Azərbaycan – multikulturalizm məkanı:
BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ölkəmizə
nə vəd edir?
Bu gün dünyanın siyasi mənzərəsi
çox qarışıqdır. Siyasi, dini, etnik
müstəvidə toqquşmalar artıq qlobal xarakter alıb
və demək olar ki, hər bir ölkəni təhdid edir.
Bu şərtlər altında siyasi münasibətlərin
tənzimlənməsi çox çətin mərhələyə
qədəm qoyub və bəzi hallarda anlaşma demək olar
ki, mümkünsüz görünür. Yaranmış
vəziyyət multikulturalizmi ön plana çıxarır və
daha aktual bir mövzuya çevirir.
Əgər
10 – 20 il bundan öncə bu mövzu arxa
planda idisə və proseslərin tənzimlənməsində
heç bir rol oynamadığı
düşünülürdüsə artıq bu gün
ümidverici faktorun məhz multikulturalizm olması
aydınlaşır. Bu sistem artıq dövlətlərin
daxili ictimai tənzimləmə mexanizmindən çıxaraq
qlobal mənada beynəlxalq münasibətlər sistemində
də aparıcı rola çevriləcək faktor kimi
görünür.
Hələ
dünyada siyasi mənzərənin indiki kimi gərginləşmədiyi
dönəmdə bu ənənyə çox az
ölkə üstünlük verirdi. Çünki
bu siyasətin aparılması həmin dövlətlərin
milli, etnik coğrafiyası baxımından qaçılmaz
idi. Bunlara misal olaraq əhalisinin
formalaşmasında miqrasiyanın ciddi təsiri olan Kanada və
Avstraliyanı göstərə bilərik. Bu dövlətlərin multikulturalimzdən başqa
yolu olmadığını hər kəs bilir.
Amma
dünyadakı əksər ölkələrdə vəziyyət
tam fərqlidir və bu dövlətlərdə hər
hansı bir millət və ya din dominantlıq edirsə əksər
hallarda multikultural dəyərlərə ehtiyac duymurlar. Bunun nəticəsi
olaraq da digər millətlərin və dinlərin təmsilçiləri
özlərini basqı altında hiss edirlər. Belə olduqda
dövlətlərin daxilində gərginlikərin əsası
qoyulur və bu proses getdikcə qlobal xarakter alaraq benəlxalq
münasibətlərə də təsir edir.
Son illərdə dünya siyasətinə təsir edən
və bir çox hallarda onu müəyyənləşdirən
bir sıra beynəlxalq güclər və dövlətlər
bu problemi dərinləşdirərərək dövlət
siyasətinə çevirdilər. Məqsədlərinə belə
nail olmaq istəsələr də vəziyyət ürəkaçan
olmadı. Proseslər onların
planlarının tərkib hissəsindən çıxdı
və dünya xaotik bir mənzərəyə şahidlik etdi.
Belə olan halda multikultural dəyərlərin
yenidən aktuallıq kəsb etdiyi artıq dünyada əksəriyyət
tərəfindən qəbul olunur.
Azərbaycanda isə durum fərqlidir. Ölkəmizin
əhalisinin böyük hissəsi Azərbaycan türklərindən
və müsəlmanlardan ibarət olsa da, tarix digər millətlərin
və dinlərin nümayəndələrinə daim sayqı
və bərabər münasibətlərin şahidi olub.
Azərbaycanda olan digər xalqların nümayəndələri,
eyni zamanda, digər dinlərin daşıyıcıları
özlərini daim rahat və güvəndə hiss ediblər.
Bu Azərbaycan xalqının düşüncə
tərzi, xarakteridir, həm də mədəniyyətimizin bir
parçasıdır.
Azərbaycanın
multikultural dəyərlərə önəm verməsi təbii
proseslərə söykənir və buna görə də
dünyaya nümunə ola biləcək səviyyədədir.
Bütün bu prosesləri nəzərə aldıqda Prezident
İlham Əliyevin 2016-cı ili
multikulturalizm ili elan etməsinin nə qədər zəruri və
dərin strateji əhəmiyyətinin olduğunu
anlayırıq.
Birləşmiş Millətlər Təşkilatının
Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda
keçirilməsi də təsadüfi deyil.
Ötən
il iyulun 24-də Prezident İlham
Əliyevin Birləşmiş Millətlər Təşkilatının
Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı il
aprelin 25–27-də Bakı şəhərində keçirilməsi
ilə bağlı Təşkilat Komitəsinin
yaradılması haqqında Sərəncam imzalaması tədbirin
önəmindən xəbər verir.
Ümumiyyətlə BMT Sivilizasiyalar Alyansının VII
Qlobal Forumu ölkəmiz üçün nə vəd edir?
