Azlıq” anlayışı və multikulturalizm

 

Dünya və Azərbaycan təcrübəsi

 

I yazı

 

Etnik qrup - etnososial təhsil, xüsusi etnik, etnopsixoloji, etnomədəni, dil və dini əlamətlərə malikdir. Onun başa düşülməsi siyasi-hüquqi terminlərdə “milli azlıq” kimi şərh edilir. Beynəlxalq hüquqi aktlarda, BMT Konvensiyalarında “milli azlıq” və “etnik azlıq” (qrup) çox zaman adekvat kimi işlənilir. Müasir alimlərin böyük əksəriyyəti tərəfindən etnik qrupların bu tip xarakterik əlamətləri göstərilir: ümumi mədəni ənənələr, identiklik, xüsusi mədəni nailiyyətlər, spesifik sosial institutların olması, ümumi özünüaparma xarakteristikası, xüsusi simvolik əlaqələr, irqi və fiziki yaxınlıq, ümumi ənənələr, din, mədəni dərkedilmə, ümumi miqrasiya, ailənikah münasibətlərinin ümumi forması, ümumi dil və praktikada bütün göstərilən parametrlərə müxtəlif kombinasiyalarda rast gəlinir. Bunların hər biri ayrı-ayrılıqda mühüm əhəmiyyət daşıyır. Ekspert Niyaz Niftiyevin fikrincə, beynəlxalq hüquqda “azlıq” anlayışı 1560-1648-ci illər arasında Avropada yaşanan protestant-katolik qarşıdurması ilə ortaya çıxmışdır. 1598-ci ildə Fransa kralı IV Henri tərəfindən qəbul edilən Nant Fərmanında və 1648-ci il Vestfal Sülh Sazişində protestant vətəndaşlarını əhatə edən hökmlərdə azlıq hüquqlarına da yer verilmişdir. “Etnik” sözünün etimologiyasından bəhs edən Ronald Cakson qeyd edir ki, “etnik” sözü yunanca “ethnikos”dan törəmiş və cəmiyyətdə xarici qrup, yaxud, milliyyət mənasını ifadə edir. Latın dilində olan “ethnicus”, təkcə, “xarici” yox, həm də “bütpərəst” mənasında işlədilmişdir. Stebinzə istinad edən müəllif göstərir ki, “etnik” məfhumu hər iki mənanı özündə ehtiva edir. İngilis dilində “etnik qrup”, “etniklik”, yaxud “etnik konflikt” söz və söz birləşmələri ümumi termin kimi işlədilsə də, irq və etniklik konsepsiyası sosial reallıqdan irəli gəlir. Çünki onların hər ikisi fərd və qrupların şüurunda dərin şəkildə kök salmışdır. Corc Qrasia “İrq, yoxsa etniklik” adlı əsərində bir sıra suallarla özünə müraciət edir: “İrq nədir? Etniklik nədir? Onların bir məfhum olduğunu güman edə bilərikmi? Hər iki məfhum əhəmiyyətli dərəcədə fərdi xüsusiyyətlərə malikdirmi? Bu terminləri bir-birinə bağlayan nədir? Onlar arasındakı bu əlaqələr sosial identiklik, cins, irqçilik, assimilyasiya, istismar, ədalət, qanun və dövlət siyasətinə aid olan əhəmiyyətli məsələlərə necə təsir edir?” və s. Müəllif irq və etniklik arasındakı fərqləri və oxşar cəhətləri müəyyənləşdirməyə və hər bir sualı ümumiləşdirilmiş qaydada cavablandırmağa çalışır. Karmen Fot isə “Dil və etniklik” adlı kitabında etnikliyin linqvistika ilə əlaqəsindən bəhs edərək, etnosun mənşəyini fərqləndirməyə çalışır. Bu gün “milli azlıq” anlayışının mahiyyətinə dünyada baş verən dərin siyasi-iqtisadi, xüsusən də qloballaşma prosesləri fonunda yenidən nəzər salmaqla, onun zənginləşdirilməsinə ehtiyac yaranmışdır. Çünki qloballaşma prosesləri həm də ölkələrin hüdudlarından kənarda yaşayan insan qruplarının sayca və məzmunca artmasını şərtləndirir. Etnik qrupların daha sıx toplaşdığı Avropada bu gün baş verən kardinal dəyişikliklərin müəyyən axara salınması üçün azlıqların (burada həm ənənəvi milli azlıqlar, həm də yeni milli azlıqlar - imiqrantlar - nəzərdə tutulur) qorunması və hüquqlarının təmin edilməsi məsələsinə yenidən baxılmasına ehtiyac yaranıb. Belə ki, dövlətin suverenliyinə ən böyük təhdid milli azlıqların hüquqlarının qorunmaması nəticəsində separatizmin yaranmasından başlayır və buna görə, dövlət suverenliyi və milli azlıqların hüquqlarının qorunması çox vacib məsələdir.

