Türk kulturoloji milli-mənəvi dəyərləri
Vətən mövzusu ənənəvi
türk mədəniyyətində ana mövzu olub
I yazı
Türk mədəniyyətinin qədim bir sahəsi olan
saz-söz sənətininin türk milli mədəniyyətin
kökündə dayandığını musiqi və folklor
araşdırıcıları isbatlayıblar. Türk
dünyasının zəngin mədəniyyəti ilə
bağlı olan saz-söz sənəti əsrlər boyu
türklərin güclü sənət tribunası olub,
türk milli-mənəvi dəyərlərinin bir qismi də
saz-söz sənətində qorunub yaşayıb. Tarixi
qədimlərə söykənən “qoruz”, “bağlama”
adlanan saz təkmilləşərək “cürə” sazdan
“tavar” saza, “tavar” sazdan daha iri saz olan “ustad saza”, daha doğrusu,
üçtellidən on iki telliyə qədər saz
növünə dönüşüb. Saz həm
də türklərin musiqi mədəniyyətindən xəbər
verir. Bu mədəni alətdə onlarla
aşıq havasının çalınıb
günümüzə qədər gəldiyi təsbit edilib.
Aşıq havaları yeni aşıq tərzli
şeir növlərinin də yaranmasına səbəb olub.
Sazın aşıq ifaçılıq sənətinə
verdiyi töhfələr, aşığın
ifaçılığında yaranan musiqi rəngarəngliyi,
sazın aşıq terminologiyasına məxsus adları,
saz-söz sənətində yeni-yeni havaların yaranıb zənginləşməsi,
saz-söz sənətində özünə xas geyim-kecim
xalqın qədim mədəniyyətindən,
etnoqrafiyasından xəbər verir və türklərin milli
kimliyində müstəsna rol oynadığını əsaslandırır.
Sazın müşayiətilə ortaya
çıxan aşıq sənətinin musiqi, şeir, rəqs,
aktryorluq və ifaçılığı əhatə etməsi
aşıq sənətinin özünəxas özəlliyini
ifadə edir.
Aşıq sənəti mədəni və milli dəyərlər
baxımından xüsusi bir tarixi missiya daşıyan
qaynaqları ilə qədim bir tarixə malikdir. O, mükəmməl bir
tarixi mərhələ keçib, ozanlıqdan başlayaraq
günümüzə qədər ortaq Türk mədəniyyətini
yaşadıb. Qədim əcdadlarımızın
yaratdığı ozan aşıq mədəniyyətinin təməli
İslam dininin qəbulundan öncə atılıb.
İslamiyyətdən əvvəl də, sonra da Türk millətinin
səsi olan ozanların yaratdığı mədəniyyət
XIII-XIV və hətta XVI əsrə qədər “ozan”
adıyla davam edib, sonrakı mərhələdə “ozan” məfhumu
“aşıq” məfhumu ilə əvəz olunmağa
başlamışdı. Ozana məxsus
bütün yaradıcılıq ənənələrinin
üzərini yeni məzmunda davam etdirən aşıqlar orta əsrlərin
bir çox təriqət görüşlərindən,
bütünlükdə isə əzəmətli İslam dəyərlərindən
bəhrələnməklə qüdrətli bir mədəniyyət
yaradaraq ümumtürk mədəniyyətində əhəmiyyətli
bir yerə sahib olublar. Sazlı-sözlü
dastan ənənələrinə əsaslanan türk
ozan-aşıqlarının Anadolu təkkələrində
söylədikləri milli vəznli sadə və səmimi
ilahilər xalq tərəfindən rəğbət və
ehtiramla qarşılanıb, onlar xalqın gözündə
haqq aşığı kimi dəyər qazanıblar. XI əsrdən kütləvi şəkildə
Anadoluya gəlməyə başlayan oğuz türkləri
arasında əlisazlı ozanlara ordugahlarda, saraylarda bəylər,
sultanlar yanında çox böyük ehtiram göstərilib,
onlar başa çəkiliblər.
Ozanlar zəfərləri və xalqın ortaq
duyğularını dilə gətirən milli heca vəzni ilə
yazdıqları şeirlərini əllərində sazları
elbəel, yurdbayurd gəzərək çalıb-oxuyan,
türk dünyasının ata şairi, Osmanlılar
arasında ikitelli adı ilə anılan qoruz isə ata
yadigarı olan ən qədim türk sazıdır. XV-XVI əsrə
qədər milli türk şeirinin təmsilçiləri
olan ozanlar əllərində sazları və heç bir zaman
itirmədikləri milli şəxsiyyətləri ilə
ümumtürk mədəniyyətini, milli türk şeirini əsrlər
boyu yaşadaraq günümüzə gətirən xalq
aşıqlarıdır. Onların
yaradıcılığında xalq həyatının
bütün əlamətləri, xalqın tarixi və mədəniyyəti,
milli-mənəvi dəyərləri bütün əlamətləri
ilə əks olunub. Bu sənət mahiyyətcə
Türk dünyasının şəriksiz ortaq dəyəridir.
