Behruz Həqqi
Həyat eşqilə
alovlardan keçər insan
I yazı
Hər xalqın müqəddəs arzu və mübarizəsi
nəticəsində yaratdığı mənəvi və ədəbi
sərvət, hər şeydən öncə onun xalq ədəbiyyatında
əksini tapır. Həyatdan qaynaqlanan folklor, mübariz və
insan sevgisi olan insanlara yenidən güc verir. Xalq kütləsinin kimliyini qoruyan yazılı ədəbiyyatda,
ya da gözəl sənətlərin başqa qollarında hegemon
sinif və təbəqələrin ədəbiyyatının
özəlliklərindən olan yaltaqlıq, şəxsiyyətə
pərəstiş, xürafatın tam əksinə, folklorda,
igidlik, zülmə və haqsızlığa qarşı
mübarizə və humanist düşüncələr
müqəddəs sayılmaqdadır. Maksim Qorki belə
deyir: “Qorxusuz və ölümsüz qəhrəman tipləri
tarix boyunca sadəcə, xalq ədəbiyyatında yer
alıb”.
Anonim (Bu sözlə şifahi xalq ədəbiyyatı nəzərdə
tutulur – A.H.) xalq ədəbiyyatında gözəllik, estetik
duyğuları oyandırmaqla birlikdə dalğalı dənizə
bənzəyən saf ürəklərdə, həyatı
insan duyğuları və əməyilə gözəlləşdirən
insanlarda sevgi və sayğı oyandırıb, onları həyatın
enişli-yoxuşlu yollarından başı dimdik olaraq
keçməyə, gərəkli məqsədlər
uğrunda mübarizəyə (yəni cəhdə)
çağırmaqdadır. Beləcə, bəlkə də
zülmlə qaralmış qara gecələrin
köksünü yarıb, ucsuz-bucaqsız, dalğalı dənizlərə
üstün gəlməyə müvəffəq ola bilir. Çünki yalnız
tarixin səsinə cavab verənlər, cəhalət,
xürafat və təzyiqin yaratdığı qaydaları elm
və sevginin sönməz şəfəqləri ilə
işıqlı dünyaya çevirənlər kainatda ölümsüz
olurlar. Və bunlardan qalan xatirə və təcrübələr
göstərir ki, bu böyük hədəflərə
insanlıqdan kənar yollarla çatmaq olmaz. Bu
mövzudakı bir öz sözüm: “Həyat eşqilə
atəşlərdən, alovlardan keçər insan”, – deyər.
Belə bir tarixi yaradan insanların adları göylərə
qaldırdıqları bayraqda böyük hərflərlə
yazılıb.
Və bu insanların dünyagörüşündə
eşq, insan sevgisi, yaradıcılıq və iş heç
bir ölkənin dörd divarında çarmıxa çəkilən
bir zindan deyil. Bunlar günəş və hava
kimi bütün insanlara aiddir. İstismarçılar
və özlərini başqalarından üstün görənlər
bu səbəbdən qəflət yuxusundan oyanan, müstəqillik,
azadlıq yolunda mücadilə edən xalqların
çırpınan ürəklərini durdurmağa cəhd
etməkdədirlər. Bunun üçün onların mənəvi
sərvətlərinə xor baxaraq və
aşağılayaraq, onların kültür və xalq ədəbiyyatını
sümürərək, bir ata sözündə deyildiyi kimi:
“Şəriət donu geydirərək”, – yox etməyə
çalışmaqdadırlar.
Tarixi dəlillər
göstərir ki, fars şovinistləri tərəfindən
xalqımızın varlığına, milli kimliyinə
vurulan ağır zərbələr milli varlığımızın
parlaq aynasında olduqca ağır və sağalmayacaq izlər
buraxıb və hələ də buraxmaqdadır. Məncə, milli zülmün kökü cəhalətdə
və bizi əhatə edən gerçəklərə
göz yummadadır. Tarixi gerçəklər
göstərir ki, geri qalmış ölkələrdə xalq
və aydınlar üçün çox zaman azadlıqdan
vaz keçmək və xoşbəxtliyi unutmaq çox asan və
və onları müdafiə etmək çox zordur. Hər millətin bir bağban və bir əkinçi
kimi öz varlığını təhdid edən qaranlıq
güclərlə mübarizəsi və xoşbəxtliyə
çatması üçün cəhd göstərməsi
lazım gəlməkdədir.
Bizcə, folklorun ucsuz-bucaqsız dənizi və
dövrün yenilikçi ideologiyası hər xalqın irəliləməsində
və böyüməsində üstün bir qüdrət və
sehrli bir güc daşımaqdadır. Elmi araşdırmalar
göstərir ki, millətlərin hər sahədə
yaratdığı şah əsərləri anonim xalq ədəbiyyatının
həyat bulağından su içərək
ölümsüzlüyə yetişib. Xalqın
könlündə yer almaq və onun ruhunun dərinliklərinə
nüfuz etmək üçün anonim (Bu sözlə
şifahi xalq ədəbiyyatı nəzərdə tutulur –
A.H.) xalq ədəbiyyatının genişlənməsi və
yayılması başlıca şərtlərdən biridir.
