Behruz Həqqi

 

Həyat eşqilə alovlardan keçər insan

 

II yazı

 

Ümumilikdə, dünyanın ən böyük elm və siyasət adamları tərəfindən anonim xalq ədəbiyyatının dəyərləndirilərək, onun dərin və anlamlı məzmunundan yararlanılması dəfələrlə irəli sürülüb. Demək gərəkdir ki, anonim (Bu sözlə şifahi xalq ədəbiyyatı nəzərdə tutulur – A.H.) xalq ədəbiyyatını araşdırmaq yeni dünyagörüşlərinin dərinləşməsinə səbəb olur, sosial ədalət və hüquq azadlığı yolundakı böyük mücadiləyə önəmli dərəcədə təsir edir. Azərbaycan xalqının estetik anlayışlarının ifadəsi olan zərbi-məsəlləri (ata sözləri, deyimləri), alleqorik şeir və ədəbi lətifə örnəkləri xalqımızın mənəvi aləmini əks etdirərək, onun cürbəcür çətinliklərlə dolu həyat tərzini tarix boyu köksündə gözəl bir şəkildə qoruyub. “Anonim Xalq Ədəbiyyatı Antologiyası” ən qədim dövrdən bu günə qədər inkişaf yolunda olan müxtəlif folklor əsərlərini əhatə etməkdədir. Əfsanələrdəki təhkiyə (nağıl etmə, anlatma) onun quruluşunu, ədəbi təsvir və söyləmə şəkillərini aydınlaşdırır. Əfsanənin əsli olmasa da, onun əsas məzmunu, ya da onu doğuran olayın gerçək səbəbi xalq arasında bu və ya başqa şəkildə gerçək anlamını qazanmaqdadadır.

Əfsanələrdəki əhvalatların bir sıra gündəlik olayla o qədər bənzərliyi var ki, onları dinləyənlər sanki öz dövründə baş vermiş deyə, qəbul etməkdədirlər. Əgər saysız xalq rəvayətlərində yalnız həyatdakı olaylar əks olunursa, əfsanələrimizdə türk millətinin həm keçmiş və həm indiki və həm də gələcəkdəki həyatını məcazi olaraq ədəbi təsvirlərlə göstərmək mümkündür. Əfsanələrdə insan həyatının inkişafı, idealları və xəyalları təsvirlərin rəngləriylə əks etdirildiyindən gerçəyi də ifadə edəcəyi dəqiqdir.

Səməd Vurğun deyir ki, “Hər əfsanədə xalqın gerçək həyatı, onun şüur və zövqü, gələcəyə olan inanc və arzuları əks olunmaqdadır. Orada xalqın sosial, fəlsəfi düşüncələri və keçmiş dönəminin yüz illərdir mənəvi və maddi xatirələrindən söz edilir”.

Anonim (Bu sözlə şifahi xalq ədəbiyyatı nəzərdə tutulur – A.H.) xalq ədəbiyyatımızın ən geniş şəkildə yayılan qollarından biri də nağıllardır (masallar). Türk millətinin nağıllarında olan mifoloji ünsürlərdən ən önəmlilərindən birisi divlərdir. Nağıl yaradıcılığının ən əski dönəminə aid olan örnəklərindən bəzilərində divlər insanlara yardım edən və xeyirsevər, bəzi örnəklərdə də şər gücləri və onların düşməni sayılmaqdadır. Zərdüştün “Avesta” kitabında divlərlə mübarizə müqəddəs sayılmaqdadır. Divlər soyuq və quraqlığın simvolu kimi görünməkdədir. Bu kitabda həyatın cürbəcür problemləri ilə bağlı dərs verici, anlaşıqlı sözlərlə xalqın dühasını ümumiləşdirmiş həqiqi səsini dilə gətirən nağıllarımızın örnək verilməsinə çalışmışıq. Burada düzülməmiş incilər kimi xam material diqqətimizi çəkdi.

Doğrusu, ata sözlərinin hər biri bir dastandır. Həyatın çətinliklərindən geri qalan bir təcrübədir. Bu sözlərin gücünü göstərən bir neçə örnəyə diqqət edək: “İtlə yoldaş ol, amma cibində daş gəzdir” və ya “Qurdun qonaqlığına get, köpəyi özünlə götür” və ya “El atan daş dağdan aşar”. Həqiqətən də əgər düşmənə qarşı sosial münasibətlərimizdə bu kimi örnəkləri, sözgəlişi:

 

Qabağa salma naşını,

Döydürər öz yoldaşını,

 

sözlərini yaxşı qavrayıb, işlərimizə rəhbər edə bilsəydik, dünənki savaş meydanlarında qazandığımız qələbə və etibarı, şübhəsiz, bu qədər asan itirməzdik. Bu anlamda bir çox həyati sınaqlardan çıxan zərbi-məsəllərə ya diqqət etməmişik, ya da onları heçə sayaraq, vaz keçmişik.

