Ceyhun Hacıbəylinin Qarabağ folkloru ilə bağlı əsəri

 

II yazı

 

C.Hacıbəylinin doğulduğu Şuşa başda olmaqla, bütövlükdə Qarabağ mahalı spesifik gülüş mədəniyyəti ilə seçilən regionlardan sayılıb. Araşdırmalardan belə bir qənaət doğur ki, “...Sağlam və mənalı gülüş müsbət bir hadisə kimi ta qədimdən Qarabağ əhalisinin həyatına, məişətinə daxil olub, ənənə halında davam edərək kamilləşib. Qarabağ adamları bir sıra mərhumiyyətlərə dözüb tab gətirdikləri kimi, ürəkdən gülməyi, şadlanmağı, zəmanənin mənfiliklərinə tənqidi nəzərlə baxmağı da bacarıblar. Xalqdan gələn folklor əlvanlığı, məzmun dolğunluğu və ifadə tərzi müdrik, hazırcavab şəxsiyyətlərin yaradıcılığına xüsusi təravət və rövnəq verib”.

Ceyhun bəy Hacıbəylinin bizə təqdim etdiyi lətifələrdən də məlum olduğu kimi, Qarabağın tanınmış yumor ustalarının hər birinin xarakterinə, peşəsinə, davranışına, ictimai-siyasi durumuna görə ayamaları olub, ilk növbədə bu ayamalar və onların məna çalarları gülüş doğurub, söylənilən lətifələrin formalaşması və deyim tərzində mühüm əhəmiyyət kəsb edib. Lotu oğlu Lotu Qulu, Xarrat Qulu, Şərbaf Kazım, Səfi bəy, Alı Yüzbaşı, Xudu bəy, Abdal Qasım, Kəlba Şirin, Əbdürrəhim bəy, Kefli Cabbar və b. öz ləqəbləri ilə seçilən gülməcə yaradıcıları kimi yaşadıqları tarixi kəsimin tanınan nümayəndələrindən sayılıblar. Ayama-təxəllüslərdən biri “lotu” anlamını şərh etməyə çalışan C.Hacıbəyli yazırdı: “Lotu sözünün Azərbaycan dilində ədəbaz, aşna, hiyləgər, incə, müğənni və s. kimi mənaları var”.

C.Hacıbəylinin Şuşa ziyalısı kimi təqdim etdiyi lətifələrdən biri Əbdürrəhim bəyin adı ilə bağlıdır. Lətifədə deyilir ki, bir gün o xəstələnir, oğlunu həkim dalınca göndərib tapşırır ki, ona denən “... dədəmin başı qarpıza dönüf, dili xiyara, burnu badımcana”. Oğlundan soruşur ki, dediklərim yadında qaldımı? Behbud cavab verir ki, “bəli” deyəcəyəm ki, “dədəm bostan oluf”.

C.Hacıbəyli bu mənalı gülüş doğuran və Əbdürrəhim bəyin adı ilə bağlı dolaşan lətifənin qəhrəmanı və onun prototipi barədə məlumat vermir. Lakin araşdırmalardan bəlli olur ki, 1860-1922-ci illərdə yaşamış Əbdürrəhim bəy Qarabağda məşhur olan Vəzirovlar nəslindəndir və şirin lətifələr, ibrətamiz gülüşlər müəllifi kimi tanınır. Tarixi faktlara söykənərək deyə bilərik ki, Əbdürrəhim bəy 1877-1878-ci illər Rus-Osmanlı müharibəsinin iştirakçısı olub. Onun adı ilə bağlı dolaşan lətifələrin bir qismi rus dilinə məxsus sözlərin düzgün anlaşılmamasından doğub. Əbdürrəhim bəy iştirakçısı olduğu lətifələrinin birində deyir: “Mən heç rusun “prişol”u ilə “priyexal”ının mənasını anlamıram”. Qardaşı bu sualın cavabında bildirir ki, “prişol” ayaqla getmək, “priyexal” isə eşşəklə, atla, araba ilə gəlməyə deyirlər. Elə bu zaman Əbdürrəhim bəyin gözü eşşəklə gələn bir kəndliyə sataşır. Onun ayaqları uzun olduğundan eşşəyin üstündən uzanıb yerlə sürünürmüş. Bu vəziyyəti qardaşına göstərən Əbdürrəhim bəy deyir: İndi buna mən “prişol” deyim, yoxsa “priyexal”.