Başqa cür desək, öz xalqının
tarixi, mədəni, mənəvi və əxlaqi dəyərlərinə
dərindən bağlı olmayanlar zirvədə, ya hegemon da
olsalar, insani sifətlərdən uzaq qaldıqları
üçün insan həyatının gözəlləşdirilməsində
kiçicik bir addım belə ata bilməzlər. “Kireçci atı” kimi ətrafında dolaşarlar.
Belə insanların üzlərindəki maskalar yerə
düşərkən, altındakı qorxunc və gerçək
kimlikləri “saman altının suyu” kimi ortaya çıxar və
o zaman görünər ki, bu gücsüz diktatorlar yalnız
“çarşafsızlıqdan evdə qalmışlar”. Milli və
insani görüşlərini qeyb edənlər: “Azərbaycanlılar
qorxusuz igidlərdir və Azərbaycan torpaqları
İranın başı qədər dəyərlidir”, – deyə
bağırıb-çağırmağa başlarlar. Əgər:
“Yaxşı, bəs bu başın dili nədir?–
deyə sorulduğunda isə cavabdan qaçaraq kəkələməyə
başlarlar. Haqlıdırlar, çünki illər boyu
İranda hegemonluq, cəhalət, ədalətsizlik və
basqı bu başın dilini fars
şovinizminin kəskin qılıncıyla kəsib onu ruhsuz və
cansız bir cismə döndərməyə
çalışıb.
Ancaq Azərbaycan xalqı bağrında yaşayan folkloru
və ana dilini qoruyaraq, düşmənlərin bu
arzularını qursaqlarında buraxıb. Dilləri və
folkloruyla onlara qalib gəliblər. Demək
ki, folklor gözəl sənətlərin, özəlliklə,
ədəbiyyatın anasıdır. Bu
ananın təmiz südü ilə, şirin laylaları ilə
ruhu bəslənən insan və onun yaratdığı əsər
məğlubiyyət bilməyən kökslərdə sonsuz
olaraq yaşamaqdadır. Məsələn, bu şah əsərlərdən
sayılan “Koroğlu”, “Dədə Qorqud”, “Ural Batur”, “Əsli
və Kərəm” bu dövrdə də zülm və cəhalətdən
susan ürəklərə yol tapıb və onlara ümid və
gələcək düşüncə
işıqlarını saçmaqdadır.
Xalq aydınları və öndərləri
üçün ən önəmli vəzifə öz
xalqında milli qüruru oyandırmaq, başqa xalqlara
qarşı da hörmət və onlardakı mənəvi və
mədəni sərvətlərə sayğı və rəğbət
bəsləməyi öyrətməkdir. Bəşəri haqları əldə
etmək məqsədilə ölkəmizdə başlanan milli
azadlıq hərəkatımızda şovinizmə
qarşı mübarizə etməklə birlikdə “panizm”
(panfarsizm və b.) xəstəliyinin qarşısını
almaqdan başqa, dünya ədəbiyyatının tükənməz
xəzinəsindən, humanizmin coşub-daşan
bulağından da mümkün olduğu qədər
faydalanmaq məcburiyyətindəyik. Anadilli və
milli kültürümüzü, musiqimizi mənimsəməklə
öz yaşayışını minlərcə insanın yox
olmasından üstün tutmaq, başqa xalqların
inqilabını, insanpərvər adamlarını görməzdən
gəlmək bizim üçün şovinizm əlilə zəncirlənməkdən
də daha ağırdır. Bizim son arzumuz
və istəyimiz bütün insanların xoşbəxtliyi,
istismarın yox olması və hər bir xalqın
azadlığı və mədəniyyətidir. Əgər belə müqəddəs arzulara
yetişmək yolunda şovinizm və bədxah güclərlə
qrupların əlilə çeynənmiş anadilli, milli
kültür və zənginlik müdafiə ediləcəksə,
mən bu sipərdə dayanmağı və mübarizə
etməyi özümə böyük bir şərəf
saymaqdayam. Ürəyimdəki qurtuluş
istəyi və ağlım məndən gerçəyi
söyləməyimi istəyir. Buna görə
bu yolda heç bir təhlikə və damğadan qorxmadım
və qorxmaram. İnanıram ki,
haqlılığımızı isbat etmək
üçün ilk öncə sadə vətəndaşlarımızı
və insanlarımızı oyandırmaq və dünyada
baş verən olayları və cavabdehliyi onlara
aydınlaşdırmaq ən önəmli vəzifəmizdir.
S.C.Nehrunun:
“Tarixini tanımayan millət onu təkrar etməyə məcburdur”,
– sözündən dərs alaraq, qana bulanmış tariximizin
təkrarlanmasından onları vaz keçirtmək
lazımdır. Bizim zəngin xalq ədəbiyyatımızda
humanizm, dostluq, qardaşlıq və bütün dünya
insanlarını sevmək motivləri əsasdır. Bizcə, milli kültür, uluslararası
kültürün müqəddəs sayılan beşiyidir.