Azərbaycanda
nümunəvi tolerantlığın kökü
“Oğuz”
Müstəqil Araşdırmalar Mərkəzinin rəhəri,
analitik Vüqar Zifəroğlu bildirdi ki, Azərbaycanda
nümunəvi tolerantlığın kökü ilk növbədə
Azətbaycana məxsus dəyərlər sistemi və milli
özəlliklərə bağlı məqamlarla əlaqədardır:
“Azərbaycan çoxmədəniyyətli və zəngin mənəvi
irsə malik ölkədir. Biz hər zaman istər
dini, istərsə də etnik nöqteyi-nəzərdən
dözümlülüyümüzlə seçilmişik.
Bu tolerantlığın kökü ilk növbədə
bizim genimizə, böyük və qədim mədəniyyətin
daşıyıcısı olmağımıza dayanır”.
Onun fikrincə, multikulturalizm-Azərbaycanda çoxəsrlik zəngin
mədəni və mənəvi irsin müasir dövrdə təqdimatıdır:
“Qloballaşma isə əslində yalnız mədəniyyətlərin
biri-birini daha yaxından tanıması və
yaxınlaşması deyil, eyni zamanda, öz mədəniyyətini,
ən yaxşı, ən uğurlu şəkildə təqdim
etmək üçün bir rəqabətə girməkdir. Bu gün dəyərlərin savaşının
getdiyi bir zamanda, biz də öz mədəniyyətimizdən
qaynaqlanan dəyərlərimizi ortaya qoymuş oluruq. Multikulturalizm ilinin elan olunmasınının ən
böyük əhəmiyyəti məhz budur. Dövlət başçısının da dəfələrlə
qeyd etdiyi kimi, ölkəmizdə olan bu inkişaf, əslində
bu gün dini-məzhəb müstəvisində və etnik
münaqişələrin məngənəsində əzilən
region ölkələri üçün bir örnək və
nümunədir. Bu gün Azərbaycanda
ayrı-ayrı mədəniyyətlər, müxtəlif dinlərin
inkişafı üçün hər cür şərait
yaradılıb. Dünyanda gedən
müharibələr, çəkişmələrə
baxmayaraq, ölkəmizdə olan sabitlik, əmin-amanlıq,
dünyanın istənilən ölkəsindən müxtəlif
mədəniyyətlərə sahib insanların
mehribanlıqla yaşaması, dini və irqi
ayrıseçkiliyin olmaması multikulturalizmin ən parlaq
nümunəsidir”.
Nüfuz
və oynadığımız rolun əhəmiyyəti
O həmçinin
əlavə edib ki, son zamanlar ölkəmizin bir sıra
mötəbər və ictimai-siyasi əhəmiyyətə
malik forum və tədbirlərinə ev
sahiblıiyi etməsi, ilk növbədə artan nüfuz və
eləcə də oynadığımız rolun əhəmiyyətindən
xəbər verir: “Bu tədbirlərin hər birində dünyanı
ciddi şəkildə düşündürən siyasi,
sosial, iqtisadi, mədəni problemlər siyasi xadimlərin,
diplomatların, müxtəlif ölkələrin dövlət
təmsilçilərinin müzakirə masasına
yatırılır. Bu tip tədbirlərin, beynəlxalq forum və
konfransların vasitəsilə sivil dialoqların qurulması,
problemlərə çözümün aranması son dərəcə
vacibdir. Dünyada baş verən istər qlobal,
istərsə də lokal xarakterli münaqişə və
problemləri müzakirə masasına yatıran bu tip tədbirlərin
paytaxtımızda keçirilməsi isə müsbət qiymətləndirilməlidir.
Bu kimi forumlarda adətən qlobal və regional
problemlər nəinki müzakirə edilir, həmçinin
problemlərin həlli yolları ilə bağlı da
tövsiyələr hazırlanır. Belə
tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycan
həqiqətlərinin, torpaqlarımızın işğal
faktının bir daha dünya ictimaiyyətinin diqqətinə
çatdirilması və ədalətli həllini tələb
etməyimiz baxımından olduqca vacibdir. Bildiyimiz
kimi, Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar
Alyansının VII Qlobal Forumuna hazırlıq yüksək səviyyədədir.
Bu uğurla Azərbaycan daha bir ilkə imza
atır və bu bizim bir ölkə olaraq dünya mədəniyyətinə,
multikulturalizmə bəxş etdiyimiz bir töhfədir”.
Aktual
mövzu...
