“Ağ qızıl”ın əvvəlki şöhrəti özünə qaytarılır

 

 

Dünyada pambığın becərilməsinə ilk dəfə Hindistanda başlanılıb. Hindlilər bu bitki növündən möhkəm, eyni zamanda nazik xüsusi parça toxuyublar. Qafqazda, o cümlədən Azərbaycanda isə pambıq Qədim Şərq ölkələri, əsasən də İran vasitəsilə yayılıb. Mingəçevir, Bərdə, Naxçıvan, Beyləqan, Gəncə, Şəmkir və sair kimi şəhərlərdə pambıqdan parça hazırlanıb xaricə ixrac edilib. Hətta XV əsrdə Şamaxıdan Rusiyaya pambıq malların aparıldığı məlumdur. XVII əsrdən Azərbaycandan Rusiyaya pambıq ixracı daha da genişlənib, XVIII əsrdə Mil-Muğan və Şirvan düzlərində geniş pambıq sahələri olub. XIX əsrin əvvəllərində Quba və Bakı əyalətlərində də pambıqçılıq inkişaf etdirilib və həmin əsrin 30-cu illərindən Azərbaycanda Misir və Amerika, həmçinin yerli Mazandaran və İravan pambıq sortları becərilib. Şimali Azərbaycanın Rusiyaya birləşdirilməsindən sonra da Azərbaycanda pambıqçılığın inkişafı davam etdirilib və əmtəə xarakteri daşıyıb. Ötən əsrin əvvəllərində Rusiyanın toxuculuq sənayesinin mahlıca olan ehtiyacı ilə əlaqədar Azərbaycanda pambıq əkini sahəsi bir qədər də genişlənib, 1913-cü ildə ölkəmizdə pambıq əkini sahəsi 100 min hektardan çox, pambıq istehsalı isə 65 min ton olub. Çar Rusiyasında 1917-ci il çevrilişi, siyasi hadisələr, Azərbaycanda bolşevik-erməni daşnaklarının kütləvi qırğınlar törətməsi, ardınca Şərqdə ilk Demokratik Cümhuriyyətin yaranması və 1920-ci ildə rusların Azərbaycanı yenidən istila etməsi iqtisadiyyatın bütün sahələrinə, o cümlədən kənd təsərrüfatına, pambıqçılığın inkişafına da mənfi təsirini göstərib.

Sovetlər birliyi dövründə Azərbaycanda bu sahənin yenidən dirçəldilməsi istiqamətində müvafiq işlər görülüb. Xüsusən də ötən əsrin 70-ci illərindən başlayaraq, Azərbaycanda pambıqçılıq yüksək səviyyədə inkişaf etdirilməyə başlanılıb. Mərhum Prezident Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi bu illərdə çəkilən böyük əziyyət bahasına, pambıq istehsalı 100-200 min tondan təxminən 800-900 min tona çatdırılıb. Belə demək mümkünsə, pambıq neftə - “qara qızıl”a bərabər tutulub, “ağ qızıl” adlandırılıb. Amma çox təəssüflər olsun ki, son vaxtlar pambıqçılığa maraq getdikcə azalıb, pambıq sahələri digər kənd təsərrüfatı məhsullarının əkin yerinə çevrilib. Vəziyyəti statistik rəqəmlərlə ifadə etsək görərik ki, ötən il Azərbaycanda cəmi 35 min ton pambıq yığılıb. Lakin dünya bazarında “qara qızıl”ın qiymətinin kəskin şəkildə aşağı düşməsi, məhz bu səbəbdən gəlirləri azalan Azərbaycanda qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, bir çox sahələrin, o cümlədən pambıqçılığın inkişafını, pambığın əvvəlki şöhrətini özünə qaytarmağı zəruri edib. Ona görə də ölkəmizdə perspektivli sahə sayılan pambıqçılığın inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə başlanılıb.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısı İlham Əliyev tərəfindən pambıqçılığın inkişaf etdirilməsi istiqamətində verilmiş tapşırıqlara uyğun olaraq, cari ilin ilk ayında iqtisadiyyat və kənd təsərrüfatı nazirlərinin, həmçinin pambıq istehsalı və emalı ilə məşğul olan müəssisə nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Bu görüşdə pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrin pambıqçılığın inkişafı, suvarma sisteminin təkmilləşdirilməsi, aqrolizinq xidmətlərinin genişləndirilməsi, pambıqçılıq sahəsinə daha çox güzəştli kreditlərin ayrılması, toxum və dərman preparatlarının alınmasına subsidiyaların verilməsi barədə təklifləri müzakirə olunub. Bu sahəyə marağın daha da artırılması məqsədilə stimulaşdırma tədbirlərinin həyata keçirilməsi, fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanlarının yaradılması zəruri sayılıb. Eyni zamanda, pambıq istehsalı və emalı müəssisələrinin daşıma xərclərini qarşılaması, istehsal xərclərinin 90 faizinin emalçılar tərəfindən avans olaraq verilməsi qərarına gəlinib. Pambıq istehsalı və emalı müəssisələri satınalma qiymətini də 2016-cı ildə əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artırıblar. Beləliklə, pambığın birinci növünün bir tonunu 500 manata (2015-ci ildə 410 manat), ikinci növünün bir tonunu 470 manata (2015-ci ildə 390 manat), üçüncü növünün bir tonunu 440 manata (2015-ci ildə 370 manat), dördüncü növünün bir tonunu isə 400 manata (2015-ci ildə 350 manat) qəbul edilməsi qərarlaşdırılıb. Ümumilikdə, 2016-cı ildə əvvəlki ildəkindən 80 faiz çox - 30 min hektar sahədə pambıq əkilməsi planlaşdırılıb.