UNESKO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə
Komitəsinin 2009-cu il 30 oktyabrda Azərbaycan aşıq sənətini
UNESKO-nun qeyri-maddi irs siyahısına daxil etməsi Türk
dünyasının şəriksiz ortaq dəyərinin önəmini
bir daha vurğulayır və bu sənəti var edən, onu
yaşadan, nəsildən-nəslə ötürən
aşıqların – el sənətkarlarının
yaratdıqları poetik irsin mədəniyyətdəki yerinin
dərinliyini göstərir.
Bu yazıda əsrlər boyunca Anadolu torpaqlarında
yetişən müdrik, ağsaqqal, idrak sahibi olan türk
aşıqlarının türk mədəniyyəti, türk
tarixi, türk etnoqrafiyasındaki yeri, Anadolu
aşıqlarının ümumaşıq poeziyasına
verdiyi yeni mövzu və məzmunu incələməyə
çalışdıq. Bu baxımdan, XIII əsrdə Anadoluda türkün sənət
beşiyi başında duran Yunus Əmrədən
başlayaraq Pir Sultan, Qaracaoğlan, Aşıq Gövhəri,
Dadaloğlu, Aşıq Şenlik, Aşıq Veysəl, Murad
Çobanoğlu, Ozan Arifə qədər əsrlərin
yetişdirdiyi bir çox türk aşığının
yaradıcılığında görülən türk
kulturoloyi milli-mənəvi dəyərləri incələməyə
cəhd etdik.
Anadolu aşıqlarının saz-söz sənətinin
türk dünyasındakı mədəni kimliyinin mühüm
rolunu ilk əvvəl onların türkcəni qorumasında
gördük.
Türk aşıqları əsrlər boyunca
xalqın danışdığı türkcəni şeirlərində
istifadə edərək milli şeir nümunələri
meydana gətiriblər. Bu şeirlərdən
istifadə saf türkcəni nəsildən-nəslə
ötürərək xalq şeiri dediyimiz zəngin bir xəzinə
meydana gətiriblər. Türk millətinin
mənəvi dəyərlər toplusu olan arı türkcə
əsrlər boyunca türk aşıqlarının şeirlərində
yaşadıqları ən böyük sərvətdir.
Bu qiymətli sərvətin ən gözəl örnəkləri
türk aşıqlarının şeirlərində
mövcuddur:
Ala
gözlərini sevdiyim dilbər,
Mən gözəl görmədim səndən ziyadə.
Bilməm
hurimisin, göydənmi endin?
Bu gün gözəlliyin dündən ziyadə.
(Aşıq
Qaracaoğlan)
Bu gün
mən bir bağa girdim
Nə
bağ duydu, nə bağbançı,
Gülün
şəftalisin derdim
Nə
bağ duydu, nə bağbançı,
Səhərin
dan yeri atdı
Bülbül əlvan-əlvan ötdü.
Gövhəri
yükünü tutdu,
Nə
bağ duydu, nə bağbançı,
(Aşıq
Gövhəri)
Məmləkətə
dasdan oldum
Yarım məni bəyənmədi.
Eşten
oldum, dostdan oldum
Yarım məni bəyənmədi.
Nə
söyləsəm dəli dedi
Meyvə
verməz çəlı dedi.
Açma
mənə qolu dedi
Yarım məni bəyənmədi.
(Aşıq
Veysəl)
Türk aşıqlarının zəngin xüsusiyyətlərindən
olan milli vəzndə sadə səmimi şeirləri türk
mədəniyyətində önəmli yerə sahibdir. XIII əsrdən
başlayaraq Anadolu təkkələrində milli vəznlə
sadə və səmimi ilahilər yazan Yunus Əmrə,
Aşıq Paşa, Əşrəfoğlu Rumi kimi xalq
şairləri xalq tərəfindən rəğbət və
ehtiramla qarşılanıb. Sonrakı əsrlərdə
yetişmiş Aşıq Ömər, Qaracaoğlan,
Aşıq Gövhəri, Aşıq Seyrani, Tokatlı Nuri,
Dadaloğlu kimi aşıqlar xalq dilinin incəliklərini və
gözəlliklərini bütün təravəti ilə
şeirə gətirdilər. Onların milli heca vəznində
qoşma, varsağı, səmai şəkillərində
yazdıqları şeirlərin türk milli mədəniyyətində
ayrıca yeri var:
Buna fələk
derlər, fələk
Nə aman bilir, nə dilək.
Axır
ömrümüzü həlak,
Etmədən bir dəm sürəlim.
(Qaracaoğlan)
Badi-səba
mənim xəsbi-halimdən
Varıb
nazlı yarə dedin, nə dedi?
Cünunu-aşk
ilə aşıq-i şeyda
Gəziyor
avarə dedin, nə dedi?
(Dərdli)
Daşdın
yinə, dəli könül,
Sular kimi çağlarmısın?
Axdın
yenə, qanlı yaşım,
Yollarımı bağlarmısın?
(Üunus
Əmrə)
Ala
gözlərinə qurban olduğum,
Üzünə baxmağa doyamadım mən.