Əbdürrəhim bəyin Murtuza bəylə münasibətlərindən doğan digər bir lətifədə birincinin gördüyü yuxunun yozumu ilə Murtuza bəy gülüş hədəfinə çevrilib. C. Hacıbəylinin təqdim etdiyi özgə bir lətifədə isə əksinə, Murtuza bəyin gördüyü yuxunun məğzində satirik planda təqdim olunmuş Əbdürrəhim bəy ironiya hədəfinə çevrilib. C.Hacıbəyli Mayor Səfi bəyin adı ilə bağlı gülməcələri ayrı-ayrı epizodik planda danışılmış olsalar da vahid bir mətn daxilində verib. Birinci epizodda deyilir ki, Səfi bəynən Alı Yüzbaşı sözləşirlər, hərəsi bir yalan danışsın.

Alı Yüzbaşı deyir ki, həyətlərinə çoxlu qar yağıbmış. Keçiləri həmin qar təpəsinin üzərinə qalxıb ulduzun üstünə çıxıbmış. Bu sözün cavabında Səfi bəy Varşava davasında bir dəfə gəzməyə çıxanda ağzına eni-uzunu olmayan bir uzun şey girdiyini görür. Sən demə bu başı görünməyən bir ilan imiş. Alı Yüzbaşı təklif edir ki, Səfi bəy ilanı bir az gödəltsin. Lətifənin gülüş doğuran əsas məğzi isə bu cümlə ilə tamamlanır. Səfi bəy tərəf müqabilinin sualını cavablandıraraq deyir: “...Sən keçini bir az ildızdan yendir, mən də ilanı gödəldim”.

Eyni tərkibə daxil edilmiş özgə bir epizodik xarakter daşıyan gülməcədə oğlu Əsgər bəyin hüzur məclisinə gələn, lakin bu ailədən heç kimi tanımayan bir qadına Səfi bəy deyir: Səfi bəyi tanıyırsan? Deyir yox, qadan alım. Oğlumu tanıyırdın? Yox, külfətini tanıyırdın? Yox, deyir. Bu cavabın müqabilində Səfi bəy bildiirir ki, “... bəs a köpək qızı, tanımadığın yerə niyə gedirsən?”

Yaxud, Səfi bəyin adı ilə bağlı olan özgə bir lətifə süjetində söhbət Səfi bəyin qızına elçi gələn qoca bir qadından gedir. Qadını və oğlunu bəyənməyən Səfi bəy “yox” cavabını qapıdakı itin iştirakı ilə verir. Qoy qapıda olan “ağsaqqalımla” məsləhətləşim deyən, Səfi bəy iti açıb qadının üstünə buraxır. Qarı canını itin əlindən güclə qurtara bilir. C.Hacıbəyli Murtuza bəyin oğlu Hüseyn bəyin ermənilərlə bağlı başına gələn macəralarını satirik boyalarla ümumiləşdirib. Lətifənin iştirakçısı kimi verilmiş ermənilərin xarakteri, psixologiyası gərəyincə aşkarlanıb gülüş hədəfinə çevrilib.

Barəsində gülməcələr dolaşan özgə bir Şuşa sakini Mustafa bəy Behbudovla bağlı lətifə də maraqlı süjet xəttinə malik olub, satirik gülüş doğuran əlamətlərinə görə seçilir. Lətifədə deyilir ki, Mustafa bəyə bir baqqal pul borclu imiş. Şaxtalı bir qış günü Mustafa bəy görür ki, baqqal bazara paltosuz çıxıb. Baqqalı bu vəziyyətdə görüb onu tənbeh edən Mustafa bəyə camaat nə üçün belə hərəkət etdiyini soruşduqda o, belə deyir: “...rəhmətliyin uşaxları bilirsiniz ki, bu adam mana pul borşludu. Soyux dəydi, sətəlcəm oldu, öldü, onda mən pulumu kimdən alasıyam?”