Qafqaz
Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr
müavini və Azərbaycan Dövlət İqtisad
Universitetinin (ADİU) baş müəllimi Nazim Cəfərsoy
bildirdi ki, multikulturalizm tarixən aktual olan və
dünyanı mədəniyyət üzərindən
anlamağa və mesajlar veməyə çalışan
anlayışın yeni formasıdır. Onun fikirncə, bu
tarixi kökləri olsa da soyuq müharibə dövründən
aktuallaşan bir mövzudur və dünyanı mədəniyyətlə
islah etməyə çalışan yanaşmanın təzahürüdür:
“Soyuq müharibədən sonra dünyada ciddi şəkildə
etnik və dini gərginliklərə bir ideoloji çərçivə
yaranırdı. 2001-ci ilin 11 sentyabında
ABŞ-da törədilən terror aktından sonra dünyada mədəniyyətlərarsı
rəqabətin və qarşıdurmanın yeni modelləri
ortaya çıxdı. Qərbdə
güclənən islamafobiya və ya qərb
dünyasının müəyyən mədəniyyət
motivli təmərküzləşməsi bunun fonunda həyata
keçdi. Yenə də dünyanı mədəniyyətlərlə
islah etmək və ya mədəniyyətlər üzərindən
çıxış yolu axtarmaq Qərb-İran münasibətlərində
də gündəmə gəlmişdi. Xüsusən
Hatəmənin dövründə sivilizasiyaların
toqquşması modeli yerinə sivilizasiyaların dialoqu modeli
gündəmə gəldi. Bu İranla Qərb
mədəniyyətinin bir araya gəlməsini nəzərdə
tutan bir yanaşma idi, amma çox da effektli olmadı. Xüsusən 11 sentyabr hadisələrindən sonra
dünyanın daha təhlükəli bir prosesə doğru
getməsi, etnik, dini mərkəzli müxtəlif
münaqişələrin ortaya çıxması, bunun da
daha çox Yaxın Şərq regionunda baş verməsi
multikulturalizmi zaman zaman gündəmə gətitrirdi. Belə bir mənzərə fonunda dünyada
irqçiliyin, fərqli mədəniyyətlərə
yönlik yanaşmanın, tolerantlığın pozulması
multikulturalizmi- fərqli mədəniyyətlərə
tolerantlığı göstərən bir yanaşmanı
aktual mövzuya çevirdi”.
Qarabağ
problemi və yaranan ideoloji müstəvi
O, əlavə etdi ki, multikulturalizm daha çox kosmopolit, yaxud miqrasiya ölkələrində tezislərdən çıxmış ümumi yaşama modellərindən biri idi: “Bunun ən klassik nümunələri Avstraliya və Kanadadır. Müəyyən mənada Amerika Birləşmiş Ştatlarını da bura aid etmək olar. Əsas məsələ o ölkələrdə fərqli mədəniyyətlərdən gələn, fərqli dillərdə danışan, fərqli dinlərə inanan insanların bir araya gəlməsidir. Bu insanların bir araya gəlməsi üçün müəyyən bir baza olmalı idi. Bu bazanın ən uğurlu modellərindən biri - multikulturalizm əhəmiyyətli bir model olaraq gündəmə gəlmişdi. 2001-ci il 11 sentyabr hadisələrindən sonra mədəniyyətlərarsı toqquşmaların baş verməsi multukulturalizmin əhəmiyyətini təkcə ölkələrlə bağlı deyil, beynəlxalq münasibətlər sistemi baxımından da önəmli səviyyəyə yüksəltdi. Xüsusən ərəb baharı, müxtəlif dini radikal, toqquşmalardan sonra fərqli mədəniyyətlərə tolerant yanaşmanı aktual etdi. Azərbaycanın ətrafda gərginliklərlə dolu olan bir coğrafiyada yaşaması ölkəmiz üçün müəyyən risklər yaradırdı. Qeyd etdiyim kontekstdə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu da Azərbaycanın bu qlobal və regional mənada multikulturalizm prosesindən faydalanması baxımından əhəmiyyətli formadır. Xüsusən bunu Birləşmiş Millətlər Təşkilatı formatı altında keçirilməsi daha əhəmiyyətlidir. Çünki dünyanın ən nüfuzlu qurumu tərəfindən reallaşdırılır. Eyni zamanda, Qarabağ probleminin ədalətli həlli ilə bağlı da müəyyən bir ideoloji müstəvi də yaradır. Göstəririrk ki, bizdə fərqli mədəniyyətlərə sahib olan insanlar birgə yaşaya bilirlər”.
Politoloq Tofiq Abbasov dedi ki, tədbirin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə sülh və sabitliyin möhkəmlənməsi istiqamətində getdikcə mühül rol oynamasına işarə edir: “Qəti demək olar ki, Azərbaycan nüfuzlu qüvvələr, dünya elitası tərəfindən ciddi və faydalılıq əmsalı yüksək subyekt kimi qəbul edilir. Hazırda təhdidlərin sayı durmadan artdığı bir vaxtda quruculuq potensialına malik tərəflər durmadan dialoq və mükalimə meydanında canlanmanın bərqərar olmasına ehtiyac duyurlar. Azərbaycan dünya miqyasında qlobal konsensusun əldə edilməsi yolunda ardıcıl addımlar atır, əməkdaşlıq meyillərinin inkişafına impulslar verir, bütün sülhsevər və yaradıcı qüvvələrlə iş birliyinə dəstək verir. Qarşıdan gələn vacib tədbirdə yeni-yeni beynəlxalq əhəmiyyətli layihələrin işlənməsi üçün münasib zəmin yaradılacaq. Həm təşkilatı, həm quruculuq baxımından Azərbaycan elitası ön xəttə olub öz sözünü deyə biləcək”.
Əli Zülfüqaroğlu
Xalq Cəbhəsi.- 2016.- 9 aprel.- S.8