Birinci Türkoloji
Qurultayın 90 illiyinə həsr olunan elmi konfrans
Aprelin 13-də AMEA Naxçıvan
Bölməsində Birinci
Türkoloji Qurultayın
90 illiyinə həsr olunan elmi konfrans
keçirilib. AMEA-nın
məlumatına əsasən,
tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən və
fəaliyyətindən danışıb.
Bildirilib ki, 1926-cı
il fevralın
26-dan martın 6-dək Bakıda
keçirilən bu qurultay Türk xalqlarının, o cümlədən
Azərbaycan xalqının
mədəni həyatında
müstəsna rol oynayıb. Səkkiz gün davam
edən, dövrünün
möhtəşəm hadisələrindən
olan Birinci Türkoloji Qurultayda çox mühüm ortaq məsələlər
müzakirə edilib.
Türkdilli xalqlar arasında
ilk dəfə ölkəmizdə
keçirilən qurultayda
Azərbaycan ilə yanaşı, Türkiyə,
Macarıstan, Tatarıstan,
Almaniya və digər ölkələrdən
geniş tərkibdə
nümayəndə heyəti
iştirak edib, XX əsrdə türkologiyaya
ən geniş baxış bu tədbirdə nümayiş
olunub. Burada ədəbiyyat, tarix,
folklor, etnoqrafiya və digər məsələlər geniş
mənada türkoloji baxışın tərkib
hissələri kimi təqdim olunub. Eyni zamanda, qurultayda türk xalqlarının inkişafında mühüm
rol oynayan bir sıra qərarlar
qəbul edilib. Bunların içərisində
latın əlifbasına keçidlə
bağlı qərarı
xüsusi qeyd etmək lazımdır. Akademik İsmayıl Hacıyev Birinci Türkoloji Qurultayın 90
illik yubileyinin keçirilməsi haqqında
Prezident İlham Əliyevin 2016-cı il 18 fevral tarixli Sərəncamını
da yüksək dəyərləndirib.
Tədbirdə Naxçıvan Bölməsinin
İncəsənət, Dil
və Ədəbiyyat
İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü Əbülfəz
Quliyevin “Birinci Türkoloji Qurultay və dil məsələləri”,
həmin institutun şöbə müdiri,
AMEA-nın müxbir üzvü Adil Bağırovun “Birinci Türkoloji Qurultay və əlifba məsələləri”, institutun
şöbə müdiri,
filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun “Birinci Türkoloji Qurultaya Naxçıvanda hazırlığın gedişi”,
institutun direktor müavini, filologiya üzrə fəlsəfə
doktoru Firudin Rzayevin “Tanınmış
qurultay iştirakçılarının
planlı repressiyası”
mövzusunda məruzələri
dinlənilib.
Məruzələrdə qurultayın tarixindən
və əhəmiyyətindən danışılıb. Qeyd olunub ki,
Türkoloji Qurultay türk xalqlarının mədəni
inteqrasiyasında yeni mərhələnin
təməlini qoymuş diqqətəlayiq
hadisələrdəndir. Qurultayın diqqət mərkəzində
olan əsas məsələ bütün türkdilli xalqlar üçün
latın qrafikasına əsaslanan yeni əlifbanın
qəbul edilməsi idi. Burada
bütün sahələrdə, o cümlədən terminologiya,
orfoqrafiya, ana dilinin tədrisi metodikası sahəsində olan problemlər meydana
çıxarılmış və onların həlli
yolları göstərilmişdir. Qurultay türkdilli
xalqların həyatında böyük rol oynayıb, onların tarixinin,
etnoqrafiyasının, ədəbiyyatının, incəsənətinin
elmi cəhətdən dərindən
öyrənilməsi, inkişaf etdirilməsi
sahəsində yeni üfüqlər
açıb.
Tural
Xalq Cəbhəsi.- 2016.- 15 aprel.-
S14