C.Hacıbəyli Qarabağın gündəlik məişət həyatı ilə bağlı ən kiçik məqamları da gözdən qaçırmır. İtə müraciətdə 15, ata müraciətdə 8 cür adlandırmanı da təqdim edir. Məlum olur ki, o dövrdə itə alabaş, qarabaş, bozdar, topuş, xallı, pələng, qapar, axdar, ata isə Şahmar, Yelmar, Çafqın, Toxmax, meymun, ceyran və s. kimi müraciət formaları olub. Adı çəkilən heyvanlara qarğış nümunələri də C.Hacıbəylinin diqqətindən yayınmır. Aydın olur ki, qarabağlılar itə qarğış edəndə “Sənə quduz dəysin”, ata qəzəblənəndə isə “Sənə çər dəysin” deyirlər. Əslində bütün bunlar çoxlarının fikir vermədiyi kiçik detallar idi. Lakin müəllif bunları həvəslə toplayıb tədqiqata cəlb edib.

Eyni zamanda Qarabağda ataya-anaya, ailə üzvlərinə, qohumlara müraciətlər də diqqətdən kənarda qalmır. Bundan başqa, qarabağlılar arasında işlək olan müəyyən müraciət formaları da şərhlərlə təqdim olunur. Məlum olur ki, aşağı təbəqəli adamlara “əşi”, adını çəkmək istəmədikdə və öz narazılıqlarını bildirdikdə “filankəs” və yaxud mübahisələrdə, günahlandırmalarda “babam” kimi ifadələr elat arasında işlənib.

Əsərdə C.Hacıbəylinin bəzi dini mətnlərin təhrifi ilə də bağlı şərhləri yer alır. Oxuculara “Cibini kəsir ha” ifadəsini təqdim edən müəllif onun Azərbaycan türkcəsində “O sənin cibini kəsir” anlamını verdiyini qeyd etməklə yanaşı, bu cümləyə Quranda “Yasin surəsi”ndə rast gəlindiyini və “Cibinnən kəsilə” ifadəsinin təhrif olunmuş variantı olduğunu bildirir.

1900-1915-ci illərdə Qarabağda C.Hacıbəylinin özünün də dediyi kimi “dəbdə olan ifadələr” var idi ki, müəllif bunlara da əsərində yer ayırır və şərh edir. Sual şəklində verilən “Gəlillər?” ifadəsi ilə bağlı yazılır: “Bu ifadə ilə qaçan atlı və ya piyadaya müraciət edirlər. Əksər hallarda bu zarafat pis qarşılanır və müraciət olunan öz nüfuzunu müdafiə etmək üçün qızğın və ətraflı cavab qaytarır”.

Eləcə də, müəllif pis rəftarı ilə fərqlənən adamlar haqqında “Daşa çək!” ifadəsinin işləndiyini vurğulayır. Müəllif qeyd edir ki, “Obri başın çöyür!” ifadəsi də elə bu anlamda işlədilir. Qarabağ xalq musiqisinin tərkib hissələrindən olan Qarabağ şikəstələri də Ceyhun bəy Hacıbəylinin toplusunda özünə yer alır. Şikəstələrlə bağlı müəllifin fikirləri də maraq doğurur. Müəllif yazır: “Qarabağda və ümumiyyətlə, Azərbaycanda bu ad altında müəyyənləşib, lakin müxtəlif rayonlarda dəyişən bir motivlə ahəstə və qəmginliklə zildən oxunan dördlüklər başa düşülür. Ən məşhurları Qarabağ şikəstələridir”. Əsərdə təqdim olunan bir şikəstə mətninə diqqət yetirək:

 

Budu jəlir gözəllərin karvanı

Oleydim nazdı yarın sarvanı

Dedim ay qız gəl sürək bu dövranı

Gedər o gözəllik sana da qalmaz.