İbrət
üçün gəlmiş derlər cahana
Nöqtədir bənlərin, sayamadım mən.
(Aşıq
Ömər)
Göründüğü kimi, xalq arasında
danışılan təmiz türkcədən istifadə edərək
türk aşıqları türk mədəniyyətini
içində yaşadan yetkin əsərlər ərsəyə
gətiriblər. Türk aşıqlarının şeirlərində
ifadə etdikləri Vətən mövzusu ənənəvi
türk mədəniyyətində ana mövzu olub. Türkün daşını, dağını,
obasını, yaylasını sevərək tərənnüm
edən türk aşıqları bir Vətən dili meydana gətiriblər.
Bu dillə türk xalqının həyat tərzi
əks olunan dağlar təriflənir, dağın müqəddəsliyi,
önəmi göstərilir. Vətənin bir
parçası olan hər qarış torpaq, bu torpaqda olan
şəhər, qəsəbə, kənd, türk
aşıqlarının dilində önəmli milli mədəniyyəti
ifadə edir:
Kokuyor
burnuma Sivralan köyü,
Sərindir dağları, soyuqtur suyu.
Yar məndil
göndərmiş yadigar deyü
Gözünün yaşını sil deyü
yazmış.
(Aşıq
Veysel)
Çıxarım
Bozok dağına
Avşar eli görünürmü?
Allah bir
de, işi iki
Getdi, amma gəlinirmi?
(Dadaloğlu)
Dumanlıdır
Aladağın alanı
Ortasında sarı çiçək savranı.
İgid
durağı da arslan yatağı
Dilbərlərin hər də böylə olamı?
(Dadaloğlu)
Türk aşıq şeirində vətən torpağında
mövcud dağların adları sevilərək şeirə
gətirilir. Bu dağlar vətənin tarixi
coğrafiyasının bir parçası kimi tərənnüm
edilir. Dadaloğlu şeirlərində Kozan,
Çiçək, Aladağ, Çavur dağları, Bozok
dağı, Akdağ, Erciyes kimi dağ isimlərini dilə gətirməklə
sanki Anadolu coğrafiyasının xəritəsini çəkir:
“Çıkarım
Bozok dağına”
“Devretdim
Akdağı Bozoka düştüm”
“Axır
dağdan gördüm Maraş ilini”
“Erciyes
karşıdan yaman görünür”
“Səndə
bir gümanım var, Çiçək dağı”
“Dumanlıdır
Aladağın dumanı”
“Gavur
dağlarının başı dumanlı”
“Namlı
namlı qar istəsən
O da
Çiçək dağında olur”...
(Dadaloğlu)
Eləcə
də Pir Sultanın şeirlərində adı keçən
Yıldız dağı, “Koroğlu”da Çamlıbel, Ercisli
Emrahda Ağrı dağı, Aşıq Kemali Bülbüldə
Mamur dağı, Karadağ kimi dağların adları
türk coğrafiyasının bir simvoludur. Eyni
zamanda türk mədəniyyətində önəmli yeri olan
bir sığnaq və məskəndir.
“Koroğluyam arxa verdim dağlara” – deyən Koroğlu
kimi qəhrəmanların qalası da dağlardır. Anadolu
aşıqları saz-söz sənətinin türk mədəniyyətində
mühüm rolu olmuş qaynaqlarından biri
aşıqların yazdıqları “Şairnamə”lərdir.
Məlumdur ki, türk saz şeirinin birinci
yazılı qaynağı “cüng”lərdir. Digər sözlü qaynaqlar arasında “Şairnamə”lər
önəmli yer tutur. Bunlar tarixdə
yaşamış şairlər və aşıqlar
haqqında məlumat verir, onların türk mədəniyyəti
haqqında düşüncələrini əks etdirir.
Prof.
Şükrü Elçin “Şairnamə”ləri belə qiymətləndirir:
“Şairnamə”lər, ümumiyyətlə, xalq şairlərinin
tərcümeyi-halına işıq tutan məlumatları
içinə alan mənzumələrdir. Bu mənzumələr heca vəzni ilə söylənib
və yazılmış əsərlərdir. Şairlərin müasirləri ilə özlərindən
əvvəl yaşayan sənətkarların adlarına, sənətlərinə,
dövrlərinə, məmləkətlərinə,
bağlı olduqları təriqət, zümrə və ya
siniflərə dair məlumatlarla bəzənən bu şeirlər
bir baxıma divan ədəbiyatının təzkirələrini
xatırladır”. “Şairnamə”lərdə
sözü gedən aşıqlara dair məlumatlar bir yerə
gətirildiyində aşiqin yaşadığı dövr,
müasirləri və bəzi xüsusiyyətləri
haqqında məlumat əldə edilə bilər. Sənətkarlıq baxımından “Şairnamə”lər,
ümumiyyətlə, milli heca vəzninin on bir heca
ölçüsüylə, nadir hallarda da səkkiz heca ilə
yazılır.
Maarifə
Hacıyeva
Professor
Xalq Cəbhəsi.- 2016.- 16 aprel.-
S.14.