Bununla belə, Prezident İlham Əliyev də Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə nikbin fikirlər söyləyib. O, özəl qurumların pambıqçılığı təkbaşına inkişaf etdirə bilməyəcəklərini dilə gətirib. Qeyd edib ki, pambıqçılığı inkişaf etdirmək üçün dövlət birinci, yerli icra orqanları ikinci, özəl qurumlar isə üçüncü dərəcəli rol oynayırlar. Dövlət başçısı bu sahədə vəziyyətin təhlil edildiyini, təkliflərin gözdən keçirildiyini diqqətə çatdıraraq, Azərbaycanda pambıqçılığın bərpa ediləcəyini vurğulayıb: “Keçən il 18 min hektar pambıq əkilibdir. Bu il mən qarşıya vəzifə qoymuşam ki, 50 min hektar əkilsin və əkin yəqin ki, yaxın zamanlarda başlanacaqdır. Əgər keçən il biz 35 min ton pambıq yığa bilmişiksə, bu il 50 min hektar əkilərsə və məhsuldarlığı lap aşağı səviyyədə, 20 sentnerdən götürsək, bu, 100 min ton pambıq edəcək - keçən ildəkindən üç dəfə çox”.

Mövzu ilə bağlı fikirlərini mediaya açıqlayan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov artıq bölgələrdə pambıq əkini ilə bağlı işlərə başlanıldığını bildirib. O, Ağdam rayonunda olduğunu, icra başçısı ilə görüşdüyünü, bu mövzuda söhbət apardığını dilə gətirib. Qeyd edib ki, həyata keçirilən zəruri tədbirlər sayəsində insanlar özləri də pambıqçılığa maraq göstərirlər: “Bu məhsulun istehsalına mane olan əsas problem satışını təşkil etmək idi. Bunun üçün isə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti yaradıldı. Düzdür, bu il bir az çətin olacaq. İstənilən məhsuldarlığı almaya da bilərik. Çünki bu mövsüm üçün bir balaca gecikmişik. Amma gələn ildən pambıqçılıq qeyri-neft sektoruna öz töhfəsini verəcək. Həm də ixrac yönümlü məhsulların miqdarını artıracaq. Xam və ya emal olunmuş şəkildə bazara çıxarılmasından asılı olmayaraq, pambıq ölkəmiz üçün gəlir gətirəcək. Pambıq həmişə dünya bazarında qiymətli olub. Amma bir də var pambığı xammal kimi deyil, məhsul şəklində təqdim etmək. Bizdə bu iş də görüləcək. Əgər müəssisələr normal fəaliyyət göstərsə, istehsal olunan pambıq emal olunub, bazara məhsul şəklində çıxarılacaq. İstehsal olunmasa belə, xam şəkildə də pambığa dünya bazarında böyük tələbat var”.