Başqa sözlə, anasıdır.
Əgər bu ana – milli kültür gerçək bir dəyər
və hüquqdan məhrum qalırsa, açıq
görünür ki, həm yaradılan “internasionalizm” və həm
də onu yaradan insanlar təhlükəli xəstəliklərdən
qurtulmayıblar, həm də o xəstəliyi o quruluşun
müxtəlif sahələrində yayacaqlar. Bizcə,
milli və anonim (Bu sözlə şifahi xalq ədəbiyyatı
nəzərdə tutulur – A.H.) xalq ədəbiyyatı müqəddəs
müstəqillik və azadlıq istəyi yolunun ən önəmli
sayılan addımıdır. Bu yolda
atılan yanlış addım bir xalqı yüzlərcə
ilinə bərabər olan tarixindən və sosial istəklərindən
uzaqlaşdırar. Əlinizin altındakı kitabda ata
sözlərinin açıqlanması yolunda
atdığımız ilk addımlarla tanış
olmaqdasınız. Bu kitabda xalqımızın
enişli-yoxuşlu həyatı, tarixi və toplumsal təcrübələri
qələmə alınıb. Tarixin
qanlı səhifələrindən göyə baş
qaldıran bu xatirələr dünya ədəbiyyatının
coşub-daşan həyat bulağını, göyə
yüksələn uca dağlarını
simvollaşdırmaqdadır.
Yeri gəlmişkən, qısa da olsa folklor sahəsində
ilk çalışanlardan bəhs etmək yerində olacaq. İranda
yaşayan türkləri folklorun dəyərini bilən və
toplanmasına cəhd göstərən ilk millətlərdən
saymaq mümkündür. Səfəvi
sülaləsinin qurucusu (Bu sülalə 1501-1736-cı illərdə
hakimiyyətdə olub – A.H.) “Xətayi” ləqəbilə
məşhur olan Şah İsmayıl və onun xələfi
Şah Təhmasib dönəmindəki türkcə
nağılların toplanıb yayımlanması ölkədə
geniş bəyənilib, bu təşəbbüs ziyalılar
tərəfindən böyük fəxrlə
qarşılanıb. Keçən
dövrün ortalarından demokrat yazarlar və bu demokrat
yazarlardan H.Zərdabi, M.Mahmudbəyov, M.Kazımbəy,
F.Köçərli, P.Əfəndiyev, E.Sultanov, M.Qəmərli
və b. zəngin anonim (Bu sözlə şifahi xalq ədəbiyyatı
nəzərdə tutulur – A.H.) xalq ədəbiyyatımızı
yayınlayanlardandır.
Quzey Azərbaycanda
folklor örnəkləri 1920-ci illərdən başlayaraq, “Yeni
yol”, “Kommunist”, “Kolxozçu”, “Dan ulduzu”, “Maarif və mədəniyyət”
kimi dərgilərdə yayınlanıb. V.Xuluflu,
H.Zeynallı, S.Mümtaz, Hümmət Əlizadə “El
aşıqları”(1927), “Koroğlu” (1927), “Azərbaycan
tapmacaları” (1926), “Azərbaycan atalar sözü” (1926), “Sarı
Aşıq” (1932), “El aşıqları” (1927, 1 və 2-ci
cildlər, 1935), “Azərbaycan aşıqları” (1 və 2-ci
cildlər, 1936), “Azərbaycan bayatıları” (1938),
“Aşıq Hüseyn Bozalqanlı” (1938), “Aşıq Əsəd”
(1938), “Koroğlu” (1941) və s. kitablar hazırlayıb
yayınlanıb. İkinci Dünya müharibəsindən
sonrakı illərdə xalqımızın qeyrətli
övladları və görkəmli xalq ədəbiyyatçıları
Həmid Araslı, M.H.Təhmasib, Mirəli Seyidov, M.Hatəmi,
V.Vəliyev, Rüstəmzadə, H.Arif və b. Azərbaycanın
tükənməz folklorunu elmi görüşləriylə
araşdırıb yayınlayıblar. Araşdırmalarda
xalqımızın adət və ənənələrini,
xalq ədəbiyyatını və həyatdakı qara
güclərə qarşı verdikləri mücadilələri
və dünyagörüşlərini əks etdiriblər.
Behruz Həqqinin Almaniyanın Köln şəhərində
1998-ci ildə türk dilində nəşr etdirdiyi “Ata
sözlərinin kökləri və şifahi xalq ədəbiyyatından
örnəklər” kitabının “Ön söz”ü.
Azərbaycan
türkcəsinə uyğunlaşdıran:
Almaz Həsənqızı,
filologiya üzrə elmlər doktoru
Xalq Cəbhəsi.- 2016.- 22 aprel.-
S.14