Anonim ədəbiyyatımızda tənqidi dünyagörüşü dilə gətirən deyim və ata sözlərindən:

 

Özüm özümə elədim,

Külü gözümə elədim,

 

örnəyi çox anlamlıdır.Və dünənə qədər müqəddəs sayılan qaydalara tənqidi gözlə baxmağı öyrətməkdədir.

Türk xalq ədəbiyyatında “birlik” mövzusu ən önəmli və həyati bir vasitə olaraq tanınmaqdadır: “Harda birlik var, orda dirlik var”. Ancaq həyatın zorluqlarından təcrübə qazanan müdrik xalqımız uyğunsuz birgəlikləri yerli-yerində qınamaqdadır və haqlıdır:

 

Yoldaşını bab elə,

Görən desin ha belə.

 

Şifahi (anonim) xalq ədəbiyyatının parlaq örnəkləri, xalqın keçmiş dövrlərdəki fəlsəfi, sosial düşüncəsini, etnik özəlliyini, ovda, savaşda, böyük təbiət hadisələrində doğan şərqi, şeir və bənzərlərini, ağac, dağ, su, gün, ay, heyvan kimi vasitələrin qutsal sayılmasını açıqlamaqda; bu cür anlayışlardan doğmuş müxtəlif törənlərin təməlini açıqca göstərməkdədir. Hətta müxtəlif tarixi mərhələlərdə insanın öz əlilə yaratdığı totem, onqon və tanrıların əlində dustaq olduğunu ortaya qoymaqdadır. Amma insanlığın inkişafı və elmin irəliləməsi savadsızlığa son verib insanlığın ilk dövrlərdəki dünyagörüşlərindən uzaqlaşdırıb. Bu dövr: “Qiyamət o vaxt qopar, biri yeyər, biri baxar”, – kimi incəlikli sözlərin yaradıldığı dövrdür. Bu sözlər dəyərini hələ də qoruyan elmi dünyagörüşünün daşıyıcısı olub. Beləliklə, insan baxtının göylərə deyil, sosial münasibətlərlə sıx bir şəkildə bağlı olduğunu açıqca anladıb.

Əski inanc və etiqadları bizə çatdıran anonim (Bu sözlə şifahi xalq ədəbiyyatı nəzərdə tutulur – A.H.) xalq ədəbiyyatının bir bölümü də sehr və əfsunlardır (Ovsunlar nəzərdə tutulur – A.H.). İlk insanlar təbiətlə münasibətdə təbii fəlakətləri sehir, cadu və başqalarının ortadan qaldıra biləcəyinə inanıblar. Aşağıda verdiyimiz örnəklərdə istək məsələsi özünü açıq bir şəkildə göstərməkdədir:

 

Çax daşı, çaxmaq daşı,

Allah versin yağışı.

 

Əski inancların hegemonluğu ilə bağlı olan əfsunlar 3 qrupa ayrılmaqdadır:

1. Təbiət güclərilə bağlı olan əfsunlar;

2. İnsanın həyat və yaşayışını saxlayan bitki və heyvanları qoruyan əfsunlar;

3. İnsanın gündəlik yaşamı və sağlığı ilə bağlı olan əfsunlar.

Bu gün oxunan “Çoban” havası və inək sağan qadınlar tərəfindən oxunan “Dutum, nənə” şərqisi heyvanların çox süd vermələrini təmin edir. Holavar və sayaçı nəğmələri onların yorğunluqlarını alması, onları işə həvəsləndirməsi ilə yanaşı, heyvanların əhlilləşdirmə dönəminə də şahidlik edir. “Cütləmə” çoban havalarının ən əskisi, ov dönəmindən qalma bir hava sayılmaqdadır. Qədim çağlarda ov etmək istəyən insanlar ovda bu şərqini söylədikləri zaman musiqiyə heyran olan heyvanlar çox rahat bir şəkildə ovlanarmış. Bu nəğməni dinləyən ov heyvanları o sırada ovçunu unudub, musiqi dalınca qaçanda yaxalanarlarmış.

Xalq ədəbiyyatınını bir bölümündə də yağmurla bağlı qoşmaları xatırlamaq mümkündür:

 

Çömçə qaşıq nə istər?

Allahdan yağış istər.

 

Bu sözlərin çoxunun dinlə əlaqəsi olmayıb, bəlkə, illərdən bəri atalarımızdan və başqa düşüncələrdən qaynaqlanıb. Anonim (Bu sözlə şifahi xalq ədəbiyyatı nəzərdə tutulur – A.H.) xalq ədəbiyyatımızda olan ayin və etiqadlar müxtəlif xalq kütlələrinin sinifləşməsindən sonra və yayaş-yavaş inkişafı müddətində dəyərini itirərək yaşamını itiriblər. Və indilik başqa bir biçimdə həyat sürməkdədir. Məsələn, atəşpərəstlik (atəşə sitayiş) dövründən qalan atəşə sayğı və inanc bu gün xalqın mart ayının son çərşənbəsində atəş yandırıb üzərindən atlanmaq şəklində özünü göstərməkdədir:

 

“Azərbaycan oğluyam,

Odu Allah sanmışam.

Anam torpaq,

Babam od,

Mən oddan yaranmışam”.