Kənd təsərrüfatı məsələləri üzrə mütəxəssis Vahid Məhərrəmov da ölkəmizdə kənd təsərrüfatının, o cümlədən pambıqçılığın inkişafı üçün böyük potensial olduğunu vurğulayıb. Bildirib ki, bu sahə mürəkkəb olduğundan bütün istiqamətlərdə inkişafın təmin edilməsi üçün kompleks yanaşmaya ehtiyac var: “Məsələn, strateji məhsul olan pambığın “ağ qızıl” statusunu özünə qaytarmaq üçün ilk növbədə ciddi dövlət proqramı hazırlanmalıdır. Bundan sonra pambıqçılığın inkişafına nail olmaq üçün kompleks yanaşma tələb olunur. Toxum, suvarma, gübrə istifadəsi üzrə müasir sistemin tətbiqi, yeni texnikaların cəlb edilməsi, bu sahə ilə məşğul olanların maarifləndirilməsi, ucuz və aşağı faizlə kreditlərin ayrılması və sair. Eyni zamanda emal müəssisələrinin sayı artırılmalı, həm də bura çoxlu sahibkar cəlb olunmalıdır ki, rəqabət və şəffaflıq olsun. Bununla yanaşı, bu işdə nailiyyətə çatmaq üçün beynəlxalq təcrübənin öyrənilməsi, bunun üçünsə beynəlxalq mütəxəssislərin cəlb olunması da zəruridir. Çünki indi pambıq əkən fermerlər aqrotexniki qaydalara tam əməl edə bilmədiyindən, həm az, həm də aşağı keyfiyyətli məhsul əldə edirlər. Bu da məhsulun qiymətinə təsir edir. Əgər bu istiqamətdə problemlərə kompleks yanaşılarsa, biz həm pambıqçılığı inkişaf etdirə, həm də ölkənin digər kənd təsərrüfatı məhsulları ilə bağlı idxaldan asılılığına son qoya bilərik”.

İqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent İlkin Soltanlı isə hesab edir ki, bu gün pambıqçılıq dünyada strateji sahələrdən sayılır. Onun sözlərinə görə, bu dövr “qara qızıl”dan “ağ qızıl”a keçid kimi qiymətləndirə bilər: “Amerika, Hindistan, Çin, Türkiyə, bir sıra başqa ölkələr pambıqdan xeyli gəlir əldə edirlər. Ötən əsrin 70-ci illərinin sonu-80-ci illərinin əvvəllərində ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycanda bir milyon tona qədər pambıq istehsal olunurdu. Ulu öndər ilk dəfə hakimiyyətə gələndə istehsal həcmi çox az olsa da, sonradan çox böyük həcmdə artdı. Pambıq əkini həm də əlavə xeyli iş yerinin yaranması deməkdir. Azərbaycanda bu gün məşğul əhalinin 38 faizə qədəri aqrar sahənin payına düşür. Bu da regionların sosial-iqtisadi inkişafına, məşğulluğun təmin edilməsinə, xüsusilə kənd rayonlarında ənənəvi əkinçiliyin, pambıqçılığın inkişafına böyük təkan verər. Belə olan halda biz pambıqçılıqdan, sovet dövründən fərqli olaraq, daha çox gəlir götürə bilərik. Çünki bu gün dünyada bu məhsula çox böyük ehtiyac var. Təkcə bu məhsulun istehsalı deyil, emalı ilə bağlı da çalışmalıyıq. Ümumiyyətlə, bu sahədə qısa müddət ərzində böyük irəliləyiş əldə etmək üçün kompleks tədbirlərin görülməsinə ehtiyac var. Əvvəla, pambıqçılıq haqqında qanunun bir sıra müddəalarına bəzi dəyişikliklər edilə bilər. Xüsusilə özəl sektorun, sahibkarlığın inkişafına təkan verəcək bəzi müddəaları əlavə etmək olar”.

Son olaraq onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aidiyyəti dövlət orqanlarının, o cümlədən İqtisadiyyat Nazirliyinin təşkilatçılığı sayəsində həyata keçirilən stimullaşdırma tədbirlər, pambıq əkini sahələrinin artırılması bu sahədə 15 mindən çox yeni iş yerinin açılmasına, pambıqçılıq sahəsində çalışanların sayının ötən illə müqayisədə 2 dəfəyə yaxın artmasına da imkan verəcəkdir.

 

Habil Hüseynov

Xalq Cəbhəsi.- 2016.- 20 aprel.- S7.