Ceyhun Hacıbəylinin Qarabağ folkloru ilə
bağlı əsəri
I yazı
Azərbaycan mühacirət
folklorşünaslığının Şərq və Qərb
ölkələrində yayılmasının öyrənilməsinə
maraq son illərdə daha da artıb. Bu işə diqqət
xüsusən XIX yüzilliyin əvvəllərindən
başlayaraq geniş vüsət alıb, sahə ilə
bağlı müvafiq tədqiqatların meydana
çıxması üçün zəmin yaradıb.
“Koroğlu” eposunun polyak əsilli şair-tərcüməçi,
şərqşünas Aleksandr Xodzko tərəfindən
Londonda ingilis dilində nəşri (1842-ci il), ayrı-ayrı
ünlü simalar tərəfindən dastanın alman,
fransız, macar dillərindəki nəşrlərini də Azərbaycan
mühacirət folklorşünaslığının tərkib
hissəsi kimi dəyərləndirmək mümkündür. “Koroğlu” eposu da Avropada mühacirət həyatı
keçirib və mənəvi irsimizin tərkib hissəsi kimi
qəbul edilib.
Danılmaz faktdır ki, bizim ziyalıların önəmli
bir dəstəsi bəzi ictimai-siyasi amillər ucbatından
Avropanın qabaqcıl ölkələrində təhsil
almaqla yanaşı, həm də qürbət həyatı
keçiriblər. Belə bir həyat tərzi yaşamaq
Ceyhun bəy Hacıbəylinin taleyinə də nəsib olub.
Ümumiyyətlə, ədəbiyyat tariximizdə elə
simalar var ki, onlar barədə ötəri bəhs etmək
qeyri-mümkündür. Həm yazıçı, publisist, salnaməçi,
həm jurnalist, redaktor, eləcə də tərcüməçi
kimi tanınan C.Hacıbəyli bu qəbildən olan parlaq
simalardandır. Mir Möhsün Nəvvab, Xurşidbanu
Natəvan, Molla Pənah Vaqif, Y.V.Çəmənzəminli,
Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov,
Firudin bəy Köçərli, Üzeyir bəy Hacıbəyov
kimi şəxsiyyətlər yetişdirib Azərbaycanın əzəli-əbədi
torpaqlarından - Qarabağdan olan Ceyhun bəy Hacıbəyli
kimi bir ziyalının üzə çıxması heç
də təəccüblü deyil. Üstəlik, burada ailə
faktorunun da böyük rolu var. Fakt göz
qabağındadır: Zülfüqar Hacıbəyov,
Üzeyir Hacıbəyov və Ceyhun Hacıbəyli. Üç qardaş və üç istedad sahibi.
Təbii ki, Üzeyir Hacıbəyov miqyasında olmasa da
Zülfüqar Hacıbəyov və Ceyhun bəy Hacıbəyli
də öz zamanlarında elə işlər
görmüşdülər ki, onları daim xatırladacaq bu
zəngin irs nəticədə müasir dövrədək gəlib
çıxıb, əbədi yaddaşlara həkk edib.
Ceyhun bəy Hacıbəyli (1891-1962) Şuşada anadan
olub, ilk təhsilini elə orada alıb, daha sonra Bakıya gəlib,
şəhərdəki “Rus-Tatar” məktəbini bitirib. Bakı həm
də onun həyatında bir dönüş nöqtəsi
olub. Belə ki, məşhur milyonçu Murtuza Muxtarov
istedadını duyaraq ona maddi dəstək göstərib,
C.Hacıbəyli də bu dəstəyi doğruldub və
uğurla imtahan verərək təhsilini Sankt-Peterburq
Universitetinin hüquq fakültəsində, bir qədər
sonra isə Parisin Sarbon Universitetində siyasi biliklər
fakültəsində davam etdirib.
Ceyhun bəy Hacıbəyli 1919-cu ildə Əlimərdan
bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə
heyətinin tərkibində Versal Sülh Konqresinin
iştirakçısı olub və müşavir təyin
olunub. Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə
tanıdılması məqsədi ilə təşkil
olunmuş bu konqres əslində nailiyyət əldə edə
bilib. Artıq Antanta Azərbaycan
Respublikasının istiqlaliyyətini tanımışdı.
