bayramlar, mövlud, dəfn mərasimləri və i.a. kimi nümunələr bu xalqın etnik xüsusiyyətlərinin tanıdılmasında mühüm rol oynayacağına inamı artırır.
Bir məsələni də qeyd etmək istəyirəm. Saxurların adət-ənənələrini, etnik örnəklərini yığıb təbliğ edən Cuma müəllim özü də söz əhlidir. Təbi gələndə sözü ipə-sapa düzməkdən xoşu gəlir. Bunu onun saxur dilində təqdim olunmuş nümunələrlə yanaşı, Azərbaycan türkcəsində qələmə aldığı “Saxur gözəli”, “Bahar gəlir”, “Mənim babam”, “Mənim nəvələrim”, “Sevgi yanğısı” və s. kimi şeirləri də sübut edir.
C.Məmmədov bildirir: “Saxurlar” adlı folklor-etnoqrafik toplu xalq şeirlərindən, mahnılarından, atalar sözlərindən, tapmacalarından, qoşmalarından və məzəli əhvalatlardan” yarpaqlarının araya-ərsəyə gəlməsində təşəbbüs və yol göstərən ədəbiyyatşünas-tənqidçi, filologiya üzrə elmlər doktoru, professor Nizami Tağısoya minnətdarlığımı və təşəkkürümü bildirirəm. Nizami müəllimin bu təşəbbüsü saxur xalqının respublikamızda daha yaxşı tanınmasında böyük rol oynayacağına əminəm.
Məlumdur ki, hər bir xalqın ictimai varlığının bəyanı üçün onun adət-ənənələri və folkloru mühüm əhəmiyyət kəsb edir. Azərbaycan xalqının azsaylı xalqlara etimad göstərməsi tolerantlığın ən gözəl nümunəsidir. Azərbaycan türklərinın azsaylı xalqlara belə yanaşması, o cümlədən, saxur xalqına olan doğma münasibətin təzahürü kimi dəyərləndirilir.
Azərbaycanda türklərlə birgə yaşayan milli azlıqlar da Azərbaycan Respublikasının dövlətçiliyinin qorunub saxlanılmasında və inkişafında yaxından iştirak edib və bu fəaliyyəti bu gün də davam etdirməkdədir. Azərbaycandakı milli azlıqlar sırasında saxurların da öz mədəniyyəti, adət-ənənələri, etnoqrafik yaşam tərzi aparıcı yer tutmaqdadır. Son dövrlərdə əcnəbi araşdırmaçıların, xüsusilə ingilis, alman və fransız tədqiqatçılarının saxur dilinə və folkloruna marağı nəzərə çarpacaq dərəcədə artıb və hətta ABŞ-da bir ingilis tədqiqatçısı saxur dili ilə bağlı dissertasiya da müdafiə edib. Saxurlar belə böyük diqqətə görə araşdırmaçıya minnətdardırlar. İnanıram ki, saxur folkloru, şifahi örnəkləri respublikamızın çeşidli folklor nümunəsi sırasında öz yerini tutacaq və ictimaiyyət tərəfindən maraqla qarşılanacaq. Bu da azsaylı xalqların orijinal xüsusiyyətlərini, mədəni örnəklərini gələcək nəsillərə çatdırmaqda mühüm rol oynayacaq. Hesab edirəm ki, azsaylı xalqların dillərinin öyrənilməsi də bu xalqların mədəniyyətlərin daha da zənginləşməsinə köməklik göstərəcək. Bunun üçün Azəribaycanımızın ümumi maraqları uğrunda çalışan azsaylı xalqların Milli Mədəniyyət Mərkəzlərinin yaradılması da ölkəmizin həyatında nəzərəçarpacaq hadisəyə çevrilə biləcək”.
Saxurların məişət təsərrüfatında aparıcı yeri qoyunçuluq tutur. Onların məişətində əkinçilik ikinci dərəcəlidir. Saxurların digər məşğuliyyəti sənətkarlıq olub. Bu, bir tərəfdən onların zəngin yun, dəri məmulatına malik olması, digər tərəfdən də kişilərin başqa məşğuliyyətinin olmaması ilə izah edilir. Qadınlar yunu əyirib ondan müxtəlif ev-məişət əşyaları toxuyur, kişilər isə zərgərlik, dəmirçilik və silahqayırma ilə məşğul olurdular.