Milli eyniyyət məsələsinə toxunan Polşa alimi Anna Volf-Poveskanın fikrincə, yeni siyasi reallığın etiraf edilməsi elə real siyasi gerçəkliyin məna və məzmunca isbatıdır. Bu da ortaya çıxan mənzərənin tam və dolğun, həm də fərqli şəkildə canlandırılmasında eyniyyət təşkil edir: “Köhnə strukturların dağılmasından sonra bir çox yeni siyasətçilər millətçi arqumentlərə arxalanmağa başladılar. 1989-cu ildən başlayaraq, ayrı-ayrı qrup və dairələr üçün “millət” anlayışı birliyə və özünüdərkə çağıran yeganə kateqoriya idi. Amma Orta Avropada milli eyniyyət problemləri Sovet İttifaqı və Yuqoslaviyadakı kimi dramatik kolliziyalar yaratmamışdı”.

Vətəndaşlıq hüququ olan hər bir şəxsin, mənəviyyatca ona daha yaxın olan hər hansı milli və ya etnik qrupun üzvü olmağa subyektiv hüququ var. Azlıq qrup hüququnun subyektidir. Belə bir təyinetmə üçün şəxsin mənşəyini bilmək, yaxud, hər hansı bir başqa vasitə lazım deyil. Dövlətlər bəyan edir ki, onun ərazisində etnik və ya hər hansı təyinetmə ayrı-seçkiliyə səbəb ola bilməz. Milli azlıqlar müxtəlif xalq və millətləri təşkil edən etnik birlikdən qopmuş, etnik proseslər zamanı xüsusi forma və məzmun kəsb etmiş ayrıca etnik qurumlardan ibarətdir. Hər bir etnik azlığın öz dili, adət-ənənəsi və mənəvi birliyi mövcuddur. Etnik azlıq, adətən, müəyyən bir ərazidə kompakt halda yaşayır. Etnik azlıq üçün səciyyəvi olan bu xüsusiyyətlər onun başqa xalq və millətlərlə qaynayıb-qarışmasına heç də mane ola bilməz. Eyni zamanda, etnik azlıqlar, tarixən, baş verən proseslər nəticəsində öz keçmiş etnik əlamətlərini saxlamaqla bərabər, qonşu xalq və millətlərdən də müəyyən əlamətlər və xüsusiyyətlər əxz edə bilər. Bu mənada respublikamızda yaşayan etnik azlıqlar da istisna təşkil etmirlər.