Təbii ki, bu addım Sovet Rusiyasının
böyük etirazına və qəzəbinə səbəb
olmuş, bolşeviklərin işğalından sonra məlum
səbəblər üzündən Ceyhun bəy Vətəninə
dönə bilməmişdi. O, Parisdə 43 ilə
yaxın mühacir həyatı keçirib.
Qürbət həyatı onu bir gün belə
yaradıcılıqdan ayırmamış, əksinə ona
doğru yönəltmişdi. Bu müddət ərzində
C.Hacıbəyli Azərbaycanın tarixi, etnoqrafiyası,
folkloru, ədəbiyyatı, dilinə və musiqisinə dair
araşdırmaların müəllifi olmaqla yanaşı, bədii
yaradıcılıqdan da uzaq qalmamışdı.
Bu illərdə onun povestləri, hekayələri,
felyetonları işıq üzü görüb. Onun həm
ictimai-siyasi, həm ədəbi-publisistik fəaliyyəti
araşdırıcıların daim diqqət mərkəzində
olub. Ş.Qurbanov, V.Quliyev, Ş.Vəliyev, B.Ağayev,
M.Qasımlı, A.Tahirli, V.Sultanlı, N.Muradəliyeva, M.Teymur,
N.Allahverdiyeva, F.Hicran (Vəliyeva), A.Həsənqızı,
F.Xəlilzadə və digərləri onun cazibəsindən kənarda
qala bilməyiblər. C.Hacıbəylinin bir özəlliyi də
ondadır ki, o, doğulduğu Şuşaya −
Qarabağın iç dünyasına, folkloruna ruhən
bağlı bir insan idi. Qarabağın təkrarsız,
zəngin və əsrarəngiz folkloru onu özünə cəlb
etmişdi. O, məzuniyyətlərini, tətillərini
doğma yurdunda qarış-qarış, oba-oba gəzərək
folklor materialı toplamaqla keçirmişdi.
Onun
folklora dair yalnız bir əsəri məlumdur: cəmi 48 səhifədən
və 33 bölmədən ibarət olan “Qarabağın
dialekt və folkloru (Qafqaz Azərbaycanı)” əsəri. Əsər məşhur türkoloq V.Radlovun
planlaşdırdığı “Türk-tatar dialektlərinin
kolleksiyası” adlı xüsusi nəşr üçün
yazılıb. Lakin kitabın
materialları hələ inqilabdan xeyli əvvəl
yığılmışdı. “Qarabağın
dialekt və folkloru (Qafqaz Azərbaycanı)” əsəri
C.Hacıbəylinin yaradıcılığında xüsusi
elmi dəyər kəsb edib, 1933-cü ildə Parisdə “Asiya
jurnalı”nda çap olunub. Əslində
C.Hacıbəyli bu əsəri rus dilində yazmış,
parisli oxuculara Qarabağın mənəvi dünyasını
göstərmək üçün onu yenidən işləmiş
və fransız dilinə tərcümə etmişdi. Məhz
C.Hacıbəylinin sayəsində fransız oxucusu Azərbaycanın
ayrılmaz parçası olan Qarabağla yaxından tanış olmaq imkanı əldə
etmişdi. Bizim isə bu kitabla tanış
olmaq imkanımız əsərin fransız dilindən Azərbaycan
dilinə tərcüməsini və nəşrə
hazırlanmasını öz üzərinə götürmüş,
tədqiqatçı B.Ağayev və kitabın elmi redaktoru
fil.ü.e.d. prof. M.Qasımlının səyi nəticəsində
mümkün olub. Yalnız 1994-cü ildə, 61 ildən
sonra Azərbaycan oxucusu “Ozan” nəşriyyatında çapdan
çıxmış bu əsərlə yaxından tanış olmaq imkanı əldə etdi.