 

Gözəlliyi vəsf edən bu mahnı mətnində aşiqin yoldan keçən gözəllər karvanında sevdiyi yara sarvanlıq etməsi diləyi ifadə olunur və gözəlliyin fani olduğu önə çəkilir. Ümumiyyətlə, Qarabağ şikəstələrində sevgi əsas motivlərdəndir. Əsərdə xeyir və şər təsəvvürlərlə bağlı yaranan alqışlar və qarğışlar da hər biri ayrıca bir bölmə daxilində təqdim olunur. “Qulluğunda varam”, “İltifatın artıq olsun” və s. kimi alqış mətnləri qarabağlıların xoş diləklərini ifadə edir. Qeyd etdiyimiz kimi, C.Hacıbəyli qarğışları, özünün dediyi kimi “pis niyyətli arzular”ı da yaddan çıxarmır və bir neçə nümunə ilə kifayətlənir. “Səni görum balam, iki gözdən olasan” ifadəsi ilə bağlı müəllif yazır ki, “Məhrumiyyət arzusu “göz”lə ifadə olunmuşdur, “balam” sözü qarğışın təsir gücünü xüsusi qeyd etmək üçün işlənir”.

Yaxud da “Əndamına piltələr düzülsün” nümunəsinin izahından məlum olur ki, bu ifadədə bədənin çoxlu ləkələr və yaralarla örtülməsi nəzərdə tutulur. “Səni görüm ciyərin yansın” qarğışı ilə bağlı C.Hacıbəylinin qeydlərindən məlum olur ki, “ciyər” sözü tez-tez məcazi mənada işlənir və ürək, ruh mənasını verir. Bir adamın cəsarətinin dərəcəsini bildirdikdə deyirlər: çox ciyər adamdır. (fransız dilində böyük mədəsi var deyildiyi kimi). Bu halda qarğış uşağın ölməsini nəzərdə tutur. “Yandırmaq” feli isə kədər bildirmək üçün işlənir. Məsələn: bəzi hallarda deyirlər: “Sənin sözün məni yaman yandırdı”.

Eyni zamanda uşaqlara müraciətdə söylənən “çor, zəhrimar, qara yara” və s. qarğışlar da topluda öz əksini tapır. Xalq arasında geniş yayılsa da digər folklor toplularında yer almayan “hədə-qorxu”lara bu əsərdə ayrıca bir bölmə ayrılır. C.Hacıbəyli bu qəbil ifadələri də yaddan çıxarmır. “Adamını tanı”, “Həddini bil”, “Qorx məndən” və s. Qeyd edək ki, “Qarabağın dialekt və folkloru (Qafqaz Azərbaycanı)” əsərinin əlimizə çatan Azərbaycan nəşrində 3-cü bölmə öz əksini tapmayıb. Çox güman ki, bu tərcümə və ya nəşrə hazırlanma zamanı unudulub. Əlimizdə dəqiq məlumat olmadığından bu haqda konkret fikir söyləmək çətindir.

Ceyhun bəy Hacıbəylinin sözü gedən əsərində diqqətçəkici bir məsələ də var ki, bu əsərin adı ilə bağlıdır: “Qarabağın dialekt və folkloru (Qafqaz Azərbaycanı)”. C.Hacıbəylinin bəlkə də o dövrdə fərqinə varmadığı və mötərizə daxilində verilmiş “Qafqaz Azərbaycanı” ifadəsi bu gün uğrunda mübarizə gedən bir torpağın − Qarabağın Azərbaycana məxsus olduğunu mənfur düşmənlərimizə, eləcə də dünyaya sübut etməkdədir.

 

Sönməz ABBASLI

filologiya üzrə fəlsəfə doktoru

Xalq Cəbhəsi.- 2016.- 21 aprel.- S.14