 

Günəşə və onu yer üzündə təmsil edən atəşə ibadət edilməsi uzun zaman xalqımız arasında yayılmış törənlərdə gerçəkləşdirilirdi. İndi də Aya, Günəşə yəmin etmək və onları müqəddəs saymaq yurdumuzun dörd bir yanında davam etməkdədir. Dünyada atəş və Günəş azadlığın, insansevərliyin, sevginin, xoşbəxtliyin, xalqın ölümsüzlüyünün simvollarındandır. Digər tərəfdən də, qış, qaranlıq, sosial həyatda zülm və onlara bağlı şeyləri simvollaşdırır.

Günəş və Ay tutulması zamanı xalq arasında olan inanışlara görə, mis və dəmir qaşıq bir-birinə vurularaq, qurşun atılır. Beləliklə, qara divin (zərərverici güclərin) əlindən qurtulacağı mümkün sayılır. Bu inanclar əski çağlardan qalan şamanizmdən qaynaqlanır və Güney Azərbaycanın bir bölümündə (Tikantəpə, Qaradağ, Zunuz və b.) yaşamaqdadır. Zunuzda Kəmçi dağının qucağında yerləşən Daran kəndində Ay və Günəşin açılmasına (tutulmanın bitməsinə) qədər mis qabları bir-birinə vurmağa davam edərlər. Günəş bulud arxasından çıxdığı zaman evin ilk uşağı atəşi götürüb günəş işığının qarşısına tutaraq belə söylər:

 

“Mən nənəmin ilkiyəm,

Ağzı qara tülküyəm.

Yandırdım mən səni.

Yandır sən də məni”.

 

Çox əski dövrlərdə soyuq qış aylarında xalqımızın tam bir inancla söylədiyi “Kudu kudu” şərqiləri oyun havalarına çevrildi:

 

“Kudu kudunu gördünmü?

Kuduya salam verdinmi?

Kudu burdan keçəndə

Qırmızı günü gördünmü?”

 

İnsanlar bu törən və nəğmələrlə Günəşi qarşılayıb, bütün aləmə, təbiətə can verən yazın və onun günəşinin istisinin, əzabkeş xalqımızın əlini-qolunu bağlayan qışdan qurtarmasını arzu edirlər. Qaranlıq gecələrə qarşı yeni düşüncələr yaratmaq və işində müvəffəqiyyət qazanmaq üçün də yazın gəlməsini canı-könüldən istəmişlər. Yazın yaxınlaşması ilə təbiət canlanır və insanlarımız təbiətlə bərabər günəşin istisindən bəslənir. Təbiətin yenidən qaynayıb coşması ilə özünü xoşbəxt bir insan sayır. Belə bir dünyagörüşü səbəbindən bizim xalqımız yazı, ilk baharı qarşıladığı Novruz bayramında (Bahar bayramı, Yeni gün) ayinlərində çamurdan hazırlanmış tütəklə (su fışkası) bülbül səsi çıxarmaq istər. Beləcə, yaşama yeniliyi ərməğan edən baharı bülbülün xoş səsilə sehrləyib, təbiəti yeniləməyə və təbiətdə əziyyət çəkən azadlıq aşiqi insanların sonsuz mübarizəsinə çağıracaq. Bəlkə beləcə, qarlı-boranlı qışı günəşin istisilə; insan haqlarının əzilməsindən yararlanan haqsız dünyanı, ədalət, bərabərlik uğrunda döyüşən yeni fikirli, igid və qorxusuz insanların birliyilə ortadan qaldırıb, insan adına layiq olan yeni bir dünya yarada biləcək.

Mənim də arzum elimizin, obamızın unudulmaz varlığını bu günə uyğun olan insani istəklərini qorumaqla öz vəzifəmi yerinə yetirmiş olmaqdır.

Bu kitabda yer alan ata sözlərinin kökləri həyatımda böyük izlər buraxan elimizin, yurdumuzun qayğısını çəkən və Vətənimizin müstəqilliyi uğrunda mübarizə aparan yorulmaz arkadaşlarımın eşqi və yardımıyla toplanıb. Biz bu əsərdə geniş oxucu kütlələrini diqqətə alaraq xalq sözlərini mətndə qorumağa çalışdıq. Əsər haqqında tənqidi fikir söyləyəcək mütəxəssislərə və oxucularıma öncədən minnətdarlığımı bildirir, təşəkkür edirəm. Burada müraciət etdiyimiz və bilgi aldığımız və bizə yardım edən dost və arkadaşlarımızın adlarında xətalar ola bilər. Buna görə bizi əfv etmələrini diləyirik. Sayğılar...

 

Behruz Həqqinin Almaniyanın Köln şəhərində 1998-ci ildə türk dilində nəşr etdirdiyi “Ata sözlərinin kökləri və şifahi xalq ədəbiyyatından örnəklər” kitabının “Ön söz”ü.

 

Azərbaycan türkcəsinə uyğunlaşdıran:

Almaz Həsənqızı,

filologiya üzrə elmlər doktoru

Xalq Cəbhəsi.- 2016.- 23 aprel.- S14.