Son illərdə respublikamızda ictimai və humanitar elmlər sahəsində tez-tez işlənən, lakin əslində məfhumun dərindən ehtivasına, məna çalarına diqqət yetirilməyən terminlər çoxdur. Bu baxımdan, “milli azlıqlar”, “azsaylı xalqlar”, “etnik qruplar”, “etnik azlıqlar”, “etnoqrafik qruplar” xüsusi qeyd olunmalıdır. Professor Vaqif Arzumanlı, xüsusən, bu məsələyə diqqət çəkərək yazırdı ki, “millət”, “xalq”, “azsaylı xalq”, “milli azlıq”, “etnik azlıq” məfhumları yeni yaranan terminlər deyil, həm də öz məna çaları baxımından nə dünənin, nə də bu günün reallığı ilə izah edilə bilər: “Bu terminlər müxtəlif dövrlərdə ayrı-ayrı tayfaların xalq, ayrı-ayrı xalqların tədricən millət kimi formalaşması prosesi nəticəsində meydana gəlmişdir. Dünya ictimaiyyətinin bu terminlər haqqında kifayət qədər aydın və dəqiq təsəvvürləri vardır. Elə bizim respublikada kifayət qədər olmasa da, müəyyən mənada bu məsələyə maraq və onun izahı yeni problem deyil, müxtəlif vaxtlarda az-çox öyrənilib, ayrı-ayrı müəlliflər tərəfindən araşdırılıb. Ziya Göyalp millətə tərif verərək yazırdı ki, “millət ümumi dili, dini, əxlaqı, mədəniyyəti olan insanların eyni dərəcədə aldığı tərbiyənin məcmusuna deyilir”. Elmi ədəbiyyatda “etnos” və “irq” anlayışlarının mənasına dair mübahisələr demək olar ki, həmişə mövcud olmuşdur. Bəzi müəlliflərə görə, bu əlamətləri “irq” də daşıya bilər. Məsələn, İngiltərə mədəni antropologiya məktəbi “etnik azlıq” və “milli azlıq” anlayışlarının sərhədlərini müəyyənləşdirməkdə çətinlik çəkir. Bu terminlər bəzən qarışıq salınır və düzgün izah olunmur, bəzən isə onların arasında mövcud fərqlərə heç bir məhəl qoyulmur. Nəticədə, milli məsələlərlə bağlı problemlərə qeyri-obyektiv mövqedən yanaşılır, bir sıra reallıqlar və tarixi gerçəkliklər təhrif olunur. Tarixi kateqoriya olan millət insanların tarixi birliyidir. Xalqın tədricən millətə çevrilməsi daha çox kapitalizmin meydana gəlməsi, kapitalizm inkişaf mərhələsinə keçilməsi ilə bağlıdır. Bu zaman xalqı millət kimi formalaşdıran əsas amillər ümumi ərazi, dil, mədəniyyət, iqtisadi və mənəvi həyat birliyi hesab olunur. Azərbaycanın görkəmli ziyalısı Əhməd bəy Ağaoğlu milləti ictimai birliyin ali, fövqəltarixi və fövqəlsinifi forması hesab edir. Lakin o, müasiri və qələm yoldaşı olan mütəfəkkirlərdən bir sıra məsələdə müsbət mənada fərqlənir. Onun qənaətinə görə, özünə ehtiram tələb etməklə bərabər, başqalarının duyğu və düşüncələrinə də hörmət bəsləmək həqiqi millətçi üçün vacib şərtdir. Yalnız, belə olduqda “mədəni bir dövlətdə bir neçə millət yola gedə bilər”, “tərəqqi və əxlaqın ali idealları” onların arasında “bağlayıcı halqa” olar: o ideallar ki, milli dövlət quruluşunun əsasını təşkil edir. Yer kürəsində yaşayan xalqların sayı mövcud dövlətlərin sayından dəfələrlə çoxdur. Ayrı-ayrı mənbələrdə, təxminən, 3500-dək xalq, millət və etnik qrupun yaşadığı və onların sayının 7, hətta, 10 min olması məlumatlarına rast gəlinir. Onlar 200-dən bir qədər çox dövlətdə məskunlaşıblar. Rusiyanın “Respublika” nəşriyyatının 1999-cu ildə buraxdığı “Dünya ölkələri” sorğu kitabında 230-a yaxın ölkə haqqında məlumat verilir. Sovetlər Birliyi dağıldıqdan az sonra Rusiya ərazisində millətlərarası münaqişələrin yüksələn templə sayı artmağa başladı. Burada başlıca səbəb isə, əsasən, bəzi etnik qrupların inzibati ərazi vahidlərinin məskunlaşmalarına uyğun şəkildə dəyişdirilməsi tələbi ilə çıxış etmələri oldu.

“Azlıq” anlayışının qısa xarakteristikası ilə yanaşı, son dövrlər dünyanın ictimai-siyasi, sosial-mədəni gündəminə nüfuz edən multikulturalizm anlayışı və bu problemə Azərbaycan, habelə yaxın-uzaq digər ölkələrdə münasibət barədə bəzi qeydləri diqqətə çatdırırıq. Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə əlaqədardır. Multikulturalizm siyasəti assimilyasiyanı inkar edən inteqrasiyaya aparır. Təhrif olunmuş və ümumiyyətlə qəbul edilməyən tendensiyalarda biri də multikulturalizmin yüksək inkişaf etmiş ölkələrə xas olmasının irəli sürülməsidir. Təcrübə göstərir ki, əksinə belə ölkələrdə mültikulturalizm heç də uğur qazanmayıb. Almaniya, Fransa və Böyük Britaniya kimi ölkələrin liderləri dəfələrlə bəyan (sentyabr, 2010-cu il) ediblər ki, onların ölkələrində multikulturalizm tənəzzülə uğramışdır və bu ideya milli identikliyin zəifləməsinə gətirib çıxarmışdır.

 

Cavid

Xalq Cəbhəsi.- 2016.- 22 aprel.- S.13