Ümumiyyətlə, C.Hacıbəylinin irsi ilə
tanışlıqda böyük zəhməti olan bir şəxs
də var. 1990-cı ildə diplomat Ramiz Abutalıbov şəxsi
təşəbbüs göstərərək C.Hacıbəylinin
150 kiloluq, 20 qovluqdan, 500 sənəddən ibarət arxivini
Bakıya gətirməyə nail olub və onu təmənnasız
olaraq Respublika Dövlət Ədəbiyyat və İncəsənət
arxivinə təqdim edib.
“Qarabağın dialekt və folkloru (Qafqaz Azərbaycanı)”
əsərində Qarabağdan toplanmış folklorun bir
çox janrlarına dair örnəklər və bəzən
də onlara verilən şərhlər, izahlar yer alır. Qarabağın
bayatı dünyası,
alqışı-qarğışı, andı,
oxşaması, laylası, zarafatı, məzəli deyimi
maraqlı nümunələrlə təqdim olunur. Ceyhun bəy Hacıbəylinin Avropa oxucularına təqdim
etdiyi, geniş planda əsərində özünə yer
almış çoxsaylı folklor örnəkləri və
dialekt sözlər həqiqətən də Qarabağ
folklorunun ötən əsrin əvvəllərindəki
abu-havasını bizə təqdim edən əvəzsiz bir məxəzdir.
C.Hacıbəyli
özü də bu əsərin dəyərini duyaraq
“Sözönü”ndə yazırdı: “Oxucu bu tədqiqatla
lap kiçik yaşlarından azəri dilində
danışan bir adamın türk folkloruna töhfəsini
görəcək”.
Və yaxud da müəllif əsərin “Giriş” hissəsində
Qarabağ dialektinin səslənməsinə görə zəngin,
formasına görə cazibədarlığını qeyd edərək
yazırdı ki, “Azərbaycan üçün Qarabağ
dialekti, Fransa üçün Cənub dialekti, daha doğrusu,
tələffüzü kimidir. Bu kiçik ölkədə
tələffüz bir rayondan başqasına keçdikcə dəyişir”.
Ceyhun bəy Hacıbəyli bu əsərində
Qarabağın dialektini olduğu kimi saxlayıb. Folklor toplamağın ən vacib şərtlərindən
biri də bu idi. Təqdim olunan nümunələr
də Qarabağın şirin, xoşagələn dialektində
təqdim olunmuşdu ki, bu da toplanmış folklor nümunələrinin
olduğu kimi, orijinallığı və
yazıldığı kimi çap olunması
baxımından seçilirdi.
Əsərdə müəllifin özü tərəfindən
toplanmış 30 tapmaca yer alıb. Əsərdə verilən
bəzi tapmacalara C.Hacıbəyli bəzən
özünün şərhlərini verir. Oxlov
haqqında olan “Uzun qız ob əzər” (oxlov)” nümunəsi
haqqında qeyd verir: “Haqqında
danışdığımız oxlov uzun və nazik olur”.
Qeyd olunan əsərdə müəllif yanıltmaclara
da yer ayırır və onlar “alliterasiya”
başlığı altında təqdim olunur. Müəllif
bu janrın Qarabağ əhalisi arasında geniş
yayıldığını, həm
çaşdırıcı, həm zarafat məqsədilə
işləndiyini vurğulayır və ən əsası,
cümlənin cəld təkrar edilməsini vacib şərt
sayır.
Əsərin “Qafiyəli xalq deyimləri” bölməsində
həm yeni evlənənləri tənbeh etmək məqsədi
daşıyan deyimlər, həm cavan qızlarla bağlı
xalq deyimləri, eləcə də müxtəlif mövzulu
deyimlər təqdim olunur.
“Qaladan gəldim
assız
Bir alma kəsdim dassız
Kafir
oğlu imansız
Nejə atarsan mənsiz”.
-
nümunəsində müəllif “qala” sözünün
hansı anlamda işləndiyini qeyd edir və məlum olur ki,
istehkam, möhkəmləndirilmiş yer mənasını verən
“qala” sözü burada Xanlar dövründə Qala olmuş
Şuşa şəhərini ehtiva edir.