Saxurlar arasında çəkməçilik, dülgərlik, daşişləmə sənətləti də üstün yer tutub. Bu sənət sahibi olan kişilər bir tərəfdən yerlərdə el-obanın öz tələbatını ödəyər, digər tərəfdən də ilin müxtəlif vaxtlarında Azərbaycan və Gürcüstan şəhərlərinə, kəndlərinə gedib orada əhalinin sifarişini yerinə yetirərdilər.
Saxurların rutullar adlanan hissəsi Dağıstanın Rutul kəndindən gəliblər. Onlar mənşəcə saxurlara yaxındır. Azərbaycanda rutullar əsasən Şəki rayonunun Şin və Qaynarca kəndində yaşayırlar. Rutullar özlərini şenaz (sinazrdbor) adlandırırlar. Dil etibarilə də rutullar saxur dilinə yaxın dildə danışırlar. Ancaq rutulların da ədəbi dili Azərbaycan dilidir. Azərbaycanda məskunlaşan saxurlar bir neçə yüzilllik tarixi dövr ərzində türklərlə qaynayıb-qarışaraq, Azərbaycan dilinə, mədəniyyətinə yiyələniblər. Bununla yanaşı onlar özlərinə məxsus bir çox adətləri yaşada biliblər. Bu özəllik onların zəngin mətbəxinə də aid ola bilər.
Saxurların mətbəxi müxtəlif yeməklərlə zəngindir. Xəmir xörəkləri isə onların ən çox sevdikləri yeməklərdən sayılır. Saxurların mətbəxində bir çox yemək növləri qaxacla hazırlanır. Bundan başqa onların mətbəxində "sürfüllü", "xikeyi", "xingili" adlı yemək növləri də məşhurdur. Uzun əsrlər boyu Azərbaycan türkləri ilə bir yerdə yaşayan saxurlar toy adətlərində də özünəməxsusluqlarını qoruyub-saxlaya biliblər.
Bu gün saxur kəndlərində əsasən qədim toy adət-ənənələrinə üstünlük verilir. Saxurların xalq musiqisi türk xalq musiqinə yaxınlığıyla seçilir. Onlar xalq musiqilərini ifa edərkən tənbur, tütək, zurna, sipsi, nağara, dəf kimi alətlərdən istifadə edirlər. Rəqs musiqisinin ifasında zurnaçı dəstəsi başlıca rol oynayır. Xalq mahnıları öz ifa formasına görə müxtəlifdir. Solo və xor oxumalardan başqa bir sıra hallarda tamburla və ya dəflə müşaiyət edilən mahnılara da rast gəlmək olar. Saxur xalq mahnılarını toy mərasim nəğmələri, lirik mahnılar, layla, bayatı və ağılar kimi növlərə ayırmaq olar. Rutullular rəqs sənətinə böyük rəğbət bəsləyirlər. Şorsu kəndinin oğlanlarından ibarət "Abay" rəqs kollektivi regionda böyük şöhrət qazanıb. Rutul rəqslərində qonşu xalqların folklorundan iqtibaslar da var. Müştərək cəhətləri və melodik tipləri xalq mahnı yaradıcılığında da görmək olar. "Lilay", "Ceyranım", "Maralxanım" və s. Hətta bəzi havalar yalnız Azərbaycan dilində oxunur. Musiqi nümunələrinin hamısı olmasa da, çoxu doğma dildə adlandırılır.
"Azərbaycantelefilm" Yaradıcılıq Birliyində "Saxurlar" adlı sənədli televiziya filmi çəkilib. Tarixi-etnoqrafik xarakter daşıyan "Saxurlar" filmində Azərbaycanda yaşayan bu milli azlığın keçmişi, məişəti, adət-ənənəsi, müasir həyat tərzi, etnik xüsusiyyətləri əksini tapıb. Film Qax rayonunun Qum və Çinarlı, Zaqatala rayonunun Suvagil kəndlərində lentə alınıb. Filmin ssenari müəllifi Camal Yusifzadə, rejissoru Cahangir Mehdiyev, operatoru Adil Abbasovdur.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 9 aprel.-
S13.