O
dövrün Şuşa cəmiyyətinin
bəzi bəyləri, bəy xanımları, işvəli
xanımları, eləcə də keçəllər barəsində
el arasında bir çox xalq məzhəkələri
dolaşırdı ki, C.Hacıbəyli məlum əsərində
bu örnəkləri də tədqiqata cəlb etməkdən
çəkinmir. Məsələn:
“Hasan bəyin
arvadı
Göydə
uçan durnadı”
Eləcə
də yerli bəylərdən Həsən bəy haqqında
xalq arasında dolaşan
“Həsən bəyin nəyi var?
Göyə çıxan atı var.
Həsən bəyin nəyi var?
Göy
muncuxlu iti var”
- kimi nümunələr əsəri daha da
oxunaqlı edir.
Qarabağda bayatılar hələ əski
çağlardan folklor janrları içərisində ən
işlək janr olub. Molla Vəli Vidadinin XVIII əsrdə qələmə
aldığı
“Külli-Qarabağın
abi-həyatı,
Nərmü-nazik
bayatıdır bayatı
- misraları Qarabağ folklor çevrəsində
bayatının tutduğu yeri öz-özlüyündə
müəyyənləşdirir. Üstəlik,
Sarı Aşıq və Lələ kimi məşhur bayatı
ustadlarının da Qarabağdan çıxması bizə
imkan verir ki, Qarabağı bayatının “beşiyi”
adlandıraq. Bu baxımdan Qarabağın
folklor xəritəsində, elat dünyasında, məişətində
özünə yer edən bayatılar
saysız-hesabsızdır. Ceyhun bəy Hacıbəyli də
illər uzunu köksündə gəzdirdiyi dərdi, nisgili
bayatılarla oxucalara çatdırmaqla rahatlıq tapır,
bayatı onun karına gəlir:
“Qarabağda
talan var,
Zilfin
üzə salan var
Mən
burda çox əyləndim
Gözü yolda qalan var”.
Onun
bayatılarla bağlı fikirləri maraq doğurur: “Musiqi
baxımından bunlar çöllü, köçəri
mahnıları olub, sonluqlarını müğənni səsinin
ən yüksək zirvəsi ilə oxuyur. Bayatılar
açıq havada, xüsusilə gecələr oxunur”.
Müəllifin özü tərəfindən
toplanmış Qarabağın regional lətifələrinə
bu əsərdə xüsusi yer ayrılıb. Ərazi ilə bağlı
dialekt sözlərin, o sıradan da folklor örnəklərinin
regional səciyyə daşıdıqları barədə
söz açan C.Hacıbəyli yazırdı: “Əgər hər
hansı bir qarabağlının bəzi sözləri tələffüz
etmək tərzi bir bakılıda gülüş
doğurursa, bu sonuncunun da ləhcəsi birincidə qəhqəhə
doğura bilər”. Əksər folklor örnəklərində,
o cümlədən də lətifələrdə qorunan
regional özəlliklər həqiqətən də
C.Hacıbəylinin vurğuladığı kimi bu
materialların mətnindən aparıcı bir xətt kimi
keçir. Qeyd olunan kitabın “Yerli şəxslər
haqqında məzəli və ya baməzə lətifələr”
bölməsinə daxil edilən lətifə örnəkləri
Əbdürrəhim bəy, Murtuza bəy, Mayor Səfi bəy,
Murtuza bəyin oğlu Hüseyn bəy, Mustafa bəy Behbudov
kimi Şuşanın tanınmış ziyalı və bəyləri
─ və başqalarının başlarına gələn
əhvalatlar əsasında formalaşmış
gülüş doğuran lakonik lətifələrdir.
Bölgədə satira-yumor yaradıcıları kimi
tanınmış bu tarixi şəxsiyyətlər hər
şeydən öncə, iki funksiyanı yerinə yetiriblər:
həm düzüb-qoşduqları gülməcələrin
mahir söyləyicisi ifaçısı kimi
çıxış edib, həm də öz
repertuarlarında sələfləri tərəfindən
yaradılmış satirik örnəklərin
daşıyıcısı kimi fəaliyyət göstəriblər.
Sönməz ABBASLI
filologiya üzrə fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2016.- 20 aprel.-
S14.